Milli Məclisin müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
iclası keçirilib
Yanvarın 17-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTACxəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirilib ki, gündəliyə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, "Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Hərbi xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.
Ziyafət Əsgərov deyib ki, dəyişikliklər və əlavələr uyğunlaşma xarakterlidir. Belə ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Konstitusiyamıza xeyli dəyişikliklər və əlavələr edildi. Onlardan biri də Konstitusiyanın 9-cu maddəsində edilən dəyişiklik idi. Həmin maddəyə müvafiq olaraq 2017-ci ilin dekabrına "Silahlı Qüvvələr haqqında” Qanun qəbul edildi, eyni zamanda, "Sərhəd Qoşunları haqqında” Qanunun əsasında yeni "Sərhəd mühafizə orqanları haqqında” Qanun qəbul olundu. Hazırda göstərilən dəyişikliklər hər iki qanuna uyğunlaşma xarakteri daşıyır.
"Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə, sənədin 6.4-cü maddəsindən sonra "Bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulmuş sənəd üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmur” məzmunlu qeyd əlavə ediləcək.
Deputatlar qanun
layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Azərbaycan.- 2019.- 18 yanvar.- S. 3.