Azərbaycan Respublikasında
2019-cu ilin “Nəsimi ili” elan edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan xalqının çoxəsrlik
ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair
İmadəddin Nəsiminin
zəngin irsi bu gün də
insanların mənəvi-əxlaqi
kamilləşməsində mühüm əhəmiyyətə
malikdir.
Şərq xalqlarının mədəni
sərvətlər xəzinəsində
özünəməxsus layiqli
yer tutan Nəsimi yaradıcılığı
uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin
ölkəmizdə sistemli
tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Nəsiminin 600
illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli
şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri
siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır.
Qüdrətli şairin yaradıcılığının
üzə çıxarılan
əlyazma nüsxələri
əsasında öyrənilməsi
Azərbaycan dili və ədəbiyyatı
tarixinin tədqiqində
yeni mərhələ
açmışdır. Nəsiminin əsərləri ölkəmizdə
dəfələrlə işıq
üzü görmüşdür.
Şairin əsərləri
Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” 12 yanvar
2004-cü il tarixli sərəncamına
əsasən, kütləvi
tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə
edilmişdir.
Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə
tədbirlər həyata
keçirilmiş və
onun ədəbiyyatda,
incəsənətdə parlaq
obrazı yaradılmış,
eləcə də
1979-cu ildə ölkəmizin
paytaxtında heykəli
ucaldılmışdır.
2017-ci ilin may ayında Parisdə YUNESKO-nun
baş qərargahında
Nəsiminin vəfatının
600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə
Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı
keçirilmişdir.
2019-cu ildə
Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın
ədəbi-mədəni fikir
tarixinin bu əlamətdar hadisəsinin
dövlət səviyyəsində
layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin
"Böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında”
2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
müvafiq tədbirlər
planının hazırlanıb
həyata keçirilməsi
tapşırılmışdır.
Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri
kontekstində aktuallığını,
milli mədəni-mənəvi
dəyərlərin təbliği
baxımından xüsusi
əhəmiyyətini nəzərə
alaraq və Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
2019-cu il
Azərbaycan Respublikasında
"Nəsimi ili” elan edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 12 yanvar.-
S.5.