Qalaaltı
kurortu: dünəni, bugünü və gələcəyi
Son illər Azərbaycanda turizm təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Vaxtilə Azərbaycana ildə 300-500 min turist gəlirdisə, görülən işlər nəticəsində təkcə 2017-ci ildə ölkəmizdə olan turistlərin sayı 2 691 998 nəfər təşkil etmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə artıq Azərbaycanda turizm sahəsində dövlət proqramı qəbul olunmuşdur. Prezident ölkədə mühüm turizm məkanlarının açılışında bilavasitə iştirak edir, müəyyən tapşırıqlar verir, vəzifələr irəli sürür.
2015-ci il avqustun 8-də Qalaaltı Hotel-Spa Mərkəzinin açılışında ölkə rəhbərinin dediyi fikirlərin xüsusi əhəmiyyəti var: "Bu gündən sonra artıq Qalaaltı dünya səviyyəli beynəlxalq müalicə və istirahət kompleksi kimi fəaliyyətə başlayacaq və burada yaradılan şərait... ən yüksək standartlara uyğundur”.
Azərbaycan dünyanın ən zəngin turizm-rekreasiya ehtiyatlarına malik ölkələrindən biridir. Burada mindən çox bulaq, mineral sular mövcuddur ki, onların əksəriyyəti Azərbaycanın dağlıq və dağətəyi bölgələrində yerləşir. Göstərilən mineral suların böyük əksəriyyətinin təbii çıxarları olsa da, onlardan cəmi 30 mineral bulaqla bağlı tam geoloji araşdırmalar aparılmış və həmin yerlərin istismar ehtiyatları müəyyənləşdirilmişdir. Belə müalicəvi əhəmiyyəti olan mineral sulardan biri də Bakı şəhərindən 120 kilometr şimalda, Şabran rayonunun 16 kilometrliyində Qalaaltı kəndinin şimal hissəsində üç tərəfdən meşə ilə əhatə olunmuş səfalı bir ərazidə yerləşən Qalaaltı müalicə-istirahət kompleksidir.
Göstərilən ərazidə 1969-cu ildə
müalicəvi su kəşf edilmişdir. Buranın
xüsusi təbii şəraiti ilə seçilən
çox quru, təmiz havası var. Ərazi Xəzər dənizi
sahilindən 10-15 kilometrlik məsafədə, çox
füsunkar məkanda yerləşir və burada dağ
havası dəniz havası ilə birləşərək
insanların özlərini rahat hiss etməsinə səbəb
olur. Buranın xüsusi olaraq iqlimi və onların insan
sağlamlığına təsiri məsələləri
respublika coğrafiyaçıları tərəfindən ətraflı
tədqiq edilmişdir. Bu məsələdə tədqiqatçı
Əsgər Əyyubovun xidmətləri xüsusi qeyd edilməlidir.
Əsgər Əyyubov "Azərbaycan SSR-in kurort və
istirahət yerlərinin iqlimi” əsərində bu ərazilər
haqqında ətraflı məlumat vermişdir. Qalaaltıda ən isti
ayın orta temperaturu 220C, ən soyuq ayın temperaturu isə
-10C olur. Qalaaltı istirahət kompleksində ayrı-ayrı
illərdə mütləq maksimum temperatur 390C, mütləq
minimum temperatur isə -240C olmuşdur. Yay
ayları nisbətən sərin keçir. İl ərzində günəşli günlərin
sayı 130 günə, tutqun günlərin sayı 74 günə
bərabərdir. Yanvar ayında havanın
nisbi rütubəti 80, iyul ayında isə 65 faiz təşkil
edir. Yağıntının illik
miqdarı 430 mm-dir.
Qalaaltı müalicə-istirahət kompleksi Böyük
Qafqaz dağlarının dəniz səviyyəsindən 700
metrlik yüksəkliklərində yerləşən
Qalaaltı mineral suyu əsasında 1976-cı ildə fəaliyyətə
başlamışdır. Yerli əhali bu suya
"neftli su”, başqa sözlə, "naftusiya” deyir. Çox kəskin qoxusu və dadı ilə
seçilir. Uzun illər Azərbaycan alimlərinin
apardığı çoxsahəli işlər sayəsində
müəyyən olunmuşdur ki, buranın suyu Ukraynanın
Truskavets şəhərində çıxarılan naftusiya
ilə eynidir. Müalicəvi Qalaaltı
suyu tapılana qədər Truskavetsin suyu SSRİ-də bu sahədə
yeganə su idi. Qalaaltı suyunda üzvi
maddələrin miqdarı litrdə 4 milliqramdan 10 milliqramadək
dəyişir. Naftusiya suyunda isə bu
göstərici 5-10 mq/litr arasındadır. Uzun illər istifadə nəticəsində Truskavets
suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir.
Mineral suyun müalicəvi keyfiyyəti onun tərkibindəki
mikroelementlərin və üzvi maddələrin zənginliyindən
asılıdır. Bu baxımdan yerli və
xarici alimlərin keçmiş sovetlər dövründə
Qalaaltı mineral suyunun hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi
xüsusiyyətləri ilə bağlı tədqiqatları
böyük əhəmiyyət kəsb edir.
1969-cu ilədək
Qalaaltı suyunun aşkar edilməsi və burada kurortun
yaradılması keçmiş S.M.Kirov adına
Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fiziki Metodla
Müalicə İnstitutunun (indiki Səhiyyə Nazirliyinin
Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu) Geologiya və hidrokimya
şöbəsinin əməkdaşlarının 1965-ci ildə
Dəvəçi rayonu ərazisində kəşfiyyat
işləri aparan zaman tərkibində minerallar və üzvi
maddələr olan bu müalicə əhəmiyyətli
bulağı müəyyən etməsilə
başlamışdır. Aparılan ilkin
fiziki-kimyəvi tədqiqatlar göstərmişdir ki, suyun tərkibi
naftusiya suyuna oxşardır. Azərbaycanın
tibb sahəsi Qalaaltı suyundan əsasən sidik kisəsi xəstəliklərinin
müalicəsində istifadə edir. O, insan orqanizmindən
kiçik daşların və qumun böyrəklərdən,
öd kisəsindən, sidik və öd yollarından
çıxmasını asanlaşdırır. Böyrəklərdə
daşların yenidən yaranma meyilliyini aradan qaldırır.
Orqanizmdə maddələr mübadiləsini
normallaşdırır, o cümlədən orqanizmin müdafiə
gücünü bərpa edir.
Qalaaltı suyunu istifadə üçün uzun müddət
saxlamaq olmaz.
Bu sudan yalnız yerində istifadə
olunmalıdır.
Qalaaltı suyunun perspektivli olduğu müəyyən
edilmişdir.
1969-cu ildə Qalaaltı suyunun müalicəvi
xüsusiyyətlərinin öyrənilməsi
üçün Azərbaycan SSR Səhiyyə Nazirliyinə
verilən təklif qəbul edilmiş və bundan sonra suyun
klinik tədqiqatlarına başlanılmışdı. Bunun üçün Azərbaycan SSR Səhiyyə
Nazirliyi kollegiyasının qərarı ilə "Siyəzənneft”in
nəzdində 50 çarpayılıq sanatoriya, eyni zamanda,
suyun fizioloji və müalicəvi xüsusiyyətlərinin
daha dəqiq öyrənilməsi üçün institutun
alimlərindən ibarət ekspedisiya
yaradılmışdır. Sanatoriyada ilk dəfə
Qalaaltı suyu ilə 100 xəstənin müalicəsi
aparılmış və uğurlu nəticələr
alınmışdır. Sonrakı illərdə
də, yəni 1974-cü ilədək institutun əməkdaşları
tərəfindən aparılmış kliniki tədqiqatlar bu
suyun bir çox xəstəliklərin müalicəsində əvəzsiz
şəfa mənbəyi olduğunu təsdiq etmişdir.
Azərbaycan alimləri 400 nəfər üzərində
apardıqları müalicədən sonra belə qənaətə
gəlmişlər ki, Qalaaltı mineral suyu həm də soyuqdəymə
ilə bağlı qarşıya çıxan bir çox xəstəliklərin
müalicəsi üçün çox əhəmiyyətlidir.
1969-cu ildə Qalaaltı mineral suyu yerləşən ərazidə
aparılan tədqiqatlar bununla məhdudlaşmamışdır. Belə ki,
Qalaaltı mineral suyunun tədqiqi akademik M.A.Qaşqay,
S.M.Hacıyev, Ə.M.Babayev, rusiyalı alim Y.Lavruvin,
Ə.T.Ələsgərov və digərləri tərəfindən
davam etdirilmişdir. Bundan əlavə,
2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya
İnstitutu, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşları tərəfindən
Qalaaltı suyunun bioloji-kimyəvi xüsusiyyətləri tədqiq
edilmişdir. Bütün tədqiqatların
nəticələri əvvəlki illərdə
aparılmış nəticələrlə üst-üstə
düşmüşdür.
Qalaaltı suyunun ən böyük təbliğatçısı
Azərbaycanda təbiət elminin bilicisi akademik Həsən
Əliyev olmuşdur. Məhz bu alimin müstəsna xidmətləri
sayəsində təbiətin bizə bəxş etdiyi
Qalaaltı suyu bu gün çoxminli azərbaycanlıya və
xarici ölkələrdən bura gələn xəstələrə
şəfa verir. Akademik Həsən Əliyevin
böyük xidmətlərindən biri də ondan ibarət
olmuşdur ki, o özü bilavasitə Qalaaltı müalicə-istirahət
mərkəzinə hər il getməklə
insanlara "niyə siz Azərbaycanda olan belə şəfa mərkəzlərinə
müraciət etmirsiniz? Amma xarici ölkələrdə
çox baha qiymətə olan müalicə mərkəzlərinə
gedərək istədiyiniz müalicəni də ala
bilmirsiniz...” fikrini aşılayırdı. Bununla o, xaricə gedən azərbaycanlıların
müalicə üçün öz doğma vətənində
olan şəfa mərkəzlərinə müraciət etməsi
işini müəyyən mənada həyata
keçirmişdir. Qalaaltı kurortu
akademik Həsən Əliyevin töhfəsidir.
Qalaaltı suyunun istifadəyə verilməsində əvəzsiz
xidmətləri nəzərə alınaraq Qalaaltı
turizm-istirahət və müalicə mərkəzinin ən əzəmətli
yerində akademik Həsən Əliyevin barelyefinin
qoyulması, həm də göstərilən kompleksin akademik
Həsən Əliyevin adına olması məqsədyönlü
olardı.
Qalaaltı müalicə-istirahət kompleksində
mövsüm ərzində 300 nəfərə yaxın insan
daimi işlə təmin olunmuşdur. Son illərdə
Qalaaltı müalicə-istirahət kompleksi yenidən
qurulmuş, onun ərazisi genişləndirilmiş, müasir
standartlara cavab verən Qalaaltı Hotel-Spa Mərkəzinin
tikintisi başa çatdırlımışdır.
Göstərilən müalicə-istirahət kompleksinin yeni
tikintisi üçün 7,1 ha sahə
ayrılmışdır. Qalaaltı Hotel-Spa kompleksinin
tam gücü ilə fəaliyyət göstərməsi bu
hoteldən istifadə edənlərin sayının
artmasına, həmçinin xarici turist axınının
çoxalmasına təkan verəcəkdir.
Hazırda ölkəmizə müalicə məqsədilə
və gəzməyə gələn turistlərin sayı ildən-ilə
artır. Onu
da qeyd edək ki, 2018-ci ildə ölkəyə təşrif
gətirən turistlərin sayı 3 milyon nəfərdən
çox olmuşdur ki, bunun da 50 faizi istirahət və
müalicə-sağlamlıq məqsədilə gələnlərdən
ibarətdir.
Qalaaltı müalicə-istirahət kompleksində ətraf
sahələrə nəzər yetirdikdə çox gözəl
arxitekturaya malik əyləncə mərkəzləri,
çoxsahəli tikililər diqqəti cəlb edir. Burada turistlər
və istirahət edənlər özlərinin istirahətlərini
necə keçirirlər? Kompleksə təşrif
buyuran hər bir turistə çap olunmuş şəkildə
günün proqramı verilir. Bu proqrama 10:00-dan
başlayaraq gecə saat 23:00-dək müxtəlif əyləncələr,
o cümlədən su gimnastikası, dartış oyunu,
voleybol, basketbol, futbol oyunları, uşaqlar üçün
minidisko daxildir. Burada cümə və şənbə
günləri canlı şou proqramları təşkil olunur.
Bəzən də bu proqramlar çərçivəsində
Bakı şəhərindən dəvət olunmuş
müğənni və musiqiçilərin pulsuz konsertləri
təşkil olunur. Qalaaltı müalicə-istirahət
kompleksində yaşı 6-ya qədər olan uşaqlar burada
pulsuz istirahət edirlər.
Qalaaltı müalicə-istirahət kompleksində
müxtəlif dizayn üslublarında tərtib edilmiş 171
otaqdan ibarət hotel binası ən müasir standartlara cavab
verir. Burada qonaqların zövqünü oxşayan interyer
işləri aparılıb, müxtəlif tədbirlərin
keçirilməsi üçün iclas və konfrans
zalları yaradılıb. Binadakı 112
superior otağın 33-ü iki, 79-u birnəfərlikdir.
Bundan başqa, burada 11 suit otaq və 1 lüks otaq da var.
Kompleksdə təbiətin qoynunda, ətraf mühitlə
harmoniyada yaşamağa üstünlük verənlər
üçün milli faunanın elementlərini əks etdirən
4 kiçik hotel binası da inşa edilib. "Lalə”,
"Zanbaq”, "Bənövşə” və "Mimoza” adlanan
həmin binaların hər birində 10-u superior və 1-i suit
olmaqla ümumilikdə 44 otaq var. Daha dəbdəbəli istirahət
arzusunda olanlar üçün isə xüsusi villalar təklif
edilir. "Şahdağ” villası 5, "Kəpəz”
və "Murov” villalarının hər biri isə 4 otaqdan
ibarətdir. Otel ümumilikdə birdəfəlik
354 nəfərə xidmət etmək imkanına malikdir.
Qalaaltı kompleksində iaşə müəssisələrinə
gələn turistlər və qonaqlara 45 nəfər gənc hər
gün yüksək səviyyədə xidmət göstərir. Orta hesabla bura
gələn turistlərə və qonaqlara hər gün
gündə üç dəfə olmaqla (1200-1300 adama)
yüksək səviyyədə xidmət göstərilir.
Kompleksin tərkibində "Mənzərə” restoranı,
"Lavanda”, "Qala” və "Vitamin” barları qonaqların
həm yüksək səviyyədə qidalanmalarına, həm
də asudə vaxtlarını daha maraqlı keçirmələrinə
geniş imkanlar açır. Müalicə istirahət
kompleksində aptek, market, suvenir mağazası, kişi
və qadın salonları var, qonaqlara lazımi bank xidmətləri
təklif olunur.
Kompleksdə müştərilərə geniş əyləncə
xidmətləri təklif edilir. Kompleksdə idmanın müxtəlif
növləri üçün nəzərdə tutulmuş
meydançalar, o cümlədən fitnes, aerobika zalı,
örtülü hovuz, tennis kortları, çöl idman
meydançası, geniş park sahəsi, əyləncə mərkəzləri,
uşaqlar üçün oyun meydançaları, uşaq mərkəzləri
və hovuzu, duz otağı, elektron oyunlar məkanı var.
Burada 148 yerlik avtomobil dayanacağı da yaradılıb.
Qalaaltı Hotel-Spanın ən böyük struktur
bölmələrindən birində tibb müəssisəsi fəaliyyət
göstərir. Qalaaltı müalicə-istirahət
kompleksinə sağlamlıq və turizm məqsədilə gələnlərin
sayı son illər sürətlə artır. Hazırda
Qalaaltı hoteli və sanatoriyanın "Çıraq” Tibb Mərkəzində
uroloq, ginekoloq, qastroenteroloq, kardioloq, nevroloq, terapevt,
fizioterapiya ixtisasları üzrə həkimlər, eyni zamanda
həkim-laborant, ultrasəs müayinəsi həkimi, həkim
rentgenoloq çalışır. 12 nəfər
orta tibb təhsilli tibb bacısı, 3 nəfər isə orta
tibb təhsilli masajçı da fəaliyyət göstərir.
Tibb Mərkəzində həkim-endokrinoloq, həkim-stomatoloq
və həkim-kosmetoloq vakant yerləri var. Sadalanan həkimlərin
fəaliyyəti üçün bütün spesifik cihaz və
avadanlıqlar Avropa ölkələrindən
alınmışdır və hazırda burada istifadə
olunur. Təəssüfləndirici hallardan
biri isə odur ki, buraya gələnlərin bir qisminin həm də
diabet xəstələri olmasına baxmayaraq, nədənsə
diabetdən müalicə almaq istəyənlər
üçün ixtisaslı həkimlər yoxdur və onlar
üçün xüsusi yeməklər hazırlanmır.
Gələnlərin təxminən 15-20 faizinin
uşaqlar olduğunu nəzərə alaraq həkim-pediatrın
da olması vacibdir.
Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə Dövlət Proqramında nəzərdə
tutulmuş bəzi məsələlərin Qalaaltı Hotel Spa
kompleksində öz müsbət həllini tapması daha
yaxşı olardı. Burada turistlərin ətraf ərazilərdə
(rayonlarda) yerləşən çox fərqli təsərrüfat
sahələrinə, tarixi yerlərə, təbiət abidələrinə
ekskursiyaları təşkil edilməlidir. Halbuki xarici
ölkələrdə süd məhsulları, hətta pendir
istehsalı müəssisələrinə, şərab
zavodlarına, broyler fabriklərinə və s. yerlərə
ekskursiya üçün hər bir turist 100-150 dollar sərf
etməli olur. Əgər xarici ölkələrdə
ekskursiyalar belə yüksək gəlir verirsə, bəs niyə
Qalaaltı müalicə-istirahət kompleksinin yerləşdiyi
ərazinin yaxınlığındakı Siyəzən Broyler
Fabrikinə, heyvandarlıq kompleksinə, neftçıxarma
müəssisələrinə, qalalara, təbiət abidələrinə
və s. görməli və tarixi yerlərə ekskursiyalar təşkil
olunmur? Turistlərin ekskursiyasını yaxın bölgələrdə
yerləşən Şabran Çıraqqala məscidinə,
Taxtakörpü su anbarına, Xıdırzində Baba pirinə
(Beşbarmaq dağı), Şabran, Gilgilçay mühafizə
kompleksinə, Quba Cümə məscidinə, Təngialtı
dərəsinə, Africa şəlaləsinə, Quba,
"Balbulaq” istirahət mərkəzlərinə,
Böyük Qafqazda Bazardüzünə, Tufandağa, Şahdağ
parkına, Şahdağ qış-yay turizm kompleksinə, Siyəzənin,
Şabranın, Nabran-Yalamanın narın qumlu dəniz
çimərliklərinə, hətta Qalaaltıya yaxın
olan Rusiya Federasiyasının Dərbənd qalasına və
s. yerlərə dincəlmək, əylənmək, ətraf
mühitlə tanış olmaq üçün səyahət
təşkil etmək olar. Taxtakörpü su
anbarının ətrafında meşə
örtüyünün salınması ilə yay aylarında
buraya gələn əhalinin səmərəli istirahəti
üçün şərait yaratmaq olar.
Qalaaltı
Hotel-Spadan 500-600 metr qərbdə, Gülən kəndinin ərazisində
yerləşən Qoturbulaq adlanan müalicəvi sudan yerli əhali qoturluq xəstəliyinin
müalicəsində istifadə edir. Gələcəkdə
mütəxəssislər və məsul şəxslər bu
bulaqdan sanatoriyaya gələnlərin də müalicəsi
üçün istifadə etsələr, daha yaxşı
olar.
Qalaaltı
müalicə-istirahət kompleksinə gedərkən
Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisindən
keçən hissəsində bilavasitə Qalaaltı
müalicə-istirahət kompleksinə aparan 20 kilometrlik yolun
2-3 yerində qarşılaşdığımız çox
primitiv yol nişanları belə nəhəng bir mərkəzin
adına layiq deyil. Qoyulmuş yol nişanları
bura ilk dəfə öz avtomobilləri ilə gələn
yerli və xarici turistlərin işini çətinləşdirir.
Azərbaycanda kurort və turizm xidmətlərinin
yüksəldilməsi məqsədilə qonşu Türkiyə
və Rusiya təcrübəsindən istifadə edilməsi və
yeni xidmət sahələrinin yaradılması məqsədəuyğun
olardı.
Qalaaltı Hotel-Spa kompleksinin sosial turizm layihələrində
iştirak etməsi, burada aparılan düzgün qiymət
siyasəti və s. daha çox turist cəlb etməyə
imkan verərdi.
Neron BABAXANOV,
İsmayıl
ƏLİYEV,
BDU-nun
professorları
Azərbaycan.- 2019.- 11 yanvar.- S. 7.