Azərbaycan
inkişaf, tərəqqi, sabitlik ölkəsidir
Prezident İlham
Əliyevin yekun nitqi
- Mən əminəm ki, biz 2019-cu ildə
də qarşımıza qoyduğumuz bütün vəzifələri
icra edəcəyik. Bu il də ölkəmiz
üçün uğurlu il olacaqdır. Mən giriş
sözümdə qeyd etdim ki, keçən il
dərin islahatlar ili olmuşdur. Bu islahatlar cəmi il ərzində özünü göstərdi,
əlbəttə ki, gələcək illərdə
özünü daha böyük həcmdə göstərəcək.
Xüsusilə vergi və gömrük sahələrində
aparılan islahatlar çox böyük əhəmiyyət
daşıyır. Bu sahələrdə
sağlamlaşdırma prosesi gözəl nəticələr
verir. Bizim maliyyə imkanlarımız
genişlənir. Görülmüş işlər, yəni,
artıq apardığımız islahatlar bu il
də özünü böyük dərəcədə
göstərəcək.
Burada qeyd olundu ki,
gömrük sahəsində aparılan islahatlar nəticəsində
biz büdcəmizi böyük dərəcədə
artıra bilmişik. Hətta keçən il
dürüstləşmə apararaq büdcəmizi
artırmışıq ki, əlavə işləri görə
bilək. Həm sosial sahəyə, həm də
infrastruktur layihələrinin icrası ilə bağlı əlavə
vəsait ayrıldı. Bütün bunlar
nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də
gömrük sahələrində artıq yeni yanaşma
mövcuddur. Yeni icraçılar vəzifəyə
gətirildi, rəhbərlikdə dəyişikliklər edildi
və hər bir ölkə üçün xüsusi əhəmiyyət
daşıyan bu qurumlar indi çox yaxşı işləyir,
şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox
ciddi mübarizə aparılır və aparılacaqdır.
Bu işlərdə əli olan adamlar məsuliyyətə
cəlb olunur, vəzifədən kənarlaşdırılır.
Yəni, tam sağlamlaşdırma prosesi gedir və
artıq keçən ilin timsalında biz gözəl nəticələri
görə bilmişik.
Vergi sahəsində də
çox dərin islahatlar aparılıb. Hesab edirəm
ki, vergi planının yerinə yetirilməsi çox yüksək
qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən
buraxılmış kobud səhvlər ona gətirib
çıxarmışdı ki, gələn illərin vergiləri
yığılırdı, beləliklə, bir piramida
yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız
tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm
sürürdü, bir çox xoşagəlməz əməllər
müşahidə olunurdu. Bütün
bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən
ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm
gömrük sahəsində yeni rəhbərlik mənim
göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini
bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və
dürüstlük olmalıdır. Bu sahələrdə
işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki
qayda ilə işləmək mümkün olmayacaq və onlar
özləri də bu nəticəni çıxarsınlar.
Kim ki nəticə çıxarmır, onlara
qarşı tədbirlər görülür, o cümlədən
bir çox adamlar cinayət məsuliyyətinə də cəlb
olunurlar.
Mən tam əminəm ki,
aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz
artacaq, - artıq artıb, gömrük 1 milyard manat əlavə
vəsait toplayıb, - eyni zamanda, biz kölgə
iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu,
böyük bəladır və biz bu bəla ilə
bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı
olmamalıdır. Düzdür, elə bir
ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı
olmasın. Biz kölgə iqtisadiyyatına
qarşı həm inzibati, həm də institusional yollarla, o
cümlədən islahat yolu ilə mübarizə aparırıq
və aparacağıq. Vergi sahəsində
aparılan islahatlar qanunsuz məşğulluğa son
qoymalıdır. Hesab edirəm ki, icbari
tibbi sığortanın tam işə düşməsi nəticəsində
qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə,
aradan qaldırılacaq. Kölgə
iqtisadiyyatına qarşı mübarizə metodları kifayət
qədər çoxşaxəlidir. Biz
onların hamısından istifadə edirik və edəcəyik.
Hər kəs başa düşməlidir ki, Azərbaycanda
bütün işlər qanun çərçivəsində
aparılmalıdır. Heç bir
qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə
çıxarsın. Ona görə bu il
də islahatların dərinləşməsi istiqamətində
çox ciddi addımlar atılacaq. Bu, təkcə
vergi və gömrük sahələrinə aid deyil. Eyni zamanda, sosial sahədə çox ciddi islahatlar
aparılır. Bu gün onların bir hissəsi
səsləndirildi. Bu sahədə də
vaxtilə çox böyük pozuntular, ədalətsizliklər
olub. Bütün bunlar indi aradan
qaldırılır və bu sistem də vətəndaşlara
tam ədalətli xidmət edəcək.
Bu il infrastrukturla
bağlı bir çox önəmli layihələr icra ediləcək.
Biz son illər ərzində infrastrukturun
yaradılması ilə çox ciddi məşğul
olmuşuq. Təsadüfi deyil ki, Davos
Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə,
Azərbaycan infrastrukturun inkişafı üzrə qabaqcıl
yerlərdədir, 30-cu yerdədir. Ancaq hələ
ki, görüləsi işlər var və bu istiqamətdə
işlər aparılacaq. Bu il
"Şimal-2" yeni böyük elektrik stansiyasının
istifadəyə verilməsi gözlənilir. Bu
stansiya 400 meqavat enerji istehsal edəcək. İndi biz özümüzü elektrik enerjisi ilə
tam təmin edirik, hətta böyük həcmdə ixrac da
edirik. Ancaq biz yeni güclər
yaratmalıyıq. Çünki tələbat
artır, sənaye artır, əhali artır və ixrac
imkanlarımız genişlənir. Ona
görə 400 meqavat gücündə "Şimal-2"
elektrik stansiyasının işə salınması
mühüm hadisə olacaqdır. Bununla bərabər,
keçən ilin ikinci yarısından başlayaraq – o qəza
baş verəndən sonra bizim enerji sistemimiz çox ciddi təftiş
olunur. Bu sahədə də çox
böyük pozuntular aşkarlanıb. Məhz
bu pozuntular nəticəsində biz yay mövsümündə
gözlənilməz bir qəza ilə üzləşmişdik.
Ona görə bütün
çatışmazlıqlar operativ qaydada aradan
qaldırılır və eyni zamanda, mövcud enerji
bloklarımızın reabilitasiyası, yenidən qurulması
prosesinə start verilib. Bu məqsədlər
üçün keçən il vəsait
ayrılıb. Ancaq mövcud enerji
qurğularımızı təmir edərək, onlara
düzgün xidmət göstərərək biz yeni
stansiyalar tikmədən enerji istehsalını ən azı
500 meqavat artıra bilərik. Bu, çox
böyük rəqəmdir. Gücü 400 meqavat olan
"Şimal-2" stansiyasının işə salınması
ilə biz bu il 1000 meqavata yaxın yeni generasiya gücünə
malik ola bilərik. Bu, əlbəttə ki, ixrac
imkanlarımızı böyük dərəcədə
artıracaq. Çünki keçən il
biz elektrik enerjisinin ixracından 10 milyonlarla dollar pul əldə
etmişik, bu vəsait xəzinəyə daxil olubdur.
Keçənilki qəzadan
sonra aydın oldu ki, bizim strateji obyektlərimiz bu fövqəladə
vəziyyətə hazır deyil və bu, böyük təəssüf
hissi yaradır. Əlbəttə ki, bu strateji obyektlərə
rəhbərlik edən şəxslər də tənbeh
olundu. İndi isə görülən və
görüləcək işlər nəticəsində
bütün strateji obyektlərdə müasir generator sistemi
quraşdırılacaq, bu məqsədlər
üçün vəsait ayrıldı. İlk
növbədə, metro stansiyalarında generatorlar
quraşdırılacaq. Artıq kontraktlar da imzalandı
və bu il biz bunu tam şəkildə təmin
edəcəyik. Bu, bizə imkan verəcək ki, əgər hər
hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın. Yəni, bu
generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin
və vətəndaşlar stansiyaya həm rahat düşə
bilsinlər, həm də eskalatorlarla qalxa bilsinlər. Metroda quraşdırılan generatorların əsas
funksiyası bundan ibarətdir. Bizim
bütün strateji səhiyyə obyektlərində də təftiş
aparıldı və bütün obyektlərdə bu sahədə
tam təminat təşkil ediləcəkdir.
Söz verdiyimiz kimi, keçən il Azərbaycanda qazlaşdırmanın səviyyəsi
95 faizə çatıb və hesab edirəm ki, bu, ən
yüksək göstəricidir. Dünyada nadir
ölkələr tapılar ki, bu dərəcədə
qazlaşdırma aparılsın. Hesab edirəm ki, bu
proses bu il də davam etdirilməlidir. Hələ ki, bir çox kəndlərdə qaz
yoxdur və o kəndlərin qazlaşdırılması
gündəlikdə duran məsələdir.
İçməli su ilə
bağlı aparılan işlər nəticəsində 38
şəhərin su məsələsi tam şəkildə
öz həllini tapıb. Hazırda 12 şəhərdə
işlər gedir və yaxın gələcəkdə o şəhərlərin
də içməli su ilə tam təminatı təşkil ediləcəkdir.
Bu il beş şəhərdə işlər
başa çatacaq. Bu sahədə görülən
işlər daim diqqət mərkəzindədir. İçməli su layihələrinin icrası
insanların sağlamlığına verilən böyük
töhfədir.
Keçən il 2
min kilometr avtomobil yolu salınmışdır. Bu,
rekord göstəricidir. Ümumilikdə isə
2004-cü ildən bu günə qədər 15 min kilometr
avtomobil yolu salınıb. Davos
Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol
infrastrukturunun keyfiyyətinə görə Azərbaycan
dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir
çox ölkələri də qabaqlayırıq və bu
proses davam etdiriləcək. Keçən il
920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar
salınıb. Bu yaşayış məntəqələrində
2,2 milyon insan yaşayır. Yəni, 2,2 milyon insanın yol problemi həll olunub. Bildiyiniz kimi, bu, eyni zamanda, iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının
inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər
də öz həllini tapır, o cümlədən xəstəxanalara
insanlar daha da tez çata bilirlər. Yəni, bunun
çox böyük əhəmiyyəti var. Bu il
investisiya proqramında yol tikintisi üçün kifayət qədər
vəsait nəzərdə tutulub. Bu il ən
azı, hələlik ən azı 1000 kilometr yeni yol
salınacaqdır. Onların arasında əlbəttə
ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral
yolların tikintisinin davam etdirilməsi layihələri var, o
cümlədən Astara-İran sərhədi yolu. Çünki biz Bakıdan Astaraya qədər yeni
yol salmışıq. Çox gözəl
yoldur və məsafəni də təqribən 40 kilometr
qısaldır. Eyni zamanda, bu magistral yol
şəhərlərə girmədən gedir və hər
bir şəhərə ayrıca giriş nəzərdə
tutulubdur. Ancaq Astara şəhərindən
İran sərhədinə qədər yol yoxdur, yol şəhərin
içindən keçir. Ona görə
biz bu layihəni də icra edəcəyik. Plana
görə, bu ilin sonunadək Astaradan İran sərhədinə
qədər yeni dördzolaqlı yol çəkiləcək
və beləliklə, yük maşınları Astara şəhərinə
girmədən, vətəndaşları narahat etmədən
sərhədə qədər gedə biləcək.
Biz bu il yeni
Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün
də böyük vəsait nəzərdə tutmuşuq. Bu, sahil boyu ilə Rusiya sərhədinə gedən
tamamilə yeni bir yoldur. Beləliklə, həm
Rusiya sərhədinə gedən ikinci yolumuz olacaq, eyni zamanda,
çox keyfiyyətli yol olacaq. Bununla
yanaşı, bu günə qədər boş qalan torpaqlarda
canlanma olacaqdır. Çünki bu ərazilər
istifadəsiz qalmışdı. İndi o ərazilərdə
kənd təsərrüfatının inkişafı
üçün müxtəlif layihələr icra edilir.
O cümlədən Taxtakörpü su anbarı və
Ceyranbatana qədər gələn kanal da əlbəttə
ki, o torpaqlara suyun verilməsini təmin edir. Sumqayıt-Rusiya sərhədi
yolunun böyük hissəsi bu il icra edilməlidir.
Natamam qalmış Bakı-Gürcüstan sərhədi
yolu. Gəncə şəhərinə qədər
dördzolaqlı yol salınıb və Gəncədən
Gürcüstan sərhədinə qədər ikizolaqlı
yolu biz dörd zolağa genişləndirməliyik. Bu məqsədlər üçün də vəsait
nəzərdə tutulub. Şəhərlərarası,
şəhərlərdaxili və kənd yolları tikiləcək.
Keçən il
biz meliorativ tədbirlər görməklə 100 min hektar
torpağa su verilməsini təmin etdik. Onlardan
60 min hektara su verilirdi, ancaq çox zəif verilirdi. Yəni,
keçən il o torpaqlara suyun verilməsi
yaxşılaşdırıldı, 40 min hektara isə
heç vaxt su verilmirdi, bu da əkin dövriyyəsinə cəlb
edilmiş suvarılan yeni torpaqlar olacaqdır. Yəni, həm
2017-ci ildə 100 min hektara, həm də keçən il 100 min hektara suyun verilməsi kənd təsərrüfatına
çox böyük dəstəkdir. Bu il
artıq verilən təkliflərə görə ən
azı 80 min hektara suyun verilməsi nəzərdə tutulur. Bundan əlavə, 300 subartezian quyusu qazılacaq.
Biz onu hər il edirik, keçən il də,
əvvəlki illərdə də. Üç
yüz subartezian quyusunun qazılması kəndlərdə həm
içməli suya olan tələbatı ödəyir, həm
də ki, kənd təsərrüfatına xidmət göstərir.
Bu il sosial
infrastrukturla bağlı işlər görüləcək. Mən giriş sözümdə qeyd etdiyim kimi, məcburi
köçkünlərin məişət problemlərinin həlli
təmin ediləcəkdir. Bu il 5800
ailəyə yeni mənzillər verildi. Onu da
qeyd etməliyəm ki, bu mənzillərdən 1000-i "Qobu
Park” yaşayış kompleksində özəl şirkət
tərəfindən inşa edilmiş və
köçkünlərə təmənnasız
verilmişdir. Bu, çox müsbət təşəbbüsdür,
mən bunu çox alqışlayıram. Bizim
böyük biznes qurumlarımız sosial sahələrdə də
fəal olmalıdırlar. Elə birinci təcrübə
çox təqdirəlayiqdir. Bildiyimə görə, bu
proses bu il də davam etdiriləcək.
İlkin hesablamalara görə, bu il təqribən
5000 köçkün ailəsi üçün yeni mənzillər
tikilib istifadəyə veriləcək. Hələlik biz bu rəqəm
üzərində dayanırıq, amma il ərzində
baxarıq, əgər imkan olarsa, bunu daha da artıra bilərik.
Nə qədər çox etsək, bir o qədər
də yaxşıdır. Ancaq
hamımız bilməliyik ki, bu, böyük vəsait tələb
edən layihələrdir və biz bu məsələləri
imkan daxilində həll edirik. Bu günə
qədər 300 min məcburi köçkün yeni evlərlə
təmin edilibdir.
Şəhid ailələrinə
və Qarabağ müharibəsi əlillərinə evlərin
verilməsi prosesi davam etdiriləcək. Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı
800 mənzil veriləcək. Hesab edirəm ki,
bu, çox düzgün addımdır. Çünki
bu ailələr buna layiqdirlər. Biz həmişə
onların problemlərini diqqət mərkəzində
saxlayırıq. Altı mindən çox
ailə artıq dövlət tərəfindən evlərlə
təmin edilib. Mən bilmirəm və
eşitməmişəm ki, hansısa başqa ölkədə
belə təcrübə var. Ancaq bizim üçün əsas
o deyil, əsas odur və biz hesab edirik ki, bu,
düzgündür. Bu vətəndaşlara
mənzil hədiyyə etmək hesab edirəm ki, bizim
borcumuzdur. Biz bunu edirik və edəcəyik.
Bu proses davam edəcək. Bütün şəhid
ailələrinin nümayəndələri evlərlə təmin
olunacaqlar.
Bildiyiniz kimi, keçən il prezident
seçkilərindən dərhal sonra şəhid ailələrinin
vərəsələrinə, - o vərəsələrə
ki, o yardımı, o müavinəti almayıblar,- mənim Sərəncamımla 11 min manat vəsait
nəzərdə tutulur. Artıq vəsaitin
verilməsi prosesi başlanmışdır. Bu günə qədər siyahıda 10 minə
yaxın vərəsə var. Onların hamısına 11 min
manat veriləcəkdir. Eyni zamanda,
siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ
ilə bağlı təkliflər də irəli
sürülür. Mən artıq bu barədə
sözümü demişəm. Burada əlbəttə
ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm
ki, biz bu istiqamətdə də istədiyimizə nail
olacağıq. Yəni, bu təşəbbüs,
bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti
almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də
demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir
və bu məsələ ilə bağlı bundan sonra da
açıqlamalar veriləcəkdir.
Keçən il
140-dan çox məktəb tikilib. Bu il
100-dən çox məktəbin tikintisi nəzərdə
tutulur. Qəzalı vəziyyətdə olan məktəblərin
yenidən tikilməsi hesab edirəm ki, maksimum iki il çəkə bilər. Bu il
və gələn il biz bu proqramı başa
çatdırmalıyıq.
Bu il mərkəzi
rayon xəstəxanalarının tikintisi davam etdiriləcək.
Bu il 10-a yaxın mərkəzi rayon xəstəxanasının
açılışı gözlənilir. Keçən il də bir çox yerlərdə xəstəxanalar
açılmışdır. Bu il
üç Olimpiya İdman Kompleksinin
açılışı nəzərdə tutulur. Beş "ASAN xidmət” mərkəzi
açılmalıdır.
Onu da bildirməliyəm ki, keçən
il 5 milyondan çox insan pulsuz olaraq tibbi
müayinədən keçmişdir.
Özünüməşğulluq
proqramı geniş vüsət alır. Bu il ən
azı yeddi min ailə bu proqramdan faydalanacaq. Bu
gün onların arasında əlbəttə ki,
ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o
kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə
artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini
quracaqlar. Özünüməşğulluq
proqramının çox böyük sosial və iqtisadi
faydası var.
Mən giriş sözümdə
qeyd etdim ki, biz hərbi potensialımızın möhkəmləndirilməsi
istiqamətində çox böyük işlər
görmüşük. Bu il də istisna olmayacaq. Artıq yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış
kontraktlar əsasında ölkəmizə müasir silahlar, texnikalar
gətirilir. Yəni, bu məqsədlər
üçün biz nə qədər lazımdırsa, o qədər
də vəsait ayıracağıq. Bununla
paralel olaraq, hərbçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması, məişət problemlərinin
həlli istiqamətində işlər gedir. Keçən
il 400-ə yaxın hərbçiyə mənzil
verilmişdir. Artıq hərbi xidməti uğurla, qüsursuz
başa vuran hərbçilərə bu il
də mənzillərin verilməsi nəzərdə tutulur. Hərbçilərin məişət problemlərinin
həlli də təmin edilir. Bizim hərbi
hissələrimizin mütləq əksəriyyəti indi tam təmirlidir.
Təmirsiz olan hissələrdə də təmir
işləri nəzərdə tutulur.
Bu il
sahibkarlığın inkişafı ilə bağlı əlavə
addımlar atılacaq. Bildirməliyəm ki, əvvəlki illərdə
sahibkarlara 2,2 milyard manat məbləğində
güzəştli kreditlər verilmişdir, keçən il
isə 160 milyon manat. Sevindirici haldır ki, verilən
kreditlər əvvəlcə verilmiş və sonra
qaytarılan kreditlər hesabına verilir. Yəni,
büdcə bu məsələyə pul xərcləmir.
Artıq bu vəsait akkumulyasiya olunub. Biz
sahibkarlara hər il bu cür dəstək
göstəririk və göstərəcəyik. Sahibkarlara daha böyük kömək göstərmək
üçün indi bir çox ölkələrə ixrac
missiyaları təşkil olunur. Biz kömək
edirik, bu işlərə büdcədən vəsait
ayırırıq. Biz sərgilərdə,
xüsusilə ərzaq məhsullarının təbliği ilə
bağlı sərgilərdə dövlət hesabına
iştirak edirik. Sahibkarları oraya cəlb
edirik ki, onlar öz məhsullarını xaricə daha rahat
sata bilsinlər. Ticarət evləri
yaradılır. Artıq Belarusda, Çində, Ukraynada,
Latviyada, Polşada Azərbaycan Ticarət evləri
açılıb. Bu da bizim təşəbbüsümüzdür.
Onu da bildirməliyəm ki, bizim Ticarət evlərimizə
çox böyük maraq var. Bu Ticarət evlərinin
açılması nəticəsində həmin ölkələrə
bizim ixracımız da artır. Yaxın gələcəkdə
Birləşmiş Ərəb Əmirliklərində və
Rusiyada Azərbaycan Ticarət evlərinin açılması
nəzərdə tutulur.
Sənaye potensialımızın
inkişafı ilə bağlı keçən ilin göstəriciləri
çox müsbətdir. Sənayenin qeyri-neft sektorunda istehsal 9,1
faiz artıb. Bütün bu işlərin təməlində
düşünülmüş siyasət dayanır. Sənaye zonalarının, sənaye məhəllələrinin,
sənaye parklarının yaradılması geniş vüsət
alıb. Nəinki Sumqayıtda, indi Gəncədə,
Mingəçevirdə və digər şəhərlərdə
də bu proses gedir. Bu günə qədər
bizim sənaye parklarımızda 67 rezident var. Onlardan 40 rezident
artıq fəaliyyətdədir. Sənaye
parklarında həyata keçirilən layihələrə nəzərdə
tutulan sərmayə 5 milyard manatdan çoxdur. Bu layihələr
nəticəsində 11 min yeni iş yeri yaradılıb. Bu
proses davam etdiriləcək. Bu il də sənaye
zonalarının yaradılması nəzərdə tutulur.
İnvestisiya təşviqi
mexanizminin işə düşməsi də çox ciddi
islahat idi. Bu proqram 333 layihəni əhatə edir. Onlardan 107-si 2018-ci ildə icra edilib.
İnvestisiya təşviqi proqramı çərçivəsində
həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır. Bu layihələrin
icrası nəticəsində 12 min iş yeri yaradılıb.
İndi baxın, əgər biz bu mexanizmə keçməsəydik,
bunu tətbiq etməsəydik, ölkə iqtisadiyyatına 2,8 milyard manat qoyulmayacaqdı.
Bu, islahatların nə qədər
vacib olduğunu bir daha göstərir. Bəzi hallarda
artıq o sözə sadəcə öyrəşirlər.
Amma islahat çox böyük məna
daşıyır. İslahat nəticəsində
dünya inkişaf edir, ölkələr inkişaf edir, yeni
imkanlar yaranır. Ona görə islahat məqsədyönlü
olmalıdır. Biz elə islahatlar
aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm
iqtisadiyyatın real sektoruna, vətəndaşların
rifahına, onların rahat yaşamasına xidmət edir, o
cümlədən bax, bu sahibkarlıqla bağlı
aparılan islahatlar. Görün, nəticələr
nə qədər təsirlidir.
Biz bir neçə il
bundan əvvəl ənənəvi sahəmiz olan
xalçaçılığı sürətlə
inkişaf etdirməyə başlamışıq və nəticələr
də var. İyirmi xalça fabriki tikilərək istifadəyə
verilib. Bu il 11 xalça fabrikinin istifadəyə
verilməsi nəzərdə tutulur. Bu fabriklər
tam gücü ilə fəaliyyətə başlayandan sonra 5
minə yaxın insan, - onların mütləq əksəriyyəti
qadınlardır, - işləyəcək. Həm iş
yerləri, gözəl müəssisələr
yaradılır, bizim tarixi milli sənətimiz yaşayır və
yaşayacaqdır, gənclər cəlb olunur, həm də
ki, xalçaçılığın böyük iqtisadi tərəfi
də var. Bu, ixracyönümlü məhsuldur.
Qeyd etdiyim kimi, kənd təsərrüfatı
sahəsində 4,6 faiz artım
yaxşı göstəricidir. Ancaq bu sahədə
də çox ciddi islahatlar aparılır. Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi
bir çox önəmli təşəbbüslər irəli
sürüb. Mən onları bəyənmişəm,
dəstəkləmişəm. İndi
onların icrası başlanılır. Mən
əminəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatı
istehsalı böyük dərəcədə artacaq, o
cümlədən ixrac artacaq, daxili tələbat daha çox
yerli məhsullar hesabına təmin ediləcəkdir. Özümüzü təminetmə əmsalı
artacaq, qeyd etdiyim kimi, ixrac imkanlarımız genişləndiriləcək,
biz yeni bazarlara çıxış əldə edəcəyik.
Elektron kənd təsərrüfatı
sisteminin tam işə düşməsi gündəlikdə
duran vacib məsələlərdən biridir. Subsidiyalarla
bağlı təkliflər imkan verəcək ki, bu sahədə
də müsbətə doğru çox ciddi dönüş
yaransın. Çünki subsidiyaların
verilməsində də böyük pozuntular olmuşdur.
Bəzi hallarda subsidiyalar ünvana
çatmırdı, bəzi hallarda çox kortəbii şəkildə
verilirdi. Dövlət tərəfindən
güzəştli şərtlərlə alınması nəzərdə
tutulan gübrələr də bir çox hallarda keyfiyyətsiz
idi. İndi gübrə təminatında
dövlət 70 faiz yükü öz üzərinə
götürür. Amma bəzi hallarda
keyfiyyətsiz, müddəti keçmiş gübrələr
gətirilirdi və o, kənd təsərrüfatına xeyirdən
çox ziyan verirdi. Digər pozuntular da
olub. Ona görə bütün pozuntular
aradan qaldırılmalıdır. Kənddə işləyən
vətəndaş daim hiss etməlidir ki, dövlət hər
zaman onun yanındadır.
Biz kənd təsərrüfatını
stimullaşdırmaq üçün çox böyük
işlər görmüşük. Texnikanın
alınması. Təkcə keçən il
5800 texnika alınıb. Əvvəlki illərdə
bəzən 9 min, 8 min texnika alınıb. Biz texnika parkımızı böyük dərəcədə
təzələmişik. Ən qabaqcıl
şirkətlərin texnikası alınır, istər
taxılçılıqda, istər
pambıqçılıqda və digər sahələrdə.
Ona görə biz bu sahədə işlərimizi
davam etdirəcəyik. Biz kəndliləri
torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad
etmişik. Mən bilmirəm bu qədər
dəstək göstərən ikinci belə ölkə
varmı? Gübrə 70 faiz, yanacaq 50 faiz
dövlətin hesabına, texnika dövlət tərəfindən
alınaraq güzəştli şərtlərlə verilir,
subsidiyalar, infrastruktur layihələri. İndi
100 min hektar torpağın dövriyyəyə cəlb
olunması, suvarma suyu ilə təmin edilməsi, yolların
çəkilməsi – bütün bunlar güzəştli
kreditlər hesabınadır. Sahibkarlığın
inkişafına yönələn kreditlərin əksəriyyəti
kənd təsərrüfatına gedir. Amma
biz daha böyük nəticələr gözləyirik. Yəni, verilən dövlət dəstəyi real nəticələrdə
öz əksini tapmır. O dəstək müqabilində
daha da böyük istehsal, daha da inkişaf etmiş kənd təsərrüfatı
olmalı idi.
Bilirsiniz, mən əldə
edilmiş uğurlar haqqında həmişə
danışmağa hazıram və fəxr ediləsi məsələlər
kifayət qədər çoxdur. Ancaq mən həmişə,
necə deyərlər, narazı oluram. Çünki
mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə
öz imkanlarımızdan istifadə edək ki, işlər
daha da yaxşı getsin. Ona görə
kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur
köhnəlib. Yeni idarəetmə strukturu
olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü.
Çünki illər boyu yeni qurumlar yaranır.
Onlar yarananda o qədər də hiss olunmur. Biri
orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı.
Sonra da baxanda görürük ki, bizim idarəetmə
strukturumuz böyük dərəcədə şişirdilib.
İndi dünyada əks proses gedir - idarəetmə daha
yığcam, çevik, daha da məqsədyönlü və
az işçi ilə böyük iş
görmək üçün. Amma bizdə idarəetmə
sistemi şişir. Buna son
qoyulmalıdır. Ona görə struktur
islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik
edən şəxslər mütləq maksimum səmərə
ilə işləməlidirlər.
Kənd təsərrüfatı
çox ciddi, çox böyük sahədir. Əhalinin demək
olar ki, yarısı kəndlərdə yaşayır. Ona görə bu sahə daim diqqət mərkəzindədir.
İri fermer təsərrüfatlarının və
aqroparkların yaradılması istiqamətində də
yaxşı nəticələr var. Proqrama görə, bizdə,
ümumiyyətlə 51 aqropark və iri fermer təsərrüfatı
yaradılmalıdır. Onlardan 17-si
yaradılıb və bu 17 aqroparkın ümumi sahəsi 104
min hektardır. Ümumiyyətlə isə
bütün aqroparkların əhatə etdiyi sahə təqribən
200 min hektara yaxın olacaqdır. İndi 31 aqroparkın
yaradılmasına 2,2 milyard manat vəsait
nəzərdə tutulur. Onların istehsal edəcəyi
məhsullar, indi təxmini hesablamalar göstərir ki, təqribən
800 milyon-1 milyard manata yaxın olacaqdır.
Turizm sahəsində gözəl nəticələr
var. Qeyd etdiyim kimi, keçən il də 6 faiz artım olub və
ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib. Bizdə turizm sənayesi yaradılmalıdır.
Azərbaycanda olan bütün amillər turizmin
sürətli inkişafını şərtləndirir.
Təhlükəsizlik, qonaqpərvərlik, tarixi abidələrimiz,
gözəl iqlimimiz, 9 iqlim tipi, dəniz turizmi, dağ-xizək
turizmi, müalicəvi turizm bizdə çox sürətlə
inkişaf edə bilər. Gözəl mətbəx,
müasir infrastruktur, otellər, yollar, nəqliyyat infrastrukturu,
6 beynəlxalq aeroport. Bütün bu amillər
turizmin sürətli inkişafını təmin etməlidir.
Bu sahədə də islahatlar aparılıb, o
cümlədən struktur islahatları, Turizm Agentliyi
yaradılıbdır. Görülmüş
işlərlə bağlı mənə bu yaxınlarda məruzə
edildi. Mən görüləcək
işlərlə bağlı öz tövsiyələrimi
verdim ki, biz ümumilikdə turizm sənayesini necə
yaradacağıq və müxtəlif fərdi layihələr
icra edilməlidir və edilir.
Bizim tarixi yerlərimizin yenidən
qurulması, bərpası istiqamətində çox
böyük işlər görülür. Deyə bilərəm ki, bu il böyük turist kütləsini cəlb edən
Yanardağ qoruğu yenidən fəaliyyətə
başlayacaq. Çünki mən keçən il orada olarkən acınacaqlı mənzərədən
dəhşətə gəldim. Mən
Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə
qədər heç nə dəyişilməyib - həmin o
dağılmış binalar, eybəcər budkalar. Adam baxanda dəhşətə gəlir, bura
Bakıdır, Azərbaycandır, yoxsa, haradır? Sözün düzü, mənim oraya yolum
düşmürdü. Əlbəttə, mən orada
olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən
qurulsun və bu il biz artıq buna nail
olacağıq. Həm Azərbaycan vətəndaşları,
həm də turistlər orada tam yeni bir mənzərə ilə
üzləşəcəklər. Orada yeni
istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inkişafımıza uyğun
şəkildə yenidən qurulacaq.
Bizim tarixi kəndlərimiz
var. Onlardan biri Lahıc kəndidir. Bildiyiniz kimi,
Şamaxıdan Lahıca daha rahat, daha təhlükəsiz,
Bakıdan gələndə daha qısa yeni yol çəkildi,
qaz çəkildi, yeni məktəb tikildi. Yəni, bu, bizim çox qiymətli, tarixi yerimizdir və
əlbəttə ki, həm turistləri cəlb edir, həm də
Lahıcda olan özünəməxsus ab-hava Azərbaycan
dövlətinin nə qədər qədim və zəngin
dövlət olduğunu göstərir.
Mənim Sərəncamımla
tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb
etmək üçün çox böyük layihələrin
icra olunması məqsədilə xüsusi proqram
hazırlanır. Çünki Basqal da qədim tarixi kənddir,
qədim yaşayış yeridir, yaşayış məskənidir.
Həm Basqalda yaşayan vətəndaşlar
üçün, həm də turistləri oraya cəlb etmək
üçün çox gözəl şərait
yaradılacaq. Digər tarixi şəhərlərlə
bağlı göstərişlər verilib ki, bu şəhərlərin,
xüsusilə turistləri daha çox cəlb edən şəhərlərin
məsələləri öz həllini tapsın. Qusar rayonunda yerləşən "Şahdağ” xizək
kurortunda yeni xizək zolaqları yaradılır, ümumiyyətlə,
yeni yanaşma tətbiq olunur və əminəm ki, bu gözəl
kurort turistləri daha çox cəlb edəcək.
Biz keçən il
nəqliyyat sahəsi ilə bağlı çox yaxşı
nəticələr əldə etmişik. Şərq-Qərb
nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti
üçün bir çox ikitərəfli təmaslar olub,
razılaşmalar əldə edilib. Mənim keçən
il Türkmənistana dövlət səfərim
çərçivəsində 21 sənəd imzalanmışdır.
Onlardan 9-u məhz nəqliyyat sektoruna aiddir.
Türkmənistanla əldə edilmiş
razılaşma imkan verəcək ki, digər Orta Asiya ölkələri,
Əfqanıstan öz yüklərini Türkmənistandan
keçməklə Azərbaycan ərazisindən Şərq-Qərb
dəhlizi ilə dünya bazarlarına çıxara bilsinlər.
Ələt Dəniz Ticarət Limanında
xüsusi şərait yaradırıq. Müvafiq
orqanlar həm tarif siyasətini, həm də tranzit
imkanlarını dövlətlərarası səviyyədə
tənzimləyiblər. Yəni, bu, bizim
üçün yeni böyük nəqliyyat imkanları
yaradır. Onu da bildirməliyəm ki, nəinki
Orta Asiya ölkələri ilə, eyni zamanda,
Əfqanıstanla danışıqlar aparılıb və
aparılacaq. Biz Əfqanıstanın
"Lapis-Lazuli” layihəsini Bakı-Tbilisi-Qars layihəsi ilə
birləşdiririk. Artıq
Əfqanıstandan da birinci yüklər Türkmənistan ərazisindən
Azərbaycana, ondan sonra da Qərb istiqamətinə getməyə
başlamışdır. Ona görə
bizim hədəfimiz odur ki, Orta Asiyanın yüklərinin
böyük hissəsini biz bu istiqamətə cəlb edək.
Artıq bu proses başlanmışdır. Təbii
ki, Türkmənistan bu imkanlardan istifadə edir, Tacikistan
yükləri bu marşrutla gəlir, Əfqanıstan bu yolla
yükləri göndərməyə başlayıb. Biz yaxın gələcəkdə Özbəkistanla
da danışıqlar aparacağıq. Təbii
ki, Qazaxıstanla bizim bu sahədə ənənəvi əməkdaşlığımız
var və Qırğızıstan tərəfinə də biz
öz təkliflərimizi göndərmişik. Ona görə çox böyük bir inkişaf
olacaqdır. Biz isə keçən il
Ələt Dəniz Ticarət Limanını işə
saldıq, dəmir yolu da hazırdır, ona görə
bütün infrastruktur var.
Keçən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb. Bu sahədə də çox böyük işlər görülür. Biz Azərbaycanın daxilində dəmir yolunun yenidən qurulması prosesinə başlamışıq. Bu il Bakı-Yalama dəmir yolunun yenidən qurulması davam etdiriləcək. Bakı-Astara dəmir yolunun yenidən qurulması üçün bu ilin investisiya proqramında da vəsait nəzərdə tutulub. Bunlar Şimal-Cənub dəhlizi üçün çox önəmli layihələrdir. Düzdür, bu dəmir yolu var, ancaq sürət aşağıdır. Biz keçən ilin sonunda Bakı-Gəncə sürət qatarını istifadəyə verdik, indi vaxt nə qədər qısalıbdır. Sürət qatarları həm sərnişinlər, həm də yüklər üçün daha yaxşıdır. Bakı-Yalama yolunun yenidən qurulması prosesi başlayandan sonra və buna paralel olaraq biz "Şahdağ” kurortuna da dəmir yolunun çəkilişini təmin edəcəyik. Biz indi Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlamışıq. Bu da həm Tufandağa, həm də Qəbələyə turistlərin gəlişi üçün daha yaxşı şərait yaradacaqdır.
Onu da bildirməliyəm ki, keçən il Bakı və Sumqayıt dəmir yolu vağzalları yenidən quruldu. Bakı-Sumqayıt sürət qatarı işləyir və sərnişinlər bu qatardan çox razıdırlar. Müasir vaqonlar alınır. Ümumiyyətlə biz şəhər nəqliyyatı üçün əlavə tədbirlər görəcəyik. Bu il Bakıya 300 müasir avtobusun gətirilməsi nəzərdə tutulur, keçən il imzalanmış kontraktlara əsasən 300 avtobus da əlavə. Yəni, bu il Bakıya 600 avtobus gətiriləcək. Beləliklə, həm vətəndaşların rahatlığı təmin ediləcək, həm də təhlükəsizlik baxımından əlbəttə ki, bunun böyük faydası var.
Əlbəttə, bu il görüləcək işlər çoxdur. Hamısını bir iclasda qeyd etmək mümkün deyil. Amma əsas məsələlər bunlardan ibarətdir.
İclasın sonunda bildirməliyəm
ki, mən keçən il noyabr ayında böyük Azərbaycan
şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi
haqqında Sərəncam imzalamışam. Bu il biz İmadəddin
Nəsiminin 650 illik yubileyini qeyd edəcəyik. Keçən
il Bakıda və şairin doğulduğu Şamaxı şəhərində
Nəsimi günləri, Nəsimi festivalı
keçirilmişdir. Bütün bunları və Nəsiminin
650 illik yubileyini nəzərə alaraq, mən 2019-cu ili "Nəsimi
ili” elan edirəm. Sağ olun.
Azərbaycan.-
2019.- 12 yanvar.- S.4-5.