Hicran qətrəli qərənfil

 

Səni kimdir üzən bica, qərənfil

 

Sənə mən aşiqi-şeyda, qərənfil

 

Al dona bürünüb aləm... Qərənfil yağışı yağır, selə dönüb axır küçələr boyu...

 

Sınmış güllərdən süzülən qanlı göz yaşları yollara çilənib, cığır salır Şəhidlər xiyabanına sarı...

 

1990-cı ilə qədər...

 

1990-cı ilə qədər gəlinlərin əlinin bəzəyi idi bir dəstə qərənfil... Bu qərənfillər tükənməz sevginin rəmzi idi. Elə buna görədir ki, qərənfil gülünün mənaları içərisində gözəllik, sevgi, ümid başda gəlir...

O məşum gündə, yanvarın 20-də də qərənfil sübut etdi ki, bəli, məhz o, tükənməz sevginin rəmzidir. O, analara övlad, övladlara valideyn, bacıya qardaş, qardasa bacı acısını bir az da olsa, yüngülləşdirməyə kömək etdi. Bu gül insanlara qoşularaq şəhidlərin məzarında ağı dedi, ləçəklərini yoldu, amma qoymadı ki, anaların göz yaşları məzar daşlarını isladaraq, şəhidlərin ruhunu narahat etsin. Axı, heç kəs anasını gözü yaşlı görmək istəmir...

 

Ləçəkləri qəm yükündən qıvrılıbdır...

 

- Daha qərənfil görmək istəmirəm... Bu güllər balamın yoxluğunu, acısını hər an xatırladır mənə... ovuna bilmirəm...

 

Sinəsindəki qərənfilləri, daha möhkəm bağrına basaraq hayqırırdı bir saçlı ana...

 

Qərənfil isə incimirdi...

 

O bilirdi... Bilirdi ki, sadəcə, bir məzar gülü deyil...

 

Boğazlarda düyünlənən qəhər anında gözlərdə yığılan yaş damlalarının axmaqla axmamaq arasındakı zaman diliminin adıdır qərənfil. Düzdür, bir qızılgül qədər ətirli, gözəgəlimli olmasa da, qərənfilin öz dünyası var. Qəm yükündən qıvrım-qıvrım bükülübdür ləçəkləri. Çünki hər çiçəyin saxlaya bilməyəcəyi hicran qətrələrini gizləyir ləçəklərinin arasında...

Başqa güllər qədər incə, zərifdirsə, qərənfil o qədər dözümlü, mətindir. Bir damla su illərlə yaşamağına bəs edər.

 

O ümidin özüdür...

 

Səbirlidir...

 

Belinə qara lent bağlanıb, bəzən bir şəhid tabutunun keçdiyi yollarda boynu sınıb, ayaqlanıb, tapdalanıb, amma yenə inciməyib...

 

Fərqində olub ki, sevgi gülüdür dünyada bundan gözəl heç ola bilməz.

 

Torpağa, vətənə, sevgiliyə olan sevgilərin mərkəzində taxt qurub özünə.

Bəzən qərənfilə acıyırlar ki, o, qəm, kədər gülüdür, ona baxanlarda qəm-qüssə oyadır...

 

Üşüyən şəhid məzarlarının al-qırmızı yorğanı

 

Amma acımayın qərənfilə...

 

O, bir millətin çəkdiyi dərd yükünə ortaq, çiyinlərdə daşınan şəhid tabutlarına qanad, üşüyən məzarlarına al qırmızı yorğan olub. O, qüssədən danışa bilməyən analara dil, bağrı parçalanan atalara göz yaşı olub...

 

Daşıdığı mənanın yükünü çəkməyə minlərin, milyonların gücü yetməz...

 

Sinələr güllə-güllə,

 

Qan axır, dönür gülə.

 

Qərənfillər ağlayır,

 

Düşmənə gülə-gülə...

 

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 18 yanvar.- S. 6.