Azərbaycan
Respublikasında bir sıra dövlət orqanlarının
strukturunun optimallaşdırılması və idarə edilməsinin
təkmilləşdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasında bir sıra
dövlət orqanlarının strukturunu optimallaşdırmaq
və idarə edilməsini təkmilləşdirmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət
Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilsin və
onun funksiyaları Nazirliyin Aparatına verilsin.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət
Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət
Xəzinədarlıq Agentliyi yaradılsın.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli
Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət
Xidməti ləğv edilsin.
4. Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində
Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar
Mərkəzi ləğv edilsin.
5.
Bakı şəhərində, habelə "ASAN xidmət” mərkəzlərinin
yerləşdiyi Azərbaycan Respublikasının digər
inzibati ərazi vahidlərində "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli
Fərmanının 5-ci hissəsində nəzərdə
tutulan dövlət xidmətləri yalnız "ASAN xidmət”
mərkəzlərində həyata keçirilsin.
6. Müəyyən
edilsin ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin saxlanılması
üçün hər il üçün dövlət
büdcəsindən ayrılan vəsaitin (dövlət əsaslı
vəsait qoyuluşu (investisiya xərcləri) istisna olmaqla)
yuxarı həddi Nazirliyin tabeliyindəki qurumların
("AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
istisna olmaqla) dövlət büdcəsinə ödədiyi
dividendin cəmi məbləğinin yuxarı həddi ilə
məhdudlaşır.
7. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası:
7.1.
hüquq mühafizə və hərbi sahələrdə fəaliyyət
göstərən dövlət orqanlarının və
qurumlarının fəaliyyətinin daha səmərəli və
düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi,
eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə
resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə
həmin dövlət orqanlarının və
qurumlarının sayının, saxlanma xərclərinin və
işçilərinin say həddinin
optimallaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
7.2. mərkəzi
icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli
Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki)
elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər
bu kimi sahələrlə məşğul qurumların
(institut, mərkəz, təhsil müəssisəsi və s.)
fəaliyyətində səmərəliliyi artırmaq və
onların idarə edilməsini təkmilləşdirmək
üçün təkliflər hazırlanması məqsədilə
İşçi Qrup yaradılmasını və müvafiq təkliflərin
Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini
altı ay müddətində təmin etsin;
8. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
8.1. Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
8.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının
bu fərmana uyğunlaşdırılmasını
üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
8.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
8.4. bu fərmanın
5-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin,
Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmlak Məsələləri
Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin,
Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi
Agentliyinin və Milli Arxiv İdarəsinin "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli
Fərmanının 5-ci hissəsində nəzərdə
tutulan dövlət xidmətlərini bilavasitə icra edən
bölmələrinin ştat vahidlərinin ümumi say həddi
daxilində həmin dövlət orqanlarının
işçilərinin ümumi say həddinin azaldılması
ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
8.5. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və
Nostrifikasiya İdarəsinin ləğv edilməsinin və
onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata
keçirilməsinin təmin edilməsi ilə bağlı
bir ay müddətində tədbirlər görsün;
8.6. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlarla
bağlı aşağıdakı tədbirlərin
görülməsini təmin etsin və bu barədə bir ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin:
8.6.1. Təhsil
İşçilərinin Peşəkar İnkişafı
İnstitutunun, Azərbaycan Respublikası Təhsil
İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin
və Respublika Elmi-Pedaqoji Kitabxanasının vahid qurumda birləşdirilməsi;
8.6.2.
Respublika Bədən Tərbiyəsi Mərkəzinin və
"Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda
birləşdirilməsi;
8.7. üç ay müddətində:
8.7.1. mərkəzi və yerli icra hakimiyyəti
orqanlarında, dövlət adından yaradılan publik
hüquqi şəxslərdə və səhmlərinin
(paylarının) nəzarət zərfi dövlətə məxsus
olan hüquqi şəxslərdə xidməti nəqliyyat
vasitələri ilə təmin edilməli vəzifələrin
siyahısını Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırmaqla müəyyən etsin;
8.7.2. bu fərmanın
8.7.1-ci yarımbəndinə əsasən müəyyən
olunacaq siyahıdan kənarda qalan vəzifələrdə
işləyən şəxslərə xidmət edən xidməti
nəqliyyat vasitələrinin mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının, dövlət adından
yaradılan publik hüquqi şəxslərin və səhmlərinin
(paylarının) nəzarət zərfi dövlətə məxsus
olan hüquqi şəxslərin balanslarından
çıxarılaraq özəlləşdirilməsi
üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə təqdim edilməsini təmin
etsin və nəticəsi barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
8.8. Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin və onun yanında Dövlət
Xəzinədarlıq Agentliyinin əsasnamələrinin layihələrini,
habelə işçilərinin say həddi barədə təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
8.9. bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
9. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat
Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi,
Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və
Dövlət İmtahan Mərkəzi bu fərmana əsasən
ləğv olunan dövlət orqanlarında işləyən
dövlət qulluqçularına münasibətdə Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Dövlət
orqanları ləğv edilərsə və ya ştatlar
ixtisara düşərsə, vəzifə maaşına və
ixtisasa uyğun işə düzəlməkdə və ya
dövlət orqanlarında tutduğu vəzifəyə
uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun
"Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə
tutulmuş üstünlüyünün həyata keçirilməsi
Qaydası”na uyğun olaraq tədbirlər görsünlər.
10. Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil
Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi,
Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi,
Dövlət Miqrasiya Xidməti və Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti bu fərmana əsasən ləğv
olunan dövlət qurumlarında (struktur bölmələrində)
işləyən işçilərin tabeliklərində olan
digər qurumlarda və ya struktur bölmələrində
müvafiq vakant vəzifələrə təyin edilməsi ilə
bağlı tədbirlər görsünlər və nəticəsi
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versinlər.
11. Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi:
11.1. mərkəzi
icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin
inventarizasiyasını və ekspertizasını həyata
keçirsin, bu sahədə idarəetmənin təkmilləşdirilməsi
və xərclərin optimallaşdırılması, o
cümlədən mərkəzi icra hakimiyyəti
orqanlarının elektron informasiya sistemlərinin fəaliyyətinin
mərkəzləşdirilmiş qaydada Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin DATA mərkəzi vasitəsilə həyata
keçirilməsinə dair təkliflərini altı ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
11.2.
"Azərbaycan Respublikasının 2019-cu il dövlət
büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə bağlı bir sıra məsələlər barədə”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli
431 nömrəli Fərmanında onun üçün nəzərdə
tutulmuş, habelə növbəti illərin dövlət
büdcəsində nəzərdə tutulacaq vəsait həddində
dividendin tabeliyindəki qurumlar tərəfindən dövlət
büdcəsinə ödənilməsini təmin etsin.
12. Mərkəzi
icra hakimiyyəti orqanları bu fərmanın 11.1-ci bəndindən
irəli gələn vəzifələrin icrası ilə
bağlı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq şərait
yaradılmasını və kömək göstərilməsini
təmin etsinlər.
13. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli
aktların bu fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 yanvar
2019-cu il
Azərbaycan.- 2019.- 18 yanvar.- S. 3.