Dubayda Azərbaycan Ticarət Evi
açılıb
Azərbaycan Respublikası
Prezidentinin tapşırığına əsasən, ölkəmizdə
istehsal olunan məhsulların ixracının təşviqi və
genişləndirilməsi, "Made in Azerbaijan" brendinin
xarici ölkələrdə tanıdılması,
satışının təşkili və əlaqələndirilməsi
məqsədilə xarici ölkələrdə ticarət evlərinin
yaradılması prosesi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən məşhur "The Mall" Ticarət Mərkəzində Azərbaycan Ticarət Evi açılıb. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın bu ölkədə satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.
Ticarət Evində Azərbaycan
şirkətlərinin müxtəlif növ
məhsullarının sərgisi təşkil olunub.
Daimi fəaliyyət
göstərəcək sərgidə 33 Azərbaycan şirkətinin
istehsal etdiyi 600-dən
çox məhsul, o
cümlədən meyvə və tərəvəzlər, quru meyvələr, fındıq, çay, mürəbbə, meyvə şirələri,
mineral sular, limonadlar, konserv məhsulları,
bitki yağları, süd və süd məhsulları,
qənnadı məmulatları, kosmetik məhsullar
və sair nümayiş
etdirilir. Ticarət Evində Azərbaycanın
zəngin mətbəxini təqdim edən restoran
da fəaliyyət göstərir.
Azərbaycan Ticarət Evinin fəaliyyətə
başlaması ilə əlaqədar keçirilən tədbirdə
iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan
nümayəndə heyəti, BƏƏ-nin rəsmi şəxsləri
və iş adamları iştirak edib.
Ş.Mustafayev BƏƏ-də Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri uğurla inkişaf edir.
Nazir qeyd edib ki, Azərbaycanın xarici ölkələr üzrə ilk ticarət nümayəndələrindən biri də məhz Birləşmiş Ərəb Əmirliklərinə təyin edilib, 2017-ci və 2018-ci illərdə Dubay, Əbu-Dabi və Şarca şəhərlərinə ixrac missiyaları təşkil olunub: "Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət sahələrində 290 BƏƏ şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalanıb”.
Azərbaycan və BƏƏ arasında ticarət əlaqələrinin inkişafını vurğulayan Ş.Mustafayev deyib ki, ötən ilin 11 ayında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsi 51 faiz, ixrac 31 faiz artıb. Ölkələrimiz investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq edir. İndiyədək BƏƏ Azərbaycana 2,1 milyard dollar, Azərbaycan isə BƏƏ-yə 330 milyon dollar investisiya yatırıb.
Nazir diqqətə çatdırıb ki, "ASAN Viza" sisteminin tətbiqi Azərbaycana turist səfərlərinin təşkilini asanlaşdırıb. 2018-ci ilin yanvar-noyabr aylarında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 2017-ci ilin ötən dövrü ilə müqayisədə 13 faiz artıb. Ötən il Azərbaycan Turizm Bürosunun Birləşmiş Ərəb Əmirliklərində xarici turizm nümayəndəliyi açılıb: "Dubayda Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək”.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Saeed Al Mansoori Dubayda Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.
Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.
BƏƏ-də
açılan "Azərbaycan Ticarət Evı" ölkəmizin
xaricdə yaradılmış sayca 7-ci
ticarət evidir.
Həmçinin
Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın
Ticarət Nümayəndəliyinin ofisi
açılıb. İqtisadiyyat naziri Ş.Mustafayevin rəhbərlik
etdiyi Azərbaycan nümayəndə heyəti
və BƏƏ rəsmiləri Ticarət Nümayəndəliyinin
ofisi ilə tanış olublar.
Azərbaycan.-
2019.- 16 yanvar.- S.3.