Musiqi haray çəkəndə...
1990-cı il Azərbaycan üçün faciələrlə başladı. Vətəninin azadlığını, dövlətinin müstəqilliyini tələb edən xalqımıza qarşı amansızlıqla qətliam törədildi. Sovet qoşun hissələri soydaşlarımızı qətlə yetirdilər. Azərbaycanı yasa bürüdülər. Ancaq azadlığa gedən yolda şəhidlər verən xalq təmkinini, qürurunu qorudu, düşməndən aman diləmədi.
Sinəsinə dağlar çəkilən Azərbaycan xalqı azadlığı, müstəqilliyi yolunda qurban gedən övladlarına matəm saxladı. 1990-cı ilin o Qanlı Yanvar günlərində ustad musiqiçilərin - Kamil Cəlilovun qaboyunda, Habil Əliyevin kamanında inləyən musiqi sədaları da fəryada, naləyə, döndü. "Zəminxarə”, "Segah”, "Bayatı-şiraz”, "Çahargah”, "Humayun”... qaboyun, kamanın dili ilə haray çəkdi, şəhidlərimizə həzin-həzin ağı dedi...
Bəstəkarlarımız daha çox əsər yaratdılar
Şər qüvvələr qarşısında xalqımız əzmi, təpəri, birliyi ilə əfsanələr yaratdı. Bu qəhrəmanlıq salnaməsi o hüznlü günlərdən başlayaraq, öz təcəssümünü müxtəlif janrlı musiqi, rəsm, səhnə və ekran əsərlərində, ədəbi-bədii nümunələrdə tapdı.
20 Yanvar faciəsi daha çox musiqidə ifadə olundu. Bəstəkarlarımızın əksəriyyətinin yaradıcılığında Qanlı Yanvar hadisəsi əhəmiyyətli
yer tutdu. Hələ
1990-cı ildə görkəmli
bəstəkar Cövdət
Hacıyev "Şəhidlər”
simfoniyasını bəstələdi.
"Şəhidlər” adlı başqa bir simfoniyanın müəllifi isə bəstəkar Oqtay Kazımi oldu. Bəstəkar Hacı Xanməmmədov 1990-cı ildə
Əzizə Cəfərzadənin
sözlərinə solist
və xalq çalğı alətləri
orkestri üçün
bəstələdiyi "Əlimdə
sazım ağlar” əsərini 20 Yanvar şəhidlərinə ithaf
etdi. Azər Rzayevin "Bakı-90” simfoniyası,
Tofiq Bakıxanovun
"Humayun” simfonik muğamı, Ramiz Mustafayevin "Bu qan yerdə qalan deyil”, "Haqq səninlədir”, "Azərbaycan”
vokal-simfonik poemaları,
Mobil Babayevin "Ağlama,
torpağım, ağlama”
kantatası, Aydın Əzim Kərimoğlunun orkestr üçün
"Qətl günü”,
Sərdar Fərəcovun
"Matəm harayları”
simfonik lövhəsi,
Məmməd Quliyevin xor və orkestr
üçün, Faiq
Sücəddinovun fortepiano üçün,
Sevda İbrahimovanın
bariton səs və orkestr üçün vokal simfonik "Vətən şəhidlərinə”, Cavanşir
Quliyevin xor üçün "Şəhidlər”,
Arif Mirzəyevin orqan üçün
"Yanvar mərsiyələri”,
Aqşin Əlizadənin
"Ana torpaq” odası,
Vasif Adıgözəlovun
"Qarabağ şikəstəsi”,
"Qəm karvanı”
oratoriyaları və başqa qəhrəmanlıq,
mübarizlik ruhunda yazılmış əsərlərdə
xalqımızın başına
gətirilən müsibətlər,
şəhidlərimizin ruhuna
ehtiram ifadə olundu.
20 Yanvar
faciəsinə həsr
olunmuş mahnı və romanslar...
Bəstəkar İlham Quliyev "İlham və Fərizə” operasını
bəstələdi. Azər
Dadaşov "20 Yanvar”
xor, solist və simfonik orkestr üçün 9 saylı simfoniya, Faiq Nağıyev rejissor Xamis Muradovun real faktlara əsasən lentə aldığı "Şəhidlərdən-şəhidlərə”
sənədli filminə
musiqi yazdı.
Xalqımızın qanlı hadisələrdə
yaşadığı kədəri,
hüznü bəstəkarlar
Fuad Cavadov "Qara Yanvar”, Azad Zahid "Mədhiyyə” əsərlərində əks
etdirdilər. 20 Yanvar faciəsi və şəhidlərə həsr
olunan musiqi əsərləri arasında
Arif Mirzəyevin "Yanvar passionları” matəm messası, Nazim Quliyevin "Şəhidlər” operası,
Oqtay Rəcəbovun
"Çingiz” oratoriyası,
Zabitə Məmmədovanın
solist, xor və orkestr üçün "Elegiya”sı
da diqqəti cəlb edir.
20 Yanvar faciəsinə irihəcmli
musiqi əsərləri
ilə yanaşı, mahnı və romanslar da həsr
olundu. Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə
"Şəhidlər ağısı”
mahnısını yazdı.
"Şəhidlər ağısı”nı ilk dəfə
dünya şöhrətli
müğənni Zeynəb
Xanlarova ifa etdi. Sonralar bu mahnı bir çox müğənninin repertuarında
yer tutdu.
Vasif Adıgözəlov
1991-ci ildə Fikrət
Qocanın "Bir şərqi de” şeirinə
musiqi bəstələdi.
Oqtay Rəcəbov Məmməd
İsmayılın sözlərinə
"Qana dönən qərənfillər”, Mehriban
Əhmədova Məmməd
Arazın sözlərinə
"Ana millət, ata millət, ağlama”, Nəriman Əzimov Hikmət Mahmudun sözlərinə "Mənim
şəhid bacım,
şəhid qardaşım”
mahnılarını yazdılar.
İlham
Abdullayevin Dönməzin
sözlərinə yazdığı
"20 Yanvar”, Ruhəngiz
Qasımovanın "Şəhid
oğullara” mahnıları
da xalqımızın
Qara Yanvar dərdinə haray çəkdi.
Mübarizlik, yenilməzlik
təbliğ edən musiqi...
Bəstəkarların müraciət etdikləri
janr və üslublar müxtəlif olsa da, bu
əsərlərin mövzusu
və mahiyyəti birdir. Eyni olan həm də həmin əsərlərdə ifadə
olunan duyğu və düşüncələrdir.
Bəstəkarlarımız 20 Yanvar hadisələrinə
münasibəti, hüzn
və qüruru musiqinin dili ilə çatdırdılar.
Həmçinin onlar əsərlərində
şanlı tariximizdən
dərs almağı,
vətəni sevməyi
təbliğ etdilər.
Yalnız ümumxalq
kədəri deyil, həm də haqq yolundan dönməzlik,
mübarizlik, yenilməzlik
əks edilən bu əsərlər musiqi kollektivlərinin, orkestrlərin ifasında xarici ölkələrin müxtəlif konsert salonlarında da səsləndirilir, 20 Yanvarda
Azərbaycan xalqının
başına gətirilən
müsibətlər dünya
ictimaiyyətinin diqqətinə
bir daha çatdırılır.
Tarixin müəyyən məqamlarında
bizi özümüzdən
ayırmağa, kimliyimizi
unutdurmağa çalışanlar
sonda həmişə
məğlub oldular. Ruhumuz bizi
məhv olmağa qoymadı. Xalqımızın ən ağır
sınaqlarla üz-üzə
qaldığı vaxtlarda
əsrlərdən-əsrlərə adlayan, nəsillərdən-nəsillərə
yol gələn musiqisi mübarizlik ruhuna köklədi. Musiqi bizə faciələrimizdən
dərs almağı,
kədərə boyun
əyməməyi aşıladı.
20 Yanvar faciəsinin
sarsıntıları, hüznü,
qüssəsi də musiqi əsərlərinə
çevrildi. Amma bu əsərlər həm də bir xalqın
ölməz ruhunun ifadəsi oldu.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.- 19 yanvar.-
S.4.