“Nəsimi ili”nə layiqli töhfələr verək

 

2019-cu il "Nəsimi İli"dir

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ilielan edilməsi haqqında sərəncamı ölkəmizin mədəni həyatında çox əlamətdar təqdirəlayiq hadisədir. Hesab edirik ki, bu sərəncam ölkə Prezidentinin, Azərbaycan dövlətinin bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dönəmində (1969-1982) elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu yöndə bir sıra məqsədyönlü tədbirləri həyata keçirmişdir. Həmin tədbirlər sırasında məhz ulu öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur. Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də böyük söz ustadının əsərləri həm doğma ana dilində, bəziləri isə bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu. Bundan əlavə, böyük şairin əsərləri ədəbiyyatşünaslıq və dilçilik yönlərindən araşdırıldı, bir sıra sanballı tədqiqat əsərləri ortaya qoyuldu.

Yeri gəlmişkən qeyd edək ki, böyük şairin 600 illik yubileyi çərçivəsində 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna İmadəddin Nəsiminin adı verildi. Onu da əlavə etmək yerinə düşər ki, anadilli ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin ən böyük xidmətləri sırasında milli Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsi və onu yeni-yeni söz və ifadələrlə zənginləşdirməsi mühüm yer tutur. Məhz bu amil respublikamızda dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı qurumu kimi tanınan Dilçilik İnstitutuna böyük Azərbaycan şairi Nəsiminin adının verilməsi məsələsində mühüm rol oynamışdır.

Ulu öndərin layiqli varisi, ümummilli liderin dövlət quruculuğu siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də ana dilimizelmimizin inkişafı ilə bağlı bir sıra mühüm sənədlərə imza atmışdır. Onların sırasında 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncamı və 2013-cü il 9 aprel sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” xüsusilə böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 15 noyabr 2018-ci il tarixində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunması haqqında sərəncam imzalamışdır. Bədii söz sənətinin ən dəyərli incilərini ortaya qoyan, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz buna görə də Nəsiminin 650 illik yubileyinin qeyd olunması və Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ilielan edilməsi olduqca təqdirəlayiq və əlamətdar bir hadisədir.

2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ilielan olunması və böyük şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması işığında qüdrətli söz ustasının adını daşıyan Dilçilik İnstitutunda da bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Onların sırasında birinci olaraq "Nəsiminin söz dünyası: poetik dili və ədəbi irsimövzusunda beynəlxalq konfransın keçirilməsini qeyd etmək lazımdır. AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə keçiriləcək bu mötəbər elmi toplantıya bir sıra xarici ölkə alimlərini dəvət etməyi də nəzərdə tuturuq ki, bu da bütövlükdə böyük şairimizin ölkə xaricində də tanıdılması və ədəbi irsinin araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, Nəsiminin anadilli şeirlərinin mükəmməl sözlüyünü (həm elektron variantda, həm də kitab şəklində) hazırlamağı da yaxın gələcəkdə gerçəkləşdirməyi düşünürük. İnstitutda bu əhəmiyyətli və vacib işə artıq başlanılmışdır.

Qarşıdakı tədbirlər sırasında həmçinin Nəsimi şeirinin dil üslub xüsusiyyətlərinin geniş hərtərəfli, sistemli bütöv şəkildə araşdırılmasını özündə əhatə edən elmi toplu monoqrafiyaların hazırlanmasını da qeyd etmək olar. Bundan əlavə, Nəsimi divanını geniş elmi şərhlərlə nəşr etmək və bütövlükdə şairin yeni aşkara çıxarılan əlyazmalarını cəlb etməklə böyük söz ustasının anadilli əsərlərinin yeni elmi-tənqidi mətnini hazırlamaq da faydalı olardı. Qeyd edək ki, Nəsimi şeirlərinin indiyədək ölkəmizdə hazırlanmış bir sıra nəşrlərində böyük söz ustasının orijinal dilinə müəyyən dərəcədə müdaxilələr edilmiş, daha doğrusu, divandakı ayrı-ayrı sözlər ya müasirləşdirilmiş, ya da doğru-düzgün oxunmamışdır. Məhz buna görə də respublikamızın bütün müvafiq qurumlarında çalışan dilçi, ədəbiyyatçı mütəxəssisləri də bu vacib və əhəmiyyətli işə cəlb etməklə şairin əsərlərinin yeni akademik nəşrinin hazırlanmasına böyük ehtiyac vardır.

Bütün bu tədbirlərlə yanaşı, düşünürük ki, AMEA İmadəddin Nəsimi adına Dilçilik İnstitutunda bu elmi qurumun bazası əsasında Nəsimişünaslıq şöbəsinin yaradılması da məqsədəuyğun olardı.

 

Möhsün NAĞISOYLU,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,

akademik

 

Azərbaycan.- 2019.- 19 yanvar.- S.5.