Sifariş çoxalır, ixrac
artır
Mingəçevir
Sənaye Parkının "Made in Azerbaijan” markası ilə
istehsal etdiyi yüksək
keyfiyyətli ipliyə dünya
bazarında maraq böyükdür
Ölkə iqtisadiyyatını neft sektorunun asılılığından xilas etmək məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən möhtəşəm layihələr gözlənilən bəhrəsini verməkdədir.
Ölkənin müxtəlif bölgələrində yaradılmış sənaye parkları elə ilk mərhələdəki səmərəli fəaliyyəti ilə ümidləri doğruldur. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan hər inamlı addım uğurla müşayiət olunur.
Yeni sənaye nəhəngi
Son illər ölkədə pambıqçılığın dinamik şəkildə inkişafına paralel olaraq bu sahədə modern emal və istehsal müəssisələri də yaradılır və onlar səmərəli fəaliyyəti ilə diqqət çəkir. Artıq ölkədə pambıq istehsalı 232 min ton səviyyəsinə çatıb. Əlbəttə, bu, böyük uğurdur, amma son hədd deyil. Pambıqçılığın inkişafına dövlət səviyyəsində verilən böyük dəstək, ölkənin torpaq istifadəçilərində bu gəlirli sahəyə artan maraq qarşıdakı illərdə pambıqçılıqda yeni zirvələrin fəth olunacağını labüd edir.
Qeyri-neft sektorunu dirçəltmək üçün hazırlanan strateji layihələrdə mütərəqqi texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaratmaq prioritet istiqamət kimi qəbul edilir. Bunun sadə izahı budur ki, bu gün bizə, ölkə iqtisadiyyatına pambığı xaricə xammal kimi deyil, iplik, parça, paltar kimi satmaq sərfəlidir. Bu, təbii ki, həm ölkəyə böyük məbləğdə valyuta gətirir, həm də yeni iş yerlərinin açılmasında, əhalinin faydalı məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Bu zərurətdən yaranan yeni və güclü sənaye müəssisələri sırasında Mingəçevir Sənaye Parkının xüsusi yeri var. Bu yeni sənaye nəhəngi ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatların məntiqi nəticəsidir. Təsadüfi deyil ki, 2016-cı il sentyabrın 21-də Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak edərək bu möhtəşəm layihəyə xeyir-duasını verib.
İndi pambığı, mahlıcı yox, parçanı ixrac edirik
Dövlət başçısı sənaye parkının açılış mərasimində çıxış edərək əsas məqsədləri açıqlamışdı. Bunlar qeyri-neft ixracının artırılması və bu istiqamətdə həyata keçiriləcək layihələrin daha da genişlənməsidir: "Bu fabrikin timsalında biz ölkəmizin hərtərəfli inkişafını görürük. Çünki bu, böyük sənaye mərkəzidir, sənaye müəssisələridir. Eyni zamanda, burada əsas xammal yerli pambıqdır, mahlıcdır. Son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu. Əgər biz iki il bundan əvvəl pambıqçılığın dirçəlməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər də yaranmayacaqdı. Çünki xaricdən mahlıc alıb, burada onu ipliyə çevirmək çox bahalı bir proses ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm ki, bu il daha çox pambıq yığımı nəzərdə tutulur. Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə, əlavə dəyər, iş yerləri yaranacaq və biz mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik”.
Əsas ticari tərəfdaşlar Türkiyə və
Rusiya sənayeçiləridir
Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrik yaradılacaq. Hələlik iplik fabriki fəaliyyət göstərir. Burada iplik iki üsulla alınır - "Rinq” və "Open end”.
"Rinq” üsulu ilə alınan polister iplik daha zərif və yumşaqdır. Ondan əsasən köynək istehsalında istifadə olunur. "Open end” üsulu ilə alınan iplik isə nisbətən qaba liflərdən hazırlanır. Sənaye parkının "Made in Azerbaijan” markası ilə istehsal etdiyi yüksək kefiyyətli ipliyə dünya bazarında maraq böyükdür. Bu barədə Mingəçevir Sənaye Parkının direktoru Mehman Hüseynov həvəslə danışır:
- Mingəçevir Sənaye Parkı yeni dövrün iqtisadi islahatlarının müəllifi Prezident İlham Əliyevin həyata uğurla vəsiqə alan möhtəşəm ideyalarının məntiqi nəticəsidir. Bizim kollektivdə fəhlədən tutmuş rəhbərə qədər hər kəs üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək çalışır. Arxada qalan ayların iqtisadi göstəricilərinə əsaslanıb deyə bilərəm ki, sənaye parkı gözlənilən ümidləri doğruldur. Bizim markaya maraq böyükdür. Hələlik Türkiyə və Rusiya sənayeçiləri ilə ticari əlaqələr yaradılıb. İstehsal etdiyimiz iplik bu iki ölkəyə ixrac olunur.
Müəssisə
Çin bazarına da
çıxmağa hazırlaşır
Mehman Hüseynovun sözlərinə görə, müəssisə Çin bazarına çıxmağa hazırlaşır. Çünki Çin bazarı kifayət qədər böyük və sərfəlidir. İxrac etdilən məhsulla bağlı heç bir irad və narazılıq yoxdur: "Sənayeçi olaraq fəaliyyətimizin ana xəttində keyfiyyətli məhsul istehsal etmək dayanır. Bu, dünyada Azərbaycan markasının şöhrətini artırmaq üçün çox vacib şərtdir. Dövlətin qayğısı, güclü dəstəyi bizə ruh verir, qarşımızda yeni üfüqlər açır”.
İlk addımlarını atan Mingəçevir Sənaye Parkında hələlik 600 nəfərdən çox şəhər sakini çalışır. Zamanı gəldikcə burada yeni fabriklər də fəaliyyətə başlayacaq, qeyri-neft sektorunun inkişafına yönəlik möhtəşəm layihələr uğurla reallaşacaq. Hələlik birinci mərhələdə dünya bazarına "Made in Azerbaijan” markası ilə iplik çıxarılır. Bu günün uğurları sabaha olan ümidləri artırır.
Lazım
QULİYEV
Azərbaycan.- 2019.- 10 yanvar.- S. 4.