Avtomobil, balıq yemi
və mebeli nə birləşdirir
Yola saldığımız 2018-ci ildə ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində çox mühüm layihələr icra olunub və bu proses daha davamlı xarakter alıb. Xüsusilə sənayenin inkişafına böyük diqqət göstərilib. Bu da təsadüfi deyil. Çünki sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Nəticədə daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi genişlənib.
Bu məqsədlə yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və sənaye məhəllələri yaradılıb. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye məhəllələrinin müstəsna əhəmiyyəti var.
Qeyri-neft sektorunun inkişafı ölkənin ümumi iqtisadi inkişafın qarantıdır. Belə ki, dünya bazarında neftin qiyməti kəskin şəkildə oynayır. Bu cür vəziyyət ölkənin maliyyə təminatına, həmçinin ümumi inkişafa mənfi təsir göstərir, maliyyə və iqtisadi balans pozulur. Sözsüz ki, belə hal ölkənin sabit inkişafına da müsbət təsir göstərmir.
Ölkəmizdə müxtəlif sənaye məhsullarını istehsal etmək üçün çoxlu xammal növü var. Daxildə sənaye istehsalı olmadığı üçün bu xammal istifadəsiz qalır. Halbuki həmin xammaldan məhsul istehsal etmək iqtisadi cəhətdən səmərəlidir. Belə ki, yerli xammal hesabına istehsal edilən məhsulun maya dəyəri aşağı düşür və əhalinin bu növ məhsullardan istifadəsi asanlaşır. Bununla yanaşı, həmin növ məhsulu daha ucuz qiymətə xarici bazara satmaqla ölkəyə valyuta gətirmək də mümkündür.
Qeyri-neft sənayesinin inkişafı üçün ölkəmizdə müxtəlif təyinatlı müəssisələr yaradılır. Artıq onların bir çoxu fəaliyyət göstərərək daxili tələbatı ödəməklə yanaşı, xarici bazara da çıxır. Bu cür qeyri-neft sənayesinin flaqmanı texnoparklardır. Texnoparklar iri istehsal sahələridir, əsasən bir sahə üzrə ixtisaslaşır. Məsələn, Sumqayıt Kimya Sənaye Texnoparkı kimi.
İkinci yol sənaye məhəllələrinin yaradılmasıdır. Bu növ istehsal sahələri həcmcə kiçik olsa da, istehsal etdiyi məhsul növünə görə çoxşaxəlidir. Sənaye məhəllələrinin bir üstünlüyü də odur ki, ölkənin bütün şəhər və rayonlarında belə müəssisələr yaratmaq mümkündür və yaradılır da. Çünki bir çox müəssisələrin xammalı həmin bölgələrdə yerləşir. Kiçik sahələri əhatə etdiyi üçün onun quraşdırılmasının xərci də azdır. Kiçik və orta sahibkarlar belə müəssisələrə sərmayə qoymaq imkanına malik olduqları üçün də sərfəlidir. Bu istiqamətdə həyata keçirilən siyasətin əsas məqsədi hər bir rayonda sənaye məhəllələrinin yaradılmasıdır.
Neftçala Sənaye Məhəlləsi bu sahədə birincidir. Burada hətta "Xəzər” adlı avtomobillər istehsal olunur. Arıq həmin avtomobillər satışa buraxılıb. Gələcəkdə müəssisədə ildə 10 min avtomobilin istehsalı nəzərdə tutulub.
Bundan başqa, burada "Kəhf” MMC fəaliyyət göstərir. Müəssisənin illik istehsal gücü 25 ton balıq yemi istehsal etməkdir. Gələcəkdə müəssisədə mal-qara, eləcə də digər yemlərin istehsalı nəzərdə tutulur. Müəssisənin yaradılması üçün 12 milyon manat investisiya qoyulub. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu da müəssisəyə 5,9 milyon manat güzəştli kredit verib.
Neftçala Sənaye Məhəlləsində
daha bir müəssisə
fəaliyyət göstərir. İllik istehsal gücü 2 milyon tara olan "Metak” MMC-yə 1,35 milyon manat investisiya
yatırılıb. Həmin müəssisəyə
də Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən
600 min manat güzəştli
kredit verilib.
"Gilan PİVOT” MMC-nin investisiya dəyəri isə 1 milyon manatdır. İllik istehsal
gücü 60-80 suvarma
sistemləri olan müəssisədə 15 nəfər
işlə təmin edilib. Bundan başqa, Neftçala Sənaye Məhəlləsində
"Toğrul-2008”, "Providence Limited”, "Azproduct”,
"Petroqeoaz” MMC-ləri
fəaliyyət göstərir.
Hacıqabul Sənaye Məhəlləsi
də istifadəyə
verilmək ərəfəsindədir. Tikinti işlərinə
200 nəfər cəlb
edilib. Sabirabad Sənaye Məhəlləsi
isə 20 hektar ərazidə yaradılır.
Artıq
burada tikinti işlərinə başlanılıb.
İnşaat işləri ilə
200 nəfər məşğul
olur.
Masallı Sənaye Məhəlləsi
Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı sərəncamla
yaradılıb. Ümumi sahəsi
10 hektar olan məhəllədə tikinti
işlərinə 2017-ci ilin
iyulunda başlanmışdı.
Sənaye Məhəlləsində
dövlət vəsaiti
hesabına lazımi infrastruktur, o cümlədən
2,5 MVt gücündə
elektrik enerjisi təchizatı, gücü
saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya
sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb, yüksək
standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli
inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə burada mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək,
taxta emalı və məmulatları istehsal olunur. Ümumiyyətlə, bu sənaye
məhəlləsində çalışmaq
üçün sahibkarlıq
subyektləri tərəfindən
5 milyon 230 min manat dəyərində 10 layihə
təqdim edilib. Artıq reallaşdırılan
bu layihələr çərçivəsində 200 yeni iş yeri
yaradılıb.
Rüstəm KAMAL
Azərbaycan.- 2019.- 11 yanvar.- S. 6.