Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir
Yanvarın 11-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib.
AZƏRTACxəbər verir ki, dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.
Prezident İlham
Əliyevin giriş nitqi
- Bu gün biz Nazirlər Kabinetinin
iclasında 2018-ci ilin əsas yekunlarını müzakirə
edəcəyik, eyni zamanda, bu il
görüləcək işlər haqqında
danışacağıq.
2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Bildiyiniz kimi, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.
Keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatdı. Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var. Bu il biz regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Demək olar ki, proqramın əsas hissəsi hazırdır.
Keçən il mən Azərbaycanın bölgələrinə 24 səfər etmişəm. Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanmışdır. Bu sərəncamlar bölgələrimizdə çox böyük əks-səda verir və böyük nəticələrə gətirib çıxarır. Dediyim kimi, bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görüləcək işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır. Mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam, ən azı hər bir rayonda 5 dəfə, elə rayon var ki, 10 dəfədən çox olmuşam və bu müntəzəm səfərlərin çox böyük əhəmiyyəti var.
Ölkəmizdə, ümumiyyətlə, daxili vəziyyət - həm ictimai-siyasi, həm iqtisadi-sosial məsələlərlə bağlı vəziyyət sabitdir. Yəni deyə bilərəm ki, 2018-ci il əvvəlki illərdən çox da fərqlənməyib, ölkəmiz dinamik inkişaf yolu ilə gedib.
Həmçinin hesab edirəm ki, keçən il xarici siyasət sahəsində də uğurlu olubdur. Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır.
Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb. Bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. Yəni, bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir. Təsadüfi deyil ki, keçən il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir və Naxçıvan şəhəri bu şərəfli adı çox böyük uğurla daşımışdır. Biz bu il də müsəlman ölkələri ilə əlaqələrimizi müxtəlif istiqamətlərdə inkişaf etdirəcəyik və beləliklə, müsəlman aləmində bizim nüfuzumuz, çəkimiz, rolumuz daha da artacaqdır.
Bildiyiniz kimi, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənəd imzalanmışdır. Bu sənəddə bir çox məsələlər öz əksini tapır. Xüsusilə onu vurğulamalıyam ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapmışdır.
Biz ötən il Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirmişik. Bildiyiniz kimi, bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.
Xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi idi. İmzalanmış Konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır. Şadıq ki, bizim uzun illər ərzində müdafiə etdiyimiz mövqe bu Konvensiyada tam öz əksini tapmışdır. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir. Bu Konvensiyanın çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu sənədin imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi uğurudur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi başlanmışdır, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur.
Bildiyiniz kimi, keçən
il Ermənistanda böyük dəyişikliklər baş
verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt
etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu,
kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə
əlbəttə ki, Ermənistanın
işğalçılıq siyasəti də mühüm rol
oynayır. Çünki məhz bu siyasətə
görə Ermənistan biz tərəfdən bütün
regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə
görə Ermənistan iqtisadiyyatı demək olar ki,
çökdü. Ermənistan çox dərin
demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin
azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı
siyasət düzgün siyasətdir. Mən
bu siyasəti heç vaxt gizlətməmişəm və
müxtəlif kürsülərdən açıq bəyan
etmişəm ki, biz Ermənistanı təcrid etmək
üçün bütün vasitələrdən istifadə
edirik və edəcəyik. O vaxta qədər ki,
torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini
verdi, kriminal rejim çökdü və
Ermənistanda yeni vəziyyət yarandı.
Biz dəfələrlə demişdik
ki, Ermənistanda iyirmi il ərzində
kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar
buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda
böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və
parlament seçkilərinə beynəlxalq təşkilatlar
müsbət rəy verirlər. Axı, son
parlament seçkiləri göstərdi ki, hakimiyyəti
qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də
səs yığa bilməyib. Bunu hər kəs
etiraf edir. Ancaq əvvəlki illərdə
özlərinə 50 faizdən çox səs yazdıran
kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə
çevrilməmişdir?! Avropa
Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən
dəm vuran digər beynəlxalq təşkilatlar o
biabırçı mənzərəyə niyə göz
yumurdular?! Məgər onlar bilmirdilər
ki, Ermənistanda bütün seçkilər
saxtalaşdırılıb? Bilmirdilər
ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz
yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə
görə? Çox güman ki, burada
hansısa təmənna ilə bağlı başqa məsələlər
olub. Heç kimə sirr deyil ki, Ermənistan
beynəlxalq arenada konyak diplomatiyasını işə
salıb və bir çox siyasətçiləri satın
alıb. Əvvəlki illərdə Ermənistanın
xarici siyasətində rüşvət amili birinci yerdə
idi.
Ona görə mən hesab edirəm
ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən
çox ciddi araşdırılmalıdır və kriminal
rejimə iyirmi il ərzində dəstək
verən, onun cinayətlərinə göz yuman, onun əlindən
orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə
cəlb olunmalıdırlar. Bizim tələbimiz
bundan ibarətdir. Əgər bu, olmasa, demək
heç nə dəyişilmir. Əgər
bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən
səslənən ədalət, insan haqları haqqında cəfəng
bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq.
Sarkisyan rejiminə, onun əməllərinə dəstək
verən, göz yuman beynəlxalq təşkilatlar
əgər öz günahını yumaq istəyirlərsə,
qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla
əlbir olublar və beləliklə, bu cinayətlərdə
onların da əli, onların da payı var.
Mən dəfələrlə
demişəm ki, Ermənistanı kriminal rejim idarə edir. İndi bunu
erməni xalqı deyir. Onların
keçmiş rəhbərləri cinayətkardır, bu,
sübut olunub. Onların qəhrəmanları
qorxaqdır, onların generalları oğrudur. Bax, budur, Ermənistanın indiki vəziyyəti.
Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir
ölkəni əgər 20 il ərzində
cinayətkarlar idarə ediblərsə, onda bu ölkə
haqqında təsəvvür yaratmaq o qədər də
çətin deyil.
Mən dəfələrlə
bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı
bu ağır böhranlı vəziyyətdən
çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə
münasibətləri normallaşdırmaqdır. Biz buna
hazırıq. Ancaq əlbəttə ki,
buna nail olmaq üçün bir şərt var - Ermənistan
silahlı qüvvələri işğal edilmiş torpaqlardan
çıxarılmalıdır.
Eyni zamanda, biz keçən il əlbəttə ki, hərbi
potensialımıza böyük diqqət göstərmişik
və bu sahədə böyük nailiyyətlər var. Bizim
ordumuzun döyüş qabiliyyəti artır və
Naxçıvan əməliyyatı bunu əyani şəkildə
sübut edib. Uğurlu Naxçıvan əməliyyatı
nəticəsində biz 11 min hektar torpağa tam nəzarət
edirik. Bu, çox uğurlu əməliyyat
idi. Eyni zamanda, əldə edilmiş
yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı
Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət
etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə - Naxçıvan əməliyyatı
bir daha onu göstərir ki, Azərbaycan xalqı və
dövləti heç vaxt işğalla barışmayacaq və
öz ərazi bütövlüyünü istənilən
yolla bərpa edəcək. Sadəcə,
danışıqlara ümid olduğu üçün biz
danışıqlar yolunu hələ ki, əsas vasitə kimi
görürük. Ancaq, eyni zamanda, hərbi
gücümüzü də artırırıq.
Döyüş qabiliyyətimizlə bağlı keçən
il aparılan işlər əlbəttə
ki, çox yüksək qiymətə layiqdir. Uğurlu
Naxçıvan əməliyyatında fərqlənən hərbçilərə
dövlət tərəfindən müvafiq mükafatlar
verilmişdir.
Biz keçən il
ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı çox böyük işlər
gördük. İki dəfə keçirilən
hərbi paradda biz texnikamızın bir hissəsini
nümayiş etdirdik. Mən onların
arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli
"Polonez” və "LORA” raket sistemlərini qeyd etmək istərdim.
Qarşı tərəfin bu sistemlərə
qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni
qət edərək çox yüksək dəqiqliklə və
böyük dağıdıcı qüvvə ilə istənilən
hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin
elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə
məhv edə bilməyək.
Bu sistemlərin əldə
edilməsi əlbəttə ki, bizim hərbi
gücümüzü daha da artırır. Eyni zamanda, keçən il yeni pilotsuz döyüş uçuş
aparatlarının əldə edilməsi bizim hərbi
gücümüzü daha da artırır. Əlbəttə
ki, son illər ərzində hava hücumuna, raket hücumuna
qarşı aldığımız sistemlər müdafiə
potensialımızı gücləndirir və digər sistemlər
bizim hücum gücümüzü artırır. Bunu hər kəs bilir. Hərbi sahədə
baş verən hadisələr heç kim
üçün sirr deyil. Qarşı tərəf də -
düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan
Ordusu dünya miqyasında güclü ordular
sırasındadır və bu il bu istiqamətdə
əlavə addımlar atılacaqdır.
Müharibədən əziyyət
çəkən soydaşlarımızın problemləri də
keçən il uğurla həll olunub. Bu məsələ ilə bağlı çox ciddi
addımlar atılıb. Keçən il
5800-dən çox köçkün ailəsinə yeni evlər,
mənzillər verilibdir. Bu, son illər ərzində
rekord göstəricidir. Bununla bərabər,
şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə
620-dən çox mənzil verilib. Bu il
daha da çox mənzil veriləcək, o cümlədən məcburi
köçkünlər üçün yeni şəhərciklər
tikiləcək. Yəni, bu məsələ daim
diqqət mərkəzindədir. Biz hələ də
ağır vəziyyətdə yaşayan köçkünlərin
problemlərinin həlli üçün bu il
də böyük vəsait nəzərdə tutmuşuq. Biz bu məsələləri həll edəcəyik.
Əlbəttə,
bütün bu işləri görmək üçün
iqtisadi güc olmalıdır və biz bunu yaradırıq. Bu gün Azərbaycan
iqtisadi inkişaf baxımından heç kimdən, heç
bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən
asılı deyil. İqtisadi müstəqillik
bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan
xalqının maraqlarını müdafiə edək.
Keçən il iqtisadi inkişaf
baxımından uğurlu il olmuşdur. Deyə bilərəm
ki, keçən il dərin iqtisadi
islahatlar ili olmuşdur və bu islahatların nəticələrini
indi hər kəs görür. Büdcəmizə
daxilolmalar böyük dərəcədə artıb. İqtisadi islahatların əsas məqsədi bu sahədə
şəffaflığı tam təmin etməkdir, xoşagəlməz
hallara qarşı mübarizəni gücləndirməkdir və
beləliklə, ölkəmizin uğurlu inkişafını
sürətləndirməkdir. Deyə bilərəm
ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə
qurumları Azərbaycanda gedən prosesləri çox
böyük maraqla izləyirlər və bizim işimizə
çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya
Bankının "Doing Business” hesabatında Azərbaycan
dünya miqyasında 25-ci yerdədir. İl
ərzində biz 32 pillə irəliyə getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə
görə dünya miqyasında 25-ci yerdə olmaq
böyük nailiyyətdir.
Bizim bütün iqtisadi
göstəricilərimiz çox müsbətdir. Mən bəzi
göstəriciləri ictimaiyyətin diqqətinə
çatdırmaq istəyirəm. Ümumi daxili məhsul,
yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olmuşdur. Hesab edirəm
ki, bu, yaxşı göstəricidir. Əlbəttə
ki, bizim arzularımızı tam əks etdirmir. Ancaq, eyni zamanda, dünyada gedən proseslərə
baxdıqda hesab edirəm ki, yaxşı göstəricidir.
Ondan daha yaxşı göstərici qeyri-neft
sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5
faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1
faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə
siyasətimiz öz gözəl nəticələrini verir.
İnflyasiya cəmi 2,3
faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Görürsünüz ki, əhalinin gəlirləri
inflyasiyanı üstələyir. Əgər biz 2017-ci
ilə nəzər salsaq görərik ki, inflyasiya 12 faizdən
çox idi, indi isə 2,3 faizdir. Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı
4,6 faiz artıb. Hesab edirəm
ki, bu da yaxşı göstəricidir. Ölkə
iqtisadiyyatına keçən il 17,2 milyard
manat sərmayə qoyulub. Çox böyük rəqəmdir
və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin
11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft
sektoruna qoyulan sərmayədir. Yəni, bu,
onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu
üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə
qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri
daha da həvəsləndirəcək və ölkəmizə
daha çox sərmayə qoyulacaqdır.
Biz keçən il
valyuta ehtiyatlarımızı artırmışıq.
Baxmayaraq ki, xərclərimiz də az
olmayıb, eyni zamanda, biz valyuta ehtiyatlarımızı 3
milyard dollar məbləğində artıra bildik. Beləliklə, bu gün ölkəmizin valyuta
ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və
bu da çox müsbət haldır. Yəni,
indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19
faizini təşkil edir. Qarşıya vəzifə
qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı indi müvafiq
proqram hazırlanıb. Mən hesab edirəm
ki, biz borcu tədricən azalda-azalda getməliyik. Düzdür, 19 faiz də indi dünya miqyasında
çox gözəl göstəricidir. Elə
ölkələr var ki, xüsusilə inkişaf etmiş
ölkələr orada xarici borc ümumi daxili məhsulun
100-120 faizini təşkil edir. Əgər
hansısa ölkədə 50 faiz təşkil edirsə, o
ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə
kimi tanına bilər. Bizdə isə 19
faizdir, mən hələ bunu çox görürəm.
Hesab edirəm ki, bu, daha da düşməlidir və
düşəcəkdir. Əlbəttə,
əgər xarici borcumuzu valyuta ehtiyatlarımızla müqayisə
etsək görərik ki, bizim valyuta ehtiyatlarımız xarici
borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxtda biz xarici borcu tam ödəyə
bilərik. Bu, bizim siyasətimizi əks
etdirir, onu göstərir ki, biz baxmayaraq ki, bir çox kreditlər
ala bilirik, ancaq mən göstəriş vermişəm, kreditlərin
alınması məhdudlaşdırılsın, buna indi
ehtiyac yoxdur. Biz ancaq texnoloji tutumlu layihələrə
bəzi hallarda, istisna hal kimi müəyyən məbləğdə
kredit ala bilərik. Çünki buna
ehtiyac yoxdur, öz pulumuz da var və valyuta ehtiyatlarımız
da artır.
Keçən il
118 min daimi iş yeri yaradılmışdır. İşsizliyin aşağı səviyyədə
saxlanması üçün bu, çox əhəmiyyətli
məsələdir. İxracla bağlı
yaxşı göstəricilər var. İxrac 36 faiz artıb.
Ümumi rəqəmi götürsək,
ixracımız 19 milyard dollara çatıb. Xarici ticarət
balansında müsbət saldo – yəni, ixracın idxalı
üstələməsi 8,6 milyard dollar təşkil
edir. Əgər ölkələrə biz nəzər
salsaq görərik ki, bu da dünya miqyasında nadir hallarda
müşahidə olunan mənzərədir. Ölkələrin əksəriyyətində idxal
ixracı üstələyir. Azərbaycanda
isə biz bunun əksini görürük. Özü də
biz ölkəyə ixracla bağlı daha çox - 8,6 milyard dollar pul gətirmişik, nəinki xərcləmişik.
Əgər biz buraya xarici turistlərdən gələn
vəsaiti əlavə etsək, onda görərik ki, rəqəm
daha da artacaq. Onu da bildirməliyəm ki, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş
gəlib. Bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar
ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər.
Turizmin inkişafı ilə bağlı
apardığımız siyasət, görürsünüz
ki, ilk növbədə, maliyyə sahəsində
özünü büruzə verir. Həm
ölkəmizi tanıtdırırıq, həm də pul
qazanırıq.
Beləliklə, iqtisadi
göstəricilərimiz elədir ki, dünyanın istənilən
ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq
kimi qəbul edə bilər, bizim üçün isə bu,
adi haldır.
Çünki bizim iqtisadi siyasətimiz
düşünülmüş siyasətdir. Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan
xalqının maraqlarını tam əks etdirir, ona tam
uyğundur. Məhz buna görə Azərbaycan
xalqı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək
keçən il prezident seçkilərində
bir daha özünü göstərdi. Azərbaycan
xalqı mənə bir daha çox böyük etimad göstərmişdir.
Bildiyiniz kimi, seçkilər ərəfəsində
keçirilmiş rəy sorğuları, seçkilər
günü keçirilmiş exit-pollar rəsmi nəticələrlə
tam üst-üstə düşüb. Bu,
bir daha onu göstərir ki, seçkilərin nəticələrində
Azərbaycan xalqının iradəsi tam öz əksini
tapıb. Bu, görülən işlərə
verilən yüksək qiymətdir. Görülən
işlər isə göz qabağındadır.
Keçən ilin önəmli
hadisələrini sadalamaq üçün bir neçə
saat vaxt lazımdır. Mən bir neçə önəmli hadisəni
qeyd etmək istərdim. Biz keçən il
üçüncü peyki orbitə buraxdıq və Azərbaycan
kosmik dövlət kimi öz mövqelərini daha da möhkəmləndirdi.
Keçən il Cənub Qaz Dəhlizinin rəsmi
açılışı olmuşdur. Bu,
sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu hadisə bundan sonra onilliklər ərzində
Azərbaycana böyük xeyir, həm siyasi, həm də
iqtisadi və maliyyə mənfəəti gətirəcək.
Keçən il Cənub Qaz Dəhlizinin tərkib
hissəsi olan TANAP layihəsi də işə
düşdü və artıq fəaliyyətdədir. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən
üçü reallaşdı. Bu, bizim
böyük uğurumuzdur, tarixi uğurumuzdur. Ölkəmizi
nəqliyyat mərkəzinə çevirmək
üçün keçən il çox
önəmli hadisə baş vermişdir. Ələt
Beynəlxalq Dəniz Ticarət Limanı öz işinə
başlamışdır. Beləliklə,
Azərbaycan tranzit ölkə kimi artıq özünü
dünyada təsdiqlədi.
Bir daha demək istəyirəm,
keçən il bir çox hadisələr
olub ki, onların haqqında danışmaq olar. Ancaq hesab edirəm
ki, mən Azərbaycan xalqını keçən il görülmüş əsas işlər
haqqında müəyyən dərəcədə
yığcam formada məlumatlandırıram. Nazirlər
Kabinetinin toplantıları, əlbəttə, o cümlədən
xalqa verilən hesabatdır. Mən müxtəlif
tədbirlərdə, müxtəlif görüşlərdə
xalqa müntəzəm olaraq hesabatlar verirəm. Eyni zamanda, görülmüş işlər
haqqında hesabatın bu formatda da verilməsi hesab edirəm
ki, düzgün addımdır.
Bu gün biz bu il
görüləcək işlər haqqında
danışacağıq. Müvafiq tapşırıqlar veriləcək
ki, 2019-cu il də ölkəmiz
üçün uğurlu il olsun.
***
Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək
dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas
iştirakçıları.
Müsəlman Şərqində ilk
demokratik respublikanın qurulmasının 100 illiyi münasibətilə
"Cümhuriyyət ili” kimi qeyd etdiyimiz 2018-ci il
ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı
hadisələrin əhəmiyyəti və zənginliyi
baxımından uğurlu bir il kimi səciyyələndirilməlidir.
Yola saldığımız
ilin ən əlamətdar hadisəsi aprel ayında
keçirilmiş prezident seçkilərində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
inamlı və parlaq qələbəsi olub. Azərbaycan xalqı
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki
dönməz sabitliyə və təhlükəsizliyə,
davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə,
modernləşməyə və firavan gələcəyə
aparan və son 15 ildə özünü təsdiq etmiş
uğurlu iqtisadi və sosial kursun davam etməsinə növbəti
dəfə tam dəstəyini ifadə edib.
2018-ci il dövlətimizin müasir
tarixində xüsusi yerə layiq olan bir sıra layihələrin
ərsəyə gəlməsi, o cümlədən nəhəng
transmilli "Cənubi Qaz Dəhlizi” layihəsi çərçivəsində
"Şahdəniz-2” və TANAP layihələrinin uğurla
reallaşması, "Azərspace-2” peykinin orbitə
buraxılması, Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı Kompleksinin, Sumqayıtda polipropilen zavodunun, Azərbaycanın
dövlət investisiyası ilə Türkiyədə
böyük neft emalı zavodunun istismara verilməsi ilə də səciyyələnir. Möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin təşəbbüskarı olduğu bu layihələr
uzun illər ərzində ölkə iqtisadiyyatının
inkişafına birbaşa və dolayısı ilə
mühüm töhfələr verəcək.
Ötən il "Büdcə sistemi
haqqında” Azərbaycan Respublikasının Qanununa, Vergi Məcəlləsinə
mühüm dəyişikliklər edilib, yeni büdcə və
ortamüddətli xərclərin
formalaşdırılması qaydası, dövlət borcunun
idarə edilməsinə dair orta və uzunmüddətli
strategiya, yeni vahid büdcə təsnifatı təsdiqlənib.
Qeyd olunan sənədlər qeyri-neft sektorunda vergi
yükünün azaldılmasını, büdcənin
sabitliyinin və ortamüddətli
dayanıqlığının təmin edilməsini, dövlət
xərclərinin prosiklikliyinin aradan
qaldırılmasını, maliyyə
inzibatçılığının və
hesabatlılığın daha da artırılmasını,
ölkədə dayanıqlı və idarəolunan dövlət
borcunun səviyyəsinin müəyyən edilməsini, bu sahədə
risklərin qarşılanması sisteminin təkmilləşdirilməsini
və nəzarət mexanizminin gücləndirilməsini
özündə birləşdirir.
2018-ci il, eyni
zamanda, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi,
qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin
vüsət aldığı bir zamanda xarici şokların
ölkə iqtisadiyyatına təsirlərinin
neytrallaşdırılması ili kimi də dəyərləndirilə
bilər. Büdcə-fiskal siyasətin monetar siyasətlə
sıx əlaqəli şəkildə həyata keçirilməsi
nəticəsində il ərzində milli
valyutanın sabitliyi qorunub, inflyasiyanın cilovlanmasına və
ötən ilin müvafiq dövrü ilə müqayisədə
10 faiz-bənd azalmasına nail olunub. Xarici ticarət
balansındakı müsbət saldo tədiyyə
balansının cari əməliyyatlar hesabının 5 milyard
ABŞ dollarına qədər, məcmu valyuta
ehtiyatlarının isə ötən ilin əvvəlinə
nisbətən 3,0 milyard ABŞ dolları məbləğində
və ya 6,5 faiz artmasını şərtləndirib.
2018-ci ilin sonuna Mərkəzi
Bankın valyuta ehtiyatları nəzərə alınmadan
hökumətin valyuta ehtiyatları xarici dövlət borcumuzu
4,3 dəfə üstələməklə
ümumi daxili məhsulun 83,5 faizini təşkil edib.
Ötən il
ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət
və icmal büdcələrinin icrasına da öz müsbət
təsirini göstərib. Operativ məlumatlara əsasən,
2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35
milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub.
İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə
artıqlığı və ya ümumi daxili məhsula nisbətdə
5,9 faizlik profisit əldə edilib. 2017-ci
illə müqayisədə gəlirlər müvafiq olaraq 6
milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər
isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub.
2018-ci ildə dövlət büdcəsinin
gəlirləri 22 milyard 411 milyon manat və yaxud təsdiq
olunmuş proqnoza nisbətən 262,0 milyon manat çox icra
edilib. Dövlət büdcəsinin kəsiri 951,0
milyon manat proqnoza qarşı faktiki olaraq 644,0 milyon manat az olub
və ya 307,0 milyon manatadək daralıb.
Qeyri-neft sektoru üzrə
büdcə daxilolmalarının artımla icra edilməsi
xüsusilə qeyd olunmalıdır. Bu daxilolmalar 9 milyard 10 milyon manat və
yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə
tutulduğundan 207,0 milyon manat, 2017-ci illə müqayisədə
isə 378,0 milyon manat və ya 4,4 faiz çox təşkil
edib.
2018-ci ildə Vergilər Nazirliyinin xətti
ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz,
2017-ci ilə nisbətən 444,0 milyon manat və ya 6,4 faiz
çox icra edilib.
Dövlət Gömrük Komitəsi
xətti ilə dövlət büdcəsinə 3 milyard 434
milyon manat və ya proqnoza nisbətən 244,0
milyon manat çox vəsait daxil olub. Bu 2017-ci illə
müqayisədə 825,0 milyon manat və
ya 31,6 faiz çoxdur.
Dövlət əmlakının
özəlləşdirilməsi üzrə proqnoz 1,2 faiz artımla yerinə yetirilərək
büdcəyə 101,2 milyon manat vəsait təmin edilib.
2018-ci ilin dövlət büdcəsinin
xərcləri 22 milyard 719 milyon manat və yaxud 98,4 faiz icra
edilib ki, bu da 2017-ci ilin icra göstəricisindən 0,3 faiz-bənd
çoxdur.
Ötən il
dövlət və icmal büdcələrdə nəzərdə
tutulan bütün sosial öhdəliklər, əsas dövlət
proqramları və prioritet kəsb edən layihələr tam
həcmdə maliyyələşdirilib.
Hesabat ilində dövlət büdcəsi
xərclərinin 31,7 faizi və ya 7 milyard
197 milyon manatı sosialyönlü xərclərin payına
düşür ki, bu da 2017-ci illə müqayisədə
506,0 milyon manat və ya 7,6 faiz çoxdur.
Azərbaycan Respublikası Prezidentinin
sərəncamlarına uyğun olaraq ötən ilin mart
ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi
məqsədilə ölkədə sosial müavinətlərin,
təqaüdlərin və digər sosial ödənişlərin
orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət
büdcəsindən maliyyələşən təşkilatlarda
çalışan işçilərin əməkhaqları
da 10 faiz artırılıb. Bu tədbirlərin maliyyələşdirilməsi
üçün dövlət büdcəsində əlavə
olaraq 446,0 milyon manat təminat
yaradılıb.
Sosialyönlü siyasətin digər
vacib istiqamətləri kimi qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi
və yaşayış şəraitinin
yaxşılaşdırılması üçün 2018-ci
ilin icmal və dövlət büdcələrindən
üst-üstə 436,0 milyon manat, sosial mənzillərin
tikintisi və güzəştli ipoteka proqramının
davamı üçün müvafiq olaraq 100,0 və 50,0 milyon
manat vəsait ayrılıb.
Eyni zamanda, Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri 626 mənzillə
təmin edilib, ordumuzda uzun müddət qüsursuz xidmət
etmiş hərbi qulluqçuların mülkiyyətinə
ötən il 394 mənzil verilərək, ümumilikdə hərbi
qulluqçulara verilmiş mənzillərin sayı 1284-ə
çatdırılıb.
Ölkəmizdə iqtisadi
inkişafın aparıcı qüvvəsi olan
sahibkarlığa dövlət dəstəyinin verilməsi
möhtərəm Prezidentimizin müəyyən etdiyi iqtisadi
inkişaf strategiyasının prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə
dövlət tərəfindən görülən məqsədyönlü
tədbirlər Dünya Bankının "Doing Business 2019” təhlilində
öz əksini tapıb, ölkəmiz ümumi reytinqdə
yeni rekorda imza ataraq dünyada 10 ən islahatçı
dövlət siyahısına daxil olub. Bu təhlil
ölkəmizdə əlverişli investisiya mühitinin cəlbediciliyinin
mühüm göstəricisi olmaqla, özəl, xarici və
daxili sərmayələrin iqtisadiyyatımıza, xüsusən
onun qeyri-neft sahələrinə axını üçün
əlavə güclü təkan verir.
Sahibkarlığa dövlət dəstəyinin
əyani göstəricisi kimi qeyd etmək yerinə düşər
ki, hesabat ili ərzində kənd təsərrüfatı sahəsində
çalışanlara 370,0 milyon manat məbləğində
subsidiya və güzəştlər verilib,
Sahibkarlığın İnkişafı Fondunun xətti ilə
999 sahibkara 160,0 milyon manat məbləğində güzəştli
şərtlərlə kreditlər ayrılıb, İpoteka və
Kredit Zəmanəti Fondu isə ölkə bankları tərəfindən
kreditləşdirilən 277,0 milyon manat məbləğində
ipoteka kreditlərini yenidən maliyyələşdirib, 17,0
milyon manat məbləğində kreditlərlə
bağlı zəmanət dəstəyi göstərib.
Ölkənin qeyri-neft məhsullarının
ixracının təşviqi və
stimullaşdırılması proqramı çərçivəsində
sahibkarlara dövlət büdcəsindən 15,0
milyon manat məbləğində ixrac təşviqləri
ödənilib.
Hesabat ilində sosial, fiziki
infrastruktur və digər investisiya təyinatlı layihələrin
maliyyələşdirilməsi üçün dövlət
investisiya proqramı hesabına 5 milyard 64 milyon manat və Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondu hesabına 301,0 milyon manat
– cəmi 5 milyard 365 milyon manat vəsait sərf edilib.
Möhtərəm Prezident, 2018-ci ildə
təsdiq etdiyiniz dövlət borcunun idarə edilməsinə
dair orta və uzunmüddətli strategiyanın icrasına
başlanılıb və ötən il ərzində
görülən tədbirlər hesabına xarici dövlət
borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəkindən
3,8 faiz-bənd azalıb və 19,0 faiz təşkil
edib.
Bununla yanaşı, daxili qiymətli
kağızlar bazarının təşviqi, bank və
sığorta sektorunun inkişafı üçün maliyyə
alətlərinə olan tələbatın ödənilməsi,
habelə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi
məqsədilə il ərzində daxili bazarda 1 milyard 81
milyon manat məbləğində daxili dövlət borc
kağızları yerləşdirilib.
Ümumiyyətlə dövlət
borcuna və öhdəliklərinə xidmət edilməsi ilə
bağlı xərclərə 2 milyard 260 milyon manat vəsait
istifadə olunub.
Möhtərəm cənab
Prezident.
Sizin də qeyd etdiyiniz kimi, yola
saldığımız 2018-ci ildə Azərbaycan
Respublikasının uğurlu, dinamik inkişafı təmin
olunub, ölkə qarşısında duran bütün vəzifələr
müvəffəqiyyətlə icra edilib, 2019-cu və gələcək
illərin iqtisadi inkişafının təməlləri
atılıb. Tam əminliklə söyləmək
olar ki, Sizin rəhbərliyinizlə 2019-cu ildə də davam
etdiriləcək köklü və çoxşaxəli
iqtisadi islahatlar, məqsədyönlü proqramlar
iqtisadiyyatımızın inkişafına və
xalqımızın rifahının yüksəldilməsinə
öz böyük töhfəsini verəcək.
İcazə verin,
çıxışımın sonunda Sizi əmin edim ki,
bugünkü iclasda verəcəyiniz tapşırıqlar da nəzərə
alınmaqla, 2019-cu ildə qarşıya qoyulan hədəflərin
təmin olunmasında Maliyyə Nazirliyinin kollektivi səylərini
əsirgəməyəcək.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil BABAYEV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas
iştirakçıları.
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev tərəfindən əsası
qoyulan və Sizin rəhbərliyinizlə uğurla həyata
keçirilən sosial-iqtisadi siyasət nəticəsində
ölkəmizdə davamlı iqtisadi artım təmin olunur,
çoxşaxəli sosial proqramlar
reallaşdırılır, sosial müdafiə sistemi yeni
inkişaf mərhələsinə qədəm qoyur.
Cənab Prezident, pensiya,
ünvanlı yardım, əlillik və məşğulluq
sahələrində şəffaflığın və sosial ədalətin
tam təmin olunması, bürokratiya, süründürməçilik
və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş
təmasının minimuma endirilməsi və elektron sistemlərin
tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin qarşısında qoyduğunuz əsas vəzifələrdir.
Bu vəzifələrə uyğun olaraq, sosial müdafiə
sisteminin inkişafına və mənfi halların aradan
qaldırılmasına xidmət edən geniş islahatlar
paketi hazırlanıb və Sizin dəstəyinizlə
icra olunur.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə sosial xidmətlərin vahid platforma və "bir pəncərə”dən,
şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və
"DOST” mərkəzlərinin yaradılmasına
başlanıb. Sizin 2018-ci il 9 avqust və
10 dekabr tarixli fərmanlarınıza əsasən "DOST”
layihəsinin hüquqi və institusional işləri artıq
başa çatıb.
"DOST” mərkəzlərində
birbaşa, telefon və internetlə, səyyar və tam
avtomatlaşdırılmış qaydada 124 xidmət göstəriləcəkdir. Tezliklə
Yasamal rayonunda ilk "DOST” mərkəzinin
açılması, cari ildə Bakıda daha 3 mərkəzin
yaradılması nəzərdə tutulur.
Eyni zamanda, elektron xidmətlərin
genişləndirilməsi məqsədilə Sizin
tapşırıqlarınızın və 2018-ci il 5 sentyabr
tarixli Fərmanınızın icrası olaraq "e-sosial”
internet portalı, "Məşğulluq” sistemi və 18 alt
sistemdən ibarət Mərkəzləşdirilmiş
İnformasiya Sistemi yaradılıb.
"E-sosial” portalı
ölkəmizdə ilk dəfə olaraq sosial reyestri
formalaşdırıb, vətəndaşlara əmək
müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil
və avtomobil növbəsi, əlillik, reabilitasiya və digər
məlumatlara birbaşa çıxış imkanı
yaradıb, şəffaflığı və ictimai
açıqlığı təmin edib.
Yanvar ayında istifadəyə veriləcək
"Məşğulluq” sistemi işsiz və işaxtaran
şəxslərin reyestrini, iş yerlərinin vakansiya
bankını və məşğulluq xidmətlərinin
elektronlaşmasını təmin edəcəkdir. Bu sistem vasitəsilə hər bir şəxs
arzuladığı vakansiyaya elektron müraciət edəcək,
eyni zamanda, işəgötürənlər işçi
qüvvəsinə sərbəst çıxış əldə
edəcəklər.
Pensiya təyinatı sahəsində
"Pensiyaçının dostu” proqramı hazırlanıb və
cari ildən avtomatlaşdırılmış pensiya təyinatına
başlanıb. Bu innovativ yanaşma əsasında, vətəndaşın
hüququ yarandığı gün elektron qaydada pensiya təyinatı
aparılır, ona pensiya məbləği, ödəniş
kartını əldə edəcəyi bank filialı barədə
"sms”, e-mail və məktub göndərilir.
İslahatın tərkib hissəsi
kimi, fərdi hesabında pensiya kapitalı olan şəxslərə
2006-cı ilədək 25 il sığorta
stajı avtomatik hesablanır. Bu mühüm sosial təşəbbüs
vətəndaşlarımıza Sizin qayğınızın
növbəti təzahürüdür və cari ildə əlavə
olaraq 19 min 500 nəfərin pensiya almasına və onların
aylıq gəlirlərinin 48 faiz artmasına imkan
yaradacaqdır. Artıq 628 şəxsə elektron qaydada pensiya
təyin edilib və pensiya hüququ yaranacaq şəxslərin
70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz
avtomatlaşdırılmış şəkildə
aparılacaqdır.
Möhtərəm cənab
Prezident, hesabat ilində inzibatçılığın təkmilləşdirilməsi
və ciddi nəzarət tədbirləri nəticəsində
Dövlət Sosial Müdafiə Fondu tərəfindən
sosial sığorta haqları 2017-ci ilə nisbətən 246
milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata
çatıb.
Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494
milyon manatı keçib, əvvəlki illə müqayisədə
152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1
faiz və ya 86 milyon manat çox olub.
Ötən il Fondun xərcləri 3
milyard 682 milyon manat təşkil edib və bunun 97,8 faizi əhaliyə ödənişlərə
yönəldilib. Sizin sərəncamlarınızla ölkə
üzrə əmək pensiyalarının sığorta hissəsi
5,7 faiz, sosial müavinətlər və təqaüdlər
isə 10 faiz artırılıb. Beləliklə, 2018-ci ildə
pensiyaların orta aylıq məbləği 6,8
faiz, yaşa görə pensiya isə 7,3 faiz çox olub.
Aztəminatlı ailələrin
sosial müdafiəsi məqsədilə ünvanlı dövlət
sosial yardımı proqramının icrası davam edib, dekabrda
yardımın orta aylıq məbləği 189 manata
çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib.
Bu sahədə mənfi halların
qarşısının alınması və
ünvanlılığın təmin edilməsi nəticəsində
təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə
102 milyon manat və ya 49 faiz qənaət edilib.
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il
münasibətilə aztəminatlı ailələrə
yardım verilməsi haqqında Sərəncamınızla 172
min üzvü olan 42895 ailəyə vəsait ödənilib.
Şəhid ailələrinin
və müharibə əlillərinin mənzillə təminatı
proqramı da uğurla davam edib. 1997-ci ildə
ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə başlanan proqram ildən-ilə genişlənib və
6654 ailəyə mənzillər təqdim edilib.
Sizin və birinci xanım
Mehriban Əliyevanın avqustun 1-də müharibə əlilləri
və şəhid ailələrinə mənzillərin verilməsi
mərasimində iştirakınız onlara yüksək diqqətin
növbəti təzahürü olub. Tədbirdən bir
gün sonra imzaladığınız Sərəncamla ehtiyat
fondundan 20 milyon manat əlavə vəsaitin ayrılması nəticəsində
2018-ci ildə onlara 626 mənzil və 265 minik avtomobili verilib.
Möhtərəm cənab
Prezident, 2018-ci ildə keçirilmiş seçkilərdə
əhalinin mütləq əksəriyyətinin
etimadını yenidən qazanaraq, Prezident seçildikdən
sonra imzaladığınız ilk Fərman da şəhid ailələri
ilə bağlı növbəti humanist addımınız
olub. Fərmanın
icrası olaraq 11 min manatlıq ödənişin verilməsi
üçün elektron xidmət yaradılıb və 3097
şəhidin 4190 vərəsəsinə məmur təması
olmadan 34 milyon manat vəsait ödənilib.
Nazirlik qarşısında
qoyduğunuz vəzifələrdən biri də əlilliklə
bağlı yeni konsepsiyanın hazırlanması və əlilliyi
olan şəxslərin təminatının gücləndirilməsidir. Bununla əlaqədar
olaraq, Dünya Səhiyyə Təşkilatının və
Avropa ölkələrinin standartları əsasında əlillik
üzrə yeni meyarlar hazırlanıb. Bu
meyarlarda əlillik dərəcəsinin ənənəvi
üç qrup əvəzinə, əmək və
özünəqulluq qabiliyyətinin itirilməsi faizi əsasında
qiymətləndirilməsi, sosial reabilitasiya və əməyə
adaptasiya imkanları da nəzərə alınıb.
Əlillik təyinatlarında şəffaflığın
təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri
görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş
nəticəsində 2018-ci ilin dördüncü
rübündə birinci rüblə müqayisədə əlillik
təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz
azalıb. Əsassız təyinatlar ləğv
edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət
olunub.
Hesabat ilində 11 min 900 nəfərə
reabilitasiya xidmətləri göstərilib, 35 min 300
reabilitasiya vasitəsi, 7557 sanator-kurort yollayışı
verilib.
Çox hörmətli cənab
Prezident, hesabat ilində işaxtaran vətəndaşlar
üçün məşğulluq imkanlarının yaradılması,
aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi
islahatları da davam etdirilib. 2018-ci ildə Dövlət Məşğulluq
Xidməti tərəfindən əvvəlki ilə nisbətən
8,1 faiz çox olmaqla 51 min 774 nəfər işlə təmin
edilib, 118 min 138 nəfər peşəyönümü məsləhətlərinə,
2914 nəfər peşə hazırlığı
kurslarına cəlb olunub, 8760 nəfərə işsizlikdən
sığorta və müavinət ödənilib. Qeyri-rəsmi
məşğulluğun qarşısının
alınması istiqamətində həyata keçirilən tədbirlər
nəticəsində əmək müqavilələrinin
sayı 91,3 min artıb.
Özünüməşğulluq
proqramı 2018-ci ildə 6,5 dəfə
genişlənib, 7267 nəfər biznes planlarını
uğurla müdafiə edib. 5000-dən çox
ailə aktivlərlə təmin olunub və kiçik ailə
təsərrüfatlarını yaradıb.
Proqrama cəlb olunanların əksəriyyətini
ünvanlı yardım alanlar, məcburi köçkünlər,
əlilliyi olanlar, şəhid ailələri, qadınlar və
gənclər təşkil edib. Heydər Əliyev
Fondu bu istiqamətdə Nazirliyə dəstək verib və
"Sosial bağlar” layihəsi çərçivəsində
125 ailə üçün bağçılıq təsərrüfatları
yaradılıb.
Tapşırığınıza
əsasən ictimai işlərin təşkilinə dair
"İşsizin dostu” adlı yeni proqram hazırlanıb,
"DOST İŞ MƏRKƏZİ” yaradılıb. Mərkəz vasitəsilə
bu il 30 minədək işsiz şəxs
ictimai işlərə tam şəffaf şəkildə cəlb
ediləcəkdir.
Cənab Prezident, Sizi əmin edirəm
ki, Nazirliyin kollektivi sosial inkişaf proqramınızın
yüksək səviyyədə icrası üçün
2019-cu ildə də bütün səylərini səfərbər
edəcəkdir.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Dövlət Gömrük Komitəsinin
sədri Səfər MEHDİYEV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas
iştirakçıları.
Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən əsası qoyulmuş
sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq
zamanın çağırışlarına adekvat qərarlar
qəbul edilməklə ölkəmizin iqtisadi gücü daha
da artırılıb. 2018-ci ildə ölkəmizin maliyyə
dayanıqlılığı, yaxın və uzaq gələcəyə
hədəflənmiş düzgün iqtisadi inkişaf
strategiyası sayəsində makroiqtisadi sabitlik təmin edilib
və iqtisadiyyatımızın inkişaf dinamikasının
qorunub saxlanılmasına nail olunub. Əldə
olunan bu nailiyyətlər, cənab Prezident, Sizin rəhbərliyiniz
ilə aparılmış genişmiqyaslı islahatların nəticəsində
qazanılıb və ötən dövr ərzində beynəlxalq
aləmdə ölkəmizin mövqeləri daha da güclənib.
2018-ci ildə ölkə
iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər
hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət
Gömrük Komitəsi idxal-ixrac əməliyyatları
üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə
dövlət büdcəsinə 3 milyard 434 milyon manat
gömrük ödənişinin köçürülməsini
təmin edib. İlin əvvəlində nəzərdə
tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya
141 faiz çox gömrük vergi və rüsumları
toplanaraq dövlət büdcəsinə
köçürülüb.
Qeyd etmək istəyirəm
ki, hesabat dövründə ticarət dövriyyəsi 30
milyard 924 milyon ABŞ dolları təşkil edib. İxracın həcmi 19
milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465
milyon ABŞ dolları olub. 2017-ci illə
müqayisədə 2 milyard 682 milyon ABŞ dolları məbləğində
artan idxalın həcminin heç də hamısı vergitutma
bazası deyil. Aparılan təhlillərin nəticəsi
olaraq bildirmək istəyirəm ki, artan idxalın tərkibində
strateji qızıl ehtiyatlarını artırmaq məqsədilə
Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Mərkəzi
Bankı tərəfindən imtiyazlı qaydada ölkə ərazisinə
gətirilən, dövlət əhəmiyyətli 803.0 milyon
dollar dəyərində qızıl külçələr,
eyni zamanda, müxtəlif təsərrüfat subyektləri tərəfindən
ölkəyə idxal olunan 300 milyon dollar məbləğində
avadanlıq və mexaniki qurğular və digər imtiyazlı
mallar təşkil edib. Bununla yanaşı, idxalın tərkibində
vergitutma bazası olan 1 milyard 200 milyon dollar məbləğində
artıma səbəb isə gömrük orqanları tərəfindən
malların real qiymətləndirmə əsasında
qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi
olub.
Cənab Prezident, gömrük
orqanları qarşısında gömrük sistemində
şəffaflığın təmin olunması,
idxal-ixrac əməliyyatları üzrə statistik uçotun
düzgün qurulması və xarici ticarət fəaliyyəti
ilə məşğul olan şəxslərlə məmur təmasının
minimuma endirilməsi, gömrük xidməti mədəniyyətinin
yüksəldilməsi kimi mühüm tapşırıqlar
qoymusunuz. Bildirmək istəyirəm ki, 2018-ci
ildə ölkə ərazisinə gətirilən mallara və
nəqliyyat vasitələrinə gömrük nəzarəti
daha da gücləndirilib, gömrük qaydalarının
pozulmasına qarşı mübarizə tədbirləri
genişləndirilib. Əməliyyat-axtarış
fəaliyyəti istiqamətində həyata keçirilmiş
kompleks tədbirlər nəticəsində 747 cinayət
xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb.
Hesabat dövründə narkotiklərin
qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar
edilib və bu faktlar üzrə ümumilikdə 1 ton 193
kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz
dövriyyədən çıxarılıb. Bundan
başqa, valyuta və valyuta sərvətləri, zinət əşyaları,
dərman preparatları, mobil telefonlar, pnevmatik və soyuq
silahlar və digər mallar tutulub. Cari ildə
gömrük orqanları tərəfindən 308 nəfər
cinayət məsuliyyətinə cəlb olunub və aşkar
edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta
faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki
şəxs barəsində inzibati qaydada tədbirlər
görülüb.
Aparılan hesablamalara görə,
gömrük nəzarətindən gizlədilərək
gömrük sərhədindən keçirilməsinə cəhd
edilmiş və nəticədə tərəfimizdən
saxlanılmış qaçaqmalçılıq predmeti olan
malların ümumi dəyəri 107 milyon manat olub, 416 milyon
manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli
qaydada gömrük rəsmiləşdirilməsindən
keçirilməsi cəhdlərinin qarşısı
alınıb. Bununla yanaşı, xidməti fəaliyyəti
zamanı aşkar edilmiş korrupsiya faktları və bu
faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı
"Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin
və Əmək Məcəlləsinin müvafiq maddələrinə
əsasən tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi
üçün 17 gömrük əməkdaşı barəsində
açılan cinayət işi üzrə istintaq
materialları Azərbaycan Respublikasının Baş
Prokurorluğuna göndərilib. Cari ildə
də Baş Prokurorluq və digər hüquq-mühafizə
orqanları ilə birlikdə korrupsiya hallarına qarşı
mübarizə tədbirləri daha da gücləndiriləcək.
Cənab Prezident, Azərbaycan
gömrük xidməti idarəetmə prinsipini tam
kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə
sistemini 100 faizə çatdırıb və dünyanın
qabaqcıl ölkələri sırasına
daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət
üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və
gömrük xidməti göstərilib.
Diqqətinizə
çatdırmaq istəyirəm ki, ötən dövr ərzində
gömrük xidməti olaraq bizim üçün ən
önəmlisi xarici ticarət fəaliyyəti zamanı şəffaflığın
təmin edilməsi olub. Burada, ilk növbədə, ən vacib və
problemli məsələ bir çox hallarda xarici ticarət fəaliyyət
iştirakçıları tərəfindən ölkəyə
gətirilən mal və nəqliyyat vasitələrinin
düzgün və real dəyərlə bəyan
olunmamasıdır. Lakin tərəfimizdən
qanunun aliliyi əsas götürülərək beynəlxalq
prinsiplərə əsaslanan mövcud qanunvericiliyin müddəaları,
idxal mallarına münasibətdə qiymətləndirmə
metodları düzgün tətbiq olunur və daxili bazarda rəqabətliliyin
qorunması təmin edilir.
Fiskal funksiyalar həyata
keçirən qurumların, o cümlədən gömrük
xidmətinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə
göstərir ki, vergiödəyiciləri arasında
könüllü riayət psixologiyasının
formalaşdırılması və onlara mütəmadi
özünüqiymətləndirmə sisteminin tətbiqinin
aşılanması faktiki olaraq büdcə gəlirləri ilə
bağlı müəyyən edilmiş öhdəliklərin
icrasında daha effektiv metod hesab olunur. Hazırda bu formatda
yanaşma ilə bağlı yeni qanunvericilik aktı Zati-alilərinizin
müvafiq Fərmanı ilə təsdiqlənib.
Möhtərəm cənab Prezident,
Sizin "Xarici ticarət iştirakçılarının
"Yaşıl dəhliz” buraxılış sistemindən
daimi istifadə hüququnu əldə etməsi, həmin
hüququn dayandırılması, ləğvi və bərpası
Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21
dekabr tarixli Fərmanınız ölkəmizdə
sahibkarlığın inkişafına, xüsusən qeyri-neft
məhsullarının, o cümlədən kənd təsərrüfatı
və tez xarab olan digər məhsulların ixracına yeni təkan
verib və biznes mühitinin daha da şəffaflaşmasında
inqilabi dönüş olaraq hökumət-biznes münasibətlərində
"Könüllü riayət mədəniyyətinin”
əsasını qoyub.
Cənab Prezident, ölkədə
idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında müvafiq sərəncamlarınızın
icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsi
ilə Vergilər Nazirliyi
qarşılıqlı əlaqələndirmə
formatında idxal-ixrac əməliyyatlarına birgə nəzarət
tədbirləri həyata keçirib, xarici ticarət fəaliyyət
iştirakçılarının vergidən yayınma cəhdləri
nəzarətə götürülüb, vahid risk
platformasının tətbiqinə başlanılıb. Qeyd
etmək istəyirəm ki, iki dövlət qurumu arasında
idxal-ixrac mallarına münasibətdə risklərin idarə
olunması prinsipinin ən yüksək səviyyədə tətbiqinə
demək olar ki, nail olmuşuq. Qarşılıqlı
nəzarət sisteminin tətbiqi dövlətin büdcəsindən
vergi yayınmasının qarşısını almaqla
yanaşı, sahibkarlıq subyektlərində yüksək
vergi mədəniyyətinin və könüllü riayət
sisteminin formalaşdırılması istiqamətində
görüləcək ən mühüm tədbirlərdən
olacaq.
Diqqətinizə çatdırmaq istəyirəm
ki, ölkəmizin artan turizm potensialı fonunda 2018-ci ildə
sərhədi keçən fiziki şəxslərin ümumi
sayı 15 milyon 500 min nəfər olmaqla 2017-ci illə
müqayisədə 2 milyon nəfər artıb və bu şəxslərə
Dövlət Sərhəd Xidməti ilə birlikdə gücləndirilmiş
iş rejimində xidmət göstərilib.
Cari ildə yeni innovasiya tipli layihələrin
həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun
təmin edilməsinə və ticarət dövriyyəsinin
daha da artırılmasına nail olunacaq. Ümumi
Tranzit Konvensiyasına əsaslanan tranzit sisteminin inkişaf
etdirilməsi qarşıya qoyulmuş başlıca hədəflərdən
biridir. Yeni kompüterləşdirilmiş
tranzit sisteminin tətbiq olunmasının tezləşdirilməsi
üçün milli qanunvericiliyin
uyğunlaşdırılması, tranzit zəmanət
sisteminin yaradılması istiqamətində müvafiq işlər
görülməkdədir. Bu isə
"Made in Azerbaijan” markalı malların Avropa bazarlarına sərbəst
çıxışını təmin edəcək.
Möhtərəm cənab Prezident,
icazə verin, Sizi əmin edim ki, Zati-alilərinizin ölkədə
apardığı uğurlu iqtisadi siyasətin nəticəsi
olaraq cari ildə də göstəriş və sərəncamlarınızın
icrasını təmin etməklə Dövlət
Gömrük Komitəsi xidməti fəaliyyətini müasir
dünya standartlarına uyğun həyata keçirəcək,
ölkəmizin iqtisadi təhlükəsizliyini qoruyaraq 1
milyard 272 milyon manat artımla proqnozlaşdırılan və
qanunla təsdiq olunmuş 3 milyard 702 milyon manat büdcə
öhdəliyini artıqlaması ilə yerinə yetirəcək.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Azərbaycan Prezidenti
İlham Əliyev iclasda yekun nitqi söylədi.
Azərbaycan.- 2019.- 12 yanvar.- S.1, 2, 3.