Uğurları son hədd hesab etmirlər
Unikal təbiəti, zəngin flora və faunası olan Göygöl rayonu 2018-ci ildə də uğurlu göstəricilərlə ölkə iqtisadiyyatına sanballı töhfələr verib. İstər sənayedə, istərsə də kənd təsərrüfatında yüksək nailiyyətlər qazanılıb. Xüsusilə aqrar sahənin inkişafına dövlət dəstəyinin gücləndirilməsi sayəsində davamlı inkişafa hesablanan sosial-iqtisadi layihələr uğurla reallaşdırılıb.
Gəncədən Göygölə cəmi 8 kilometr məsafə var. Rayon mərkəzinə daxil olan hər kəs ilk növbədə vaxtilə burada yaşamış almanların çox zövqlə və səliqə ilə saldıqları küçələrdəki evlərlə rastlaşır. Bir əsr əvvəl alman kolonistləri tərəfindən tikilmiş həmin evlərin hamısı tamamilə bərpa edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Arif Seyidovla da söhbətimiz bu barədə oldu. Dedi ki, son 15 ildə rayonda çox iş görülüb. Bu dövrü geniş tikinti-quruculuq və abadlıq illəri kimi xarakterizə etmək olar. Ötən illər ərzində alman evləri yenidən qurulmuş, Gəncə çayının sahilində Heydər Əliyev Mərkəzi inşa edilmiş, ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkında abadlıq işləri görülmüş, mərkəzin qarşısında dahi şəxsiyyətin heykəli ucaldılmışdır. Gənclərin sağlam ruhda böyüməsi və idmana maraqlarını artırmaq üçün Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi tikilmişdir. Bayraq Meydanı və muzeyi, rayon mədəniyyət və folklor evləri, yay kinoteatrı, uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzləri, uşaq əyləncə mərkəzi sakinlərin istifadəsinə verilmişdir. Bundan başqa, rayonda 22 yeni məktəb, həmçinin 151 çarpayılıq mərkəzi rayon xəstəxanası üçün yeni bina inşa edilmiş, yol infrastrukturunda çoxsaylı işlər həyata keçirilmiş, kənd yolları yenidən qurulmuş, kənd və qəsəbələrin işıq, qaz, içməli su problemləri demək olar ki, həll edilmişdir.
Ölkə rəhbərinin bu istiqamətdə qarşıya qoyduğu vəzifələrin uğurlu icrası rayon əhalisində məmnunluq yaratmaqla yanaşı, onların qurub-yaratmaq həvəslərini və işgüzarlıqlarını daha da artırmışdır.
Göygöl əsasən kənd təsərrüfatı rayonudur. Torpaq sahələri dəmyə şəraitində əkilib-becərilir. Buna baxmayaraq, torpağın dilini yaxşı bilən sakinlər hər il bol kənd təsərrüfatı məhsulları yetişdirirlər. 2018-ci ildə əkinçilərin göstəriciləri yüksək oldu. 6990,3 hektar sahədə taxıl yetişdirən fermerlər 16457,8 ton məhsul götürdülər. Bu uğurdan ruhlanan taxılçılar ötən ildə əkin sahələrini 7632,2 hektara çatdırıb 19724,3 ton məhsul topladılar. Taxıl sahələrinin hər hektarından orta hesabla 25,8 sentner məhsul əldə edildi. Elə fermerlər oldu ki, göstəriciləri təzələdilər. Məsələn, Suliddin Mahmudov inişilkindən fərqli olaraq ötən il daha çox taxıl əldə etdi. O, 2017-ci ildə 200 hektar sahədən 700 ton, başqa sözlə, hər hektardan orta hesabla 35 sentner taxıl götürmüşdüsə, 2018-ci ildə əkin sahələrini 50 hektar artıraraq daha yaxşı məhsuldarlığa nail oldu. Hər hektarın məhsuldarlığını 40 sentnerə çatdırdı.
Fermer Rəfail Mustafayev də keçənilki məhsuldarlıqdan olduqca razıdır. 143 hektar sahənin orta hesabla hər hektarından 40 sentner məhsul götürdü. Rayon fermerləri 2019-cu ildə də yüksək göstəricilər əldə etmək üçün payızlıq səpini optimal müddətdə başa çatdırmışlar.
Rayonda şəkər çuğundurunun istehsalına da diqqətlə yanaşılır. Keçən il 501 hektar sahədə çuğundur əkən torpaq sahibləri indiyədək 18478 ton məhsul toplamışlar. Məhsuldarlıq da yüksəkdir. Orta hesabla hektardan 368,8 ton çuğundur götürülür.
Bu sahədə zəngin təcrübə toplayan fermerlərdən biri Nadil kəndinin sakini Bəhman Nəcəfovdur. O, 30 hektar sahədən 2010 ton məhsul götürmüşdür. Həmin kəndin digər sakini Sultan Nəcəfov hər hektarın məhsuldarlığını 730 sentnerə çatdırmışdır.
Məlum olduğu kimi, Göygöl tarixən
üzümçülük rayonu olub. Sovetlər dövründə burada
160 min ton üzüm istehsal
edilmişdi. Məlum səbəblərə görə, sonralar bu rayonda da
üzüm bağları
məhv edilmiş, yerində müxtəlif bostan bitkiləri əkilmişdi. Son illər dövlət başçısının təşəbbüsü
ilə Azərbaycanda üzümçülüyün yenidən inkişaf etdirilməsi üçün
verdiyi tapşırıqlara
uyğun olaraq rayonda bu gəlirli
sahənin inkişafına
da diqqət artırılmışdır. Bu məqsədlə xarici ölkələrdən
gətirilmiş daha məhsuldar üzüm sortları hesabına yeni bağlar salınmış, tənəklərə
yüksək səviyyədə
aqrotexniki qulluq göstərilmişdir. Hazırda
rayonda 1000 hektara yaxın üzüm bağı var. Ötən
il bu bağlardan
8481,4 ton məhsul toplanmışdır. Hər hektardan
orta hesabla 90 sentnerə yaxın məhsul götürən
bağbanlar bununla kifayətlənməyəcəklərini söyləyirlər.
Rayonda mal-qaranın
cins tərkibinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər
həyata keçirilir,
qabaqcıl texnologiyalara
üstünlük verilir. Xüsusilə süni mayalanmanın tətbiq edilməsinə diqqətlə yanaşılır.
İnişil rayon üzrə inəklərdən
süni mayalandırma
yolu ilə 250 baş bala alınmışdısa,
2018-ci ildə 296 baş
bala alınmışdır.
Süni mayalanmadan alınan hər balaya görə 100 manat subsidiya ödənilmişdir.
Bundan başqa, rayonda heyvandarlığın cins
tərkibinin yaxşılaşdırılması
məqsədilə xaricdən
315 baş məhsuldar
cins mal-qara da gətirilmişdir.
Heyvandarlığın inkişafına göstərilən
diqqətin nəticəsidir
ki, ötən ildə də ət və süd istehsalı xeyli artmışdır.
Ümumiyyətlə, rayonda digər kənd təsərrüfatı
məhsulları istehsalında
da əldə edilən göstəricilər
sevindiricidir. 5860 ton kartof,
5310 ton tərəvəz, 2357 ton meyvə və sair istehsal edilmişdir
ki, bu da
əvvəlki illərdəkindən
xeyli çoxdur. Göygöllülər deyirlər ki,
qazandıqları bu uğurları son hədd hesab etmirlər.
Sabir ƏLİYEV
Azərbaycan.- 2019.- 9 yanvar.- S. 5.