Xalqımıza qarşı məkrli siyasətin növbəti təzahürü

 

Qanlı Yanvar hadisələrindən 29 il ötür. Aparılan təhlil və araşdırmalar bir daha təsdiq edir ki, bütün proseslərin başında M.Qorbaçov dayanırdı. SSRİ müdafiə naziri, marşal Dmitri Yazov isə Bakıya yeridilən qoşunun törətdiyi qırğınların, vəhşiliklərin birbaşa icraçısı idi. Törətdiyi cinayətə görə layiqli cəzanı almasa da, hər halda ona ölkədən çıxmaq qadağası qoyulmuşdu. Lakin o, həqiqəti boynuna almaqdan imtina edir. Bunu onun "LiderTV-nin Moskva bürosunun rəhbəri Anar Həsənovla müsahibəsi də təsdiq edir.

"SSRİ-nin dağılmasında Qarabağ münaqişəsi böyük rol oynadı. Siz o hadisələrin mərkəzində idiniz. Günahkar kim idi” sualına D.Yazov belə cavab verib: "Qorbaçovun yenidənqurma dövrü zamanı Ermənistanda zəlzələ baş verdi. Həmin vaxt artıq Qarabağda münaqişə də başlayırdı. Mən onda erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov xüsusi tərzdə soruşdu: "Siz Artsax haqqında danışırsınız?” Ermənilər Qarabağı "Artsax” adlandırır. Bu, onlarına xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qorbaçova dedilər: "Siz tarixi bilirsiniz”.

D.Yazov əlavə edir: "Əslində Qorbaçov tarixi bilmirdi. Ona, sadəcə, kimsə bu haqda demişdio, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər. İclasda MK Siyasi Büronun üzvləri Nikolay Rıjkov və Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üzərinə yağ tökür. Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi. Sumqayıtda xüsusilə vəziyyət gərgin idi. Bu, Siyasi Büroda şok effekti yaratdı. Qorbaçov məni, KryuçkovuBakatini yanına dəvət etdi. Dedi ki, Bakıda vəziyyət pisdir. Bakıya ezam olunmuş GirenkoPrimakovla telefon vasitəsilə danışırdı. Onlar Bakıda fövqəladə vəziyyət elan edilməsinin vacibliyini deyirdilər...

Bakıda Girenko, Primakov, Mütəllibov və Azərbaycan MK-nın başqa üzvləri toplaşdı. Mən 3 gün ərzində fövqəladə vəziyyət elan edəcəyimizi bildirdim. Moskvada Çkalov aeroportundan uçarkən artıq hansı rayonlara desant alaylarının yerləşdirilməsi haqda əmr verdim. Biz radio vasitəsilə qoşunların şəhərə girişini elan etdik. Televiziya partladılmışdı. Bunu kimin etdiyini bilmirəm. Radio vasitəsilə insanları küçələrə çıxmamağa çağırdıq. Qoşunlar şəhərə sakinləri öldürmək məqsədilə girməmişdi. Məqsəd vəziyyəti sabitləşdirmək, ermənilərlə azərbaycanlılar arasında münaqişəni həll etmək idi”.

Yazova sual veriləndə ki, rəsmi məlumatlara görə, Bakıda 136 insan həlak oldu. O, isə yenə cavab verir ki, biz heç bir insanı öldürmədik. Bizim əsgərlərimizin kimi isə vurmağı haqda mənə məlumat verilməmişdi. Təkrar soruşulanda ki, bəs tankın altında qalan təcili yardım maşını haqqında nə deyərsiniz? Yenə də cavab verir ki, mən tankın altında qalan təcili yardım maşını haqda heç nə bilmirəm. Bakıda tanklar yox idi. Sadəcə piyada döyüş maşınları var idı.

Soruşulur: "Siz özünüzü 20 Yanvar hadisələrində günahkar hesab edirsinizmi?” Cavab verir: "Mən özümü günahkar hesab edirəm? Mən başqasının əmrini yerinə yetirirdim. İndi o əmrləri verən insan hər şeydən imtina edir. Mən ölkədən çıxa bilmərəm. Mən hara getsəm, həbs olunacağam. Çünki fövqəladə vəziyyəti mən elan etmişdim, ordunu şəhərə mən daxil etmişdim. İnsanların güllələnməsində məni günahkar hesab edirlər. Kimi ittiham edirlər? Mən insanları güllələməyi əmr etmirdim. Həm Bakıda, həm Vilnüsdə. Mən gəldim, çünki məni göndərmişdilər. Təkcə məni yox, daxili işlər nazirini, dövlət təhlükəsizlik katibini də göndərmişdilər. Ölkədə daxili vəziyyətə görə mən cavab verməli idim? Əlbəttə ki, ilk növbədə daxili işlər naziri cavab verməli idi. Mənim vəzifəm ölkənin sərhədlərini müdafiə etmək və düşmənlə vuruşmaq idi. Məni aldatdılar.

Xatırlayıram, Heydər Əliyev öz məqalələrinin birində yazırdı ki, Qorbaçovuo hadisələrin icraçısı Yazovu bağışlamayacam. Lakin mən öz vəzifəmi yerinə yetirdiyimi hesab edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki insanlar məhv olur. Qoşunları mən daxil etdim, lakin bu mənim "güllələyin” əmrini verməyim demək deyil”.

 

Cavablarından görünür ki, Yazov öz cinayətini etiraf etməkdən imtina edir. Halbuki bir neçə ölkə Dmitri Yazovu bu qırğına görə cinayətkar elan etmişdi. D.Yazov bilməmiş olmazdı ki, SSRİ Ali Sovetinin Rəyasət Heyəti 15 yanvar 1990-cı il tarixdə Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət barədə verdiyi fərmanın 1-ci maddəsində Bakıda fövqəladə vəziyyət nəzərdə tutulmurdu.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il tarixli fərmanının təsiri Bakı şəhərinə 20 yanvarda, səhər saat 7-də elan edilərək şamil edilmişdir.

Fövqəladə vəziyyətin hüquqi rejimi haqqında qanun isə 3 aprel 1990-cı ildə - qırğından 2 ay 16 gün sonra qəbul edilmişdir. Beləliklə, qanunsuz fövqəladə vəziyyət elan edilmişdir. Əsl həqiqət bax budur.

Belə bir qənaətə gəlmək olar ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin təzahürü olmuşdu. Digər tərəfdən isə, bu faciə öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyinin, əyilməzliyinin və məğrurluğunun göstəricisi oldu.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü aparmadılar. Ali Sovetin deputat-istintaq komissiyasının yaradılmasına, 18 yanvar 1992-ci il tarixli iclasında komissiyanın işinin yekunlaşdırılmasının müzakirə edilməsinə baxmayaraq, faciəyə hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Milli Məclisin 29 mart 1994-cü il tarixli iclasında 20 Yanvar faciəsi müzakirə edildiona siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.

Cinayəti ört-basdır etmək üçün 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu qiyməti almayıb. Bu hadisələrə kədər, yaxud mübarizlik salnaməsi kimi pafossuz münasibətlə bərabər, düşünülmüş, hadisələrin mahiyyətini olduğu kimi, beynəlxalq təşkilatların diqqətinə çatdırmaq barədə düşünməli və 20 Yanvar faciəsinə beynəlxalq hüquqi qiymətin verilməsinə çalışmalıyıq.

Sual olunur, faciənin qarşısını almaq olardımı? Bəli, o vaxtlar ölkə rəhbərliyində Heydər Əliyev olsaydı, bu faciənin qarşısını almaq olardı. Xalq-iqtidar birliyi olsaydı, hakimiyyət uğrunda mübarizə, qarşıdurma olmasaydı məqsədəuyğun milli siyasət yürüdülsəydi, bu faciənin qarşısını almaq mümkün olardı.

Şükürlər olsun ki, ulu öndərin yenidən hakimiyyətə gəlməsi xalqı fəlakətdən, yox olmaq təhlükəsindən qurtardı. Şəhidlərimizin adları əbədiləşdirildi, abidələri ucaldıldı və ailələrinə dövlət qayğısı göstərildi. Bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 327 nəfər 20 Yanvar əlili Prezident təqaüdü alır, 11994 nəfər Qarabağ əlili, 49692 müharibə veteranı və şəhid ailəsi dövlət qayğısı ilə əhatə olunmuşdur. Hər il dövlət səviyyəsində şəhidlərin anım tədbirləri keçirilir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Və məzarları ziyarət edərkən B.Vahabzadənin:

 

İnsan insan olur öz hünəriylə,

 

Millət millət olur xeyri, şəriylə,

 

Torpağın bağrına cəsədləriylə

 

Azadlıq tumunu əkdi şəhidlər -

 

misralarını ürəklərindən keçirirlər.

 

Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Torpaqlarımız işğaldan azad olunacaq ərazi bütövlüyümüz bərpa ediləcəkdir. Bizlərin hər biri bir gün Şəhidlər xiyabanını ziyarət edib deyəcəyik ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmişik, rahat yatın, Allah sizlərə rəhmət eləsin. İnanırıq ki, bu gün uzaqda deyil. Bu inamı bizlərə ölkə rəhbəri cənab İlham Əliyevin yeritdiyi uğurlu siyasət xalqımızın qələbə əzmi verir.

 

Şikar QASIMOV,

 

Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2019.- 17 yanvar.- S. 7.