Azərbaycan
Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 92-ci maddəsini və 95-ci maddəsinin
I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, 2016-cı il
26 sentyabr tarixli referendum nəticəsində qəbul
edilmiş "Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikası Referendum Aktının,
"Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun və "Azərbaycan
Respublikası Milli Məclisi deputatının etik
davranış qaydaları haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara
alır:
Azərbaycan
Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997,
¹ 2, maddə 107; 1999, ¹ 5, maddə 284; 2000, ¹ 6, maddə 380, ¹
12, maddələr 832, 834; 2003, ¹ 2, maddə 77; 2004, ¹ 5, maddə
314; 2006, ¹ 1, maddə 3, ¹ 5, maddə 396, ¹ 12, maddə 1005; 2007,
¹ 8, maddə 755, ¹ 11, maddələr 1049, 1081; 2009, ¹ 6, maddə
395; 2010, ¹ 3, maddə 171; 2013, ¹ 4, maddə 358; 2016, ¹ 1, maddə
35) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Milli Məclisinin Daxili Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci
maddənin beşinci hissəsində, 1-1-ci maddənin
birinci-üçüncü hissələrində, 17-ci maddənin
onuncu hissəsində, 21-1-ci maddənin mətnində (birinci
hissədə birinci haldan başqa) ismin müvafiq hallarında
"Azərbaycan Respublikasının Milli Məclisi” sözləri
ismin müvafiq hallarında "Milli Məclis” sözləri
ilə əvəz edilsin.
2. 1-1-ci
maddənin ikinci və üçüncü hissələrinə
"Konstitusiya” sözündən əvvəl "Azərbaycan
Respublikasının” sözləri əlavə edilsin.
3.
3-cü maddənin ikinci hissəsi aşağıdakı
redaksiyada verilsin:
"Azərbaycan
Respublikası Konstitusiyasının 88-ci maddəsinin IV hissəsinə
əsasən, Milli Məclisin 83 deputatının tələbi
ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi
ilə Milli Məclisin sessiyasının qapalı iclası
keçirilə bilər.”.
4.
4-cü maddənin üçüncü hissəsinin birinci
cümləsi aşağıdakı redaksiyada verilsin:
"Milli Məclisin açıq iclaslarının
protokolları və stenoqramları bu Daxili Nizamnamənin
53-cü maddəsinin dördüncü hissəsinə
uyğun olaraq rəsmi dərc edilir.”.
5. 5-ci maddənin üçüncü və
dördüncü hissələrindən, 12-ci maddənin
birinci hissəsindən, 18-ci maddənin ikinci hissəsindən,
22-ci maddənin üçüncü hissəsindən və
24-cü maddənin ikinci hissəsindən ", bir qayda
olaraq,” sözləri çıxarılsın.
6.
6-cı maddənin üçüncü hissəsinə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Fasilədən sonra Milli Məclisin iclasında
üzrsüz səbəbdən qeydiyyatdan keçməyən
Milli Məclisin deputatı həmin iclasda iştirak etməmiş
hesab edilir.”.
7. 7-ci
maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun 42.1-ci maddəsinə əsasən,
müvafiq olaraq, Milli Məclis və Azərbaycan
Respublikasının Prezidenti qanun layihələrinin
hazırlanmasının qarşılıqlı
razılaşdırılmış illik planını tərtib
edir. Milli Məclisin iclasları həmin illik plan əsasında
növbəti sessiyanın ilk iclasında qəbul edilən
qanunvericilik işləri planına uyğun olaraq
keçirilir. Milli Məclisin qanunvericilik işləri
planı qərarla təsdiq edilir və onun həyata keçirilməsinə
Milli Məclis tərəfindən nəzarət edilir.”.
8. 15-ci
maddə üzrə:
8.1. birinci hissəyə "Konstitusiyasına”
sözündən sonra ", "Normativ hüquqi aktlar
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa”
sözləri əlavə edilsin;
8.2.
üçüncü-altıncı hissələr, müvafiq
olaraq, dördüncü-yeddinci hissələr hesab edilsin və
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
"Aparıcı komitənin
tapşırığı ilə Milli Məclisin Aparatı
qanun layihələrinin ictimai dinləmələrini və
ictimai müzakirələrini təşkil edir. İctimai dinləmə
və ictimai müzakirə komitə iclası ilə birlikdə
keçirilə bilər. İctimai dinləmənin
və ictimai müzakirənin təşkili üçün
Milli Məclisin Aparatı "İctimai
iştirakçılıq haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq tədbirlər görür.
İctimai dinləməyə və ictimai müzakirəyə
dəvət edilən şəxslər ictimai dinləmənin
və ya ictimai müzakirənin keçirilməsi tarixi barədə
azı 5 gün əvvəl, Azərbaycan Respublikası
Konstitusiyasının 96-cı maddəsinin V hissəsinə əsasən,
təcili elan edilən qanun layihələri ilə
bağlı isə azı 3 gün əvvəl xəbərdar
olunurlar.”;
8.3. dördüncü hissə
aşağıdakı redaksiyada verilsin:
"Milli Məclisin Aparatı komitənin
tapşırığı ilə qanun və qərar layihələrinin
məcburi hüquqi və linqvistik ekspertizalarını
keçirir, habelə qanun layihəsinin qəbul edilməsi ilə
əlaqədar hazırlanmalı, dəyişdirilməli və
ya ləğv edilməli normativ hüquqi aktların
(onların struktur elementlərinin) siyahısını tərtib
edir. Hazırlanmalı olan normativ hüquqi aktların
(onların struktur elementlərinin) siyahısı olmadan qanun
layihələrinin hazırlanmasına yalnız bunun
üçün 1 ildən artıq müddət tələb
edildikdə yol verilir. Bu halda aparıcı komitə tərəfindən
müvafiq siyahının təqdim edilməsi müddətini
müəyyən edən tapşırıq hazırlanır.”;
8.4. aşağıdakı məzmunda səkkizinci-on
üçüncü hissələr əlavə edilsin:
"Qanunvericilik təşəbbüsü hüququnun
subyekti və ya onun səlahiyyətli nümayəndəsi
Milli Məclisdə layihə üzərində aparılan
işdə iştirak etmək hüququna malikdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
Milli Məclisə təqdim edilmiş qanun layihəsi
bütün maraqlı dövlət orqanları ilə
razılaşdırılmış hesab olunur.
Qanun layihəsi
Milli Məclisdə layihədə edilmiş dəyişikliklərlə
birlikdə aşağıdakılarla
razılaşdırılmalıdır (rəy
alınmalıdır):
1) qanun layihəsini təqdim etmiş qanunvericilik
təşəbbüsü hüququnun subyekti ilə;
2) dəyişikliklər edilməsi dövlət
vəsaitlərinin ixtisar edilməsinə, xərclərin
yaranmasına və ya artırılmasına səbəb ola
bildikdə Azərbaycan Respublikasının Prezidenti ilə və
ya onun tapşırığı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti ilə.
"Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun 46.2-ci maddəsində nəzərdə
tutulan razılaşdırılma (rəy) nəticəsində
Milli Məclisə təqdim edilmiş dəyişikliklər
qanun layihəsinin alındığı gündən 14
gün keçənədək bu şərtlə həyata
keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi
hüquqi ekspertizanın keçirilməsi və qanun layihəsinə
baxılmasının təcili elan edilməsi ayrı müddət
tələb etməsin. Əlavə məlumatın
alınması zərurəti olduqda, habelə xüsusilə
mürəkkəb qanun layihələri üzrə rəyin
hazırlanması və razılaşdırılmanın
keçirilməsi (rəyin hazırlanması)
üçün daha uzun müddət müəyyən edilə
bilər.
Rəyə göndərilmədən və
razılaşdırılmadan müvafiq qanun layihəsində dəyişikliklər
(texniki xarakter daşıyan dəyişikliklər istisna
olmaqla) edilməsinə yol verilmir.
Milli Məclisə
təqdim olunmuş qanun layihəsində dəyişikliklər
edilmədikdə qanun layihəsi qanunvericilik təşəbbüsü
hüququnun subyekti ilə təkrar
razılaşdırılmır.”.
9.
16-cı maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
"Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun 70.3-cü maddəsinə əsasən, Milli
Məclisdə dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə
tutan hökumətlərarası müqavilələrin təsdiq
və ləğv edilməsi barədə,
uyğunlaşdırma məqsədi ilə
hazırlanmış, həmçinin ad və digər texniki
xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ,
yaş senzi ilə bağlı, həmçinin subyektlərin
hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini
yaradan və ya aradan qaldıran, yüngülləşdirən
və ya ağırlaşdıran dəyişikliklər
istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə
bir oxunuşda, digər qanun layihələrinə, həmçinin
Konstitusiya qanunu layihələrinə isə üç oxunuşda
baxılır.
Qanunvericilik təşəbbüsü hüququnun
subyekti Milli Məclisin müzakirəsinə təqdim etdiyi
qanun layihəsini onun yekun oxunuşda baxılmasına qədər
geri çağırmaq hüququna malikdir.
Milli Məclisdə
birinci, ikinci və üçüncü oxunuşlarda
baxılması üçün tam hazırlanmış qanun
layihəsi müvafiq oxunuşda baxılmasına azı 5
gün qalmış qanunvericilik təşəbbüsü
hüququnun subyektinə təqdim edilir.”.
10. 17-ci
maddə üzrə:
10.1. dördüncü hissənin 2-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
"2) əsaslar və səbəblər göstərilməklə
layihə rədd edilsin;”;
10.2. dördüncü hissəyə
aşağıdakı məzmunda 2-1-ci və 2-2-ci bəndlər
əlavə edilsin:
"2-1)
layihənin qəbul edilməsi müəyyən müddətə
təxirə salınsın;
2-2) irad və
təkliflər göstərilməklə, layihə yenidən
işlənilməsi üçün geri qaytarılsın;”;
10.3. beşinci hissədə "dərc olunması
və ümumxalq müzakirəsinə
çıxarılması” sözləri "ictimai dinləməsinin
və ya ictimai müzakirəsinin keçirilməsi” sözləri
ilə əvəz edilsin;
10.4.
altıncı hissənin ikinci və üçüncü
cümlələrinə "Konstitusiyasına” sözündən
sonra "və "Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununa” sözləri əlavə
edilsin;
10.5. səkkizinci hissə ləğv edilsin;
10.6. doqquzuncu hissə aşağıdakı
redaksiyada verilsin:
"Azərbaycan Respublikası Konstitusiyasının
96-cı maddəsinin II hissəsində nəzərdə
tutulan qanunvericilik təşəbbüsü hüququnun
subyektlərinin qanunvericilik təşəbbüsü
qaydasında Milli Məclisin müzakirəsinə verdikləri
qanun və ya qərar layihələri müzakirəyə təqdim
olunmuş şəkildə çıxarılır və səsə
qoyulur. Bu
qanun və ya qərar layihələrində dəyişikliklər
həmin subyektlərin razılığı ilə edilə
bilər.”;
10.7. onuncu hissədə "1.5-ci” sözü
"1.8-ci” sözü ilə və "və ya yenidən
baxılmasına” sözləri ", ləğv edilməsinə
və ya qanunlarda dəyişikliklər edilməsinə”
sözləri ilə əvəz edilsin.
11. 18-ci
maddənin dördüncü hissəsinin dördüncü
cümləsi aşağıdakı redaksiyada verilsin:
"Qanun
və ya qərar layihəsi Milli Məclisin müzakirəsinə
məcburi hüquqi ekspertizanın rəyi ilə, layihəyə
dair verilmiş təklif dövlət vəsaitlərinin ixtisar
edilməsinə, xərclərin yaranmasına və ya
artırılmasına səbəb ola bildikdə isə, həmçinin
bu Daxili Nizamnamənin 15-ci maddəsinin onuncu hissəsinin 2-ci bəndinə
uyğun olaraq, müvafiq rəylə birlikdə
çıxarılır.”.
12. 19-cu
maddənin ikinci hissəsi aşağıdakı redaksiyada
verilsin:
"Milli Məclisin müzakirəsində
üçüncü oxunuşda olan qanun layihəsi 63 səs
çoxluğu ilə ikinci oxunuşa qaytarıla bilər.”.
13. 21-1-ci
maddə üzrə:
13.1.
ikinci hissədə "Azərbaycan Respublikası Hesablama
Palatasının Daxili Nizamnaməsinin 25.3-cü” sözləri
"Hesablama Palatası haqqında” Azərbaycan Respublikası
Qanununun 7.0.11-ci” sözləri ilə və "hesabatları”
sözü "hesabatı” sözü ilə əvəz edilsin;
13.2. dördüncü hissədə
"qanunvericilik aktlarına dəyişikliklər və əlavələr”
sözləri "qanunlarda dəyişikliklərin” sözləri
ilə əvəz edilsin.
14. 22-ci
maddə üzrə:
14.1. ikinci hissə aşağıdakı redaksiyada
verilsin:
"Milli Məclisin Sədri Milli Məclisin deputatı
haqqında təqdimatı əvvəlcə Milli Məclisin
İntizam komissiyasına (bundan sonra - İntizam komissiyası)
göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin
deputatının toxunulmazlığına xitam verilib-verilməməsi
barədə rəy qəbul edir.”;
14.2. üçüncü hissəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Həmin
deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə
onun iştirakı olmadan baxılır.”;
14.3. üçüncü hissənin beşinci
cümləsi aşağıdakı redaksiyada verilsin:
"Milli Məclisin deputatının
toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin
qərarı azı 63 səs çoxluğu ilə qəbul
edilir.”.
15.
23-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 23. Milli Məclisin deputatlığından məhrumetmə
ilə əlaqədar məsələyə Milli Məclisdə
baxılması qaydası Azərbaycan Respublikası
Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndinin
4-cü, 6-cı və 7-ci yarımbəndlərində
göstərilən əsaslar olduqda, Milli Məclisin Sədri
Milli Məclisin deputatı haqqında məsələni
İntizam komissiyasına göndərir. İntizam
komissiyası bu məsələyə mandatından məhrum
edilməsi nəzərdə tutulan deputatın iştirakı
ilə 2 həftə müddətində baxıb müvafiq rəy
qəbul edərək Milli Məclisin Sədrinə təqdim
edir. Pozuntu halları rəydə öz təsdiqini
tapdıqda, Milli Məclisin Sədri İntizam
komissiyasının Milli Məclisin deputatının
mandatından məhrum edilməsi barədə rəyini Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına
göndərir.
Milli Məclisin deputatı Milli Məclisin iclasında
mandatından imtina etdikdə və həmin imtina Milli Məclisin
iclasının stenoqramına daxil edildikdə, Milli Məclisin
deputatı bu imtinasını geri götürə bilməz. Bu halda Milli Məclisin Sədri
iclasın stenoqramını və ya stenoqramdan
çıxarışı Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına göndərir.”.
16.
Aşağıdakı məzmunda 23-1-ci maddə əlavə
edilsin:
"Maddə 23-1. Milli Məclisin deputatının səlahiyyətlərinin
itirilməsinin əsasları və bu məsələyə
baxılması qaydası Azərbaycan Respublikası
Konstitusiyasının 89-cu maddəsinin II hissəsinə əsasən,
Milli Məclisin deputatı öz səlahiyyətlərini daimi
icra edə bilmədikdə və bu Daxili Nizamnamənin 47-ci
maddəsinin beşinci hissəsində göstərilən
halda onun səlahiyyətləri itirilir.
Milli Məclisin Sədri əmək qabiliyyətini fasiləsiz
olaraq 6 aydan çox müddətə tam itirən Milli Məclisin
deputatı barəsində olan tibbi-sosial ekspert
komissiyasının rəyini və ya fəaliyyət qabiliyyətsizliyi
səbəbindən öz səlahiyyətlərini daimi icra edə
bilməyən Milli Məclisin deputatı barəsində olan məhkəmənin
qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin
növbəti iclasında müzakirəyə təqdim edir. Müzakirə
səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan
deputatın iştirakı ilə keçirilir. Həmin deputatın iclasda iştirakı
mümkün olmadıqda bu məsələyə onun
iştirakı olmadan baxılır. İclasda
iştirak edən Milli Məclisin deputatları yalnız
deputatın səlahiyyətlərinin itirilməsi
üçün yetərli əsasların
olub-olmamasını aydınlaşdıra bilər, lehinə və
ya əleyhinə çıxış edə bilərlər.
Öz səlahiyyətlərini daimi icra edə
bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin
itirilməsi barədə Milli Məclisin qərarı azı
63 səs çoxluğu ilə qəbul edilir.
Parlamentdaxili
məsuliyyətə cəlb olunması ilə əlaqədar
Milli Məclisin deputatının səlahiyyətlərinin
itirilməsinin əsasları və müvafiq qərarın qəbul
edilməsi qaydası bu Daxili Nizamnamənin 47-ci maddəsinin
beşinci hissəsi ilə müəyyən edilir.”.
17.
Aşağıdakı məzmunda 23-2-ci maddə əlavə
edilsin:
"Maddə 23-2. Milli Məclisin buraxılması
Azərbaycan
Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə
əsasən, Milli Məclisin eyni
çağırışı 1 il ərzində iki dəfə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
etimadsızlıq göstərdikdə və ya Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin və Azərbaycan
Respublikası Mərkəzi Bankı İdarə Heyətinin
kollegial fəaliyyəti üçün zəruri olan sayda
üzvlüyə namizədləri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən iki dəfə
təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin
birinci hissəsində müəyyən edilmiş müddətdə
təyin etmədikdə, habelə Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü və 95-ci maddələrində,
96-cı maddəsinin II, III, IV və V hissələrində,
97-ci maddəsində göstərilən vəzifələrini
aradan qaldırıla bilməyən səbəblər
üzündən icra etmədikdə, Azərbaycan
Respublikasının Prezidenti Milli Məclisi buraxır.”.
18.
24-cü maddənin birinci hissəsinə "məsələlər”
sözündən sonra "Milli Məclisin iclasına sədrlik
edənin müəyyən etdiyi qaydada” sözləri əlavə
edilsin.
19. 31-ci
maddə üzrə:
19.1. birinci hissənin dördüncü bəndi
aşağıdakı redaksiyada verilsin:
"Milli
Məclisin Sədrinin müavinləri və Milli Məclisin
komitələrinin sədrləri ilə birlikdə qanun layihələrinin
hazırlanmasına dair Milli Məclisin illik planını tərtib
edir, qarşılıqlı razılaşdırılması
üçün Azərbaycan Respublikasının Prezidentinə
təqdim edir və həmin illik plan əsasında hər
növbəti sessiyanın qanunvericilik işləri
planını təsdiq edilməsi üçün Milli Məclisə
təqdim edir;”;
19.2. birinci hissənin altıncı bəndi
aşağıdakı redaksiyada verilsin:
"qəbul edilmiş qanunların ikinci nüsxəsinin
son səhifəsində viza qoyur və imzalanması
üçün Azərbaycan Respublikasının Prezidentinə
təqdim edir;”;
19.3. üçüncü hissə ləğv
edilsin.
20. 38-ci
maddənin ikinci hissəsinə "Məclisin” sözündən
sonra "digər komitələrinin və” sözləri əlavə
edilsin.
21. 41-ci
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 41. İntizam komissiyası
Növbəti
çağırış Milli Məclisin birinci iclasında və
bundan sonra hər il Milli Məclisin yaz
sessiyasının birinci iclasında İntizam komissiyası
yaradılır. İntizam komissiyası Milli Məclisin
deputatları sırasından 1 il müddətinə
11 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz
üzvləri sırasından komissiyanın sədrini, sədr
müavinini və katibini seçir.
İntizam
komissiyasının səlahiyyətlərinə
aşağıdakılar aiddir:
1) "Azərbaycan
Respublikası Milli Məclisi deputatının etik
davranış qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
etik davranış qaydalarına riayət edilməsinə nəzarət
etmək və bu məsələlərlə bağlı
müraciətlərə baxmaq;
2) etik davranış
qaydaları barədə Milli Məclisin deputatlarını məlumatlandırmaq,
bu qaydalarla bağlı rəy və tövsiyələr vermək,
həmin qaydaların pozulmasının
qarşısının alınması üçün tədbirlər
görmək və görülən tədbirlərə dair
mütəmadi ümumiləşdirmələr aparıb Milli
Məclisin Sədrinə məlumat vermək;
3) bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci
hissəsinin 1-ci bəndində göstərilən əsasa
görə, Milli Məclisin, yaxud onun komitə və ya
komissiyasının iclasına sədrlik edənin təqdimatı
əsasında araşdırma aparmaq və müvafiq əsaslar
aşkar etdikdə Milli Məclisin deputatı barəsində
töhmət intizam tədbirinin tətbiq edilməsi
haqqında qərar qəbul etmək;
4) bu
Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 2-ci bəndində
göstərilən əsasa görə, Milli Məclisin Sədrinin
təqdimatı əsasında araşdırma aparmaq və
müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin
deputatı barəsində töhmət intizam tədbirinin tətbiq
edilməsi haqqında qərar qəbul etmək;
5) bu
Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin
3-cü bəndində göstərilən əsaslara görə,
Milli Məclisin Sədrinin təqdimatı əsasında
araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə
Milli Məclisin deputatı barəsində töhmət intizam
tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul
etmək, yaxud Milli Məclisin deputatının səlahiyyətlərinin
itirilməsi intizam tədbirinin tətbiq edilməsi barədə
rəy qəbul edib Milli Məclisin müzakirəsinə təqdim
etmək;
6) Milli Məclisin
deputatının toxunulmazlığına xitam verilməsi
haqqında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına
Milli Məclisin Sədrinin göndərişi əsasında
baxıb müvafiq rəy qəbul etmək və Milli Məclisin
müzakirəsinə təqdim etmək;
7) Azərbaycan
Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin
birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində
göstərilən hallar olduqda, Milli Məclisin Sədrinin təqdimatı
əsasında araşdırma aparmaq və müvafiq əsaslar
aşkar etdikdə Milli Məclisin deputatının
mandatından məhrum edilməsi haqqında qəbul etdiyi rəyi
Milli Məclisin Sədrinə təqdim etmək;
8) bu Daxili Nizamnamədə nəzərdə tutulmuş
digər səlahiyyətləri həyata keçirmək.
İntizam komissiyasının iclası onun azı 6
üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam
komissiyasının bütün qərarları (rəyləri)
onun iclaslarında iştirak edən üzvlərinin sadə səs
çoxluğu ilə qəbul edilir. Bu maddənin
ikinci hissəsində göstərilən məsələlərə
dair keçirilən iclaslarda İntizam komissiyasının rəyi
ilə razı olmayan komissiya üzvü xüsusi rəyini
protokola əlavə edə bilər və həmin xüsusi rəylə
(7-ci bəndində göstərilən məsələyə
dair xüsusi rəy istisna olmaqla) Milli Məclisin iclasında
çıxış edə bilər.
İntizam komissiyasının rəy verilməsi məqsədi
ilə keçirilən iclaslarında hüquqşünas
ekspertlərin köməyindən istifadə edilə bilər. Ekspertlər
İntizam komissiyasında əməkhaqqı ödənilməklə
və ya ictimai əsaslarla işləyə bilərlər.
Əməkhaqqı ödənilməklə işləyən
ekspertlərin əmək münasibətləri Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.”.
22.
44-cü maddə üzrə:
22.1. birinci hissədə "daimi fəaliyyət
göstərən dövlət büdcə nəzarəti”
sözləri ", daimi fəaliyyət göstərən ali
audit” sözləri ilə əvəz edilsin;
22.2. ikinci hissədə "7” rəqəmi "5”
rəqəmi ilə əvəz edilsin;
22.3. üçüncü hissədə
"iqtisadiyyat, maliyyə sahələrində iş təcrübəsinə
malik olan ali təhsilli şəxslər olmalıdır”
sözləri "hüquq, iqtisadiyyat və ya maliyyə sahələrində
5 ildən az olmayaraq iş təcrübəsinə malik olan
ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları
ola bilərlər” sözləri ilə əvəz edilsin.
23. 45-ci
maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Milli
Məclisin deputatı aşağıdakı hallarda
parlamentdaxili məsuliyyətə cəlb olunur:
1) "Azərbaycan
Respublikası Milli Məclisi deputatının etik
davranış qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
etik davranış qaydalarını pozduqda (kobud surətdə
pozduğu hallar istisna olmaqla);
2)
"Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən
edilmiş tələblərə əməl etmədikdə və
ya həmin qanunun 9-cu maddəsində göstərilən
hüquqpozmaları törətdikdə (onlar inzibati və ya
cinayət məsuliyyəti yaratmadıqda);
3) Milli Məclisin,
yaxud onun komitə və komissiyalarının iclaslarında
üzrsüz səbəbdən iştirak etmədikdə.
Milli Məclisin
deputatı Azərbaycan Respublikası Konstitusiyasının
89-cu maddəsinin I hissəsinin birinci bəndində nəzərdə
tutulmuş hallar üzrə parlamentdaxili məsuliyyətə
cəlb oluna bilməz.”.
24.
46-cı maddənin birinci abzası aşağıdakı
redaksiyada verilsin:
"Bu
Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsində
göstərilən əsaslara görə Milli Məclisin
deputatı barəsində aşağıdakı intizam tədbirlərindən
biri tətbiq edilir:”.
25. 47-ci
maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin
1-ci bəndində göstərilən əsasa görə,
Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının
iclasına sədrlik edən tərəfindən Milli Məclisin
deputatı barəsində xəbərdarlıq, söz kəsmə
və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq
edilir, yaxud töhmət intizam tədbirinin tətbiq edilməsi
üçün İntizam komissiyasına təqdimatla
müraciət edilir. İntizam komissiyası 2 həftə
müddətində apardığı araşdırma nəticəsində
müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin
deputatı barəsində töhmət intizam tədbirinin tətbiq
edilməsi haqqında qərar qəbul edir.
Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin
2-ci bəndində göstərilən əsasa görə,
Milli Məclisin Sədri Milli Məclisin deputatı barəsində
İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam
komissiyası 2 həftə müddətində
apardığı araşdırma nəticəsində
müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin
deputatı barəsində töhmət intizam tədbirinin tətbiq
edilməsi haqqında qərar qəbul edir.
Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin
3-cü bəndində göstərilən əsasa görə,
Milli Məclisin və onun komitə və komissiyalarının
iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4
və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən
Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri
İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam
komissiyası 1 həftə müddətində
apardığı araşdırma nəticəsində
müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin
deputatı barəsində töhmət intizam tədbirinin tətbiq
edilməsi haqqında qərar qəbul edir.
Milli Məclisin deputatı barəsində töhmət
intizam tədbirinin tətbiq edilməsi haqqında qərar
Milli Məclisin növbəti iclasında elan edilir.
Bu Daxili
Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində
göstərilən əsasa görə, Milli Məclisin Sədri
Milli Məclisin növbəti sessiyasının bütün
iclaslarında və ya il ərzində
Milli Məclisin 15 iclasında üzrsüz səbəbdən
iştirak etməyən Milli Məclisin deputatı barəsində
İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində
apardığı araşdırma nəticəsində
müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı
barəsində deputat səlahiyyətlərinin itirilməsi
intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul
edir və Milli Məclisin müzakirəsinə
çıxarır. Bu məsələyə
Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin
itirilməsi nəzərdə tutulan deputatın
iştirakı ilə baxılır. Həmin
deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə
onun iştirakı olmadan baxılır. İclasda
iştirak edən Milli Məclisin deputatları yalnız deputat
səlahiyyətlərinin itirilməsi üçün yetərli
əsasların olub-olmamasını aydınlaşdıra bilər,
İntizam komissiyasının üzvlərinə suallar verə
bilər və deputatın səlahiyyətlərinin itirilməsinin
lehinə və ya əleyhinə çıxış edə
bilərlər. Milli Məclisin deputatının səlahiyyətlərinin
itirilməsi barədə Milli Məclisin qərarı azı
63 səs çoxluğu ilə qəbul edilir.”.
26. 50-ci
maddə ləğv edilsin.
27. 51-ci
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 51. Bu Daxili Nizamnamənin icrasına nəzarət
Bu Daxili
Nizamnamənin icrasına nəzarət Milli Məclisin rəhbərliyi
tərəfindən həyata keçirilir.”.
28.
53-cü maddə üzrə:
28.1. ikinci hissə dördüncü hissə hesab
edilsin və aşağıdakı məzmunda ikinci və
üçüncü hissələr əlavə edilsin:
"Azərbaycan Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin 6-20-ci bəndlərində
göstərilən məsələlər üzrə Milli Məclisin
açıq iclaslarında qəbul etdiyi qərarlar 3 gün
müddətində "Azərbaycan” qəzetində dərc
edilir.
Milli Məclisin
qərarları Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi
ilə qəbul edildiyi gündən 3 gün keçənədək
müvafiq icra hakimiyyəti orqanına müşayiət məktubu
olmadan göndərilir.”;
28.2. dördüncü hissəyə "Məclisin”
sözündən sonra "açıq” sözü əlavə
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 noyabr 2018-ci il
Azərbaycan.- 2019.- 17 yanvar.- S. 3.