Azərbaycan ilə İran arasında sərhəd təhlükəsizliyinin təminatı məsələləri müzakirə olunub

 

Yanvarın 9-da İranın Biləsuvar şəhərində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevinİran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərliyi etdikləri nümayəndə heyətlərinin işçi görüşü keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tərəflər 2018-ci il dekabrın 11-də Bakıda Azərbaycanın və İranın sərhəd qurumları rəhbərlərinin görüşü zamanı əldə olunmuş razılaşmaların icrasını nəzərdən keçiriblər. İşçi görüşündə, həmçinin sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri, o cümlədən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya və digər təhdidlərlə mübarizə sahəsində sərhəd mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və İranın iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastrukturunun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurunun sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində "Astara” və "Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin 24 saatlıq rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, "Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin tam həcmdə fəaliyyət göstərməsi, Astara çayı üzərindən yeni avtomobil körpüsününpiyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili və maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın inkişafı məqsədilə bilavasitə dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində görüşlərin davamlı təşkili barədə razılıq əldə edilib.

 

Azərbaycan.- 2019.- 10 yanvar.- S. 2.