Azərbaycan
Respublikasında özəl ümumölkə teleradio
yayımçılarına birdəfəlik maliyyə
yardımı göstərilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan azərbaycanlıların öz vətənləri haqqında daha dolğun məlumatlandırılması, Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılması, həmçinin texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zəruriliyini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 yanvar 2019-cu il
Azərbaycan.- 2019.- 18 yanvar.- S. 3.