20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

 

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız tərəfindən qəhrəmanlıq salnaməsi kimi qəbul olunan Yanvar şəhidlərinin dəfn olunması ilə əlaqədar Bakıda keçirilən izdihamlı matəm mitinqində bir milyon nəfərdən yuxarı insanın iştirak etməsi Azərbaycan xalqının müstəqillik uğrundakı birliyini və gücünü bütün dünyaya göstərdi.

Mübariz Qurbanlı vurğulayıb ki, faciədən sonra Ulu Öndər Heydər Əliyevin dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, təsəlli olmaqla onun mübarizə əzmini yüksəltdi. Məhz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib, bu faciəni törədənlər bəyan olunub, müvafiq cinayət işi qaldırılıb.

O, həmin çətin zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təhdid və təzyiqlərə baxmayaraq bütün dövlətlərin və dinlərin başçılarına göndərdiyi müraciətləri xatırladıb.

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin də təməl prinsiplərindən birinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olduğunu deyən Mübariz Qurbanlı diqqətə çatdırıb ki, 20 Yanvar şəhidləri ölkəmizlə yanaşı xarici ölkələrdə də anılır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və qayğı daim diqqət mərkəzindədir.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvarın tarixi barədə danışıb. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atdığını qeyd edib. Ölkəmizə qarşı məkrli niyyətin tərkib hissəsi olan bu vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. 20 Yanvar faciəsi törədilən zaman ölkədə informasiya blokadası yarandığını bildirən S.Heydərov burada əsas məqsədin xalqı bu dəhşətli faciədən xəbərsiz qoymağın olduğunu deyib. Bütün varlığı ilə Vətəninə və millətinə bağlı olan böyük vətənpərvər Heydər Əliyevin bütün maneələrə baxmayaraq xalqının səsinə birinci səs verdiyini vurğulayan S.Heydərov qeyd edib ki, dahi şəxsiyyətin ailə üzvləri ilə birlikdə imperiyanın mərkəzindəki çıxışı bütün dünyanın diqqətini Azərbaycana yönəltdi, xalqda müstəqilliyə inam oyatdı. Sədr müavini bildirib ki, bu hadisə həm də xalqımızın milli-azadlıq ruhu və məfkurəsinin oyanış günü oldu. O, tarixin müxtəlif dövrlərində bu cür faciələrlə üz-üzə qalan xalqımızın sınaqlardan uğurla çıxdığını və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bugünkü hərtərəfli uğur qazandığını, dünyada tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb.

Qafqaz Müsəlmanlari İdarəsinin sədr müavini Fuad Nurullayev 20 Yanvar günü baş verənlərlə bağlı xatirələrini bölüşüb, xalqın öz suverenliyi və azadlığı uğrunda mübarizə apardığını vurğulayıb. Azərbaycanda tarixən müxtəlif millətlərin nümayəndələrinin qardaşlıq, dostluq şəraitində yaşadığını və istənilən hadisədə vəhdət halında olduğunu deyən F.Nurullayev bu baxımdan 1990-cı il 20 yanvar hadisələrinin də istisna olmadığını qeyd edib. O qanlı faciədə də dinindən asılı olmayaraq hər kəs Azərbaycanın azadlığı, müstəqilliyi uğunda canını sipər edib.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxışlarında bildiriblər ki, 20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutalacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.

 

Azərbaycan.- 2019.- 19 yanvar.- S.3.