Qış nə qədər sərt keçsə də...

 

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən dağlar diyarı Gədəbəydə qış sərt keçsə də, sakinlər buna alışmışlar. Onlar bunu nəzərə alaraq qış ehtiyatını hələ yay aylarında görürlər. Soyuq aylarda evlərin isidilməsində də elə bir problem yaşanmır. Dövlət başçısının diqqət və qayğısı sayəsində rayonun mavi yanacaqla təminatı həll edilmiş, əvvəllər odun tədarükündə yaranan çətinliklərə son qoyulmuşdur.

Havaların soyuq, dumanlı və çiskinli günündə yolumuzu Gədəbəyə saldıq. 6 kilometr hissəsinin aşırımlı olması bir qədər çətinlik yaratsa da, bu işin öhdəsindən gəldik. Yol boyu gördüyümüz əkin sahələrinin şumlanaraq yaz-tarla işlərinə hazırlanması deməyə əsas verir ki, torpaq sahibləri gələn il bol məhsul istehsal etmək arzusundadırlar. Bəs, gədəbəylilər ötən ili hansı göstəricilərlə başa vurublar?

Rayon Aqrar İnkişaf Mərkəzinin rəisi Asəf Nağıyevlə də söhbətimiz əsasən bu barədə oldu. O dedi ki, kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, nailiyyət qazanılmasın. Taxılçılar 1585,3 hektar sahədən 4375 ton buğda götürərək hər hektarın məhsuldarlığını 27,6 sentnerə çatdırdılar. Kartofçuluqda yüksək göstəriciyə nail olundu. 11810 hektar sahədə kartof əkən kənd sakinləri 126367 ton məhsul götürdülər ki, bu da hər kektardan 107 sentner məhsul deməkdir. Kənd təsərrüfatının digər sahələrində də yüksək göstəricilər əldə edildi. Pomidor, xiyar, soğan, kələm, yerkökü, sarımsaq istehsalı da əvvəlki illərdəkindən xeyli çoxdur. Qarğıdalı, yonca və paxlalı bitkilərin məhsuldarlığı da yüksək olmuşdur.

Məhsul bolluğu yaradılmasında dövlət onlara daim dəstək verir. Hər il taxıl istehsalına, işlədilən motor yağlarına, hətta saxlanan hər arı ailəsinə görə dövlət tərəfindən torpaq sahiblərinə subsidiyaların verilməsi onları məhsul bolluğu uğrunda daha əzmlə mübarizə aparmağa ruhlandırır. Fermerlərə güzəştli qiymətlərlə texnikalar satılır. Odur ki, hər bir kənd sakini də məhsul bolluğu yaradılmasında əlindən gələni əsirgəmir. Qeyd etmək lazımdır ki, ötən il 3277 nəfər yetişdirdiyi məhsula görə dövlətdən 157908,2 manat subsidiya almış, fermerlərə 200 ton güzəştli qiymətlərə gübrə verilmişdir.

Gədəbəy heyvandarlığın inkişafı üçün əlverişli imkanlara malik rayonlardandır. Odur ki, rayon sakinləri bu sahənin inkişaf etdirilməsinə böyük maraq göstərir, istəklərinə nail olurlar. Hazırda görülən tədbirlər nəticəsində rayonda 48812 baş qaramal, 243452 baş davar saxlanılır. Heyvanların baş sayının belə sürətlə artırılmasının nəticəsidir ki, ət, süd, yun istehsalında yüksək göstəricilərə nail olunmuşdur.

İstehsal olunan ət və süd məhsullarının bir hissəsi bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə Bakıda təşkil olunan kənd təsərrüfatı yarmarkalarında satılır.

Keçən il rayon arıçıları da yüksək nəticələr əldə etmişlər. Hazırda Gədəbəydə 234 sakin arıçılıqla məşğuldur. Onlar 2819 arı ailəsi saxlayırlar. Hər arı ailəsinə görə sakinlərə 10 manat subsidiya verilməsi üçün qeydiyyat aparılmışdır.

İndi qışın qarlı-şaxtalı çağıdır. Ancaq qış ayları nə qədər sərt keçsə belə, gədəbəyliləri narahat etmir. Onlar aylarla çəkdikləri zəhmətin bəhrəsini götürüb qış günlərində isti evlərinə sığınır, yetişdirdikləri kənd təsərrüfatı məhsullarından istifadə edir, yeni mövsümə enerji toplayırlar.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.- 8 yanvar.- S. 5.