Güclənən
Azərbaycan və tənəzzüldən çıxa bilməyən
Ermənistan
Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətin
yaratdığı yeni reallıq
Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın maraqları çərçivəsində
həllini tezləşdirə bilər
Dövlətlərin inkişaf səviyyəsini, nüfuzunu, beynəlxalq etimadını və bu kimi digər xüsusiyyətlərini xarakterizə edən əsas cəhətlərdən biri onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir. Təbii ki, hər ölkə dünya birliyinin subyekti olaraq həm özünün milli maraqlarına cavab verən və həm də müstəqil siyasət həyata keçirmək istəyir. Məhz bu kontekstdən yanaşaraq deyə bilərik ki, yerləşdiyi regionun lider dövləti olan Azərbaycanın həm də beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, dünyada və regionda söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır.
Nüfuz və söz
sahibi
Respublikamızın nüfuz və söz sahibi olmasını göstərən bir çox amilləri sadalamaq mümkündür ki, bunlardan ən başlıcası Azərbaycanın yeritdiyi müstəqil siyasətdir. Bununla bağlı kifayət qədər və beynəlxalq səviyyədə öz təsdiqini və dəstəyini tapmış faktlar ortaya qoymaq mümkündür. Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyası, sürətli sosial-iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya qoyduğu prinsipial mövqeyi, öz ərazilərini məhz dialoq və əməkdaşlıq üçün açıq olduğunu birmənalı şəkildə elan etməsi bu barədə kifayət qədər aydın fikir yeritməyə əsas verir.
Digər tərəfdən Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər arasında sülhü möhkəmləndirən, humanitar əməkdaşlığa çağıran dialoq təşəbbüsləri bütün dünyada maraq doğurur. Eyni zamanda Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranmasına və inkişafına mühüm təsir göstərir. Bütün bunlarla yanaşı, Azərbaycan müstəqil siyasət yeridərək qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmur, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirir.
Azərbaycanın Ermənistanı çıxmaq şərtilə bütün region dövlətləri ilə münasibətləri yüksək səviyyədədir. Onların əksər qismi ilə respublikamızı tək mehriban qonşuluq və dostluq münasibətləri deyil, həm də strateji əlaqələr birləşdirir. Məsələn, Azərbaycan və Rusiya prezidentlərinin 2018-ci ildə 6 dəfə görüşmələri iki dövlət arasındakı güclü siyasi əlaqələrin olmasının bariz nümunəsidir.
Xüsusilə qeyd edilməlidir ki, dövlət başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.
İrana gəldikdə, bu ölkə ilə respublikamız arasında olan əlaqələr ildən-ilə genişlənir. İki ölkənin rəhbərləri arasındakı isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Son illərdə Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrin daha da güclənməsinə böyük töhfələr verdi. Bir daha qeyd edək ki, Azərbaycan İrana qarşı təcrid siyasətinə qoşulmadı. Əksinə, İrana qarşı sanksiyaların olduğu vaxtlarda bu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələri gücləndi. Bakı ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəmədi.
Təsadüfi deyil ki, yanvarın 16-da İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri bildirib: "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”.
Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər. Təbii ki, Azərbaycan tərəfi dostluq münasibətlərinin ruhuna uyğun olan bu kimi siyasi mövqenin ortaya qoyulmasını yüksək qiymətləndirir.
Azərbaycan-Türkiyə münasibətlərini isə xüsusi qeyd etməyə ehtiyac yoxdur. Bu iki türk dövləti arasında əlaqələrin dünyada analoquna rast gəlmək mümkün deyil. Bu gün bütün türk dövlətləri arasında sıx əlaqələr var. Amma Azərbaycan-Türkiyə münasibətləri xüsusi özəlliyi ilə diqqəti daha çox cəlb edir. Bir soydan qaynaqlanan etnik ortaqlıqla, dil və mədəniyyət kimi mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə dövlətləri yalnız mehriban qonşuluq münasibətlərini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi amilləri də rəhbər tutaraq tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün qarşılıqlı olaraq bütün zəruri addımları daim atmışlar. Türk dünyasının öncülləri olan bu iki ölkə arasındakı münasibətlərdə demək olar ki, boşluq qalmamışdır. Bu mənada Azərbaycan-Türkiyə əlaqələrindən söz açdıqda diqqəti cəlb edən əsas məsələ yalnız əməkdaşlığın genişləndirilməsi və ya dərinləşdirilməsi deyil, bu iki türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin özünün ən yüksək zirvəsinə çatmasına nail olmaqdır.
Azərbaycan digər qonşu dövlət olan Gürcüstanla strateji tərəfdaşlıq əlaqələri qurmuş, həyata keçirilən transmilli layihələr bu ölkənin inkişafında, təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm faktora çevrilmişdir.
Küncə
sıxılmış Ermənistan
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan region ölkələri ilə əlaqələrini inkişaf etdirməklə, onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə vermiş və bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilmişdir.
Digər tərəfdən Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirmiş, bu ölkənin siyasi və iqtisadi sisteminin, 20 ildən artıqdır ki, hakimiyyəti zəbt etmiş xunta rejiminin çökməsində mühüm rol oynamışdır. Hazırda Ermənistanda bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də ciddi geriləmə müşahidə olunur. Hakimiyyət dəyişikliyi ilə əlaqədar bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Moskvanı və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur edir. Son aylarda Ermənistanda Rusiyaya qarşı çıxışlar getdikcə daha da artıb, rusofobiya meyilləri xeyli güclənib. Bunun nəticəsində Rusiyanın siyasi dairələrində Ermənistana qarşı antipatiya formalaşıb. Rusiyada Ermənistanın etibarlı müttəfiq olmasına inananların sayı getdikcə sürətlə azalmaqdadır. Bu arada İranın da Ermənistanla əlaqələrinə korrektələr etdiyi görünməkdədir.
Bu ölkənin Ermənistanla bəzi iqtisadi layihələrdən faktiki olaraq imtina etməsi buna misal ola bilər.
Ermənistandan fərqli olaraq bu gün Azərbaycanın region ölkələri ilə strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf edir, onun beynəlxalq nüfuzu artır. Təbii ki, bütün bunlar Azərbaycanın yeganə problemi olan ərazi bütövlüyünün təmin olunmasında olduqca mühüm əhəmiyyət kəsb edir. Bu mənada diqqəti çəkən xüsusi məqam odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmiş Azərbaycan və öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan. Regionun yeni reallığı budur.
Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yaratdığı yeni reallıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin hazırlamışdır. Bu siyasətin nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyi gün uzaqda deyil.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2019.- 18 yanvar.- S. 1; 3.