Qeyri-neft məhsullarının ixracı
11 faiz artmışdır
Ölkəmizdə qeyri-neft sektorunun inkişafını göstərən sahələrdən biri də xarici ticarətdə qeyri-neft məhsullarının ixracının artım dinamikasıdır. Artıq inamla demək olar ki, Azərbaycan dünyadakı ticarət tərəfdaşları arasında təkcə neft yox, həm də qeyri-neft məhsulları ixracatçısı kimi tanınır. Bunu ölkənin xarici ticarətinə aid açıqlanmış son məlumat da təsdiqləyir.
Dövlət Statistika Komitəsinin açıqladığı həmin məlumatda bildirilir ki, Azərbaycan ötən ilin 10 ayı ərzində 178 ölkə ilə ticarət əməliyyatları həyata keçirmişdir. Bu dövrdə 104 ölkəyə məhsul ixrac, 171 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla sözügedən dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 26,5 milyard dollar, o cümlədən ixracın dəyəri 17,2 milyard, idxalın dəyəri 9,2 milyard dollar təşkil etmişdir. Bu isə 8,09 milyard dollarlıqdan çox müsbət ticarət saldosu deməkdir.
2017-ci ilin eyni dövrü ilə müqayisədə ölkəmizin xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,4, o cümlədən ixrac 38,3, idxal 33, real ifadədə isə dövriyyə 1,3, o cümlədən ixrac 1, idxal 1,9 faiz artmışdır.
Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər sayəsində göstərilən dövr ərzində ölkəmizə ərzaq məhsullarından buğda idxalı 0,4, bitki yağları - 0,7, xam şəkər və şəkər - 40, kərə yağı, digər süd yağları və pastaları - 19,6, kartof - 17, mal əti - 10,2, təzə tərəvəz - 45,1, eləcə də sənaye mallarından polad prakatı - 10,3, rezin şinlər - 6, qara metallardan hazırlanmış künclüklər - 2,9 faiz azalmışdır.
İxracın strukturunda isə xam neft, təbii qaz, neft məhsulları ilə yanaşı, meyvə-tərəvəz, plastik kütlə, alüminium, qara metallar və onlardan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, kimya sənayesi məhsulları, şəkər, alkoqollu və alkoqolsuz içkilər, bitki yağlarının xüsusi çəkisi üstün olmuşdur. Belə ki, bu dövr ərzində təzə meyvə ixracı 22,6, kartof - 15,5, bitki yağları - 2,9, meyvə və tərəvəz konservləri - 10,2, polietilen - 21,9, emal olunmamış alüminium - 16,8, qara metallardan borular - 5,1, pambıq ipliyi - 28 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 2, pambıq lifi - 2,2 dəfə artmışdır.
Ümumilikdə ötən ilin
yanvar-oktyabr aylarında qeyri-neft
məhsullarının ixracının dəyəri 2017-ci ilin eyni dövrünə
nisbətən faktiki qiymətlərlə
10,9, real ifadədə isə 1,7 faiz artaraq 1,3 milyard dollarlıqdan çox
olmuşdur.
Azərbaycan.- 2019.- 11 yanvar.- S. 6.