Cümhuriyyətin sülh elçiləri
Paris Sülh Konfransından 100 il
ötür
Azadlığına qovuşdurduğu ölkəsinin beynəlxalq münasibətlərinin qurulması, istiqlalının qəbul edilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qarşısında duran ən vacib və təxirəsalınmaz vəzifələrdən biri idi. Paris Sülh Konfransında iştirak bu istiqamətdə mühüm addım olacaqdı. Odur ki, Azərbaycan parlamenti konfransa tam səlahiyyətli nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov rəhbər təyin olundu. Nümayəndə heyətinə Məmməd Həsən Hacınski, Əhməd bəy Ağayev (Ağaoğlu), Əkbər Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli daxil idilər.
Azərbaycan nümayəndə heyəti əvvəlcə İstanbula getdi. Onlar həmin şəhərdə ikən - 1919-cu il yanvarın 18-də Paris Sülh Konfransı açıldı. Konfrans tarixi bir gündə işə başladı. Belə ki, 1871-ci ilin həmin günü alman imperatoru l Vilhelm Versalda "Güzgülü zalda” Fransa-Prussiya müharibəsindən qısa müddət sonra öz hakimiyyətini elan etmişdi. 1701-ci ilin 18 yanvarında isə Prussiya krallığı yaranmışdı.
Məğlub ölkələr və bolşevik Rusiyası Paris Sülh Konfransına dəvət edilmədi. "Böyük dördlük” - ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniyanın baş naziri Lloyd Corc, Fransanın baş naziri Jorj Klemanso və İtaliyanın baş naziri Vittorio Orlando konfransda aparıcı yer tuturdu.
Paris Sülh Konfransının başlıca məqsədi Almaniya və onun müttəfiqləri ilə sülh müqaviləsi bağlamaq idi. Müqavilənin əsasını Vudro Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi. Həmin maddələrin məğzi dünyanın ədalətli şəkildə yenidən qurulması - gizli diplomatiyadan imtina, azad ticarət, silahlanmanın azaldılması, xalqlara öz müqəddaratını təyin etmək hüququnun verilməsi və digər prinsiplərdən ibarət idi.
Azərbaycan
nümayəndə heyəti Parisdə...
Üç ay İstanbulda gözləməli olan, müttəfiq dövlətlərin təmsilçiləri ilə yazışmalar aparan Azərbaycan nümayəndə heyəti, nəhayət, aprelin 22-də İtaliya gəmisi ilə Fransaya yollandı. Onlar Parisə mayın 7-də yetişdilər. Amma nümayəndə heyəti vəzifələrin icrasına artıq İstanbulda başlamış, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və Ceyhun bəy Hacıbəyli tərəfindən hazırlanmış "Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu” adlı sənəd üzərində yenidən işləyərək onu daha da təkmilləşdirmişdi. Məqsəd memorandumu Paris Sülh Konfransının keçirildiyi ingilis və fransız dillərində kitabça şəklində hazırlayıb konfrans iştirakçılarına paylamaq idi.
Onlar Parisdə bir neçə istiqamətdə fəaliyyət göstərir, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət kimi beynəlxalq miqyasda tanıdılması yönündə çalışır, həm çar Rusiyasının süqutundan sonra yaranan Gürcüstan, Ukrayna və digər yeni, müstəqil dövlətlərin, həm də Qərb dövlətlərinin təmsilçiləri ilə danışıqlar aparırdılar.
Azərbaycan hökumətinin on dörd bölmədən ibarət "Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu” kitabça kimi çap edilməzdən qabaq ingilis və fransız dillərində əlyazma şəklində konfransın katibliyinə təqdim edildi.
1919-cu il mayın 28-də, İstiqlal günü Azərbaycan nümayəndə heyətini Vudro Vilson qəbul etdi. Ona təqdim olunan memorandumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bir illik fəaliyyəti, istiqlal yolunda verdiyi qurbanlar barədə məlumat yer alır, Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər liqasına qəbulu, ABŞ-ın Azərbaycana hərbi ləvazimat sahəsində yardım göstərməsi xahiş edilirdi. Vilson Azərbaycanın və Rusiya əsarətindən qurtulub öz milli dövlətlərini qurmuş digər xalqların gələcəyi ilə bağlı öhdəlik götürməyərək Sülh Konfransının dünyanı kiçik hissələrə parçalamaq istəmədiyini, Azərbaycan məsələsinin rus məsələsindən əvvəl həll edilə bilməyəcəyini söyləsə də, bu görüş uğura doğru atılan addım oldu.
Gerçəkləşən
arzular...
Əlimərdan bəy Topçubaşov Parisdən Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi məktublarda nümayəndə heyətinin fəaliyyətindən bəhs edirdi. O, eyni zamanda, əməl dostlarına - Cümhuriyyət qurucularına Sülh Konfransının təcrübəsi, Paris mühiti barədə gərəkli məlumatlar verirdi.
Əlimərdan bəy və onun rəhbərlik etdiyi Azərbaycan nümayəndələri özlərini proseslərə dərindən bələd olan, savadlı, hazırlıqlı siyasətçilər kimi göstərir, yeni qurulmuş dövlətlərini Avropa miqyasında layiqincə təmsil edirdilər. Onlar öz ölkələrinin siyasi və iqtisadi maraqlarından çıxış edirdilər. Nümayəndələrimizin səyi ilə Paris Sülh Konfransına hazırlıq mərhələsində ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İran və digər ölkələrlə qarşılıqlı münasibətlərin qurulması və inkişafı sahəsində bir sıra işlər həyata keçirildi.
Nümayəndə heyətinin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın tarixi, zəngin təbii sərvətləri, rus istilası, Qafqazda qonşularla münasibət, erməni-azərbaycanlı münaqişəsinin səbəbləri, azərbaycanlılara qarşı erməni işgəncələri, 1918-ci ilin dəhşətli mart soyqırımı və başqa məsələlər barəsində Avropa ölkələrində məlumatlar yayıldı.
Azərbaycan nümayəndə heyəti yalnız öz ölkəsinin deyil, bütün Qafqazın müstəqilliyi və əməkdaşlığı yolunda mübarizə aparırdı. Onlar Ümumqafqaz maraqlarını əsas götürərək Gürcüstanın və Dağlı Respublikasının təmsilçiləri ilə əlbir çalışırdılar. Ermənistan nümayəndələri isə bu birliyə qoşulmur, fitnəkarlıqla Azərbaycanın və Osmanlı dövlətinin əleyhinə iş aparırdılar.
Ölkəmizin müstəqilliyinin
tanınması ilə bağlı Müttəfiq Dövlətlərin
nümayəndələrinə müraciətlər edən
Azərbaycan nümayəndə heyətinin Parisdəki səkkiz
aylıq gərgin fəaliyyəti bəhrəsini verdi. 1920-ci il yanvarın
11-də Lord Kerzonun təklifi
ilə Paris Konfransının Ali Şurasında Azərbaycanın və
Gürcüstanın istiqlalını de-fakto
tanımaq haqqında yekdilliklə qərar qəbul olundu. Üç gün sonra bu tarixi
xəbəri alan Azərbaycan bayram etdi.
Azərbaycan nümayəndə heyətinin
məsləhətçisi Miryaqub Mirmehdiyev o tarixi günü belə təsvir edirdi: "Müsyö Kambon bəyan etdi ki, Azərbaycan
və Gürcüstan
respublikaları rəsmi
olaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə
müstəqil dövlətlər
kimi tanınmışlar.
Bu andan başlayaraq
hər iki ölkə rəsmi şəkildə Ali Şura
ilə əlaqəyə
girə bilər, öz ehtiyaclarını, qeydiyyata alınmalarını,
konfransın iclaslarında
qanuni haqlarını,
bərabərhüquqlu üzv
olmalarını tələb
edə bilərlər.
Bundan başqa, Kambon bildirdi ki, bu
dövlətlərin hökumətlərinin
tanınması aktı,
eyni zamanda, onların Rusiyadan ayrılmalarının tanınması
ilə müşayiət
olunmalıdır. Buradan çıxış
edərək demək
olar ki, Azərbaycan və Gürcüstan respublikaları
bu gündən etibarən suveren dövlətlər hesab ediləcək”. Yanvarın 19-da Ali Şuranın hökumət
başçılarının iştirakı ilə keçirilən iclasında
bu qərar bir daha təsdiqləndi.
İclasda çıxış edən Əlimərdan bəy Topçubaşov və Məhəmməd Məhərrəmov diqqətə
çatdırdılar ki,
Avropanın müəyyən
hərbi və iqtisadi yardım göstərəcəyi təqdirdə
Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini qoruyub saxlamağa qadirdir.
Azərbaycanın müstəqilliyinə aparan yolun yolçuları
Yüz illik imperiya əsarətindən
qurtulan Azərbaycan xalqı böyük çətinliklərlə müstəqilliyinə
qovuşmuşdu. Ancaq bu dəfə
də bolşevizm bəlası yaxındaydı.
Cümhuriyyət qurucuları qarşılaşdıqları
problemləri dünya
dövlətlərinin, beynəlxalq
ictimaiyyətin diqqətinə
çatdırırdılar. Əlimərdan bəy Topçubaşov Parisdən
yazırdı: "Getdiyimiz
hər yerdə hamıya artıq il yarımdan çox dövlət kimi faktiki mövcud
olduğumuzu bildirir, öz parlamenti, hökuməti, inzibati sistemi, məhkəməsi,
məktəbləri, ordusu
olan Azərbaycanın
müstəqil yaşadığını
göstəririk. Bu Azərbaycan
bolşeviklərlə amansız
mübarizəyə tab gətirib.
Deməli, azərbaycanlılar siyasi həyat qabiliyyətinə malikdirlər
və özlərinin
müstəqil dövlətini
qura bilərlər.
Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa
belə, bu vəziyyəti qoruyub saxlamaq, bu özünütəsdiqi
mühafizə etmək
lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi müstəqil ictimai-siyasi
həyata qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün. İnanırıq ki, buna gücümüz
çatacaq. ...Qarşımızda
yalnız bir yol var - bu
da Azərbaycanın müstəqilliyinə aparan
yoldur”. Həmin yolun ilk yolçuları,
ilk bələdçiləri sırasında Əlimərdan
bəy Topçubaşovun
rəhbərliyi ilə
Parisdə, Sülh Konfransında Azərbaycanın
azadlığı və
müstəqilliyi uğrunda
mübarizə aparan nümayəndə heyətinin
üzvləri də vardı.
Bütün səylərə baxmayaraq,
Azərbaycan xalqını
öz dövlətində
müstəqil yaşamağa
qoymadılar. Bolşeviklər
1920-ci il aprelin 28-də Azərbaycanı
işğal etdilər.
Bir ildən artıq Parisdə Azərbaycanın
müqəddəratı yolunda
mübarizə aparan nümayəndə heyəti
vətənə dönə
bilmədi. Onlar son nəfəslərinədək
Azərbaycandan kənarda
Azərbaycan üçün
yaşayıb, mücadilə
etdilər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.- 18 yanvar.- S. 4.