Qədim və müasir

 

Bu, Naxçıvandır - Nəqşi-cahandır...

 

Azərbaycanın mədəni zənginliyinin dünyada daha geniş şəkildə tanıdılması, bu tarixi mirasın qorunaraq gələcək nəsillərə çatdırılması dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir.

Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafına yönəldilmiş çoxsaylı respublika, beynəlxalq folklor müsabiqə və festivallarının, sənətkarlıq yarmarkalarının, diyarşünaslıq mövzusunda "dəyirmi masalar, konfranslar, digər tədbirlərin təşkili də bu məqsədə xidmət edir.

"Qeyri-maddi mədəni irsin qorunmasına dair” UNESCO Konvensiyasının tövsiyələrinə əsasən, beynəlxalq təcrübədən bəhrələnərək hazırlanmış "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” layihəsi isə artıq bir sıra bölgələrdə həyata keçirilərək müsbət nəticəsini vermişdir.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərarın qəbulu da təsadüfi deyildi. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur.

Naxçıvan Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr verib. Azərbaycan türkləri min illər boyu burada həyat sürüb, böyük dövlətçilik ənənələrinin əsasını qoyublar. Onuncu yüzillikdə Naxçıvan şahlığı, XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranıb. XVIII-XIX əsrlərdə isə Naxçıvan xanlığı, XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərib.

Ümummilli lider Heydər Əliyev deyib: "Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Bəli, Naxçıvan antikorta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə - qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr ilə çox zəngindir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamına əsasən, buradakı 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılıb.

İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərini özündə yaşadan Naxçıvan Muxtar Respublikasında milli və mənəvi dəyərlərə hörmətlə yanaşılır. Eyni zamanda dini dəyərlər və adət-ənənələr qorunub saxlanılır, abidələr bərpa olunur.

Prezident İlham Əliyevin Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamında göstərilirdi ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qəbul etdiyi qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin ən gözəl şəhərlərindən biri kimi, Naxçıvan böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs QarayevTÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaşın və digər yüksək vəzifəli qonaqların da iştiraki ilə "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in bağlanış tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova deyib ki, ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi qayğı və müəyyənləşdirdiyi siyasi xətt bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. İl ərzində bir sıra layihələr həyata keçirilib, o cümlədən Naxçıvandakı türk-islam mədəniyyəti abidələrindən Möminə xatın, Yusif Küseyr oğlu, Gülüstan türbələrinin və Qarabağlar Türbə Kompleksinin ISESCO-nun siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq aidiyyəti orqanlara təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tədbirdə səsləndirdiyi fikirlər həyata keçirilən layihələrin mühüm əhəmiyyət daşıdığını təsdiqlədi. Qeyd olundu ki, türk-islam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi tanınmışdır.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı keçirilən tədbirlərdən söz açaraq deyib ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı təmsil olunduğu beynəlxalq qurum tərəfindən VII Beynəlxalq Klassik Musiqi Festivalı, ISESCO-nun Yaşıl Şəhər Strategiyasının həyata keçirilməsi ilə bağlı Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Misirdən olan ekspertlərin iştirakı ilə regional toplantı, ekstremizmislamafobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti üzrə milli seminar və digər tədbirlər keçirilmişdir.

Təşkilat Komitəsi tərəfindən ötən dövrdə təşkil edilən ən yaddaqalan tədbirlərin siyahısına o da əlavə olunub ki, 2018-ci ilin 26 noyabr -1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla "Yallı ("Köçəri”, "Tənzərə”), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil olunub. Bununla da Şərur, xüsusən də "Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın təxribat xarakterli cəhdlərinin qarşısı alınıb. "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in bağlanışı münasibətilə keçirilən konsertdə xalq artisti Alim Qasımovla əməkdar artist Fərqanə Qasımovanın xalq mahnıları və muğamlarımız, eləcə də "Şərur” Xalq Yallı Ansamblının ifasında təqdim olunan "Köçəri” və "Tənzərə” yallıları da alqışlarla qarşılanıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev konsertdə təqdim olunan bütün yaradıcılıq nümunələrinin UNESCO-nun siyahısına daxil edildiyini xatırladıb: "Muğam ifaçılığı, tar, kamança və yallı bir daha təsdiq etdi ki, Azərbaycan xalqının yaratdığı incəsənət nümunələri bütün bəşəriyyətə məxsusdur. Bütün bunların bir arada "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in bağlanış tədbirində ifa olunması isə mühüm əhəmiyyətə malikdir. Çünki Naxçıvanda tarixin və mədəni irsin qorunub-saxlanılması və təbliği sahəsində kompleks işlər görülür”.

Təbii ki, Naxçıvanın İslam Mədəniyyət Paytaxtı olması bir illə məhdudlaşmır. Naxçıvan İslam sivilizasiyanın tarixi mədəni mərkəzlərindən olubbundan sonra da bu adı əbədi qoruyub saxlayacaqdır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 10 yanvar.- S. 1; 5.