Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir

 

Yanvarın 16-da Məhkəmə-Hüquq Şurasında Ali Məhkəmənin hakimlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan ardıcıl və məqsədyönlü islahatların bu sahədə işin müasir tələblər səviyyəsində qurulmasına, məhkəmələrə ictimai etimadın yüksəldilməsinə yönəldiyini bildiriblər.

Qeyd olunub ki, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, ədalət mühakiməsinin səmərəliliyinə nail olunmasında, vahid məhkəmə təcrübəsinin formalaşmasında Ali Məhkəmə mühüm rol oynayır. Ona görə bu məhkəmədə məhz hazırlıqlı, ən peşəkar, yüksək mənəvi keyfiyyətlərə malik hakimlər işləməlidirlər ki, qanunun aliliyi, məhkəmə qərarlarının ədalətliliyi təmin olunsun. Bu məsələdə hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi institutunun tətbiqinin mühüm əhəmiyyəti vurğulanıb.

Müşavirədə insanlarda haqlı narazılıq doğuran nöqsan və çatışmazlıqların aradan qaldırılması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, mənfi halların yolverilməzliyi qeyd olunub.

Həmçinin mövcud problemlərin həlli yolları təhlil edilib, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, süründürməçiliyə və korrupsiyaya şərait yaradan hallara yol verilməməsi, ədalət mühakiməsinə ictimai etimadın artırılması və sair məsələlərlə bağlı tövsiyələr verilib.

 

Azərbaycan.- 2019.- 17 yanvar.- S. 4.