Atropatena (Azərbaycan) dövlətinin yaranma tarixi geniş müzakirə olunub

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru Həsən Həsənovla tarixçilərin görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan dövlətçiliyi ilə bağlı tarixi araşdırmalara həssaslıqla yanaşıldığını vurğulayaraq, bunun həm elmi, həm də siyasi cəhətdən mühüm məsələ olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan adlı dövlətin yaranma tarixi barədə geniş məruzə ilə çıxış edib. O, alimlərə Azərbaycan adlı dövlətin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya barədə ətraflı məlumat verərək bildirib ki, Atropatena ölkəsinin adı müasir Azərbaycan anlayışının fonetik versiyasıdır: "Mən Roma tarixçisi Ammian Marsellin (IV əsr) və "Karki de Bet Selox” adlı Suriya xronikasına (V əsr) istinad edərək bildirirəm ki, Azərbaycan adlı dövlət e.ə. VII əsrdə yaranıb. İndiyə kimi elmimizdə Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra e.ə. 321-ci ildə yarandığı bildirilir. Əslində Atropatena e.ə. IV əsrdə yaradılmayıb. E.ə. 321-ci ildə sadəcə olaraq onun müstəqilliyi bərpa olunub. Adları çəkilən qədim Suriya və Roma mənbələri əsas verir ki, e.ə. 612-ci ildə Aşşur imperiyasının süqutu nəticəsində Atropatena/Adorbayqan adlı dövlətin yarandığını təsdiq edək”, - deyə H.Həsənov qeyd edib. Beləliklə, e.ə. 612-ci il Azərbaycan adlı dövlətin yarandığı ildir.

Natiq çıxışında daha sonra vurğulayıb: "Dövlətimizin və xalqımızın adlarının əsasını təşkil edən Atarpatena/Atropatena/Adorbayqan sözü nə fars, nə də yunan mənşəlidir. V əsr Suriya mənbəsinə görə, onun kökündə 2700 il bundan əvvəl dövlətimizi yaradan sərkərdənin valilik titulu olan "Arpat” və ya "Orbay” durur. Atropatenanın ərazisi şimal-qərbdə Qara dənizə, şimalda isə baş Qafqaz dağlarınadək olan əraziləri əhatə edirdi. Albaniya dövləti e.ə. I əsrdə yaranıb. Albaniya dövlətinin yarandığı ərazi e.ə. 612-ci ildən e.ə. II-I əsrlərə qədər Adorbayqan/Atropatena/Atarpatena adlanan dövlətin tərkib hissəsi olub. Alban çarlığı kimmerlərin Qamir dövləti və skiflərin Aşquz çarlığının hüquqi varisi sayılır”.

Tədbirin sonunda Yaqub Mahmudov bildirib ki, Həsən Həsənovun qaldırdığı məsələlər ilk mənbələrə və elmi ədəbiyyata, xüsusən Qərb mənbələrinə və Avropa tarixçilərinin əsərlərinə əsaslanır və ona görə də ciddi elmi maraq doğurur: "Elmdə yeni fikirlər süngü ilə qarşılanmamalı, onlara layiqincə yer verilməli, tədqiqatlar daha da genişləndirilməlidir”, - deyə Y.Mahmudov tədbirə yekun vurub. .

 

Azərbaycan.- 2019.- 12 yanvar.- S.6.