“Azadlıq adası”nın elçisi

 

Hərbçi, jurnalist və nəhayət səfir kimi çalışan Alfredo Fidel Nieves Portuondo

qarşısına qoyduğu bütün hədəflərə nail olub

 

"Mən inqilabın meyvəsiyəm. Məhz Kuba inqilabının qalib gəldiyi ərəfədə

dünyaya gəlmişəm və elə anam da Fidel Kastroya minnətdarlığını

ifadə etmək üçün mənə Fidel adını qoyub..."

 

Alfredo Fidel Nieves Portuondo "Azadlıq adası” adlandırılan Kubanın Azərbaycandakı səlahiyyətli səfiridir. Qızğın, odlu-alovlu danışığı da elə təmsil etdiyi xalqın xarakterinə uyğundur.

1960-cı il martın 15-də Kubada anadan olub. Dediyinə görə, Kuba ada ölkə olduğundan oranın sakinləri özlərini dənizçi hesab edirlər və buna görə başqa bir ölkədə yaşamaq onlara çətin gəlmir, əksinə, ora tez uyğunlaşırlar. Amma diplomat kimi xarici ölkələrdə Kubanı təmsil etmək onun üçün müqəddəs bir işdir.

Artıq 2 ildən çoxdur ki, Azərbaycanda yaşayan Alfredo Nieves həm hərbçi, həm diplomat, həm də çox maraqlı və səmimi həmsöhbətdir. Səfir bizimlə bəzi elçilər kimi diplomatik "davranış qaydası” ilə deyil, tam səmimi həmsöhbət oldu və həm şəxsi həyatı, həm də karyerası ilə bağlı maraqlı fikirlər səsləndirdi.

 

Anam bizə azad seçim ixtiyarı vermişdi

 

- Uşaqlığım çox yaxşı keçib. İnqilabın bizə bəxş etdiyi sakitlikdə böyümüşəm. Amma ailəmiz geniş olduğundan evimiz həmişə səs-küylü olub. 10 qardaş-bacı və üstəlik bizim dostlarımız... Evimizin halını təsəvvür edin. Evdə səs əlindən oturmaq mümkün deyildi. Anam hər birimizi çox sərbəst böyüdüb. O hər işimizlə bağlı seçimi özümüzün öhdəsinə buraxmışdı.

Artıq təhsil almaq zamanım yetişəndə hərbi akademiyada oxumaq qərarına gəldim. Uşaqlığım da, gəncliyim də bu hərbi məktəbdə təhsil almaqla keçdi. Çox maraqlı dövr idi. Həmin hərbi məktəb internat tipli olduğuna görə bütün günü orda qalırdıq. Hərbi sahədə hazırlığımı orda qazanmışam. Çox zəhmətkeş şagird olduğumu xatırlayıram. Məktəbdə təhsil aldığım zaman idmanla da məşğul idim. Yüngül atletika-qaçış ilə çox maraqlanırdım. Məktəbimizi də atletika üzrə bir çox müsabiqələrdə təmsil edib, mükafat qazanmışdım.

Hərbçi peşəsini seçdim

 

- Sosial həyatım çox aktiv idi. Çoxlu dostlarım vardı. Hər biri ilə də yaxşı münasibət qurmağı bacarırdım. Ali təhsilimi isə Ukraynada almaq imkanı qazandım. Cəmi 17 yaşım var idi və Ukraynada hərbi akademiyaya qəbul oldum. Yeganə akademiya idi ki, orda hərbi təhsillə yanaşı jurnalistika da öyrədilirdi. 1978-ci ildən 1983-cü ilə qədər akademiyada oxudum. Çox sevilən bir ölkənin nümayəndəsi idim. Bizə orda çox geniş, unikal hazırlıq keçirilirdi. Təkcə jurnalistika, hərbi deyil, eləcə də mədəniyyət, tarix, fəlsəfə kimi fənlər də tədris olunurdu. Oradakı təhsilim sayəsində intellektual baxımdan yaxşı inkişaf etdim. Yeni tanışlıqlar qurduq. Həyatımın ən önəmli dövrü idi. Ukraynada başqa təam, başqa mədəniyyət, bir sözlə, başqa dünya ilə tanış oldum.

 

Jurnalistikanı bütün peşələrin anası hesab edirəm

 

- Tələbə ikən riyaziyyat, fizika üzrə nəticələrim yaxşı olsa da, dünya tarixi, coğrafiyası ilə çox maraqlanırdım. Hər zaman hər şeyi bilmək, öyrənmək istəyim olub. Amma bu istəyə çatmaq üçün jurnalistika peşəsini seçməlisən. Düşünürəm ki, jurnalist hər şeyi bilməli, tanımalı və məlumatlı olmalıdır. Bu peşənin sahibi öz üzərində hər zaman işləməli, tədqiqat aparmalı, araşdırmalı, bir an belə dayanmamalıdır.

Ukraynada oxuyanda Sovetlər birliyinə xas hər şeylə tanış oldum, öyrəndim. Hər bir xalqın özünəxas tarixi, mədəniyyət və dini haqqında məlumat əldə etmək mənim üçün çox maraqlı idi. Mən jurnalistikanı bütün peşələrin anası hesab edirəm. Məzun olduqdan sonra jurnalistika ilə məşğul oldum. Qəzet, jurnal və radioda jurnalist işləmişəm. Foto-reportyor təhsilim də var. Mətbuatla əlaqəm çox sıxdır. Qızım da indi mənim ixtisasımı davam etdirir, jurnalistdir. Oğlum isə musiqiçidir.

 

Hərbdən diplomatik fəaliyyətə keçid

 

- Kuba kiçik dövlət olmasına baxmayaraq, çox güclüdür. Bizim güclü ordumuz var. Xalqımız öz kökünə bağlıdır. SSR dağıldığı ərəfədə Kubada hər şey dəyişdi, çaxnaşmalar oldu. O vaxt iqtisadiyyatda kiçik ixtisarlar etmək lazım idi. Bir çox zabitlər, hərbçilər mülki həyata keçdilər.

Mən də Kuba Xarici İşlər Nazirliyində mətbuat xidmətində işə başladım. Xarici İşlər Nazirliyində də səfir olana qədər bir neçə mərhələ atlamalısan. Lap aşağıdan başlamaq lazımdır. Müdafiə sahəsində mayor olduqdan sonra mülki sahədə sıfırdan başlayaraq səfir pilləsinə qədər qalxmalı idim. Bəxtim gətirdi ki, diplomatika sahəsində fəaliyyətə başladığım dövrdə əvvəlcə ikinci, sonra birinci katib oldum və mədəniyyət, idman sahələri ilə məşğul oldum. Bu da jurnalistika peşəmə yaxın olduğundan mənim üçün çox maraqlı idi. Bir müddət də Rusiyadakı səfirimizin müşaviri işlədim. Fəaliyyətdə çox zəngin təcrübə topladım. Sonra yenidən Kubaya qayıtdım və nazirlikdə mətbuat xidmətində işimə davam etdim. Nazirliyin sosial şəbəkələrdəki səhifələrini, veb saytlarını mən idarə edirdim. Nəticədə həm informatika sahəsində biliklərim canlandı, həm də məlumatlılığım artdı.

 

Dörd ölkənin səfiri olmaq çox məsuliyyətli və ağır işdir

 

- Və səfir olmaq zamanı yetişdi. 2009-cu ildə artıq 49 yaşım var idi. Belarusa səfir təyin olundum. Minskdə dörd il işlədim. Dəyərli təcrübə qazandım, mükəmməl diplomatik nəticələr əldə etdim. Bir səfirin qarşısına qoyduğu bütün nailiyyətləri qazandım.

Belarus xalqının Kuba xalqı ilə olan həmrəyliyi, dostluğu möhkəmləndi. Belarus cəmiyyətində sevilən bir insan idim. İndi də Belarus Jurnalistlər Birliyinin üzvü olmaqdan böyük şərəf hissi duyuram. Bu, mənim üçün böyük stimuldur. Mənim dövrümdə orada Kuba milli azadlıq hərəkatının qəhrəmanı Xose Martinin adına məktəb açıldı. Belarusa təşəkkür etmək üçün bir çox əsasım var. İlk dəfə səfir olaraq məhz Belarusda işləməyim çox gözəl hiss idi.

Bu ölkədə missiyamı tamamladıqdan sonra Kubaya, Xarici İşlər Nazirliyinə qayıtdım. Azərbaycana isə 2016-cı ildə səfir təyin olunmuşam. Həmin ilin dekabr ayında Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə etimadnaməmi təqdim etdim. Artıq iki ildir ki, burdayam. İndi dörd ölkənin səfiriyəm: Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan. Dörd ölkənin səfiri olmağın məsuliyyəti çox ağırdır. Çünki sən bütün ölkələrin hər birinə eyni dərəcədə diqqət göstərməlisən. Məsələ orasındadır ki, ölkəm məndən hər biri ilə yüksək səviyyədə əlaqə saxlamağı, hər biri ilə eyni əməkdaşlıq qurmağı tələb edir. Dörd ölkə və onun regionlarında baş verən bütün hadisələrdən məlumatım olmalıdır.

 

Latın Amerikası ölkələrindən Kuba ilk dövlətdir ki, Azərbaycanda səfirlik açıb

 

- İnsan çox şey qazanır, geniş məlumat əldə edir. Ölkələr arasında oxşar və fərqli cəhətləri görə bilirsən. Məsələn, Azərbaycan və Gürcüstanı kiçik bir sərhəd ayırır, amma bir-birindən fərqlidir. Mətbəxi, dili ayrıdır. Eyni ərazidə yerləşməsi, amma fərqli xüsusiyyətlərə malik olması çox maraqlıdır. Səfiri olduğum üç dövlət müsəlman dövlətidir. Dördüncüsü isə ortodoks dininin daha geniş yayıldığı bir dövlətdir. Hər birində Kuba tanınan və çox sevilən bir dövlətdir. Ölkənin tarixinə hörmət olunur. Bu da mənə səfir olaraq rahat fəaliyyət göstərməmə imkan yaradır. Əsas ofisim Azərbaycandadır. Burdan bütün işlərimi idarə edirəm. Onu da qeyd edim ki, Latın Amerikası ölkələri arasında Kuba ilk ölkədir ki, Azərbaycanda səfirliyini açdı. Bakıda Kuba səfirliyi 2007-ci ildən fəaliyyət göstərir. İndi isə Azərbaycanda 8 Latın Amerikası ölkəsinin nümayəndəlikləri var.

 

Azərbaycan xalqının enerjisi məni heyran etdi

 

- Azərbaycan haqqında həmişə məlumatlı olmuşam. Kursant olduğum zamanda azərbaycanlı tələbə yoldaşlarım var idi. Bakıda Neft Akademiyasında, Dənizçilik Akademiyasında, Dövlət Universitetində kubalı dostlarım təhsil alıb. Onlar da Azərbaycanla bağlı xatirələrini həmişə danışardılar. Ölkələrimiz arasındakı sıx əlaqə həmişə mövcud olub.

Sovet Birliyinin görkəmli ifaçısı olan azərbaycanlı Müslüm Maqomayevin ifasında "Kuba, səni sevirəm” mahnısını hər dəfə dinləmək bizə şərəf verir. Bura gələndə isə ilk heyran olduğum dəniz və dənizkənarı bulvar oldu. Kubada da hər yerin dəniz mənzərəsi var. İkinci isə, azərbaycanlıların yüksək enerjisi diqqətimi çəkdi. Çox canlıdırlar və jestlərlə danışırlar. Bu baxımdan kubalılara çox bənzəyirlər. Azərbaycanın təbiətinə də çox heyranam. Bu gözəlliyi Bakıdan kənarda da görə bilərsiniz. Bakı gözəl paytaxtdır, Azərbaycan isə tək Bakı ilə bitmir. Çox gözəl bölgələri var.

 

Azərbaycan həmişə Kubaya diqqətini, sevgisini göstərir

 

- Bura gələndə təbii ki, müəyyən çətinliklər oldu. Məsələn, ailə üzvlərindən ayrı qalmaq, övladlarını az görmək çətindir. Çünki ailəyə həmişə ehtiyac duyursan. Ancaq bunu da aşdıq. Azərbaycan kimi bir yerdə olmamışdıq və buranı kəşf etdik.

Özümüzü burda tək hiss etmədik. Çünki bütün dillərdə ünsiyyət yarada bilirik. Bəzən hansısa jest, baxış dildən daha qüvvətli ola bilər. Biz də jestlərlə özümüzü ifadə etməyi bacarırıq. Bu da çox vaxt bizə bütün qapıları açmağa kömək edir. Azərbaycan həmişə Kubaya diqqətini, sevgisini göstərir. Burda Kubanı və kubalıları çox sevirlər. Burda azərbaycanlı və kubalı vətəndaşlar arasında evlənənlər də var. Qəriblikdə olduğumuzu düşünmürük.

Artıq Azərbaycanın adətlərinə uyğunlaşırıq. Kubalıların belə bir xarakteri var ki, hansı ölkədə olsa da, oranın adətlərinə uyğunlaşmaqda çətinlik çəkmirlər. Bu da Kubanın coğrafi məkanından irəli gələn bir şeydir. Kuba bir adadır və gəmiyə oxşayır. Gəminin sakinləri olan dənizçilər elə bir insanlardır ki, dünyada istənilən şəraitə uyğunlaşmağı həmişə bacarırlar. Həmişə dənizdə olduğun üçün gəmidən kənarda sənə hər şey qəribə gəlir, amma sən ona uyğunlaşmağa hazır olursan. Adada yaşamaq sənə fərqli bir hiss bağışlayır. Adada anadan olmaq bizim uğurumuzdur.

 

Kuba qeyri-adi çimərliyi olan şən, ekzotik, rəngli ölkədir

 

- Hər kəsi ömründə bir dəfə də olsun Kubaya səyahət etməyə çağırıram. Getsələr, heç nə itirməyəcəklər, əksinə həyat tarixçələrinə maraqlı günlər əlavə edəcəklər. Çünki Kuba ekzotik, tropik Karib ölkəsidir. Qeyri-adi çimərliyi var. Dənizin suyunun tərkibi fərqlidir.

Azərbaycanda olduğu kimi, sakit və təhlükəsiz ölkədir. Sağlamlıq baxımından heç bir risk yoxdur. Epidemiya mövcud deyil. Maraqlı mədəniyyəti var. Tarixinə görə tanınır, əfsanəsini dinləyən hər kəs heyran qalır. Elə bir ölkədir ki, orda hər kəs qonaqpərvərliyi hiss edəcək. Ən əsası çox şən bir dövlətdir. Kubaya ayaq basdığınız ilk andan o şənliyi hiss etmək mümkündür. İlk addımdan hər tərəfi bürüyən gözəl meyvə ətrini, musiqini, canlılığı hiss edəcəksiniz. İnsanlar orda fərqli tərzdə hərəkət edirlər. Rəngli ölkədir. Bütün bunlar sizi heyran edəcək. Və həqiqətən də sən artıq başqa bir yerdə olduğunu hiss edəcəksən. Kubada bir çox musiqi janrları yaranıb: Çaça, rumba, mambo, bolera, danson, hətta salsa da. Kuba, həmçinin tütünün anası kimi tanınır. Likörün, romun vətənidir. Kubanın şəkər sənayesi həmişə dünyada nümunə olub. Bütün idman növləri üzrə Kuba idmançıları dünya olimpiadalarında yaxşı nəticələr göstəriblər. Kuba öz olimpiya çempionlarının sayına görə Amerikadan sonra məşhur olan ikinci dövlətdir. Latın Amerikasında birinci olimpiya çempionu məhz kubalı olub. Mədəniyyət sahəsində Kubada balet, rəqs üzrə məşhur simalar var. Kuba cazmenləri də dünyada çox tanınır.

 

Kubanın yeni Konstitusiyası bir çox dəyişikliklər vəd edir

 

- Kuba inqilabı öz adı ilə hər yerdə məşhurdur. Bura səfir olaraq gələndə inqilabın qalibi Fidel Kastro dünyasını dəyişmişdi. Həmin vaxt çox adam başsağlığı üçün səfirliyə gəldi. Hər kəs burda açdığımız başsağlığı kitabına Fidel Kastroya, Kubanın tarixinə sevgi və heyranlıqlarını qeyd etmişdi. Kubanın önəmli tarixlərini həmişə burda qeyd etmişik. Bu il Kuba inqilabı qalibiyyətinin 60 illiyini qeyd edəcəyik. Çalışırıq ki, xalqlarımız bir-birini yaxından tanısın. Buna görə də çoxlu mədəni tədbirlər həyata keçiririk. Kubada yeni konstitusiya 24 fevralda təsdiq ediləcək və həmin sənəd özündə bir çox yenilikləri əks etdirir. İqtisadi-ticari sahədə ölkənin zənginləşməsi üçün bir çox maddələr daxil edilib. Sənədə xarici sərmayələrlə bağlı maddələr də daxil edilib. Elə maddələr də var ki, hökumət strukturunu əks etdirir və müəyyən dəyişikliklər gözlənilir. Konstitusiyaya, həmçinin sosial həyata, səhiyyə, təhsil kimi sahələrə şamil edilən maddələr də daxil edilib. Kubada təhsil ilkin dövrdən son dövrə qədər tamamilə pulsuzdur. Ölkəmizdə ödənişli təhsil yoxdur. Həmçinin səhiyyə də elə. Heç bir tibbi mərkəzdə ödənişli xidmət yoxdur. Bütün bunlar yeni konstitusiyada da öz əksini tapacaq.

Kuba ötən illər ərzində əczaçılıq, tibb sahəsində böyük nailiyyətlər əldə edib. İndi Kubada Afrikadan, Latın Amerikasının digər ölkələrindən olan tələbələr tibbi təhsil alır. Sovetlər birliyi dağıldıqdan sonra təhsil sahəsində müəyyən dəyişikliklər etdik və xaricdə təhsil alan tələbələrimiz geri qayıdıb Kubada təhsillərinə davam etdilər. Son dövrlərdə isə xaricdə təhsil alan Kuba vətəndaşlarının sayı artmaqdadır. Rusiyada daha çoxdur. Azərbaycanda indi kubalı tələbələrin sayı azalsa da, zamanla bu rəqəmin artacağına ümid edirəm.

 

Ən çox sevdiyim Azərbaycanın qaralı aşıdır

 

- Mən bura gələndə ilk baş çəkdiyim yer Musiqi Akademiyası oldu. Burda olduğum müddətdə çalışmışam ki, bütün teatrlara gedim. Bu sahə mənim üçün çox maraqlıdır. Demək olar ki, bütün muzeylərə getmişəm. Xalq musiqinizi xoşlayıram. Hər hansı bir kafe, restorana gedəndə bu musiqi sədalarını eşitmək mümkündür və Azərbaycan incəsənətinin fərqli nümunələri ilə rastlaşmaq olur.

Hiss etmişəm ki, azərbaycanlıların Latın Amerikası mahnılarına, Kuba rəqslərinə xüsusi simpatiyası var. Əhvali-ruhiyyə kodeksində bizim oxşar cəhətlərimiz var. Ölkənizin mətbəxinə gəldikdə isə təamlar xalqın tarixi və mədəniyyətini əks etdirir. Azərbaycan plovu çox məşhurdur. Ən sevdiyim isə qaralı aşdır.

Prezident İlham Əliyev tərəfindən təşkil edilən ziyafətlərdə bizə həmin aşdan təqdim edilir. Sizin insanlar qoyun ətini çox yeyir. Heç yerdə bu qədər qoyun əti yeməmişdim. Əsasən antrikot kababını sevirəm. Manqalda tərəvəzlərlə birgə kabab ediləndə ətri çox qəşəng və dadlı olur. Zənnimcə, Azərbaycanın qeyri-adi, dəyərli adətləri var. Azərbaycanda yerli və xarici vətəndaşların rahat yaşaması üçün hər cür şərait yaradılır. Qonaqpərvər ölkədir. Hətta istər kubalı qadın, istərsə də kubalı kişi bura gələrək ailə qura da bilər.

 

Kuba xalqı Azərbaycana minnətdardır

 

- Bura gəlişimdən bir həftə sonra Prezident İlham Əliyev tərəfindən qəbul olundum. Çox səmimi qarşılanma oldu. Və o günü burda olduğum dövrün ən gözəl anı kimi qeyd edə bilərəm. Qısa bir müddətdə dövlət başçısı tərəfindən qəbul edilməyim çox gözəl hiss və ölkəmə verilən dəyər idi.

Prezidentlə Azərbaycanda biotexnologiya sahəsində Kubanın təcrübələrindən yararlanmaqla, əməkdaşlığı genişləndirməklə bağlı danışdıq. Burda keçirilən turizm sərgisində isə dövlət başçısı Kubanın stendinin qarşısından keçərək qeyd etdi ki, Kuba turizm sahəsində ilk yerlərdən birini tutur.

Kubanın təmsilçisi olaraq istər prezident, istərsə də hökumət tərəfindən təşkil edilən bütün tədbirlərdə iştirak edirik. Bütün hökumət strukturları ilə çox sıx əlaqəmiz var. Səfirlik olaraq əsas missiyamız indi elə də yaxşı səviyyədə olmayan iqtisadi-ticari əlaqələrimizi yüksəltməkdir. Bu əməkdaşlığı genişləndirməyin yollarını araşdırırıq.

Hesab edirəm ki, turizm sahəsində reklam genişləndirilməlidir. 2019-cu ilin may ayında Kubada keçiriləcək turizm yarmarkasında Azərbaycanın da iştirak etməsini gözləyirik. Azərbaycandan Kubaya gedənlərin sayı istərdik ki, daha da artsın. Kubaya gedən turistlərin sayına görə Azərbaycan Gürcüstandan sonra ikinci yerdə gəlir.

Son olaraq, Azərbaycan xalqına, ölkənin lideri İlham Əliyevə beynəlxalq arenada Kubaya göstərdiyi həmrəyliyə görə minnətdarlığımı bildirirəm. Azərbaycan həmişə Kubanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib. Bizi istədiyimiz kimi inkişaf etməyə icazə verməyən iqtisadi blokadada Azərbaycan həmişə yanımızda olub. Bütün Kuba xalqı bu xoş niyyətə, mərama görə Azərbaycana minnətdardır.

O hər zaman yenilik axtarışında olub. İşinin çoxluğuna, məsuliyyətinin ağırlığına baxmayaraq, yenə də xarakterindən gələn yenilikçi ruhundan bir an da olsa vaz keçmir. Dörd ölkədə Kubanı layiqli təmsil etməyə çalışan Alfredo Fidel Nieves Portuondo bunu illər öncə bacardığı kimi indi də qarşısına qoyduğu hədəfə çatacağına əmindir...

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2019.- 11 yanvar.- S. 5.