“Mən bu
cahana sığmazam...”
Böyük Nəsiminin 600 illiyini
keçirəndə, onun heykəlini qoyanda, onun əsərlərini
yayanda və onun məzarını Suriyanın Hələb
şəhərində ziyarət edəndə, yenə də
məhz Azərbaycanın milli mədəniyyətinin nə qədər
zəngin olduğunu bir daha dünyaya göstərmək məqsədi
daşımışdım.
Heydər
ƏLİYEV
Böyük şair və mütəfəkkir
Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi
1369-cu ildə Şamaxı şəhərində anadan
olmuşdur.
İlk təhsilini Şamaxıda
alaraq, dövrün elmlərini öyrənən şair
klassik Şərq və qədim yunan fəlsəfəsini, ədəbiyyatını
dərindən mənimsəmiş, islamın və
xristianlığın əsaslarına yaxından bələd
olmuş, tibb, astronomiya, astrologiya, riyaziyyat və məntiq elmlərinə
yiyələnmişdir.
Sonra hürufi Fəzlullah Nəiminin
xidmətinə girmiş, onun tərbiyə və təlimlərindən
bəhrələnmişdir. Nəsimi sufilik cərəyanına
yaxın olsa da, sonradan hürufiliyin aparıcı
simalarından olub. Onun ustadı Nəimi edam edilsə də, Nəsimi
öz yolundan, hürufilik təlimini təbliğ etməkdən
dönməyib.
Nəsimi poeziyası vasitəsilə
sülhü, tolerantlığı və multikulturalizmi
müdafiə edib. Şair 20 min misranı əhatə edən
ədəbi irsinin əsas hissəsini ana dilində qələmə
alıb. Nəsimi öz yaradıcılığında Azərbaycan
xalqının arzu və istəklərini, ümumbəşəri
dəyərləri, insanın fövqəlbəşəri
varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi
istedadının miqyası o qədər geniş idi ki, o
öz yaradıcılığı ilə yalnız Azərbaycan
xalqına məxsus deyildi, bütün bəşəriyyəti
əsərlərində ifadə edirdi.
Fars və ərəb dillərində
eyni dərəcədə gözəl şeirlər yaza bilən
İ.Nəsiminin azərbaycanca şeirlərinin dili həm zənginliyi,
həm də xalq nitqinə yaxınlığı ilə
seçilir, atalar sözləri, zərbi-məsəllər,
hikmətli sözlər burada çoxluq təşkil edirdi. Nəsiminin
rübailəri Azərbaycan xalq şeiri nümunələri
olan bayatılara çox yaxındır.
Dünya ədəbiyyatı və
fəlsəfi fikrində böyük rol oynayan şairin ədəbi
fəaliyyətindəki mənəvi azadlığa, bəşəri
dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa
çağırış Nəsimi
yaradıcılığının himni idi. Despotizmin,
nadanlığın və cahilliyin daim təqib etdiyi İ.Nəsimi
müxtəlif ölkələrdə sığınacaq
axtarsa da, təqib və təhdidlərdən xilas ola bilmir. Hələb
şəhərində isə şairin həyatında ən
böyük faciə baş verir, 1417-ci ildə dərisi
soyulmaqla edam edilir. Edama məhkum olunan Nəsimi dünyadan
köçmədi. O, əsrlərdən bəri insanların
qəlbində yaşamaqda davam edir, dünya poeziyası, ədəbi
və fəlsəfi fikrində öz abidəsini ucaltmağa
müvəffəq olub.
İ.Nəsiminin adı Azərbaycanda
əbədiləşdirilib, elm və təhsil ocaqlarına,
rayon, küçə, meydanlara onun adı verilib, abidəsi
ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər
Əliyevin təşəbbüs və səyləri ilə hələ
SSRİ dövründə Bakının mərkəzində
şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi
üçün çox işlər görülüb. 2019-cu
ilin "Nəsimi ili” elan olunması barədə Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncamın
imzalanması şairə verilən yüksək dəyərin
göstəricisidir.
Azərbaycan.- 2019.- 12 yanvar.- S.1.