Azərbaycan ehtiyatı əldən vermir
Ölkəmizdə alternativ
və bərpa olunan enerji potensialı
yaradılır
Azərbaycanda həyata keçirilən
iqtisadi islahatlar əhatəsinə görə
çoxspektrlidir. Məqsəd ölkənin hərtərəfli
inkişafını təmin
etməkdir. Bunun üçün
bir çox layihələr həyata keçirilir. Onlardan
biri ölkənin enerji təhlükəsizliyinə
nail olmaqdır. Məlumdur ki,
Azərbaycanda uzun illər elektrik enerjisi su və
istilik elektrik stansiyalarından əldə
edilir. Amma artıq dünyada
yeni alternativ və bərpa olunan enerjidən istifadəyə üstünlük
verilir. Bu, həm iqtisadi cəhətdən, həm
də ekoloji baxımdan sərfəlidir.
Ötən il həm də mühüm enerji layihələrinin başa çatması, yeni sazişlərin imzalanması, eləcə
də elektrik enerjisi və bərpa olunan enerji sahələrində
mühüm tədbirlərlə
yadda qaldı. Bu sahədə həyata
keçirilən islahatyönümlü
tədbirlər və
layihələr yaxın
gələcəkdə bərpa
olunan enerji sahəsində köklü
dəyişikliklərə imkan yaradacaq.
Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı, potensial imkanları araşdırmaq
məqsədilə Energetika
Nazirliyi və
"BP-Azerbaijan” Anlaşma Memorandumu
imzalayıb. Məqsəd ölkəmizdə alternativ və bərpa olunan enerjinin istehsalını artırmaq, enerji təhlükəsizliyinin təminatında
rolunu genişləndirməkdir.
Bərpa
olunan enerji sahəsinin inkişafı
üçün beynəlxalq
təcrübə öyrənilir,
qanunvericilik bazası təkmilləşdirilir, xarici
şirkətlərlə məsləhətləşmələr
aparılır. "BP-Azerbaijan”la imzalanan sənədlə Azərbaycanın
indiyə qədər
bərpa edilən enerji mənbələri üzrə gördüyü
işlər yeni inkişaf mərhələsinə
daxil olacaq. BP ilə uzun
illər neft-qaz sahəsində etibarlı
tərəfdaşlığa əsaslanan əməkdaşlıq
bərpa olunan enerji sahəsində də ölkəmizə fayda verəcək. Bu şirkət 20 ildən artıqdır ki, dünyada neft-qaz hasilatı ilə yanaşı, bərpa olunan enerji mənbələri sektorunda da fəaliyyət
göstərir. Həmin şirkətlə
memorandumun imzalanması
bizə BP-nin əldə etdiyi zəngin təcrübədən
istifadə etmək imkanı yaradır.
Dünyada aparılan elmi araşdırmalar göstərir
ki, bərpa edilən enerji ən sürətlə artan enerji forması
olacaq. Çünki istifadə edilən enerji resursları tərkibcə az
karbonlu mənbələrdən
istifadə etməyə
imkan verir. Bu məqsədə nail olmaq
üçün bərpa
edilən enerji mənbələri üzrə
normativ-hüquqi bazanın
yaradılması vacibdir.
Hazırda bunun üçün qanunvericilik
bazasının təkmilləşdirilməsi
üzərində iş
aparılır.
BP dünyada az karbonlu
enerji mənbələrinə
keçidlə bağlı
gündəlikdə duran
məsələlərin reallaşdırılmasına
yardım etmək öhdəliyi də götürüb və atmosferə daha az tullantılar buraxmaq şərti ilə daha çox
enerji istehsal etmək səylərinə
dəstək verir. "BP Alternative Energy” də üç platformada (bərpa olunan yanacaqlar, bərpa olunan enerji və
bərpa olunan məhsullar) zəngin təcrübəyə malikdir
və bu istiqamətdə əlavə
imkanlar qazanmaq üzərində araşdırmalar
aparır.
Ölkəmizdə özəl sektorun da alternativ və
bərpa olunan enerjinin istehsalı sahəsinə cəlb edilməsi istiqamətində
mühüm işlər
görülür. Məqsəd bu sektoru qeyri-dövlət
sərmayəsi hesabına
inkişaf etdirməkdir.
Hazırda bərpa olunan enerji sahəsinə
özəl investisiyanın
cəlb edilməsi məqsədilə normativ-hüquqi
bazanın formalaşdırılması,
güzəştli tariflərin
və digər təşviqedici sənədlərin
hazırlanması istiqamətində
iş aparılır.
"Bərpa
olunan enerji mənbələri haqqında”
qanun layihəsinin hazırlanması üzrə
məsləhətçi DNV-GL şirkəti özəl investisiyasının cəlb
edilməsi üçün
qanunvericilik aktına daxil ediləcək müddəaları nəzərdən
keçirir. Bu sənəddə
dövlət siyasəti
və tənzimləmə,
bərpa olunan enerji mənbələrindən
istifadəyə dəstək
rejimləri, istehsal güclərinin şəbəkəyə
qoşulması, həmçinin
istehsal olunan elektrik enerjisinin satın alınması ilə bağlı təminatlar, elektrik enerjisi şəbəkəsinin
idarə olunması ilə bağlı texniki qaydalar, müqavilə bazası, lisenziya və icazələr kimi məsələlər öz
əksini tapacaq.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət
Agentliyinin araşdırmalarına
görə, Azərbaycanda
bərpa olunan enerji mənbələrinin,
xüsusilə külək
və Günəş
enerjisinin potensialı
böyükdür. Agentlik yaxın
illərdə külək
enerjisi üzrə
350, Günəş enerjisi
üzrə 50 və bioenerji üzrə 20 MVt generasiya güclərinin yaradılmasını
planlaşdırır.
Azərbaycanda ilk dəfə aqrar texnologiyalar və yaşıl enerji üzrə "AgTech and
Green Energy” mövzusunda Beynəlxalq
Forum keçirilib. Forum Energetika və Kənd Təsərrüfatı
nazirliklərinin birgə
təşkilatçılığı ilə ADA Universitetində
olub. Məqsəd
Azərbaycanda enerji və kənd təsərrüfatı sahələrinin
innovativ inkişafına
nail olmaq, bərpa olunan enerji mənbələrindən
istifadəni dəstəkləmək,
maraqlı tərəflər
arasında əlaqələri
gücləndirmək, dayanıqlı
biznes modelləri və əlaqələr qurmaqdır.
Alternativ və bərpa olunan enerji mənbələri
tükənməzdir. Onun bir üstün cəhəti də ekoloji baxımdan təmiz olması və ətraf mühitə zərər verməməsidir.
Dünyada gələcəkdə bu enerji növünə
üstünlük verilməsi
artıq danılmazdır.
Ölkəmiz də bu istiqamətdə uzunmüddətli
hədəflərə çatmaq
üçün indidən
ehtiyatı əldən
verməyərək tədbirlər
görür.
Rüstəm KAMAL
Azərbaycan.-
2019.-13 yanvar.- S.3.