Azərbaycan
aliminin tariximizə aid iki kitabı ABŞ-da nəşr olunub
2018-ci ilin "Cümhuriyyət
ili” elan edilməsi ilə bağlı ölkə daxilində
və xaricində bir sıra tarixi əsərlər oxuculara təqdim
olunmuşdur. Bu sırada Bakı Dövlət Universitetinin
professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun
(İsmayıl bəy Zərdablı) iki kitabı Amerika Birləşmiş
Ştatlarında (Şimali Karolina ştatının
paytaxtı Raley şəhərində) nəfis tərtibatla
çapdan çıxmışdır. Kitablardan biri "Azərbaycanın
etnik və siyasi tarixi”, digəri "Azərbaycanın tarixi xəritələri”
adlanır. Kitabları ingilis dilinə AMEA-nın əməkdaşı
Fatma Fərəcova çevirmişdir. Kitabların redaktoru isə
Maykl Brannokdur.
Xalqımız çox zəngin
tarixə və mədəniyyətə malikdir. Ona görə
də dünya xalqları bizim tarixi öyrənməyə
maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyev də
tariximizin dünyada təbliğinə xüsusi diqqət
verir. Yeri gəlmişkən qeyd edək ki, 2015-ci il
dekabrın 15-də AMEA-nın 70 illik yubileyində Prezident bu məsələ
haqqında geniş danışmışdır.
Bu baxımdan professor İ.Məmmədovun
tariximizin dünyada yayılmasına xidmət edən əsərləri
mühüm əhəmiyyət kəsb edir. Kitablarda Azərbaycanın
etnik və siyasi tarixi ən qədim zamandan
bugünümüzə qədər izlənmişdir. Professor
əsərlərində eramızdan əvvəlki minillikdə
Azərbaycanın ərazisində türk mənşəli
tayfaların yaşamaları və Azərbaycan xalqının
yaranması haqqında geniş məlumat verir.
Əsərlərdə qədimdən
bu günə qədərki Azərbaycan dövlətləri
haqqında, həmçinin bizə məlum olan ilk Azərbaycan
hökmdarı Udakidən (Manna dövlətinin hökmdarı
b.e.ə. 829-785) hazırkı Prezident
İlham Əliyevə qədərki
başçıları barədə ətraflı bəhs
edilmişdir. Eyni zamanda kitablarda xalqımızın
keçdiyi yola, azadlıq və dövlət müstəqilliyi
uğrunda qəhrəmanlıq mücadiləsinə, siyasi və
etnik mənzərəsinə təkzibedilməz faktlar və
sübutlarla aydınlıq gətirilmişdir.
Onu da qeyd edək ki, müəllif
uzun illərdir bu məsələlər üzərində
iş aparır. O, dörd dildə (Azərbaycan, rus, türk və
ingilis) "Azərbaycan tarixi” adlı əsəri oxuculara təqdim
edib. Əsərləri İstanbul, London, Raley (ABŞ) və
digər şəhərlərdə çap olunub.
Xaricdə ilk dəfə "Azərbaycan
tarixi” adlı əsərləri professor İsmayıl Məmmədov
nəşr etdirib. O, Azərbaycan tarixi elminin dünya
miqyasında təbliğinə hər zaman taleyüklü məsələ
kimi yanaşıb, alimlərimizin erməni ideoloqlarının
tarixi saxtalaşdırmaq istiqamətində apardığı
məkrli kampaniyaya tutarlı cavab verilməsini vacib sayıb,
bu işin fəallarından olub.
Bu əsərlərin
unikallığı və əhəmiyyəti həm də
ondadır ki, kitablarda milli dövlətçilik tariximizin
heç bir mərhələsi diqqətdən kənarda
qalmamış, elmi ümumiləşdirmə yolu ilə
oxucuların nəzərinə
çatdırılmışdır. Kitabı oxuyan əcnəbi
alim və tədqiqatçılarının müxtəlif
elmi mənbələrə, kitablara müraciət etmədən,
vaxt itirmədən Azərbaycan tarixi haqqında dolğun təəssürata
və yetərli bilgilərə malik olmaq imkanı var.
Xaricdə İ.Məmmədovun əsərlərinə
maraq çoxdur. Xarici tarixçilər Azərbaycanla
bağlı əsərlər yazarkən çox vaxt onun əsərlərinə
istinad edirlər. Bu yerdə vurğulayaq ki, xarici ölkələrdə
hər bir alimin elmi tədqiqatlarının ictimai əhəmiyyəti
və dəyəri ilk növbədə onlara istinadlar əsasında
müəyyənləşir. Bu baxımdan professor
İsmayıl Məmmədov ölkə hüdudlarını
adlaya bilmiş alimlərdəndir. Onun milli tarix sahəsindəki
əsərləri əcnəbi tədqiqatçılar
üçün maraqlı və zəngin mənbə rolunu
oynayır.
Adil ABDULLAYEV,
"Gənclik”
nəşriyyatının direktoru,
əməkdar
mədəniyyət işçisi
Azərbaycan.
- 2019.- 12 yanvar.- S.6.