Uğurlu kütləvi nəşrlər

 

On beş il öncə respublikamızda uzun zaman kril əlifbası ilə çap olunmuş kitabların latın qrafikası ilə yenidən nəşrinə başlanıldı. Bu mühüm işlər Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən həyata keçirildi.

Sərəncamda müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsinin böyük tarixi əhəmiyyət kəsb etdiyi vurğulanırdı: "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin etmişdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla yanaşı, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır”.

Müstəqilliyin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin müasir dövrdə təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurəti nəzərə alınaraq, sərəncamda qarşıda duran mühüm işlər müəyyənləşdirildi və vacib tapşırıqlar verildi.

 

Sovet hakimiyyətinin əlifba siyasəti

 

Qeyd edək ki, hələ 1923-cü il oktyabrın 20-də Azərbaycan ilk dəfə rəsmi olaraq latın qrafikalı əlifbaya keçmişdi. O zamanadək ərəb qrafikalı əski əlifbadan istifadə edilirdi. Bir neçə il hər iki əlifbadan istifadə olundu. Nəhayət, sovet hökuməti 1929-cu il yanvarın 1-dən ərəb əlifbasının istifadəsinə qadağa qoydu. Beş il sonra isə Türkiyə ərəb qrafikasından imtina etdi. İosif Stalin Türkiyənin də latın əlifbasına keçməsinin SSRİ-də yaşayan türkdilli xalqlara yaxınlaşmaq məqsədi daşıdığı qənaətində idi. Buna görə də 1939-cu ildə kiril əlifbasının sovet ittifaqının bütün müsəlman respublikalarına tətbiq edilməsinə qərar verildi. SSRİ-nin süqutunadək bu qərar dəyişməz olaraq qaldı. İmperiya dağıldıqdan sonra digər sahələrdə olduğu kimi, əlifbamızla bağlı da islahatlar həyata keçirilməyə başlanıldı.

 

Ölkə kitabxanalarının fondu yeni nəşrlərlə zənginləşdi

 

Qeyd etdiyimiz kimi, Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin latın qrafikasında yenidən nəşr edilərək gənc nəslə çatdırılması Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Dövlət başçısının "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamına uyğun, Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan artıq kitab nəfis tərtibatda nəşr olundu və ölkənin kitabxanalarına hədiyyə edildi. Beləliklə, respublikanın bütün bölgələrində kitabsevərlərin həmin kitablardan oxuyub faydalanmalarına şərait yarandı. Sözügedən nəşrlər xüsusi ilə gənc nəslin bədii və elmi ədəbiyyata təlabatının ödənilməsi istiqamətində mühüm addım oldu. Ölkə rəhbərinin sərəncamlarına müvafiq 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər oxucuların ixtiyarına verildi.

Prezident İlham Əliyevin 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncama əsasən həyata keçirilən mühüm tədbirlər də mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı.

 

İrihəcmli ilk ensiklopediya

 

Həyata keçirilən vacib işlər sırasında latın qrafikasında "Böyük İqtisadi Ensiklopediyabeşcildliyinin nəşri də var. Ekspertlər həmin nəşrin hazırlanmasını və ərsəyə gəlməsini bu sahədə ən böyük uğurlarımızdan biri kimi dəyərləndirirlər. Diqqətə çatdıraq ki, bu, ölkəmiz müstəqillik əldə etdikdən sonra konkret sahəyə aid nəşr olunan ilk irihəcmli ensiklopediyadır. "Böyük İqtisadi Ensiklopediyabeşcildliyi 10 minə yaxın iqtisadi termin, müxtəlif iqtisadi proseslərin əyani izahı üçün 2000-dən çox sxem, cədvəl, qrafikfotolardan ibarət olmaqla, ümumilikdə 6 min səhifədən çoxdur. İqtisadi terminologiyada dünya təcrübəsindən bəhrələnərək vahid prinsipdən yanaşma əsasında makromikro iqtisadiyyat, pullu kredit münasibətləri, bank işi, qiymətli kağızlar bazarı, milliqlobal rəqabət, iqtisadi təhlükəsizlik, iqtisadiyyatda tətbiq edilən qanunkateqoriyalar, iqtisadiyyat elminin formalaşmasında böyük xidmətləri olmuş görkəmli iqtisadçı alimlərin bioqrafiyası, onların irəli sürdüyü iqtisadi nəzəriyyə, qanun və prinsiplərlə bağlı minlərlə termin, söz və ifadənin mahiyyətinin mükəmməl izahı verildi. Həmçinin ensiklopediyada 1968-ci ildən etibarən Nobel mükafatına layiq görülmüş məşhur iqtisadçıların bioqrafiyası, onların irəli sürdüyü yeni təlim və konsepsiyaların təməl prinsipləri geniş əhatə olundu. Çoxcildlikdəki dəyərli informasiyaların böyük əksəriyyəti ilk dəfə ana dilimizdə belə yüksək peşəkarlıqla təqdim edildi.

Nəşrlərin yenidən latın əlifbasına çevrilib külliyyatla çap edilməsi və kitabxanalara paylanılması asan məsələ deyil. Dövlət bu işin görülməsinə külli miqdarda vəsait ayırdı və nəzarətdə saxladı. Ona görə də çox keçmədən kitabxanalar latın qrafikalı kitablarla zənginləşdi. Bu səbəblərdən latın qrafikalı əlifbaya keçid Azərbaycan oxucularını çətin vəziyyətdə qoymadı. Xeyli zəhmət və maliyyə tələb edən bu proses ölkəmizdə uğurla həyata keçirildi.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.-12 yanvar.- S.6.