İstedad almaz
kimi cilalananda...
Xalq rəssamı,
heykəltəraş Fuad Salayevin rəngarəng və qeyri-adi
yaradıcılıq nümunələri
Fikrin, düşüncənin bədii ifadəsi sənətkardan yalnız peşəkarlıq tələb etmir, bu həm də fitri istedada söykənir. İncəsənətin elə bir sahəsi yoxdur ki, orada kamil sənətkarlığa aparan yol fitri istedaddan keçməsin. Ona görə də böyük sənətkarlar deyiblər ki, hətta bu yolda istedad da azdır, gərək onu almaz kimi cilalayasan...
Dünyanın
tanıdığı heykəltəraş
Belə sənətkarlardan biri də xalq rəssamı, professor, heykəltəraş Fuad Salayevdir. Dünyanın tanıdığı bu sənətkarın əsərləri doğma Bakısında da heyranlıq yaradır...
Fuad Məmmədəmin oğlu Salayev 1943-cü ilin sentyabrında ziyalı, milli adət-ənənələrin hörmətlə qorunduğu bir bakılı ailəsində dünyaya göz açıb. O, 1964-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib.
Heydər
Əliyevin üç abidəsinin müəllifi
1975-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilən Fuad Salayev ümummilli lider Heydər Əliyevin üç abidəsinin müəllifiddir. Bəstəkar Qara Qarayevin, akademik Yusif Məmmədəliyevin xatirə lövhələri, akademik Azad Mirzəcanzadənin tuncdan, AMEA-nın müxbir üzvü Aqil Əliyevin mərmərdən olan məzar daşları da Fuad Salayevin yaradıcılıq məhsullarındandır.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun heykəltəraşlıq kafedrasında 1982-ci ildən pedaqoji fəaliyyətə başlayan, əməkdar incəsənət xadimi, tanınmış heykəltəraş, xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev Almaniya və Yuqoslaviyada, eləcə də ölkəmizdə müxtəlif vaxtlarda keçirilən heykəltəraşlıq üzrə beynəlxalq simpoziumların və sərgilərin içtirakçısı olub. Əsərləri ABŞ, Rusiya, Kanada, İngiltərə, Fransa, İtaliya, Almaniya, Avstriya, Türkiyə və Yaponiyada muzey, fond, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Ustad sənətkar əsasən bürünc üzərində işləyir, həmçinin digər materiallardan da istifadə edir.
Dəmir leyləklər,
yaxud "Fəza kompozisiyası”
Cəlal Qaryağdı kimi görkəmli heykəltəraşın yetirməsi olan Fuad Salayev hələ 1962-ci ildə keçirilən "Məişətdə sənət” adlı respublika sərgisində "Leyləklər”i ilə iştirak edib. Moskvada təhsilini bitirdikdən sonra məhsuldar yaradıcılıq yolu keçən sənətkarın ən gözəl əsərlərindən biri də 1972-ci ildə hazırladığı M.Muxtarovun şəhərkənarı bağında görkəmli rus şairi S.Yeseninin xatirə lövhəsi olub.
Rəssamın "Simvol ilə maili qüllə” (bürünc), "Şaquli”(bürünc), "Fəza kompozisiyası” (bürünc) işləri sərgi ekspozisiyalarında öz tamaşaçılarını heyran qoyan əsərlərindəndir. O, 2013-cü ildə Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.
Məşhur rəssam-heykəltəraş, professor Fuad Salayevin əl və düşüncəsinin məhsulu olan əsərləri "012 Baku Public Art” festivalı çərçivəsində Fəvvarələr meydanının yaxınlığında, H.Z.Tağıyev küçəsində sərgilənib. Metaldan hazırlanmış və əsasən şəbəkəli fiqurdan ibarət əsərlərində heykəltəraşlıq kompozisiyası özü-özlüyündə bir neçə oxunma səviyyəsini təklif edir. Dinamika və formal əlamətlərinə görə əsər yüksəkliklərə can atan təsiri bağışlayır ki, bu da Yer səthindən qopmağa çalışanların nəfəsi, havası, yüksəliş istiqaməti ilə əlaqəli ola bilər.
Dəmir
konstruksiyaların rəqsi
Qeyd etmək lazımdır ki, sözügedən işin ideyası müəllifin ağlına Bakıdan çox da uzaq olmayan Lökbatanda yerləşən palçıq vulkanlarını müşahidə edən zaman gəlib. Püskürən vulkanların özü torpağın canlı nəfəsini xatırladır. Lakin işin gedişatı zamanı heykəltəraşlıq kompozisiyası əlavə assosiativ məna kəsb etməyə başlayıb. Müəllif özü deyir ki, əsərin çevrəsi rəqsi xatırlada bilər. Dəmir konstruksiyaların rəqsi özü-özlüyündə paradoksdur. Axı, rəqs canlı varlığa xasdır, dəmir isə ağırdır, yöndəmsizdir, o, aşağı çəkir. Bundan əlavə, kompozisiyanın əhəmiyyətli xüsusiyyəti onun interaktivliyidir - iş elə yerinə yetirilib ki, tamaşaçılar onun daxilində mövcud olan kompozisiyanı seyr etməklə onu yalnız "xaricdən deyil, həm də daxildən "oxuya” bilməlidirlər. Əsərə baxış bucağından asılı olaraq, assosiasiya da dəyişir. Lakin bunlarla yanaşı, kompozisiyanın "optik” yüksələn vektoru əhəmiyyət kəsb edir - hansı tərəfdən yanaşmaqdan asılı olmayaraq, tamaşaçının nəzəri yuxarı yönələrək və heykəltəraşlıq əsərinin dinamik formaları sayəsində yüksələn nöqtəyə cəlb edilir...
Sənət əsəri o zaman sənətkara şöhrət gətirir ki, o, istedadını zəhməti ilə cilalamış olsun, - bunu da bədii yaradıcılığı ilə çoxsaylı tamaşaçılarının zövqünü oxşayan rəssam-heykəltəraş, bu sahədə peşəkarların müəllimi, professor Fuad Salayev söyləyir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 18 yanvar.- S. 7.