Ən islahatçı
Prezident
İlham Əliyevin
yeni struktur islahatları effektiv və daha çevik
dövlət idarəetmə
aparatının formalaşdırılmasına
xidmət edir
"...İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə
struktur köhnəlib.
Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır.
Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir
xidmət yarandı.
Sonra da baxanda görürük
ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə
şişirdilib. İndi
dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü
və az
işçi ilə böyük iş görmək üçün.
Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır.
Hər bir sahədə o sahəyə rəhbərlik
edən şəxslər
mütləq maksimum səmərə ilə işləməlidirlər”.
Bu fikirləri Prezident İlham Əliyev yanvarın 11-də,
yəni 5 gün öncə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında səsləndirmişdi. Bundan 3 gün
sonra, yanvarın 14-də
dövlət başçısı
struktur islahatları istiqamətində mühüm
qərarlar qəbul etdi. İmzalanan müvafiq fərmanlara
əsasən, bir neçə qurum ləğv olundu, bəzi təşkilatların
isə fəaliyyətləri
özünümaliyyələşdirmə
prinsipi əsasında
həyata keçirilməklə
yenidən təşkil
edilməlidir.
Göründüyü kimi, bir neçə
gün öncə islahatların davam etdiriləcəyi, idarəetmənin
daha çevik mərhələyə çatdırılacağı
anonsunu verən Prezident İlham Əliyev ilin əvvəlindən struktur
islahatlarına başladı.
Daha çevik,
operativ idarəçilik
mexanizmi formalaşır
Bu gün
Azərbaycan sürətli
və hərtərəfli
inkişaf edən ölkədir. Cənab İlham Əliyevin
rəhbərliyi ilə
tarixinin ən qüdrətli dövrünü
yaşayan Azərbaycan
dünyada sayılıb-seçilən
ölkəyə çevrilib.
Bununla yanaşı, Azərbaycanın
dinamik inkişafı,
iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata
keçirilməsi, cəmiyyət
həyatının bütün
sahələrində yeniləşməsi
dövlət idarəçiliyi
sisteminin təkmilləşdirilməsini,
səmərəliliyin yüksəldilməsini,
çevik və məqsədyönlü fəaliyyət
göstərən yeni
idarəetmə strukturunun
formalaşdırılmasını zərurətə çevirib.
Əslində Azərbaycanda struktur islahatlarına 2015-ci ildən
start verilib. Dövlət başçısının fərman və sərəncamlarına uyğun
olaraq bir neçə dövlət
qurumu ləğv edilib, bəziləri isə nazirliklərin tabeçiliyinə verilib.
Qloballaşan dünyada müasir
inkişaf tempi daha çevik struktura malik olan optimal idarəetmə tələb
edir. Çünki məqsəd əldə
edilən nailiyyətlərin
davamlılığını təmin etməklə gələcək üçün
daha səmərəli
şərtlər formalaşdırmaqdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatları məhz idarəetmə sisteminin təkmilləşməsinə
xidmət edir. Bu islahatlar nəticəsində
idarəetmə sistemindəki
paralelliyin və təkrarlığın aradan
qaldırılması, dinamik,
mobil, daha çevik, operativ idarəçilik mexanizminin
formalaşması həyata
keçirilir.
İdarəetmə və
iqtisadi inkişaf arasında tarazlıq
Azərbaycan Prezidentinin
güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkədə
aparılan kompleks islahatlar ölkəmizin ötən il
də yeni rekorda imza atmasına
imkan yaratdı. Dünyada ən vacib və etibarlı
reytinq göstəricisi
hesab olunan Dünya Bankının
"Doing Business-2019” hesabatı İlham Əliyevi ən islahatçı Prezident kimi dəyərləndirdi. Çünki hesabata əsasən Azərbaycan dünyanın
10 islahatçı dövləti
siyahısına daxil edilərək dünyanın
ən çox islahat aparan ölkəsi elan olunub. Göründüyü kimi, İlham
Əliyevin apardığı
kompleks islahatlar ölkəmizə "dünyada
ən islahatçı”
ölkə imici qazandırmaqla yanaşı,
davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib.
Ümumiyyətlə, struktur islahatları dövlət idarəetməsini
iqtisadi inkişafın
yeni mərhələsinə
uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı
əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Həyata keçirilən struktur dəyişiklikləri
eyni zamanda dövlət idarəçiliyinin
təkmilləşdirilməsini, dövlət xidmətlərinin
optimallaşdırılması və səmərəliliyinin
artırılmasını nəzərdə
tutur. Yəni Prezidentin rəhbərliyi
ilə aparılan struktur islahatlarının
əsas məqsədi
idarəetmədə çevikliyi
və səmərəliliyi
artırmaq, cəmiyyətdə
formalaşan yeni çağırışlara və
iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat
uyğunlaşmanı təmin
etməkdir.
Büdcə vəsaitinə
qənaət
Cənab Prezidentin apardığı
struktur islahatları səmərəliliyin daha
da artırılmasına
xidmət edir. Məhz səmərəli
dövlət idarəetmə
aparatı cənab Prezidentin tapşırıqlarına
uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatları institusional
və tənzimləyici
çərçivəni iqtisadiyyatın
tarazlı inkişafına
xidmətə yönəldir.
Dövlət aparatının optimallaşması,
paralel strukturların aradan qaldırılması
və mövcud strukturların yenidən təşkili büdcə
vəsaitinə qənaət
deməkdir. Dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin
səmərəliliyinin artırılması
ilə bağlı yaxşı bir nümunədir.
Struktur islahatların gətirəcəyi
faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsindən
və rəqabətin
gücləndirilməsindən ibarətdir. Çünki yığcam və
məqsədyönlü dövlət
aparatı özəl
sektorun fəaliyyətinə
müdaxiləni minimuma
endirməklə daha çox bazar tənzimlənməsinə şərait
yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin
optimal nisbəti müəyyənləşir
ki, bu da
özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.
Struktur islahatları
xüsusilə "Azərsilah”
Açıq Səhmdar
Cəmiyyəti və
Aqrar Xidmətlər Agentliyi ölkədə aparılan diversifikasiya siyasətinə xidmət göstərməklə iqtisadiyyatın
rəqabət qabiliyyətinin
artırılmasını, qeyri-neft ixracının genişlənməsini, idxalın
əvəzlənməsini, ərzaq təhlükəsizliyinin
gücləndirilməsini və
ordunun hərbi-texniki təchizatında kəmiyyət
və keyfiyyət göstəricilərinin daxili
istehsal hesabına yüksəldilməsini təmin
edəcək.
İslahatlar zamanı
iş yerləri ilə təminat diqqətdə saxlanılıb
Əlbəttə ki, struktur islahatları
nəticəsində vətəndaşlara
şəffaf, operativ və resurslara qənaət etməklə
xidmət göstəriləcək,
dövlət xidmətləri
daha əlçatan və keyfiyyətli olacaq. "Bir pəncərə” və rəqəmsallaşma kimi
prinsiplər struktur islahatları boyunca keçən əsas xətdir.
Struktur islahatları
zamanı iş yerləri ilə təminat məsələsi
diqqətdə saxlanılıb.
Müvafiq qurumlar və
Azərbaycan Respublikasının
Dövlət İmtahan
Mərkəzi bu sahədə cənab Prezidentdən xüsusi tapşırıqlar alıb.
Bu isə o deməkdir
ki, fəaliyyəti dayandırılmış strukturların
əməkdaşları üçün
yenidən işlə
təmin olunmaq imkanları maksimum təmin ediləcəkdir.
Azərbaycanın dünya
iqtisadiyyatında mövqeləri
daim möhkəmlənir
Struktur islahatları "yaxşı
idarəetmə” və
"açıq hökumət”
prinsiplərinə uyğun
olmaqla dövlət idarəetməsinin dünya
standartlarına uyğunlaşdırılmasını
təmin edir.
Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik - 2019” hesabatına
əsasən, Azərbaycan
140 ölkə arasında
"Dövlət tənzimlənməsinin
yükü” alt-indikatoru
üzrə əvvəlki
illə müqayisədə
3 pillə irəliləyərək
12-ci yerdə qərarlaşıb
və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə
qoyub. Təkcə bu fakt göstərir ki, cənab İlham Əliyevin rəhbərliyi
altında ölkədə
effektiv dövlət idarəetmə aparatı formalaşıb.
Bu islahatlar nəticə etibarilə məhsuldarlığın artırılması,
ölkəyə daha çox investisiya cəlbi və yeni iş yerlərinin
açılması deməkdir.
İlham Əliyevin həyata keçirdiyi siyasət biznes mühitinin təkmilləşməsini, infrastruktur
və insan kapitalının inkişafını,
Azərbaycanın dünya
iqtisadiyyatında mövqelərinin
güclənməsini təmin
edir.
Bir sözlə, Azərbaycan özünün müstəqilliyi
dövründə hər
zaman dövlətçiliyin
möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi
üçün daim islahatlar aparıb və günün tələblərinə cavab
verən sistem yaratmağa çalışıb. Struktur islahatları
ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar bir daha göstərir
ki, Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var və
dövlət başçısı
bu siyasəti davam etdirəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 16 yanvar.- S.1; 3.