18 ildə 138 milyard dollarlıq qazanc
"Əsrin
müqaviləsi” və "Şahdəniz” Azərbaycana böyük dividendlər qazandırır
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” layihələri üzrə gəlirləri açıqlayıb. Fonddan verilən məlumata görə, 2001-ci ildən 2019-cu ilin 1 yanvar tarixinədək "Azəri-Çıraq-Günəşli” yatağı ("Əsrin müqaviləsi”) üzrə əldə olunan ümumi gəlirlər 138 milyard 206 milyon dollar olub.
Təkcə 2018-ci ildə Azərbaycan "Əsrin müqaviləsi”ndən 9 milyard 720 milyon dollar gəlir əldə edib.
2017-ci ilin sentyabrında imzalanmış "Yeni əsrin müqaviləsi”nə əsasən, "Azəri- Çıraq-Günəşli”nin işlənməsi müddəti əsrin ortasınadək artırılıb. 2050-ci ilədək adıçəkilən yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Dövlət Neft Fonduna beynəlxalq tərəfdaşlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Ötən il yeni sazişə uyğun olaraq 450 milyon dollar həcmində ilk bonus ödənişi həyata keçirilib.
2018-ci ildə "Şahdəniz” yatağı üzrə kondensatın satışından 245 milyon dollar gəlir əldə edilib. Əlavə edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” bugünədək BP-nin dünyada kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kilometr ərazini əhatə edir. Bütün "Şahdəniz” yatağında hesablanmış ilkin geoloji qaz ehtiyatı təxminən 1 trilyon kubmetrdən artıq və kondensat ehtiyatı isə 2 milyard barel təşkil edir.
Bu günlərdə "Şahdəniz” yatağından ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb. Bu tarixi göstərici yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığı və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyü vaxtdan tam 12 il sonra əldə edilib.
Ötən il isə "Şahdəniz” layihəsi üçün növbəti əlamətdar hadisə ilə yadda qaldı. Planlaşdırıldığı kimi, iyunun 30-da "Şahdəniz 2” çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlandı və iyulun sonunda "Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildi.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 11 yanvar.- S. 1.