ASAN yolla rahat
HƏYAT
İlham
Əliyevin yaratdığı yeni Azərbaycan brendi qısa
müddətdə xalqın böyük etimad və rəğbətini
qazanıb
Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq... Yaradıldığı gündən fəaliyyətini "vahid məkan” prinsipi əsasında quran Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzləri 6 ildir ölkə vətəndaşlarının xidmətindədir.
Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan və 2013-cü ildə 5 mərkəz, 2 səyyar avtobusla xidmətə başlayan "ASAN xidmət” yenicə qədəm qoyduğumuz 2019-cu ildə 15 xidmət mərkəzi, 1 qatar və 10 səyyar avtobusla ölkənin 75 faizini əhatə edir. Əgər fəaliyyətə başlayanda 20 xidmət təqdim edilirdisə, bu gün 11 dövlət orqanı, özəl şirkət, müəssisələr ümumlikdə 320-yə yaxın xidmət göstərir.
2016-cı ildən isə xidmətin fəaliyyətinin genişləndirilməsi fonunda yenilik yaşandı - "ASAN Həyat” kompleksləri yaradılmağa başlanıldı və ilk belə kompleks respublikanın cənub bölgəsində - Masallı şəhərində yaradıldı.
Operativ xidmət,
istirahət və əyləncə
"ASAN Həyat” kompleksləri vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif sahələri əhatə edir və vətəndaşlar tərəfindən də çoxluqla qarşılanır. Burada "ASAN xidmət” mərkəzi ilə yanaşı, istirahət üçün park, kinoklub, intellektual əyləncə obyektləri də yaradılır.
Elə Azərbaycanın ilk "ASAN Həyat” kompleksində də belə təkmil imkanlar mövcuddur.Vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu kompleksin istirahət və əyləncə imkanlarından da istifadə edə bilirlər.
Biz də bu mənzərənin şahidi olmaq üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin müşayiətilə Masallıya yollandıq.
9 şəhər
və rayon, 300-dən çox müxtəlif xidmət
Yanvar ayı olsa da, sanki günəşli yaz səhəri açılıb Masallıda... Şəhərin Heydər Əliyev prospektində inşa olunan "ASAN Həyat” kompleksinin ətrafındakı parkda salınan yaşıllıq, tər gül-çiçəklərin ətri xoş ovqat yaradır. Kənardan tamaşa etdikdə kiçik bir şəhərciyi xatırladır bura...
Azərbaycanın ilk "ASAN Həyat” kompleksi Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində açılıb. Kompleks xüsusi zövqlə tikilən dördmərtəbəli "ASAN xidmət” mərkəzi və 6 ictimai iaşə obyekti üçün nəzərdə tutulan binalardan ibarətdir. Burada Heydər Əliyev İncəsənət Məktəbi, kinoklub, bank, kafe, "ABAD” mərkəzi və "ASAN İntellektual” inkişaf mərkəzi də mövcuddur.
Kompleksin 4480 kvadratmetr ərazisində "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Elə tanışlığa da ilk olaraq mərkəzdən başlayırıq.
Onu da qeyd edək ki, hazırda bütün "ASAN xidmət” mərkəzlərində 11 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-yə yaxın müxtəlif xidmət göstərilir.
Elnur Niftəliyev deyir ki, Masallı regional "ASAN xidmət” mərkəzinə Masallı, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan və Neftçala ərazisində qeydiyyatda olan vətəndaşlar müraciət etməklə lazımi sənədləri operativ və şəffaf qaydada əldə edə bilirlər.
Eyni zamanda səyyar xidmət tərəfindən Cəlilabad, Lənkəran, Lerik, Yardımlı və Astara rayonlarında yaşayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı və bir sıra funksional yardımçı xidmətlər göstərilir.
Nə vaxt itkisi var, nə də get-gəl
Girişdə vətəndaşlar mühafizəçilər
tərəfindən ciddi şəkildə yoxlanılır. Onların
üzərində kəsici, deşici, yaxud təhlükəli
hesab olunan hər hansı bir əşyanın
olub-olmadığına əminlik yarandıqdan sonra binaya
buraxılırlar. İçəri daxil
olan vətəndaşlar məlumat mərkəzinə
yaxınlaşıb müraciət edirlər.
Mərkəzin bu hissəsində kifayət qədər
insan olsa da, hər kəsin işi öz axarı ilə
gedirdi. İçəridə nə səs-küy var idi, nə
də qarışıqlıq. Masallı
şəhər sakini, 62 yaşlı Əlhüseyn
Hüseynovun sözlərinə görə, "ASAN xidmət”,
sözün əsl mənasında, onların işini
asanlaşdırıb. Çünki adi bir sənədi
almaq üçün bir neçə idarəyə getməli
olurdular: "Əvvəllər vəziyyət ürəkaçan
deyildi. Sənədləri almaq üçün
günlərlə vaxt itirirdik. İdarələrin
hərəsi də şəhərin bir tərəfində
yerləşirdi. İndi isə lazım
olan xidmətlər bir mərkəzdə cəmləşib.
Bu, hər birimiz üçün sevindiricidir.
Anbarı qeydiyyata aldırmaq üçün mərkəzdəki
qida bölməsinə müraciət etdim. Heç 20 dəqiqə çəkmədi, sənədim
hazır oldu. Əla xidmətdir, vallah”.
Şəhər
sakini Əziz Babayev yeni ev tikdirib. Mənzilin elektrik enerjisinin təminatı ilə
bağlı sənədləri toplayaraq "ASAN xidmət”ə
müraciət edib: "Təzə evimizə işıq
çəkilməsi ilə bağlı müraciət etdim.
Cəmi 25 dəqiqəyə bütün sənədləşmə
prosesi başa çatdı. Çox rahat
və gözəl xidmətdir. İnsanlar
daha get-gələ düşmürlər, bir gündə, bir
saatın içində hər şeyi həll edirsən.
Çox məmnun qaldım”.
Könüllülər və Elektron
Şikayət Köşkü
Binanın birinci mərtəbəsində müxtəlif
xidmətlər mövcuddur. Burada uşaq guşəsi,
könüllülər üçün ayrılmış
masalar, kafe və Elektron Şikayət Köşkü vətəndaşların
xidmətindədir.
Müxtəlif sahələrlə bağlı xidmətə
müraciət edənlərə könüllülər
yardımçı olurlar. Əslində elə
Azərbaycanda könüllülər hərəkatı
"ASAN xidmət”dən başlanıb. "ASAN”
könüllülərinin sayı 17 mindən çoxdur.
Hazırda bütün mərkəzlərdə
yüzlərlə könüllü fəaliyyət göstərir.
Könüllü olmaq, ümumiyyətlə,
insanların xoş niyyətindən xəbər verir. Təmənnasız
olaraq kiməsə kömək etmək üçün xidmətə
müraciət edirlər. Bu mərkəzdə
də gənclərin yaradıcılıq potensialının
inkişaf etdirilməsi üçün şərait və
imkanların yaradılması, onların bilik və
bacarıqlarının artırılması məqsədilə
könüllülük fəaliyyəti həyata
keçirilir. Könüllülər
müqavilə əsasında 2 ay müddətində fəaliyyət
göstərirlər. Müqavilədə
göstərilən öhdəliklərlə 2 ay müddətində
çalışan könüllülərə Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi tərəfindən rəsmi sertifikat və xasiyyətnamə
verilir.
Burada
könüllülər 2 növbədə (birinci növbə
səhər saat 9:00-dan 14:00-a qədər, ikinci növbə
isə 14:00-dan 19:00-a qədər) fəaliyyət göstərirlər.
18 yaşlı Aytac Bağırova iki ay müddətində
könüllü kimi çalışıb. Müqavilə
müddəti bitdiyi üçün "ASAN”
Könüllüləri Gənclər Təşkilatına
üzv olmaq üçün müraciət edib: "Müraciətim
müsbət cavablandırıldıqdan sonra burada təşkilatın
nümayəndəsi kimi fəaliyyət göstərməyə
başladım. İndi könüllülərimizə
öz köməyimi əsirgəmirəm. Layihələr hazırlayıb təlimlər
keçirik. Könüllülərin hər
hansı bir problemi olduqda araşdırıb rəhbərliyə
məlumat verirəm”.
Aytac deyir ki, könüllü olduğu zaman bir layihə
də hazırlayıb - "Danışıq klubu”. Burada
könüllülərin işdən sonra, asudə vaxtlarda
bir araya gəlib bir-birini yaxından tanımaları, yeni layihələr
hazırlamaları üçün yaxşı imkanlar
yaradılıb.
Hərbi xidmətdən yeni qayıdan Nurlan Qurbanzadə
isə yanvar ayından burada könüllü kimi
çalışmağa başlayıb. Deyir ki, qısa zaman olsa da,
bu iş ona çox maraqlıdır: "Dekabr ayının
25-də müraciət etdim və ayın 30-da
könüllü kimi çalışmağa başladım.
Burada insanlara yardım, kömək etmək
xoş ovqat yaradır. Bunun savabı insana
bəsdir. İnsanlara əl tutmaq hər zaman
yaxşı bir iş sayılıb”.
Diqqətimizi çəkən digər bir maraqlı xidmət
Elektron Şikayət Köşkü olur. Bəlli olur
ki, əgər xidmətin hansısa bölməsində vətəndaşın
müraciətinə baxılmasa, yəni şikayəti olarsa,
həmin köşkə daxil olur və şüşə
kabin avtomatik olaraq bağlanır. Heç kim
vətəndaşa mane ola bilmir. İçəri
daxil olan vətəndaş düyməni basmaqla birbaşa
"Çağrı” mərkəzinin əməkdaşı
ilə görüntülü əlaqə yaradır və
şikayətini bildirir.
İlk biometrik vəsiqə və
doğum şəhadətnaməsinin sevinci
Birinci mərtəbə ilə tanışlıqdan sonra
eskalatorla üst mərtəbəyə qalxırıq. Mərkəzin daxilindəkı
maraqlı dizayn yuxarı qalxdıqca daha aydın hiss olunur.
Burada həyata keçirilən əsas xidmətlər
2, 3 və 4-cü mərtəbələrdə cəmləşib. Onlardan Daxili İşlər
Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Miqrasiya Xidməti,
Notarius, Dövlət Gömrük Komitəsi, əmlak məsələləri
və digər təşkilatların xidmətlərini
göstərmək olar.
15 yaşı yenicə tamam olmuş şəhər
sakini Abuzər Məmmədov şəxsiyyət vəsiqəsi
almaq üçün gəlib. Yeni biometrik şəxsiyyət
vəsiqəsi alacağı üçün üzündə
bir təbəssüm vardı. Amma alacağı vəsiqənin
əvvəlkindən necə fərqləndiyindən xəbərsiz
idi: "Bilirəm ki, şəkildən başqa vəsiqədə
barmaq izi də olur. Başqa üstünlükləri
barədə məlumatım yoxdur”.
Müasir aparatın qarşısında əyləşən
Abuzərə yeni vəsiqə ilə bağlı məlumat
verildi. Bildirildi ki, biometrik şəxsiyyət vəsiqəsində
fotoşəkil və başqa məlumatlarla yanaşı, vətəndaşın
barmaq izi məlumatları olur. Bu da bəzi
proseslərdə vətəndaşın işini
asanlaşdırır. Həmçinin
biometrik şəxsiyyət vəsiqəsi vasitəsilə əksər
dövlət qurumlarının elektron xidmətlərindən
rahat yararlanmaq olur. Yəni yeni vəsiqə
insanlara çox yaxşı imkanlar verir.
Məlumat
verildikdən sonra Abuzər baş barmağını aparatda
göstərilən yerə toxundurdu və proses başa
çatdı.
Digər mərtəbədə isə diqqətimizi
çəkən gənc ailənin yaşadığı
sevinc hisləri oldu. İlqar Kişiyev dekabr ayında dünyaya gəlmiş
oğul övladına doğum şəhadətnaməsi almaq
üçün müraciət edib: "Dekabrın 15-də
övladımız dünyaya gəlib. Adını
Tunar qoyduq və bu gün onun doğum haqqında şəhadətnaməsini
almağa gəlmişik. İndi təqdim
edəcəklər”.
Bir qədər sonra xidmətin əməkdaşı
Masallı şəhərinin yeni sakini Tunar Kişiyevin şəhadətnaməsini
atasına təqdim etdi.
Fiziki məhdudiyyətli İlahənin
qüsursuz xidməti
Pilləkənlərlə mərtəbələri
aşağı enərkən diqqətimizi çəkən
bir məqam da təsirli oldu. Məlumat mərkəzində
vətəndaşlara xidmət göstərən
xanımlardan biri fiziki qüsurlu məhdudiyyətli insanlar
üçün hazırlanan arabada əyləşib.
Birinci mərtəbəyə enib həmin xanımla
söhbətləşirik. Bəlli olur ki, bu
xanım 2016-cı ildən, yəni Masallı "ASAN Həyat”
kompleksi açıldığı gündən burada
çalışan İlahə İbrahimbəylidir. 3
ildir burada fəaliyyət göstərən İlahə
xanım öz işindən çox razıdır: "Bəlkə
də bura gələnlərin əksəriyyəti mənim
fiziki qüsurlu olduğumu bilmir. Çalışırıq
ki, hər zaman gülərüz və nəzakətli şəkildə
vətəndaşlara xidmət edək. Şəxsən
mən hər zaman dövlətin qayğısını hiss
etmişəm. Yaşadığım bədbəxt
hadisədən sonra özümə qapanaraq küskün, cəmiyyətdən
məhrum bir insan kimi həyata ümidsiz baxırdım. Heç təsəvvürümə də gətirə
bilməzdim ki, dövlət orqanında işə qəbul
olunaram. Prezident
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya hər zaman minnətdaram. Çünki
Mehriban xanıma etdiyim müraciətdən sonra məni xarici
ölkəyə müalicəyə göndərdilər.
İndi dövlətimizin diqqət və
qayğısı nəticəsində daha ümidli,
dünyaya yenidən göz açmış bir insan kimi həyatıma
davam edirəm”.
İlahə
xanım deyir ki, Prezident İlham Əliyevin
qayğısını əhalinin hər bir təbəqəsindən
olanlar - uşaqlar, gənclər, yaşlılar və
xüsusən də fiziki hərəkətləri məhdud
insanlar daim hiss edirlər.
Eşitdiklərimiz bizi həm təsirləndirdi, həm
də qürurlandırdı. Ona görə ki, bu
gün Azərbaycan dövləti öz vətəndaşına
sahib çıxaraq onun çalışması, işləməsi
üçün real imkanlar yaradır. Masallı
"ASAN xidmət” mərkəzində şahidi olduğumuz
xoş mənzərə də bunu deməyə tam əsas
verir.
Heydər Əliyev İncəsənət
Məktəbi, kinoklub
Bu xoş təəssüratlarla "ASAN xidmət” mərkəzindən
ayrılıb kompleksin ərazisindəki digər obyektlərə
baş çəkirik.
Əlavə edək ki, kompleksin yerləşdiyi ərazidə
park salınıb, fəvvarə quraşdırılıb, əhalinin
rahatlığı və istirahəti üçün hər
cür şərait yaradılıb. Bundan əlavə, 80
avtomobil üçün avtodayanacaq və digər rayonlardan gələcək
vətəndaşlar üçün avtobus dayanacağı
var.
İlk
olaraq Heydər Əliyev İncəsənət Məktəbi
ilə tanış oluruq. Bu
bina da xüsusi dizaynla inşa olunub. Burada
müxtəlif sərgi, tədbir, təqdimat və təlimlər
keçirilir. Məqsəd müasir Azərbaycan
incəsənətini tanıtmaq və onun geniş ictimaiyyət
arasında təbliği üçün şərait
yaratmaqdır. Ulu öndərin həyat və
siyasi fəaliyyətini əks etdirən kitablar, jurnallar,
fotoların olduğu maraqlı guşə də diqqət
çəkir.
Müasir üslubda tikilən kinoklub isə uşaq və
yeniyetmələrin daha çox əyləndiyi məkandır. Burada kafe və
iki kinozal var. Kafenin masaları da elektrondur. Belə ki, müştərilər çay, kofe
içə-içə stoldakı düyməni basıb
elektron lövhəni yandırırlar. Sensorlu
lövhədə bu gün üçün hansı filmlərin
nümayiş etdiriləcəyi və ümumiyyətlə
filmlər haqqında məlumat əldə edirlər.
"ABAD” və "ASAN
İntellektual” inkişaf mərkəzi
"ABAD”
(Ailə Biznesinə ASAN Dəstək) - ailə bizneslərinin
formalaşdırılmasını, bu təsərrüfatlar
vasitəsilə məhsulların istehsalını, xidmətlərin
göstərilməsini və brendləşdirilməsini,
istehsalçıya və tələbata uyğun keyfiyyətli
məhsulların istehsal və istehlakının təşviq
edilməsini həyata keçirən mərkəzdir. "ABAD” mərkəzinin əsas məqsədi
regionların sosial-iqtisadi inkişafına dəstək vermək,
ailə bizneslərində müasir texnologiyaların tətbiqini
təmin etmək, ailə brendlərinin formalaşmasına dəstək
olmaqdır.
Elnur Niftəliyev
diqqətə çatdırdı ki, "ABAD” pilot layihə
kimi Masallı "ASAN Həyat” kompleksinin
açılışı zamanı təqdim olunub və
2016-cı il 23 sentyabr tarixində Prezident İlham Əliyev tərəfindən
"ABAD” publik hüquqi şəxsin yaradılması ilə
bağlı sərəncam imzalanıb.
Bu gün dəstək proqramından 332 ailə bəhrələnir. Layihə
Masallı rayonunda 7 ailə təsərrüfatı ilə fəaliyyətə
başlayıb. Hazırda Lənkəran
iqtisadi rayonunu əhatə edən Masallı "ABAD” Regional Mərkəzi
vasitəsilə bu rəqəm 24-ə
çatdırılıb. 24
ABAD-çı ailəsindən 13-ü dekorativ-tətbiqi xalq
sənətkarlığı sahəsində, 11-i isə qida məhsulları
istehsalı sahəsində çalışır. Qida məhsulları istehsalı sahəsində fəaliyyət
göstərən ailələr müasir istehsal
avadanlıqlarına malik konteynerlərlə təmin olunublar.
"ASAN İntellektual” inkişaf mərkəzi isə cənub
bölgəsində bütün növ intellektual oyunların
inkişafına kömək etmək, həmçinin gənclərin
asudə vaxtlarını səmərəli keçirmələrində,
intellektual inkişaf, savad və dünyagörüşlərini
artırmaqda onlara kömək etmək məqsədi
daşıyır. Mərkəz gənclərin gələcəkdə
karyera qurmaları üçün lazım olan bilik və
bacarıqları aşılayır. Burada
tez-tez məktəblərarası, rayonlararası intellektual
yarışlar təşkil olunur.
Bütün gördüklərimiz, şahidi olduğumuz
reallıqların hamısı bir məkanda - Masallı
"ASAN Həyat” kompleksində cəmləşib. Həm
"ASAN xidmət”, həm də digər əyləncə və
istirahət mərkəzləri vətəndaş
rahatlığına xidmət edir. Kompleksə
təşrif buyuran 9 rayonun vətəndaşları həm
"ASAN xidmət” mərkəzinə hansısa sənədlə
bağlı müraciət edir, həm də parkda istirahət
edirlər. Gənclər isə asudə
vaxtlarını intellektual inkişaf mərkəzində,
kinoklubda keçirirlər.
Xalqa xidmət nümunəsi
Əlbəttə ki, belə mərkəzlərin
yaradılması Azərbaycanın gücünü, qüdrətini
göstərir. Prezident İlham Əliyevin söylədiyi
kimi, "ASAN xidmət” yenilikdir, şəffaflıqdır, mədəniyyətdir.
Bu, Azərbaycanın ixtirasıdır: "Biz fəxr edirik
ki, dünya miqyasında analoqu olmayan intellektual məhsul
artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim
olunur. Artıq bəzi ölkələr bizim təcrübəmizi
öyrənməyə çalışırlar, müxtəlif
formatda əməkdaşlıq edirlər. Bu
onu göstərir ki, doğrudan da, bizim təşəbbüsümüz
çox böyük və geniş nəticə hasil edib və
bunun çox gözəl ictimai rezonansı var. Ancaq
güclü dövlət belə işləri görməyə
qadirdir. Ancaq öz xalqına diqqət
göstərən hökumət bu işləri görür”.
Bu il daha 5
"ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
Bu gün ölkəmizdə 5 (Masallı, Quba, Mingəçevir,
İmişli və Şəkidə) "ASAN Həyat”
kompleksi fəaliyyət göstərir. Bu mərkəzlərin
hər biri memarlıq əsəridir. Müxtəlif
dizaynlarda inşa olunan komplekslərdə vətəndaşlara
ən yüksək səviyyədə xidmət göstərilir.
Elnur Niftəliyevin sözlərinə görə, hər
gün "ASAN xidmət” mərkəzlərinə
ümumilikdə təxminən 22 min vətəndaş
müraciət edir. Bu günə qədər olan müraciətlərin
sayı 26 milyondan çoxdur. Onun da 7
milyonu 2018-ci ilin payına düşür. Hazırda vətəndaşların
məmnunluq əmsalı 99,6 faizdir.
Bu il daha 5 şəhər və rayonda - Tovuz,
Ağcabədi, Kürdəmir, Şamaxı və Balakəndə
"ASAN xidmət” mərkəzi istifadəyə veriləcək.
Eyni zamanda paytaxtda növbəti "ASAN
Kommunal”ın istifadəyə verilməsi nəzərdə
tutulub. Əsas hədəflərdən
biri isə "Elektron hökumət”in inkişafı ilə
bağlı yeni modelin istifadəyə verilməsidir.
Bir sözlə, Prezident İlham Əliyevin şəxsi
təşəbbüsü ilə reallığa çevrilən
və vətəndaş məmnunluğuna xidmət edən
belə mərkəzlərin sayının artması həm
dövlətin iqtisadi qüdrətinin yüksəldiyini, həm
də verilən vədlərin vaxtında yerinə yetirildiyini
təsdiqləyən reallıqdır.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 18 yanvar.- S. 1; 5.