İstirahət qışda da
gözəldir
Qış
turizmi
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: "Keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər. Turizmin inkişafı ilə bağlı apardığımız siyasət, görürsünüz ki, ilk növbədə maliyyə sahəsində özünü büruzə verir. Həm ölkəmizi tanıdırıq, həm də pul qazanırıq”.
Bu uğurlu göstəricidə qış turizminin də öz payı var. Son günlər qış ölkəmizin dağlıq ərazilərində qarlı günlər istisna olmaqla, o qədər də sərt və şaxtalı keçmir. Bunun özü də turistlər üçün əlverişli hava şəraiti hesab edilir.
İstər Kiçik Qafqazın, istərsə də Böyük Qafqazın qarlı əraziləri, habelə digər yerlər - dəyərli məkan hər yerdə gözəldir. Odur ki, ölkəmizə gələn turistlər istədiyi kimi dincələ bildiyindən gəzməli yerləri gördükcə "bir də bu yerlərə gəlməyə dəyər” deyə istirahətlərindən razı qalırlar. Çünki son 15 ildə Azərbaycanın iqtisadi qüdrətinin artması və müasir tələblərə cavab verən infrastrukturun yaradılması qış turizminin inkişafına da səbəb olmuşdur. Təsadüfi deyil ki, ötən il Azərbaycana 6 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 31,2 faizi Rusiya, 19,8 faizi Gürcüstan, 10,0 faizi Türkiyə, 9,2 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3 faizi Səudiyyə Ərəbistanı, 2,7 faizi İraq, 2 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 65,3 faizini kişilər, 34,7 faizini isə qadınlar təşkil edib. Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Əvvəlki illərlə müqayisədə ötən il ölkəmizə gələn Bəhreyn vətəndaşlarının sayı 2,2, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,1, Küveyt vətəndaşlarının sayı 2, Qətər vətəndaşlarının sayı 1,7 dəfə, İraq vətəndaşlarının sayı 14,4, Oman vətəndaşlarının sayı 7,6 faiz artıb. Ümumilikdə Körfəz ölkələrindən 467,8 min nəfər gəlib. Turistlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub. Onu da qeyd edək ki, ötən il Azərbaycanın gözəl guşələrindən olan Naxçıvan Muxtar Respublikası xarici ölkələrdən ümumilikdə 380 mindən çox turist qəbul etmişdir.
Müşahidələrdən məlum olur ki, qış aylarında ölkəmizə istirahətə gələnlərin sayı ildən-ilə artmaqdadır. Qış turizmi ölkəmizdə yeni sayılsa da, hələ sovet dönəmində də turizmin bu növünə maraq göstərənlər çox olub. Misal üçün, o vaxtlar Şamaxı rayonunda, Pirqulu rəsədxanasının yaxınlığındakı ərazi, eləcə də rayonlarda, dağlıq və dağətəyi ərazilərdə müəyyən dərə-təpə xizək sürmək istəyənlər tərəfindən istifadə olunurdu. Bir çox həvəskarlar isə bu turizm növü ilə məşğul olmaq üçün qış fəslində müxtəlif xarici ölkələrə, o cümlədən qonşu Rusiya və Türkiyəyə səfərlər edirdilər.
Amma indi ölkəmizin bir neçə yerində qış turizmini maraqlı keçirmək üçün məkanlar yaradılıb. Belə ünvanlardan biri də nəinki respublika əhalisinin, dünyanın bir çox ölkələrinin maraq göstərdiyi Qusar rayonunda fəaliyyətdə olan "Şahdağ” Qış-Yay Turizm Kompleksidir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə burada olublar. Prezidentin iştirakı ilə kompleksdə bir sıra infrastruktur obyektlərinin açılışı keçirilib. Burada təkcə qışda deyil, ilin hər fəslində istirahət üçün imkanlar yaradılıb. "Şahdağ” layihəsi çərçivəsində xizək yolları yaradılıb, avtomobil yolları genişləndirilib, körpülər tikilib və lazımi avadanlıqlar quraşdırılıb. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən bu turizm kompleksi bütün müasir standartlara cavab verir və bu məkan ölkəmizdə qış turizminin inkişafı üçün əsas baza rolunu oynayır. Təsadüfi deyil ki, indi bu kompleks müasir dövrdə yaradılmış ən möhtəşəm qış-yay komplekslərindən sayılır. Onun istifadəyə verilməsindən sonra ölkəmizdə qış turizminə böyük maraq yaranıb. Digər tərəfdən, qış turizmi əksər insanlarımız üçün yeni sahə olduğundan burada istirahət cəlbedici görünür. Odur ki, dünyanın bir çox ölkələrindən turistlər bu kompleksə xizək sürmək üçün səfər edirlər. Turistlərlə söhbətlərdən məlum oldu ki, bu il çox sayda peşəkar xizəkçi istirahət üçün məhz buranı, Şahdağı seçib. Qeyd edək ki, xizək sürməyi bacarmayanlar da var. Onların istəyini reallaşdırmaqda peşəkar xizəkçi-təlimçilər əllərindən gələn köməyi edirlər. Kompleksdə yaradılan şərait ölkədə qış turizminin inkişafı üçün əsas amillərdən sayılır. Buraya gələn turistlər yaradılan şəraitdən məmnun olduqlarını bildirirlər. Bütün bunlar əminlik yaradır ki, cari ildə qış turizmi ilə bağlı ölkəyə gələnlərin sayı daha da artacaq.
- Mən əslən moskvalıyam, ali təhsilli mühəndisəm, həyət yoldaşım Antonina İvanovna isə müəllimdir. Qızım Laura pedaqoji institutun birinci kurs tələbəsidir. İki il bundan öncə yayda Bakıda, Xəzərin qumlu sahilində ailəliklə istirahət etmişdik. Yayda Laura ali məktəbə hazırlaşdığından biz elə qərara almışdıq ki, o, ali məktəbə qəbul olandan sonra qışda, tələbələrin istirahəti ərəfəsində on günlüyə Azərbaycana, məxsusi olaraq Qusara - "Şahdağ” Turizm Kompleksinə gələk. Bu, qızımın ali məktəbdə əla qiymətlərlə oxuduğuna görə hədiyyəmizdir”, - deyə Nikolay İvanov onu da bildirdi ki, burada yaxşı dincəlir, istirahət edir və Moskva ətrafında olduğu kimi, yoruluncayadək xizək sürürük. Ailə planlaşdırmamızda var ki, yayda on günlüyə də olsa Xəzərin sahilinə qonaq gedək... Ölkəniz gözəldir, burada gəzmək, festivallara qatılmaq və mənalı istirahət etmək çox xoşdur, nə Bakıdan, nə Bakı bulvarından, nə də tarixi abidələrinizdən doymaq olmur.
Bir neçə həftə ərzində kompleksə 600-ə yaxın turist gəlib-gedib. Şamaxıda və ətraf kəndlərdə fərdi qaydada dincələnlər, xizək sürməyə gələnlər də çoxdur. Bəzi vətəndaşlar kompleksə səfər etməklə tədricən təcrübə qazanır, xizək sürmək vərdişinə, qaydalarına yiyələnirlər. Çünki turizmin bu növündə təcrübə də böyük əhəmiyyət daşıyır. Ölkəmizdə turizmin inkişafına göstərilən qayğı öz müsbət təsirini göstərir. Ötən il Şamaxıya 119 min 300 turist gəlmişdir ki, bu da 2017-ci ildəkindən 7800 nəfər çoxdur. Bölgədə 30 turist obyekti fəaliyyət göstərir. Bunlardan 3-ü hotel, 15-i istirahət mərkəzi, 12-si restorandır. Rayonda son illər qış turizmi sürətlə inkişaf etməkdədir. Şərait yaxşı olduğundan rayona gələn istər yerli, istərsə də xarici turistlərin bir hissəsi kənd evlərini seçirlər. Ən çox turistlərin qaldıqları kənd evləri Çuxuryurd, Nağaraxana, Məlhəm, Dəmirçi yaşayış məntəqələrindədir. Xarici turistlərin sayı əvvəlki illə müqayisədə 4 faiz artıb. Keçən il ən çox turist MDB ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Asiya ölkələri, Fransa və Almaniyadan olub. Turistlər asudə vaxtlarında xizək sürməklə yanaşı, həm də Heydər Əliyev Mərkəzinə, Astrofizika Rəsədxanasına, Dəmirçi kəndində Tarix-Diyarşünaslıq Muzeyinə, Cümə məscidinə, Yeddi Günbəz abidəsinə, Şahxəndan Türbəsinə, Pir Mərdəkan Xanəgahına, Gülüötan qalasına və Buğurd qalasına böyük maraq göstərirlər.
Azərbaycanın digər bölgələrində də qış turizminin inkişafı üçün mövcud imkanlardan istifadə etməyə çalışırlar. Bu, həm də ölkəmizdə qış idman növlərinin yayılması və usta idmançıların yetişməsi üçün də vacibdir.
Qış turizmi dünyanın inkişaf etmiş ölkələrində böyük maraq cəlb edən, həm gəlirinə, həm də perspektivlərinə görə fərqlənən sahədir. Dövlət başçısının fərman və sərəncamlarının tələbləri baxımından bu sahəyə xüsusi diqqət yetirilir. Qəbələ rayonunda da xizək bazasının yaradılması planlaşdırılır. Bundan başqa, Gədəbəy və Zaqatalada da qış turizminin inkişafı üçün geniş potensial var və bu yerlərdə də xüsusi bazanın yaradılması gözlənilir.
Rəhman SALMANLI
Azərbaycan.-
2019.- 16 yanvar.- S.1; 7.