İlham
Əliyev Ermənistanda kriminal rejimin çökdüyünü bəyan
etdi
Bu rejim təkcə
Azərbaycan yox, bütün dünya üçün təhlükədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olmuşdur. Həyata keçirilən qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərir, beynəlxalq aləmdə sülhə, dostluğa sədaqətli neytral dövlət kimi Azərbaycanın nüfuzunu gücləndirir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində bir daha dünyada və bölgədə gedən proseslərə toxundu, yeni yaranan risklər və təhdidlərdən danışdı, onilliklər boyu münaqişələrin və qanlı toqquşmaların davam etməsini, sabitliyin pozulmasını, kütləvi etiraz aksiyalarının geniş vüsət almasını qeyd etdi. Planetin gərgin mənzərəsinin fonunda Azərbaycanın inkişaf, tərəqqi, sabitlik ölkəsi kimi qaldığını bəyan edən dövlət başçısı bütün risklərə, təhdid və təhlükələrə baxmayaraq, Azərbaycanın öz müstəqil inkişaf yolu ilə uğurla irəlilədiyini söylədi.
Keçən il 16 xarici ölkəyə səfər edən, bir o qədər də dövlət və hökumət başçısı ilə Bakıda görüşən İlham Əliyev Azərbaycanın xarici siyasətinin çoxşaxəli, 2018-ci ilin Azərbaycan diplomatiyası üçün uğurlu saymağa ciddi əsaslar olduğunu dedi. Bizimlə əməkdaşlıq edən ölkələrin sayının getdikcə artdığını qeyd edən Prezident bildirdi ki, bağlanılan çoxsaylı müqavilələr iqtisadi, hərbi və humanitar sferanın çox geniş sahələrini əhatə edir.
Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmadan Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əlaqələr qurdu, iqtisadi münasibətləri yeni səviyyəyə qaldırdı və çoxsaylı müqavilələr imzaladı. Eyni zamanda, İranla da bir çox sahələrdə əməkdaşlığı genişləndirdi, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəmədi. Azərbaycanın Rusiya və İranla əlaqələrinin güclənməsinə dövlət başçılarının və yüksək çinli məmurların qarşılıqlı səfərləri yeni təkan verdi.
Təsadüfi deyil ki, yanvarın 16-da İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri bildirib: "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”. Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər.
Yaxın qonşularla qurulan əlaqələr və bu ölkələrin dövlət başçıları ilə keçirilən intensiv görüşlər əlaqələrimizi daha yüksək pilləyə qaldırmağa imkan vermişdir. Hər bir ölkə üçün qonşular ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Bu baxımdan biz Ermənistandan başqa bütün qonşularımızla qurduğumuz möhkəm siyasi münasibətlərdən ciddi faydalanırıq. Eyni zamanda, islam həmrəyliyi ilə bağlı atdığımız addımlar bir çox müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir, islam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir.
Dövlət başçısı sözügedən iclasdakı giriş nitqində keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənədin imzalandığını diqqətə çatdırdı, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunduğunu bildirdi: "Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapmışdır”.
Bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək. Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Bu, bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməli, işğalçı hərbi qüvvələr zəbt edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.
Bu məlum həqiqəti bir daha bəyan edən Azərbaycan Prezidenti danışıqların davam etdirilməsi prosesinin başlanıldığını dedi, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyinin danışıqlardan boyun qaçırmaq istədiyini, hətta Azərbaycanın qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlara sövq edilməsinə cəhdlər etdiyini bildirdi: "Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır”.
Dövlət başçısı nitqində keçən il Ermənistanda baş verən dəyişikliklərə də toxundu, 20 il hakimiyyəti qanunsuz zəbt etmiş kriminal xunta rejiminin süqut etdiyini nəzərə çatdırdı: "Bu işğalçılıq siyasətinə görə, Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”.
Təəssüf ki, Ermənistanda 20 il ərzində kriminal, qaniçən xunta rejiminin hökm sürməsinə bəzi beynəlxalq təşkilatlar göz yumurlar, hətta erməni xalqının həmin rejimə nifrət etdiyini də görmürlər. İlham Əliyev belə hesab edir ki, kriminal rejimə dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan "siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar: "Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar 20 il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var”.
Dövlət başçısı Ermənistanı kriminal rejimin idarə etdiyini məxsusi vurğuladı, bu rejimin keçmiş rəhbərlərinin cinayətkar, onların qəhrəmanlarının qorxaq, generallarının oğru olduğunu dilə gətirdi: "Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə ediblərsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil”.
Azərbaycan Prezidentinin dedikləri həqiqətdir. Qonşu ölkədə baş verənlər yalnız Azərbaycan üçün yox, bütün dünya üçün təhlükədir. Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirmiş, bu ölkənin siyasi və iqtisadi sisteminin, 20 ildən artıqdır ki hakimiyyəti zəbt etmiş xunta rejiminin çökməsində mühüm rol oynamışdır. Bu gün dövlətimizin strateji tərəfdaşları ilə münasibətləri gücləndikcə, onun beynəlxalq nüfuzu artdıqca, Ermənistanın xarici siyasətində qızdırmalı və məntiqsiz siyasi gedişlər müşahidə olunur. Bu ölkədəki hakimiyyət dəyişikliyi Ermənistanın gözlənilmədən Qərb üçün Türkiyədən savayı, həm də İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi yaradır. Bu, Şimal və Cənub qonşularımızın rəsmi dairələrini narahat edir.
Son zamanlar müxtəlif ölkələrdə erməni mafiyası haqqında işıq üzü görən yazılar və erməni cinayətkar mütəşəkkil dəstələrinin birbaşa Ermənistan hakimiyyətinə bağlılığını sübut edən çoxsaylı faktlar dövlət başçısının dediklərinin həqiqət olduğunu təsdiqləyir.
Ümumiyyətlə, erməni millətçilərinin partiyaları yarandığı gündən terroru siyasi vasitə kimi seçiblər və demək olar ki, bütün böyük dövlətlərin kəşfiyyat qurumları ilə ciddi əməkdaşlıq ediblər. Ermənistan dövləti yarandığı ilk gündən indiyədək mütəşəkkil cinayətkar qruplarla sıx bağlıdır, bir çox məqamlarda onlarla əlbirdir. Bu gün erməni mafiyasının postsovet, Avropa ölkələrində və ABŞ-da fəaliyyət göstərməsi, bir çox məqamlarda isə indiki Ermənistan hakimiyyətinin xunta rejimi ilə əlbir işləməsi yalnız Azərbaycan üçün yox, bütün dünya üçün ciddi təhlükə mənbəyidir.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2019.- 19 yanvar.- S.1-2.