Bu il AÇG nə
qədər neft verəcək
Bu il Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından neft hasilatının 26,56 milyon ton olacağı proqnozlaşdırılıb. Bu məlumat Hesablama Palatasının hazırladığı "ARDNF-nin 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də verilib.
AÇG-nin müqavilə ərazisi təxminən 432 kvadratkilometr sahəni əhatə edir. Bu yataqlar bloku Bakıdan 120 kilometr şərqdə yerləşir.
Hazırda AÇG-də fəaliyyət göstərən 6 hasilat platformasından neftin və səmt qazının çıxarılması davam edir. Keçən ilin 9 ayında bu qurğuların gündəlik hasilat göstəriciləri belə olub: "Çıraq” - 47 min barel, "Mərkəzi Azəri” - 156 min barel, "Qərbi Azəri” - 126 min barel, "Şərqi Azəri” - 97 min barel, "Dərinsulu Günəşli” - 105 min barel və "Qərbi Çıraq” - 57 min barel.
AÇG-nin işlənməsi mərhələlərlə həyata keçirilib. "Əsrin müqaviləsi” çərçivəsində "Çıraq”dan ilk neft 1997-ci ilin noyabrında hasil edilib. 2005-ci ilin əvvəlindən 2006-cı ilin sonunadək bir-birinin ardınca "Azəri” yatağının mərkəzi, qərb və şərq hissələrindəki platformalardan neft alınıb. Növbəti mərhələdə "Dərinsulu Günəşli” işlənib və 2008-ci ilin aprelində bu yataqdan da hasilata başlanıb. 2014-cü ilin yanvarından istismar olunan "Qərbi Çıraq” platformasının 5 yaşı tamam olur.
Hazırda AÇG-də ümumilikdə 112 neft hasilatı, 53 qaz və su injektor quyusu fəaliyyət göstərir.
ARDNF-nin məlumatına görə, AÇG yataqlarından əldə olunan ümumi gəlirlər 2001-ci ildən 2018-ci il dekabrın 1-dək 137 milyard 446 milyon ABŞ dolları təşkil edib. Keçən il ərzində bu yataqların hasilatından 8 milyard 960 milyon, o cümlədən "Şahdəniz”dən çıxarılan kondensatın satışından 222 milyon ABŞ dolları həcmində gəlir əldə olunub.
Xatırladaq ki, 2017-ci ilin sentyabrında imzalanmış yeni müqaviləyə əsasən, AÇG-nin işlənməsi müddəti əsrin ortasınadək artırılıb. Beləliklə, 2050-ci ilədək AÇG yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Keçən il yanvarın 29-da ARDNF-yə yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.
"Yeni əsrin müqaviləsi” çərçivəsində AÇG-nin ərazisində daha bir platformanın quraşdırılması planlaşdırılıb. Xəzərdə "Mərkəzi Azəri” və "Şərqi Azəri” arasında, mərkəzi nöqtədə yerləşəcək bu qurğu "Mərkəzi Şərqi Azəri” platforması adlanacaq. Layihə ilə bağlı inşaat və istismara hazırlıq işlərinin 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir. Hasilata isə 2023-cü ildə başlanacağı nəzərdə tutulub. Mütəxəssislər "Mərkəzi Şərqi Azəri”dən gündə orta hesabla 100 min barelə qədər (lay suları ilə birlikdə) neft və 350 milyon standart kubfutadək qazın çıxarılmasının mümkün olduğunu söyləyirlər. Bu isə yaxın gələcəkdə AÇG-dən hasil olunan karbohidrogenlərin artacağını vəd edir.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 10 yanvar.- S. 3.