Ermənistan ordusunda cinayətlər artıb

 

İşğalçı ölkənin silahlı qüvvələrində anarxiya, özbaşınalıq və böyük xaos hökm sürür

 

Ermənistanda son hakimiyyət dəyişikliyindən xeyli müddət keçməsinə baxmayaraq, ölkədə müsbətə doğru dəyişən heçyoxdur. Əksinə, real vəziyyətin təhlili işğalçı ölkədə tənəzzülün daha sürətli xarakter aldığını göstərir. Yaşanan tənəzzül və xoasun özünü qabarıq şəkildə göstərdiyi sahələrdən biri isə ölkənin silahlı qüvvələridir.

Yayılan məlumatlar bu ölkənin ordusunda əsl anarxiya, özbaşınalıq hökm sürdüyünü göstərir. Məhz belə bir vaxtda bəlli olub ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrdən birində xidmət edən hərbi qulluqçu bıçaqlanıb.

 

Hərbi hissələrdə epidemiya tüğyan edir

 

Başqa bir cinayətlə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılarkən təsadüf nəticəsində bıçaqlanma hadisəsinin üstü açılıb. Məlum olub ki, bu cinayət uzun müddət hüquq-mühafizə orqanlarından gizlədilib. Faktla bağlı cinayət işi açılıb və Manuk Mirzoyan adlı hərbi qulluqçu istintaqa cəlb olunub. Hadisənin digər iştirakçılarının müəyyən olunması istiqamətində təhqiqat davam edir. Amma erməni mediası yazır ki, belə hadisələrin sayı yüzlərlədir. Elə bunun nəticəsində orduda fərarilik, intihar, hallarının sayı artır. Hərbi hissələrdə, həmçinin epidemiya tüğyan edir. Elə bu günlərdə səksənə yaxın əsgər ağır vəziyyətdə hospitallara yerləşdirilib.

Digər tərəfdən, Ermənistan ordusunun bölmələrində özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir. Ötən ilin dekabr ayı ərzində düşmən ordusu daha yeddi hərbçisini itirib.

Dekabrın 15 günü ərzində qeyri-döyüş şəraitində, özbaşınalıq səbəbindən yaralananların sayı 10 nəfər olub. Epidemiya, soyuqların düşməsi və qar yağması aclıqdan, şəraitsizlikdən əziyyət çəkən hərbçilər üçün bəlaya çevrilib. Əsgərlər müxtəlif virus xəstəliklərindən əziyyət çəkirlər. Tibbi heyət problemin qarşısını almağa çalışsa da, dərman preparatları və zəruri ləvazimatların çatışmaması səbəbindən profilaktik tədbirlər görmək mümkün olmur.

 

Ötən il 39 hərbçi həlak olub

 

Baş verənlərlə bağlı Ermənistanın "1in.am” saytı yazır: "2018-ci il boyunca - yanvarın 1-dən noyabrın 10-dək Ermənistan silahlı güclərində qeyri-nizamnamə münasibətləri nəticəsində, yaxud texniki səbəblərdən daha çox hərbçi həlak olub, nəinki qarşı tərəfin göstərdiyi fəaliyyətdən. Hesablamlara əsasən, 2018-ci ildə silahlı güclərdə 7-i (ümumi sayın 18 faizi) qarşı tərəfin gülləsindən, 32-si (82 faiz) Ermənistan və Dağlıq Qarabağda müxtəlif səbəblərdən olmaqla, ümumilikdə 39 hərbçi həlak olub.

Qaldırılan cinayət işlərinə əsasən, 32 əsgər texniki səbəb, bədbəxt hadisələr, intihar və xidmət yoldaşının atəşindən, qar uçqunundan və aviaqəzada həlak olub. Yumşaq deyilsə, bu statistik mənzərə faciəlidir. Rəqəmlər xəbər verir ki, ötən il Ermənistan-Azərbaycan ön cəbhə xəttində ən gərgin il olmayıb.

O biri yandan, Ermənistan ordusunda qeyri-nizamnamə münasibətlərinin nəticəsi olan itkilər böyükdür. Bu, özəlliklə təşvişlidir və ondan xəbər verir ki, əslində, Nikol Paşinyanın inqilabdan sonra bir neçə ictimai çıxışlarının məhz bu mövzuya həsr edildiyinə baxmayaraq, orduda keyfiyyət dəyişiklikləri baş verməyib.

Əlbəttə, heç bir ordu insidentlərdən, fors-major durumlardan sığortalanmayıb, amma hətta bu cəhət də Müdafiə Nazirliyinin məsulları üçün alibi ola bilməz. Savaşda olan ölkənin silahlı güclərində qeyri-döyüş itkiləri bu qədər böyük olandaön cəbhədə qeydə alınan qurbanları, demək olar, beş dəfə üstələyəndə bu, ondan xəbər verir ki, istənilən an genişmiqyaslı savaş aça biləcək düşməndənsə "daxili düşmən” daha qəddar və məkrlidir.

"Daxili düşmən” deyilən daha tutumlu anlayışdır, korrupsiyaya da, həm zabit heyəti təmsilçilərinin öz vəzifələrini gərəkməz icrasına, həm də nəzarət mexanizminin naqisliyinə də aiddir. Özübiz nəzarət mexanizminə daha geniş müstəvidə baxırıq: söhbət bizim silah qüvvələrin mahiyyətcə həm keçmiş sistemdə, həm də inqilabdan sonra parlamentin və cəmiyyətin nəzarətindən qıraqda qaldığından gedir. Ordudan danışmaq, ya da ordunu tənqid etməyin tabu olduğu haqda stereotipi aradan qaldırmağın zamanı çatıb. Bu saxta tezis illər boyu buna səbəb olub ki, orduda korrupsiya tendensiyaları çiçəklənib, yığılmış problemlər isə həll olunmaq yerinə sistemli xarakter alıb”.

 

"Hökumət aprel müharibəsindən nəticə çıxarmalıdır”

 

Məqalədə hüquq müdafiəçisi Janna Aleksanyanın da fikirlərinə yer verilib. Bildirilib ki, əsasən qapalı müəssisələrdə insan haqlarını araşdırdığından bu sahələrdə özəl dəyişikliklər gözə dəymir. Hüquq müdafiəçisi deyib: "Orduda David Tonoyandan savayı heç bir dəyişiklik olmayıb. Ölümlər davam edir, bu məsələlərin araşdırılması qabaqkı kimi gedir, çox pis təhqiqat aparılır, işlər açılmır. Ordudakı durum cəzasız qalmaqdadır. İnsan hüquqları sahəsində özgə, aşkar uğurlar görmürəm”.

Sonda sayt vurğulayıb ki, özlüyündə aydındır ki, islahatlar mövzusu geniş siyasi, ictimai diskursun mövzusu olmalıdır: "Hökumət 2016-cı ilin aprel müharibəsindən nəticə çıxarmalıdır - ordunun döyüş bacarığı haqda təbliğat tezisi hamımızın gözü qabağında buxarlandı: onlarla gənc döyüş hazırlıqsızlığı və ordunun mənəvi aşınmasının qurbanı oldu. İnqilabdan sonra bir-iki səs-küylü korrupsiya ifşasına deyil, Ermənistan silahlı güclərinin yeni keyfiyyət səviyyəsi qazandığından danışmağa imkan verən institusional islahatlara vurğu etmək gərəkdir”.

 

12 ölüm, 14 yaralanma faktı

 

Bütün bu qeyd edilənlərdən aydın olur ki, düşmən ordusunda çöküş işğalçı ölkənin özündədə açıq etiraf olunur. Amma erməni cəmiyyətini narahat edən həm də Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlıdır. Artıq Helsinki Vətəndaş Assambleyasının Yerevan ofisi isə 102-ci hərbi baza ilə bağlı araşdırmalara başlayıb. Məlumata görə, 20 il ərzində bu hərbi hissədə 12 ölüm, 14 yaralanma faktı qeydə alınıb. Burada qulluq keçən əsgərlər yerli əhali ilə kobud davranır, soyğunçuluqla məşğul olurlar. Zaman-zaman bu hallar faciə ilə nəticələnir.

Gümrü sakini olan Avetisyanlar ailəsinin bütün 7 üzvü bir neçə il əvvəl qətlə yetirilib. Vaxramaberd kəndində törədilən partlayış nəticəsində iki azyaşlı ölüb. Son insident zamanı isə daha bir Gümrü sakini - 57 yaşlı Culyetta Quqasyan səhər işə getdiyi zaman hərbçi tərəfindən əvvəlcə vəhşiliklə döyülüb, sonra isə güllələnib. Qadının həyatını xilas etmək mümkün olmayıb. Sonuncu hadisənin ardından Yerevanda və Gümrüdə etiraz aksiyaları başlayıb.

Narazı kütlə 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasını tələb edir. Amma bu tələbin yerinə yetirilməsi müstəqil olmayan indiki erməni hakimiyyəti üçün mümkünsüz sayılır. Məhz bu vəziyyətdə Ermənistanın həm xaricdən asılılığının davam etməsi, həm də bütün sahələrlə yanaşı, ordusunda da çöküşün yaranması qaçılmaz sayılır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 8 yanvar.- S. 4.