Xatun sultan
Tarix boyu müdrikliyi, uzaqgörənliyi, Vətənə, torpağa, ailəsinə sədaqəti dillərdə dastan olmuş Azərbaycan qadını... Eramızdan əvvəl VI əsrdə Əhəməni hökmdarı Kirə qan udduran Tomris, ağlı, zəkası ilə İsgəndərə qalib gələn Bərdə hökmdarı Nüşabə, Mömünə Xatun, Tutu Bikə, Bəyim Xatun və daha neçə-neçə qəhrəmanımız... Bu dəfə onlardan biri - adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat olaraq yazılmış Sara Xatunu xatırlayacağıq.
Bayandur elinin
qızı
Osmanlı mənbələrinin məlumatına görə, əsl adı Gövhərşah Xatundur. Bəzi mənbələrdə isə ondan Sara, Sarə, Sa`ra və Saray adı ilə bəhs olunur.
O, Bayandur elindən Pir Əli bəyin
qızı idi. Pir Əli bəy Ağqoyunlu dövlətinin
banisi Qara Yuluq Osmanın qardaşı və Ağqoyunlu tayfalarının
ittifaqını yaradan
Qutluq bəyin nəvəsi idi.
Sara Xatun gənc
yaşda əmisi Qara Yuluq Osmanın
oğlu Cəlaləddin
Əli bəylə evlənir. Araşdırmalara görə, Sara Xatunun
Cəlaləddin Əli
bəylə izdivacından
yeddi oğlu və bir qızı
dünyaya gəlir.
Oğlanlarının adı Hüseyn,
Cahanşah, İskəndər,
İbrahim, Üveys, Cahangir, Uzun Həsən, qızının
adı Xədicə Bəyimdi. Qızı Səfəvi şeyxi
Cüneydlə ailə
qurur. Xədicə Bəyimin adı
Şeyx Heydərin anası, Şah İsmayılın nənəsi
kimi tarixə düşür.
Sara Xatunun anadan olduğu tarix məlum deyil. 1407-ci ildə ilk övladı Hüseyn dünyaya gələndə Sara Xatunun
16-17 yaşında olduğunu
qeyd edən araşdırmaçılar onun
1490, yaxud 1491-ci ildə
doğulduğunu ehtimal
edirlər.
Cəlaləddin Əli bəy 1435-ci ildə Ağqoyunlu hökmdarı elan edildikdən sonra Sara Xatun siyasi fəaliyyətə
başlayır.
Sara Xatunun həyat
yoldaşının hakimiyyəti
qısa sürdü. Cəlaləddin Əli bəy 1437-ci ildə qardaşı Həmzə Bəy tərəfindən hakimiyyətdən
kənarlaşdırıldı. Sara Xatunun da
adı mənbələrdə
ilk dəfə Cəlaləddin
Əli bəydən sonra Ağqoyunlular arasında baş verən ixtilaflar səbəbi ilə çəkilir. Ağqoyunlular arasında yaranan siyasi münaqişələrə,
ərinin hakimiyyətinin
qəsb edilməsinə
şahid olan Sara Xatun oğlu Cahangirin tərəfində
dayanır. 1444-cü ildə Cəlaləddin Əli bəyin vəfatından və Həmzə bəy hakimiyyətdən uzaqlaşdırıldıqdan
sonra Ağqoyunlu taxtı Cahangirin əlinə keçir.
O, 1444-1453-cü illər arasında
on ilə yaxın dövləti idarə edir. Sara Xatun
Cahangirin uğurlarına
yol açır, onun adından diplomatik işləri idarə edirdi.
Ancaq Cəlaləddin
Əli bəyin vəfatından sonra övladlar arasında taxt uğrunda mübarizə elə şiddətlənir ki, Ağqoyunlu dövlətinin
məhv olmaq təhlükəsi yaranır. Sara Xatun ağıllı siyasəti ilə bu təhlükəni aradan qaldırır.
İlk diplomatik səfər
1450-ci ildə o, ilk diplomatik
səfərini Misirə
etir. Qahirədə Məmlük hökmdarı
Zahir Seyfəddin Çağmaqla görüşən
Sara Xatun böyük hörmətlə qarşılanır.
O, məmlüklərin Mardin
və Amidi Ağqoyunlu torpaqları kimi tanımasına nail olur.
Sara Xatun uzun illər davam edən Qaraqoyunlu-Ağqoyunlu
müharibələrinin dayandırılmasına
böyük səy göstərir, iki dövlət arasında aparılan danışıqları
idarə edir. Bu məqsədlə Təbrizə
gedən Sara Xatun Qaraqoyunlu hökmdarı Cahan şah tərəfindən "Ana” kimi
qarşılanır. İki türk
dövləti arasında
aparılan sülh danışıqlarına qaraqoyunlular
tərəfindən Xatun
Can Bəyim, ağqoyunlular
tərəfindən Sara Xatun
başçılıq edirlər.
Danışıqlar Amid sülh müqaviləsinin
imzalanması ilə nəticələnir.
Qaraqoyunlularla sülh danışıqları
aparılmasına qarşı
çıxan Uzun Həsən hökmdar qardaşına üsyan edərək bu sülhü qəbul etmədiyini bildirir. Oğlanları
arasında ixtilafa son qoymaq üçün böyük mübaizə
aparan Sara Xatun Cahangirin taxtdan əl çəkməsi,
Uzun Həsənin hökmdar elan edilməsinə nail olur və övladlarını
barışdıra bilir.
Uzun Həsənin
Ağqoyunlu tayfalarının
başına keçməsində
Sara Xatunun Misirlə yaratdığı diplomatik
əlaqələrin təsiri
böyük idi. Buna görə Sara Xatun Misir Məmlüklü dövləti ilə ikinci dəfə diplomatik əlaqə yaradır, hətta Qahirəyə gedib Məmlüklü sultanı
Xoşqədəmlə görüşür.
Heyrətamiz zəkaya malik, olduqca tədbirli Sara Xatun dövləti idarə işlərinin bütün sahələrində
oğluna yaxından kömək edirdi. Ağqoyunlu dövlətinin
xarici ölkələrlə
diplomatik əlaqələrində
onun rolu misilsizdir. Uzun Həsən bütün
xarici siyasət məsələlərində anası
ilə məsləhətləşir,
ən məsul diplomatik danışıqlara
onu göndərirdi.
Sara Xatun yalnız xarici ölkələrin diplomatları ilə deyil, Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmet kimi dövlət başçıları ilə
də diplomatik danışıqlar aparır,
Ağqoyunlu dövlətinin
xarici siyasətini uğurla yönəldirdi.
Sara Xatun dövlətin
xarici işlərinə
nəzarət edir, dövlətlərarası yazışmalar
onun tapşırığı
ilə hazırlanır,
elçiləri qəbul
edirdi.
Onun təhsili
haqqında məlumat yoxdur. Ancaq diplomatik yazışmaları oxuyan,
ətrafında alimlər
dəstəsi yer alan Sara Xatunun
elmə, irfana böyük əhəmiyyət
verdiyi bəllidir.
1468-ci ildə Qaraqoyunlu
dövləti süqut
etdi. Paytaxt Təbriz ağqoyunluların
əlinə keçdi.
Bundan sonra Sara Xatun Şərq və Qərb ölkələrində
"Ağqoyunlu dövlətinin
qadın sultanı” kimi tanındı.
Ən uzun diplomatik səfər
Sara Xatunun ən
uzun diplomatik səfəri Osmanlı ölkəsinə oldu. Onun II Mehmetlə bağladığı
1461-ci il Yassıçəmən sülhü
böyük əhəmiyyət
daşıyırdı. Sara
Xatun sultan II Mehmetin hərbi düşərgəsinə
iki çox çətin vəzifəni
yerinə yetirmək üçün getmişdi.
Birincisi,
Osmanlı sultanını
ağqoyunlular üzərinə
hücum etmək fikrindən daşındırmalı
idi. Əks halda, II Mehmetin
hücumu Ağqoyunlu dövlətinin varlığına
son qoya bilərdi.
Bu məqsədə çatdıqdan sonra Sara Xatun sultanı Trabzonu fəth etmək niyyətindən döndərməyə çalışmalı
idi. Mənbələrdə Osmanlı sultanın
hərbi düşərgəsində
Sara Xatunun böyük
hörmətlə qarşılandığı,
ağqoyunlularla kəskinləşən
münasibətləri yumşaltmaq
istəyən II Mehmetin
diplomatik danışıqlar
zamanı ona "ana” deyə müraciət etdiyi bildirilir. Diplomatik məharətindən istifadə edən Sara Xatun II Mehmeti Ağqoyunlu dövlətinə
qarşı müharibə
etmək fikrindən daşındırdı. Osmanlı qoşunlarının
Trabzona hücümu zamanı Ağqoyunlu dövlətinin bitərəf
qalması şərtilə
iki ölkə arasında sülh imzalandı. Ancaq Sara Xatun
Sultanı Trabzonu Türkiyəyə qatmaq məqsədindən döndərə
bilmədi. Trabzonu xilas
etməyin mümkünsüzlüyünü
görən Sara Xatun gəlini Dəspinə Xatunun Trabzonun taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini II Mehmetlə
bölüşdürdü. II Mehmet Sara Xatunu
böyük rəğbətlə,
çoxlu hədiyyələrlə
yola saldı.
Ağqoyunlu dövrünün salnaməçisi
Əbubəkr Tehraninin
yazdığına görə,
Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar
aparmaq üçün
onun yanına gedir və Rüstəm
Tərxanın düşərgəsində
olur. Onun ordusuna ani nəzər salmaqla təsəvvür etdikləri
qədər güclü
olmadığını görür.
Uzun Həsənə xəbər göndərir:
"Dayanmayıb hücuma
keç, qələbə
sənin olacaq”. Bu xəbərdən sonra Uzun Həsən
Rüstəm Tərxanın
düşərgəsinə qoşun çəkir və onu məğlubiyyətə
uğradır.
"Dövlətin
həqiqi üzü”
Uzun Həsənin
dövründə Azərbaycanın
mövqeyi möhkəmləndi,
paytaxtı Təbriz olan möhtəşəm
bir dövlət quruldu. O, Azərbaycanın ənənəvi
əlaqələrə malik
olduğu Şərq ölkələri ilə yanaşı, Avropa dövlətləri ilə
də geniş diplomatik münasibətlər
yaratdı. Uzun Həsən dövründə
Azərbaycan elçiləri
Venesiya Respublikası,
Papalıq, Neapol Krallığı, Albaniya,
Macarıstan, Polşa,
Almaniya, Burqundiya Hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu,
Böyük Moskva knyazlığı ilə,
eləcə də bir çox qonşu ölkələrin
hökmdarlarının saraylarında
diplomatik danışıqlar
aparırdılar. Həmin illərdə
Azərbaycan Şərqlə
Qərb üçün
ümumi maraq doğuran beynəlxalq problemlərin həllində
mühüm rol oynayırdı. Ağqoyunlu dövlətinin
dünyanın 30-dan çox
ölkəsində daimi
səfirliyi fəaliyyət
göstərirdi. Xarici ölkələrlə
aparılan danışıqlarda
Uzun Həsənin anası Sara Xatun misilsiz xidmətlər göstərirdi. Ağqoyunlular dövlətinin ən güclü hökmdarının
- Uzun Həsənin uğurlarında anası
Sara Xatunun böyük
rolu var idi. Buna görə
də dövrün tarixçiləri onu
"dövlətin həqiqi
üzü” adlandırırdılar.
Araşdırmaçılar Sara Xatunun 1465-ci ildə 74, yaxud 75 yaşında vəfat etdiyini ehtimal edirlər. O, yalnız
Azərbaycanda deyil, bütün Şərqdə
dövrünün yeganə
istedadlı diplomat qadını
kimi məşhur oldu, eyni zamanda,
Avropa ölkələrində
tanındı. Adı böyük
rəğbətlə, heyranlıqla
çəkildi. Sara Xatun
oğullarının, eləcə
də bayandurlar sülaləsinin başqa nümayəndələrinin taxt-tac
uğrunda ara müharibələrini sakitləşdirməkdə,
həmin dövrdə
kiçik Ağqoyunlu
dövlətinin qüvvətli
rəqibləri qarşısında
müstəqilliyinin qoruyub
saxlanılmasında və
güclənməsində xidmətləri
ilə qadının böyük ictimai xadim, müdrik siyasətçi, bacarıqlı
dövlət rəhbəri
olduğunu tarix qarşısında təsdiq
etdi.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.- 18 yanvar.- S. 7.