Azərbaycanda qeyri-neft sənayesi
sahəsində həyata keçirilən ən böyük
layihə
Yanvarın
16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində
inşa olunmuş "SOCAR karbamid” zavodu istifadəyə
verilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tədbirdə iştirak edib.
SOCAR-ın
prezidenti Rövnəq Abdullayev və zavodun direktoru Xəyal Cəfərov
görülən işlərlə bağlı dövlətimizin
başçısına məlumat verdilər.
Qeyd edək ki, karbamid zavodunun layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş "Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının "Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı müvafiq olaraq Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin edilib. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. İnşaat zamanı təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.
Məlumat verildi ki, "SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.
İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək.
"SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Zavodda təxminən 500 nəfər daimi işlə təmin ediləcək. Bunun üçün SOCAR təhsil və təqaüd proqramları vasitəsilə ixtisaslı mütəxəssisləri əvvəlcədən hazırlayıb.
Prezident İlham Əliyev zavodu işə saldı.
Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentlərindən olan "SOCAR karbamid” zavodunun fəaliyyətindən bəhs edən filmə baxdı.
Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.
Azərbaycan Prezidenti görüşdə
çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Bu
gün ölkəmizin tarixində çox əlamətdar
hadisə baş verir. Biz Sumqayıt şəhərində
karbamid zavodunun açılışını qeyd edirik.
Bu münasibətlə sizi ürəkdən təbrik
edirəm.
Bu zavodun yaradılması çox əlamətdar,
çox önəmli hadisədir. Zavodun tikintisində
iştirak etmiş bütün insanlara təşəkkürümü
bildirmək istəyirəm. Mənə
verilən məlumata görə, burada pik dövrdə
üç mindən çox insan işləyib və
onların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Bu, onu göstərir ki, Azərbaycanda çox
güclü kadr potensialı yaradılmışdır, həm
fəhlə kadrları, həm mütəxəssislər.
Bu, son illər ərzində təhsil sahəsinə
ayrılan diqqətin bariz nümunəsidir.
Bu zavodun tikintisində xarici tərəfdaşlar
iştirak etmişlər. Baş
podratçı Koreyanın "Samsung” şirkətidir.
Ən müasir avadanlıqlar Danimarka və
Hollandiya şirkətləri tərəfindən təchiz
edilib. Finlandiya şirkəti bu zavodun fəaliyyəti
üçün lazım olan məsləhətləri verib.
Yəni, biz burada çox müsbət beynəlxalq
əməkdaşlıq nümunəsini görürük.
Bu, bir daha onu göstərir ki, Azərbaycan
xarici şirkətlər üçün çox cəlbedici
ölkədir. Bu gözəl sənaye
müəssisəsi birgə səylər nəticəsində
yaradılıb.
Onu da bildirməliyəm ki, zavodun ərsəyə gəlməsində
xarici bankların da rolu kifayət qədər
böyükdür. Biz zavodu tikməyə başlayanda öz
vəsaitimizi ilk mərhələdə qoymuşuq. Sonra xarici banklardan da kreditlər verildi. Bizə maliyyə cəhətdən dəstək
olan bütün banklara da təşəkkürümü
bildirmək istəyirəm.
Beləliklə, ölkəmizdə ən müasir
standartlara cavab verən gözəl böyük sənaye
müəssisəsi yaradılmışdır. Bu zavod Azərbaycanda
qeyri-neft sənayesi sahəsində həyata keçirilən ən
böyük layihədir. Mənə verilən
məlumata görə, zavodda ildə 650 min ton karbamid istehsal
olunacaq. Onun böyük əksəriyyəti
ixrac ediləcək. Eyni zamanda, daxili tələbat
da ödəniləcək. Çünki
biz bu günə qədər gübrələri xaricdən
alırıq və bu məqsədlər üçün
böyük həcmdə valyuta xərclənir. Azərbaycan dövlətinin fermerlərə verilən
gübrələrin 70 faizinin vəsaitini təmin etdiyini nəzərə
alsaq, təsəvvür etmək çətin deyil ki, bu,
büdcəmiz üçün kifayət qədər maliyyə
yüküdür. Amma indi biz
özümüz fermerlərimizi ən keyfiyyətli gübrə
ilə təmin edəcəyik.
Zavodun özəlliyi həm də ondan ibarətdir ki,
burada xammal kimi istifadə olunan məhsul təbii qazdır,
yerli məhsuldur. Yəni, karbamidin tərkibində xarici
komponent yoxdur. Burada ildə 450 milyon kubmetr
təbii qazdan istifadə olunacaq. Əgər
biz təbii qazı indi bugünkü qiymətlərlə
mövcud xarici bazarlara satsaydıq, bundan təqribən 80
milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun
dəyəri 150-160 milyon dollar olacaqdır. Yəni, biz səmərəliliyi demək olar ki, iki
dəfə artırmışıq. Ölkəmiz
üçün çox gözəl ixrac məhsulu yaratmışıq.
Kənd təsərrüfatının
inkişafı üçün yerli gübrə
yaratmışıq və ölkəmizin qeyri-neft sənayesinə
böyük töhfə vermişik. Yəni,
zavodun fəaliyyətə başlaması, bax, bu əsas məqsədləri
güdür. Biz bütün məqsədlərə
çata bilmişik.
Mən çox şadam ki, ölkəmizdə qeyri-neft sənayesi
sürətlə artır. Keçən il 9,1
faiz artmışdır. Bu, onu göstərir ki,
sənayeləşmə prosesi uğurla gedir. Keçən ilin yayında Sumqayıtda "SOCAR
Polymer” müəssisəsinin birinci mərhələsi fəaliyyətə
başladı. Bu il onun ikinci mərhələsi
fəaliyyətə başlayacaq. Burada da
ixracyönümlü çox gözəl məhsul istehsal
olunacaq. Eyni zamanda, daxildə polipropilen,
polietilendən istehsal olunacaq hazır məhsul da satışa
buraxılacaq. Biz yenə də idxaldan
asılılığı aradan qaldıracağıq.
Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılır. Mənə
verilən məlumata görə, karbamid zavodunda 500 iş yeri
yaradılacaq və burada işləyəcək insanların
mütləq əksəriyyəti yerli vətəndaşlardır,
onların əksəriyyəti gənclərdir. Yəni, orada çalışan insanların orta
yaş səviyyəsi təqribən 30-35 arasındadır.
Bax, görülən bu işlərin nəticələri
budur. Ölkəmizin uğurlu
inkişafı üçün belə böyük müəssisələrin
çox böyük əhəmiyyəti var. Qeyri-neft sektorunun
inkişafı bundan sonra da bizim üçün prioritet
olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesində 9,1 faiz artım çox böyük göstəricidir.
Əlbəttə, Azərbaycan bu layihələri xarici tərəfdaşlarla
həyata keçirərkən bizim beynəlxalq əlaqələrimiz
də möhkəmlənir. Bu gün Azərbaycan
o ölkədir ki, bu ölkəyə həm xarici sərmayə
qoyulur, həm banklar böyük məmnuniyyətlə vəsait
ayırır. Çünki bilirlər ki,
onların vəsaiti batmayacaq. Bilirlər ki, Azərbaycanın
kifayət qədər böyük maliyyə resursları var.
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici
borcumuzdan 4,5 dəfə çoxdur. Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları,
xarici bankları cəlb edək. Ancaq, eyni
zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət
borcumuzu aşağı salaq. Necə ki, keçən il
ərzində xarici dövlət borcu 22,8
faizdən 19 faizə düşübdür və bu il daha da
düşəcək.
Mən çox şadam ki, bu gözəl müəssisə
Sumqayıt şəhərində yaradılıb. Sumqayıt nəinki
Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye
şəhəridir. Sumqayıtın sənaye
potensialının möhkəmləndirilməsi
üçün çox böyük işlər
görülüb. Mənim təşəbbüsümlə
Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye
Parkı yaradılıb və 2017-ci ildə karbamid zavodu
parkın rezidenti olubdur. Hazırda
Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var. Onlardan 10-u fəaliyyət
göstərir, artıq 11-ci rezident - karbamid zavodu da fəaliyyətə
başlamışdır. Sumqayıt Kimya Sənaye
Parkına qoyulan və qoyulacaq ümumi sərmayə təqribən
3 milyard dollara yaxındır. Bu, həm Sumqayıtın
iqtisadi-sənaye potensialını gücləndirir, həm də
iş yerlərinin yaradılmasına xidmət göstərir.
Sumqayıtın ümumi inkişafı, o
cümlədən ekoloji vəziyyətinin
yaxşılaşdırılması üçün
çox böyük işlər görülür. Sumqayıt bu gün parklar, bağlar, xiyabanlar şəhəridir,
gözəl bulvar salınıb, binaların dam örtükləri
təmir olunur. Ümumiyyətlə, indi
Sumqayıtın müasir görkəmi çox müsbətdir.
Bu zavod da ekoloji baxımdan çox təmiz bir
zavoddur. Mənə verilən məlumata
görə, havanı çirkləndirən heç bir maddə
olmayacaq.
Beləliklə, bu zavodun yaradılması böyük
hadisədir. Mən burada iştirak etmiş bütün vətəndaşları,
bu işlərdə fəal rolu olan bütün insanları
bir daha həm təbrik edirəm, həm onlara təşəkkürümü
bildirirəm.
Onu da bildirməliyəm ki, bu zavodun açılışı Xoşbəxt Yusifzadənin ad gününə təsadüf edir. Mən istəyirəm, Xoşbəxt müəllimi bu gözəl hadisə münasibətilə bütün Azərbaycan vətəndaşları adından təbrik edim. Xoşbəxt müəllim neft sənayesinin canlı əfsanəsidir, neft sənayesinin rəmzidir, Azərbaycan vətəndaşının rəmzidir. Mən xüsusilə xahiş etdim ki, Xoşbəxt müəllim bu gün buraya dəvət olunsun, həm onu təbrik edim, eyni zamanda, bu gözəl hadisəni biz birlikdə qeyd edək.
Sizi bir daha təbrik edirəm, Sizə yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
Prezident İlham Əliyev zavodda istehsal olunacaq məhsullara da baxdı. Zavodda gün ərzində 2000 ton karbamid istehsal ediləcək.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.- 17 yanvar.- S. 1;
2.