Prezident
Administrasiyasının rəsmisi: “Ermənistan “fait accompli”
yanaşmasını tətbiq etməyə və
işğalı möhkəmləndirməyə
çalışır”
İşğala əsaslanan
status-kvo qəbuledilməzdir. Ermənistan "fait accompli”
yanaşmasını tətbiq etməyə və
işğalı möhkəmləndirməyə
çalışır.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World”
televiziyasına müsahibəsində deyib.
Şöbə müdiri
münaqişənin fundamental əsasını Ermənistanın
gücdən istifadə edərək Azərbaycana
qarşı törətdiyi işğalçılıq siyasəti
təşkil etdiyini vurğulayıb, işğal olunmuş ərazilərdə
Ermənistan tərəfindən azərbaycanlılara
qarşı qanlı etnik təmizləmə törədildiyini,
milyondan çox azərbaycanlının hələ də
qaçqın və məcburi köçkün şəraitində
yaşamaq məcburiyyətində qaldığını
deyib. O əlavə edib ki, münaqişənin həllində
irəliləyiş əldə etmək üçün, ilk
növbədə, işğal faktı aradan
qaldırılmalı və Ermənistan qoşunları Azərbaycanın
işğal olunmuş ərazilərindən
çıxarılmalıdır. Münaqişənin həllinin
əsasının BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələri, Helsinki
Yekun Aktı və digər sənədlərdə təsbit
olunduğunu deyən H.Hacıyev Ermənistan
qoşunlarının işğal olunmuş ərazilərdən
çıxarılmasından sonra münaqişənin siyasi həlli
üçün imkanların yarana biləcəyini diqqətə
çatdırıb.
Düşənbə Zirvə
toplantısına toxunan şöbə müdiri Prezident
İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol
Paşinyan arasında söhbətin olduğunu xatırladaraq
Azərbaycan Respublikasının öz konstruktiv mövqeyini
bir daha nümayiş etdirdiyini bildirib. Əlavə edib ki, Azərbaycan
münaqişənin həllində ən maraqlı tərəfdir.
Belə ki, Azərbaycan 26 ildən çoxdur işğaldan əziyyət
çəkir. Prezident Administrasiyasının rəsmisi
hazırda münaqişənin həlli üçün əlverişli
imkanların olduğuna diqqəti çəkərək Ermənistanın
hökumət formalaşdıqdan sonra problemin həlli istiqamətində
addımlar atmalı olduğunu qeyd edib.
Aparıcının "Etnik
barışıq mümkündürmü” sualına cavab verən
şöbə müdiri bildirib ki, Azərbaycan
özünün multikultural dəyərləri və
tolerantlıq mədəniyyəti ilə fəxr edir.
Münaqişənin həlli prosesi çərçivəsində
etnik barışıq çətin və vaxt tələb edən
məsələ olsa da, bu, mümkündür. Bunun
üçün, ilk növbədə, Ermənistan
qoşunları işğal edilmiş ərazilərdən
çıxarılmalı, azərbaycanlı məcburi
köçkünlərin öz doğma torpaqlarına
qayıtması təmin olunmalıdır. Bu əsnada etimad
quruculuğu tədbirləri həyata keçirilə, hərtərəfli
regional əməkdaşlıq bərpa oluna və etnik
barışıq təmin edilə bilər.
Hikmət Hacıyev hazırda Ermənistanın
təcrid vəziyyətində olduğunu, nəqliyyat
imkanlarına çıxışı
olmadığını deyərək, münaqişənin həlli
nəticəsində Ermənistanın regional əməkdaşlıq
imkanlarından faydalana biləcəyini deyib. Eyni zamanda, o, Ermənistanın
işğalçılıq siyasətindən əl çəkməli,
qonşu dövlətlərə münasibətdə beynəlxalq
hüquqa əsaslanan siyasət yürütməli və Ermənistan
hakimiyyətinin öz xalqını qonşu dövlətlərlə
sülhə hazırlamalı olduğunu diqqətə
çatdırıb.
Azərbaycan. - 2019.-13 yanvar.- S.2.