Dilçilik
elmimizin parlaq siması
Bu günlərdə Azərbaycanın görkəmli dilçi alimi, əməkdar elm xadimi, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmlər doktoru, professor Afad Qurbanovun anadan olmasının 90 ili tamam olur. Afad Qurbanov çoxcəhətli və geniş diapazonlu elmi yaradıcılığı ilə ölkəmizdə dilçilik elmini zənginləşdirən, ona öz dəyərli töhfələrini verən nadir istedad və zəka sahiblərindən, öz dəst-xətti ilə seçilən elm xadimlərindən biri kimi tanınır, böyük ehtiramla və hörmətlə xatırlanır, yad edilir.
Azərbaycan dilçiliyinin
istiqamətlərinin müəyyənləşdirilməsində,
dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində
böyük xidmətləri olan bu görkəmli alim "Azərbaycan
ədəbi və danışıq dili”, "Müasir Azərbaycan
ədəbi dili”, "Ümumi dilçilik” (I, II cildlər),
"Türkoloji dilçilik” (5 cilddə),
"Müasir Azərbaycan ədəbi dili” (2 cilddə),
"Azərbaycan dilçiliyi problemləri” (3 cilddə),
"Azərbaycan onomastikası”, "Antroponim nəzəriyyəsi”,
"Poetik onomastika”, "Azərbaycan dilinin onomalogiyası”,
"Azərbaycan onomastika məsələləri”,
"Dünyanın dilailələri”, "Müasir Azərbaycan
ədəbi dili”, "Azərbaycan dilçiliyi problemləri”,
"Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə)
və digər monoqrafiya və dərsliklərin müəllifidir.
Gərgin elmi axtarışların uğurlu nəticəsi
olan bu sanballı əsərlərdə dilçiliyin aktual məsələləri
araşdırılır, elmi anlayışlar dəqiqləşdirilir,
dil və dilçilik tarixi ilə əlaqədar yeni müddəa
və elmi təsniflər verilir. A.Qurbanovun
əsərlərində Azərbaycan dilçiliyinin inkişafı
və perspektivləri, dilçiliyin linqvistik və fəlsəfi
nəzəri əsaslar üzərində təşəkkül
tapması, eləcə də elmlərin təsnifi və
dilçilik tarixinin müəyyənləşdirilməsi
problemlərinə aydınlıq gətirilmişdir. Aspirantlıqdan Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvlüyünə qədər
şərəfli bir tədqiqat yolu keçən A.Qurbanov
1962-ci ildə görkəmli dilçi alim, professor
Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi
ilə "S.Vurğunun "Vaqif” pyesinin dili və üslubu”
mövzusunda namizədlik, 1968-ci ildə isə
"Müasir Azərbaycan ədəbi dili” mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir. Afad Qurbanov
1965-ci ildə dosent, 1970-ci ildə isə professor elmi adına
layiq görülmüşdür. O, 1959-cu ildən
ömrünün sonuna qədər - əlli il Azərbaycan
Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji
Universiteti) müəllim, dekan, kafedra müdiri, filologiya və
pedaqogika elmləri üzrə müdafiə
şurasının sədri, 1981-1989-cu illərdə isə bu
ali təhsil ocağının rektoru olmuşdur. Professor
A.Qurbanov 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdir. O, həmçinin
dünyanın bir sıra beynəlxalq və milli
akademiyalarının fəxri akademiki, o cümlədən
Türk Dil Qurumunun fəxri üzvü olmuşdur.
1990-1994-cü illərdə Milli Məclisin deputatı olan Afad
Qurbanov Azərbaycan Əlifbası Komissiyasının sədri
olmuşdur.
Professor A.Qurbanovun elmi yaradıcılığı zəngin və çoxşaxəli, istiqamətli, mövzu dairəsi baxımından olduqca geniş və əhatəlidir. Alimin tədqiqat və maraq dairəsinə müasir Azərbaycan ədəbi dili, türkoloji dilçilik, dil universiyaları, ümumi dilçilik, onomalogiya, leksikologiya, nitq mədəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, üslubiyyat, ali məktəb pedaqogikası və metodikası kimi sahələr daxildir. Məlum olduğu kimi, dilçiliyin son illərdəki inkişafının mühüm nailiyyətlərindən biri yeni bir dilçilik sahəsinin - onomastikanın yaranması və formalaşmasıdır. Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika məsələlərinin sistemli şəkildə uğurlu həlli və geniş tədqiqi A.Qurbanovun adı ilə bağlıdır. Qeyd edək ki, onomastika bir elm sahəsi kimi xüsusi adları (insan adları, coğrafi adlar, tayfa adları və s.) öyrənir və tədqiqat obyektindən asılı olaraq antroponimika, toponimika, etnonimika və s. bölmələrə bölünür. Azərbaycan dilindəki şəxs adlarının özəl xüsusiyyətləri, onların mahiyyəti, sistemi, yaranması, mənşəyi, məna əsası, yayılma regionu, quruluşu, inkişaf tarixi, təkmilləşməsi, üslubi imkanları, bir dildən başqa bir dilə transliterasiyası antrotoponimikanın əsas problemləri məhz onun əsərlərində araşdırılmışdır. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişaf dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dilfaktları ilə əsaslandıran da A.Qurbanov olmuşdur. A.Qurbanovun onomalogiya məsələlərinə dair 100-ə yaxın məqaləsi, eləcə də "Antroponim nəzəriyyəsi”, "Azərbaycan onomastikası” və "Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə) adlı monoqrafiyaları orijinallığı ilə diqqəti cəlb edir. Bu əsərlərdə xüsusi adların qrupları və yarımqrupları türkologiyada ilk dəfə müəyyənləşdirilmiş, onomalogiyanın elmi-nəzəri əsasları hazırlanmışdır. Cəsarətlə demək olar ki, bədii əsərlərdəki antroponimlər, toponimlər, onların üslubi xüsusiyyətləri, bədii ədəbiyyatda xüsusi adların komik təbiəti, etnik adlar, ad yaradıcılığı, poetik onomastikanın ilk tədqiqatçısı AMEA-nın müxbir üzvü Afad Qurbanovdur. Azərbaycanşünaslıqda onomastik tədqiqatların geniş şəkildə aparılması türkologiyanın uğurlarındandır. Onomastik vahidlərin hər biri xüsusi sosial işarədir. Onları öyrənmək, tədqiq etməklə xalqın tarixi, dili və çoxsahəli həyatının bir sıra mühüm məsələlərini aşkara çıxarmaq, dilin lüğət tərkibinin bütövlükdə xarakteristikasını vermək, dil tarixi, dialektologiya və üslubiyyata dair mühüm qanunauyğunluqları aşkara çıxarmaq, tarix, etnoqrafiya, sosiologiya, coğrafiya və başqa elmlərin bəzi mühüm problemlərinin açılmasına yeni istiqamət verməsi müəyyənləşdirilir. Bununla yanaşı, onomastik vahidləri düzgün təhlil etmək, onları qorumaq, nəsildən-nəslə ötürmək ümumi mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan dili onomalogiyasının müstəqil bir nəzəri dilçilik şöbəsi kimi formalaşması bilavasitə professor Afad Qurbanovun fəaliyyəti ilə bağlıdır. Alimin bu sahə ilə bağlı ən böyük uğuru "Azərbaycan dilinin onomalogiyası” adlı monoqrafiyasıdır. Bu əsər Azərbaycan dilçiliyində və ümumiyyətlə, türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli linqvistik təhlilinə həsr olunmuşdur.
A.Qurbanov şəxs adları, ad və insan anlayışı, eləcə də onların sistemini ümumi dilçilik baxımından təhlil etmiş, əsl şəxs adlarının yaranma səbəbini, onların leksik-semantik qruplarını müəyyənləşdirmişdir. Professor A.Qurbanov bu əsərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmış, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirməyə nail olmuşdur. Qeyd edək ki, alimin "Azərbaycan dilinin onomalogiyası” kitabı Dövlət mükafatına layiq görülmüşdür. Akademik Məmmədağa Şirəliyev yazırdı ki, Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetində "Onomastik problem laboratoriyası”nın yaradılması, Azərbaycan onomastikası problemlərinə həsr edilmiş respublika konfranslarının mütəmadi olaraq keçirilməsi bilavasitə Afad Qurbanovun gərgin əməyi sayəsində baş tutmuşdur. Məhz Afad Qurbanovun rəhbərliyi ilə onomalogiyanın problemlərinə dair müxtəlif mövzularda onlarca namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir. Onomastika sahəsində məktəb yaratmış görkəmli dilçi alimin elmi yaradıcılığında təkcə Şimali Azərbaycandakı onomastik vahidlər deyil, həm də Cənubi Azərbaycan və Qərbi Azərbaycandakı, eləcə də Gürcüstan və Dağıstandakı türkmənşəli onomastik vahidlər, xüsusilə toponimlər tədqiqat obyektinə çevrilmişdir.
AMEA-nın müxbir üzvü A.Qurbanovun onomastika sahəsindəki fəaliyyəti respublikamızda və ölkəmizdən kənarda yüksək qiymətləndirilmişdir. 1989-cu ildə İstanbulda nəşr edilmiş "Türk dünyası araşdırmaları” adlı sanballı elmi toplunun bir neçə səhifəsi məhz bu dəyərli əsərin elmi təhlilinə həsr olunmuşdur.
Azərbaycan dilçiliyində bədii əsərlərin onomastikasının sistemli şəkildə tədqiq edilməsində A.Qurbanovun "Poetikonomastika” kitabının böyük rolu və əhəmiyyəti danılmazdır. A.Qurbanov "Müasir Azərbaycan ədəbi dili”, "Azərbaycan onomastikası”, "Azərbaycan onomalogiyası məsələləri” kitablarında poetik onomastikanın ayrı-ayrı sahələrinin tədqiq edilməsinin dilçiliyimiz üçün təxirəsalınmaz vəzifə olduğunu xüsusi olaraq vurğulamışdır. Müəllif "Poetikonomastika” kitabında bu problemləri sistemli şəkildə araşdırmışdır. Kitabda bədii ədəbiyyatda xüsusi adların komik təbiəti, etnik adlar, onomastik vahidlərin obrazlılığı, bədii əsərlərdə xüsusi ad yaradıcılığı kimi məsələlərdən bəhs edilmiş, onomastik vahidlərin üslubi imkanları, şifahi ədəbiyyatda onomastik vahidlərin üslubi xüsusiyyətləri aydınlaşdırılmışdır. Yazıçının onomastik vahidlərdən əsərin süjetinə, quruluşuna, ideya və məzmununa uyğun şəkildə istifadə etməsinin istiqamətləri müəyyənləşdirilmişdir. Müəllif göstərmişdir ki, yazıçılar real adlardan satirik və yumoristik ifadə vasitəsi kimi obrazlılıq, yüksək bədii keyfiyyət yaratmaq üçün istifadə edirlər.
Ümumu dilçiliyin problemlərinin tədqiqində Afad Qurbanovun öz dəst-xətti, xüsusi çəkisi və konsepsiyası vardır. Bu ondan irəli gəlir ki, A. Qurbanov bir müəllim kimi 20 ilə qədər bu fənni tədris etmiş, ümumi dilçiliyin konsepsiyalarına dərindən bələd olmuşdur. 1976-cı ildə nəşr olunan "Dilçiliyin sistemi” əsərində dilçilik elmi, dilçiliyin sahələri, dilçiliyin şöbələri və onların aktual problemləri araşdırılır. Xüsusilə dilçilik elminin obyekti, nəzəri və tətbiqi dilçilik, ümumi dilçiliyin aktual problemləri konseptual səviyyədə tədqiq edilmişdir. Aydın şərh, zəngin dil faktları, təhlil və ümumiləşdirmələr baxımından orijinal olan bu dərslikdən tələbələr uzun illərdir dəyərli mənbə kimi faydalanır, ədəbi dilimizin formalaşma tarixi, səs sistemi, orfoepiyası, leksika və frazeologiyası, semasiologiyası barədə biliklərə yiyələnirlər. Akademik Ağamusa Axundov yazırdı ki, Azərbaycan dilçiliyinin parlaq siması A.Qurbanovun ümumi dilçiliklə bağlı tədqiqatları bütövlükdə dilçiliyimizin uğurudur. Bununla yanaşı, türk dilləri qrupunun dəqiqləşdirilməsində yeni mülahizə və konsepsiyalar irəli sürülmüşdür. 1977-ci ildə çap olunmuş "Ümumi dilçilik” dərsliyi Azərbaycan pedaqoji təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk dərslik kimi çox böyük əhəmiyyətə malikdir.
Ali məktəblərin filologiya fakültələrində tədris olunan "Ümumi dilçilik” fənni filoloq kadrların hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Geniş elmi-nəzəri ümumiləşdirmələr aparma, dilçiliyin dinamik inkişafı prosesinə dialektik və obyektiv münasibət bəsləmə, şərh olunan hər bir dil hadisəsini konkret faktlarla əsaslandırma, orijinal fikirləri qətiyyətlə müdafiə etmə, tarixiliklə müasirliyi vəhdətdə götürmə və s. keyfiyyətlər bütün əsər boyu gözlənilmişdir.
A.Qurbanov dünya dilçiliyinin ən
vacib problemlərindən biri olan dil ailələrinin dəqiq
müəyyənləşdirilməsi məsələsinə
aydınlıq gətirmək üçün XVIII əsrdən
sonra meydana gəlmiş tədqiqatları nəzərdən
keçirərək, Altay dillər ailəsini altı qrupa - 1.
Türk
dilləri (23 dil), 2. Monqol dilləri qrupu (3 dil), 3. Tunqus dilləri qrupu (3 dil), 4. Mancur
dilləri qrupu (5 dil), 5. Koreya dili (1 dil), 6.
Yapon dili (1 dil) ayırmışdır. Müəllif doğru olaraq Altay dilləri ailəsinin
tərkibində olan dillərin 64 faizini türk dillərinin təşkil
etdiyini xüsusi qeyd etmişdir. A.Qurbanov Altay dilləri
ailəsində 23 türk dilinin olduğunu qeyd edərək,
tarixi inkişaf və linqvistik əlamətlər əsasında
beş yarımqrupa - oğuz dilləri,
qıpçaq dilləri, bulqar dilləri, qarluq dilləri,
tukyuy dilləri yarımqruplarına bölərək təsnif
etmişdir. Azərbaycan ədəbi dilinin materialları əsasında
funksional üslubların növləri və adları (ədəbi
danışıq üslubu, bədii üslub, elmi üslub, rəsmi
üslub, publisistik üslub, epistolyar üslub) dəqiqləşdirilmiş
və fonetik, lüğəvi, qrammatik və s. cəhətlərinə
görə bir-birindən fərqləndirilmişdir. Bu, əslində, Afad Qurbanovun ilk kitabdan ümumi
dilçilik sahəsində öz dəst-xətti,
konsepsiyası olduğunun təsdiqi idi. Dilin
əmələ gəlməsi nə qədər çətin
və mürəkkəb olsa da, bunu dilçiliyin problemləri
sırasından xaricdə düşünmək olmaz. Çünki dil dilçilik elminin obyektidir, dilin əmələ
gəlməsinin tam həqiqi və elmi şərhinin məhz
müvafiq elmlərin qarşılıqlı tədqiqatları
əsasında mümkün olması onun
yaradıcılığında xüsusi qeyd edilir. Bütün bunlar göstərir ki, akademik Afad
Qurbanov Azərbaycanda ümumi dilçilik problemlərinə
dair fundamental araşdırmalar aparan ilk alimlərdən
biridir. Dərslikdə geniş yer verilən
bölgü və təsnifatlar da yenidən işlənmişdir.
Müəllif ümumi dilçilik problemlərinə
və dünya dillərinin təsnifatına dair yeni fikirlər
söyləmişdir. Xüsusən Altay
dilləri ailəsi ilə bağlı fikirlər türkoloji
dilçilikdə yeni və orijinaldır.
Afad Qurbanovun dünya dilçiliyinə və türk
dillərinin mövqeyinə dair yeni elmi konsepsiyaları Azərbaycan
dilçiliyi ilə yanaşı, dünya və türkoloji
dilçiliyin inkişafına da öz töhfəsini
vermişdir. Alimin dilçiliyin müxtəlif sahələri ilə
bağlı 10-a yaxın monoqrafiyası, dərslik və dərs
vəsaiti nəşr olunmuşdur.
Afad Qurbanovun çoxcəhətli
yaradıcılığında bədii əsərlərin
dilinin tədqiqi qırmızı bir xətt kimi keçir. O, elmi
yaradıcılığa başladığı ilk günlərdən
böyük şairimiz Səməd Vurğunun dramaturgiyasının,
eləcə də bir çox klassiklərin poeziya nümunələrinin
dilini tədqiq etmiş və onların sənətkarlıq
xüsusiyyətlərini incəliyinə qədər müəyyənləşdirmişdir.
Alimin "Bədii dilin linqvistik təhlili” əsəri
dil hadisələrinin təhlilinə, onun elmi nəticələrinə
əsaslanır.
Afad Qurbanovun yaradıcılığında dialektologiya
məsələləri də müəyyən
araşdırma predmeti kimi diqqəti cəlb etmişdir. O, dialektoloji
axtarışlarda öz sözünü demiş, bu sahədə
düzgün araşdırmanın yeni istiqamətini müəyyənləşdirmişdir.
Alimin 2001-ci ildə çap olunmuş
"Cücəkənd şivəsi” və 2007-ci ildə
işıq üzü görmüş "Qərbi Azərbaycanın
Cucikənd şivəsi” kitablarında Cucikənd şivəsi
təhlil olunaraq onun səciyyəvi xüsusiyyətləri
açıqlanmış, bu şivəyə məxsus özəl
dialektizmlərdən nümunələr verilmiş, həmin
şivənin fonetik dil xüsusiyyətləri, leksik səciyyəsi
aydınlaşdırılmışdır. A.Qurbanov nitq mədəniyyəti məsələlərindən
də ayrıca olaraq bəhs etmiş və dilin ictimai
funksiyasını, nitqin fərdi xüsusiyyətlərinin
spesifikasını müəyyənləşdirmişdir.
Görkəmli alim düzgün nitqdən
danışarkən onun fonetik, orfoepik, leksik, onomastik, semantik,
frazeoloji, dervitoloji, morfoloji, sintaktik və üslub
normalarının hər birinin fərdi xüsusiyyətlərini
təhlil etmişdir.
AMEA-nın müxbir üzvü Afad Qurbanovun elmi
yaradıcılığında müasir dilçilik problemləri
ilə yanaşı, Azərbaycan dilinin tarixi ilə
bağlı yazılar da xüsusi maraq doğurur. Dilimizin ulu
türk - ilk türk dili bünövrəsi Azərbaycan ədəbi
dilinin formalaşması və inkişafı, sabitləşmə
dövrü, ədəbi dil tarixi, konkret dil faktları əsasında
araşdırılmışdır. A.Qurbanovun
altayşünas, türkoloq kimi fəaliyyəti sovet
dövründə əhatəliyi ilə diqqəti cəlb
edir. O, 1984-1989-cu illərdə SSRİ
Akademiyasının Sovet Türkoloqları Komitəsinin
üzvü, Türk Onomastika Bölməsi bürosunun
üzvü, Tədris Metodiki Bölməsinin rəhbəri,
sonradan həmin komitənin sədr müavini vəzifələrində
çalışmışdır. Həmin dövrdə məşhur
akademiklər: A.Kononov, E.Tenişev, A.Şerbak və digərlərinin
sırasında A.Qurbanov da türk dünyasında
tanınmış türkoloq kimi qəbul olunurdu. Türkoloji dilçiliyin inkişafındakı xidmətlərinə
görə A.Qurbanov Türk Dil Qurumunun fəxri
üzvlüyünə ilk azərbaycanlı kimi qəbul
edilmişdir. Eyni zamanda o, Azərbaycan Milli
Elmlər Akademiyasının tədbirlərində fəal
iştirak edirdi. Afad müəllim AMEA-nın Terminologiya
Komitəsinin, Dövlət dili haqqında qanun layihəsinin
hazırlanması ilə bağlı Komissiyanın, Adlar və
Soyadlar üzrə Xüsusi Komissiyanın, İctimai elmlər
üzrə Əlaqələndirmə Şurasının, Nəsimi
adına Dilçilik İnstitutunun Elmi və Müdafiə
şuralarının üzvü olmuşdur.
Görkəmli
alim Beynəlxalq Pedaqoji Elmlər, Rusiya Pedaqoji və Sosial Elmlər,
Nyu York akademiyalarının akademiki, Türk Dil Qurumunun fəxri
üzvü, Türk Dili Məclisinin həqiqi üzvü,
Belçika Onomastika Cəmiyyətinin, Finlandiyanın Fin-Uqor Cəmiyyətinin
həqiqi və fəxri üzvü olmuşdur.
Görkəmli
azərbaycanşünas alim, dünya şöhrətli
türkoloq Afad Qurbanov Azərbaycan dilçiliyi sahəsində
səmərəli və dəyərli
araşdırmalarını ömrünün sonuna qədər
(2009) davam etdirmiş, beynəlxalq elmi məclislərdə,
konfrans və simpoziumlarda yaxından iştirak etmişdir. O,
dünyanın bir çox ölkələrində
keçirilmiş dil qurultaylarında, konfrans, simpozium və
konqreslərdə iştirak etmiş, həmişə
doğma vətənimizi təmsil etmişdir. Xüsusilə
Amerika, Türkiyə, Rusiya, İran və başqa xarici
ölkələrdə elmi səfərlərdə olmuş,
Türkiyənin Ankara, İstanbul, İzmir, Adana, Qeysəriyyə,
Konya, Trabzon və başqa şəhərlərində
uluslararası toplantılarda türkoloji dilçiliyin aktual
problemlərinə dair dərin məzmunlu məruzələr
etmişdir. Alim 1992-ci ildə Azərbaycan
dövlət nümayəndə heyətinin üzvü kimi
Yunanıstanda olmuş və Afinada keçirilən Beynəlxalq
konqresdə elmi məruzə ilə çıxış
etmişdir.
AMEA-nın müxbir üzvü Afad Qurbanov
çoxşaxəli və ardıcıl elmi-təşkilati fəaliyyətində
yüksək ixtisaslı gənc kadrların
hazırlanmasını daim diqqət mərkəzində
saxlayırdı. Alimin səmərəli elmi-pedaqoji fəaliyyəti
sayəsində püxtələşən elmi pedaqoji kadrlar
hazırda nəinki Azərbaycanın, eləcə də
Türkiyənin, Almaniyanın, Gürcüstanın, Türkmənistanın,
Qazaxıstanın təhsil və elm ocaqlarında uğurla
çalışırlar. A.Qurbanov 50-dən
çox elmlər namizədi və doktorunun elmi rəhbəri
olmuşdur. Azərbaycanda dilçilik elminin
inkişafında və yüksəkixtisaslı elmi
kadrların hazırlanmasında xidmətlərinə görə
A.Qurbanov dəfələrlə dövlət
başçısının, respublika Ali Sovetinin, Azərbaycan
Elmlər Akademiyası və Təhsil Nazirliyinin fəxri fərmanlarına,
1981-ci ildə isə Azərbaycan SSR-in əməkdar elm xadimi
fəxri adına layiq görülmüşdür.
Görkəmli şəxsiyyətlər, böyük
alim və mütəfəkkirlər elə insanlardır ki,
onlar aparıcı qüvvə kimi daim cəmiyyətin, ictimai
həyatın problemləri ilə yaşayır,
xalqının, vətəninin rifahını əsas
götürərək bu problemlərin həllində
yaxından iştirak etməyə çalışırlar. Əsl vətəndaş,
alim xalqın arzu və istəklərinin həyata keçməsində
heç vaxt əməyini əsirgəmir, var qüvvəsi ilə
işin həllinə xidmət göstərir. Bu cəhətlər məhz dilçilik elmimizin
görkəmli siması Afad Qurbanovun başlıca keyfiyyətlərindən
idi. Onun mənalı həyat yolu əsl
ziyalılıq təcəssümüdür, öz biliyi,
elmiliyi, alicənablığı, təmənnasız
qayğısı, vətəninə xidmət göstərməsi
ilə yaddaşlara həkk olmuşdur. Adı Azərbaycan
dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən,
türk və Avropa dilçiləri tərəfindən
orijinal konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul
edilən, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, əməkdar elm xadimi, Dövlət
mükafatı laureatı, filologiya elmləri doktoru, professor
Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan təhsilinə,
elminə həsr etmiş, ana dilimizin inkişafına,
ümumiyyətlə dilçiliyə, əlifbamızın təkmilləşdirilməsinə
dair sanballı, mükəmməl əsərlərlə
töhfələr vermiş, alimliklə insanlığın vəhdətini
özündə birləşdirən görkəmli
türkoloq alimlərimizdən biri olmuşdur. Dilçilik
elmimizin bu parlaq simasının işıqlı xatirəsi onu
tanıyanların, həmkarları və yetirmələrinin qəlbində
əbədi yaşayacaqdır.
Möhsün NAĞISOYLU,
AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun direktoru, akademik
Azərbaycan.-
2019.- 10 yanvar.- S. 5.