Fərizələr...

 

Ya Rəb bəlayi-eşq ilə qıl aşina məni!

Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

 

"Yəqin ki, məndən əvvəl də, sonra da, bəlkə elə mənimlə eyni gündə başqa Fərizələr də doğulmuşdu. Fərizələr... Onlardan biri də mənəm... Düşünürəm ki, adımın daşıdığı özəl xüsusiyyətlər, həyatımdakı bütün anlara sirayət edib, atdığım bütün addımlarda doğruluğu, fədakarlığı, bəşəri sevgini aşılayıb...”

 

Bir dastan yazılırdı tarixə...

 

O gün, əbədiyyətə qovuşurdu...

Zərrələrə çevrilərək qətrə-qətrə xatirələrə, yaddaşlara, qəlblərə hopurdu...

Elə həmin an doğulan körpələr hayqırtıları ilə dünyaya gəlişlərini müjdələyirdilər...

Və beləcə, dünya yeni-yeni qəhrəmanlarına qucaq açırdı...

Və həm də bir dastan yazılırdı tarixə, "İlham və Fərizə”...

Nağıllardan, əfsanələrdən, divan ədəbiyyatımızdan aşinaydıq bu cür eşqlərə...

Onlar bütün bu yazılanları reallığa çevirdilər...

Vətənə bağlılığın, sevgiyə əhdin zirvəsi fəth olundu gözlərimiz önündə...

Canlı şahidlərinə çevrildik bu sevginin...

1990-cı ilin Qanlı Yanvarıydı...

 

O ölmədi...

 

Tarixdə hər zaman fəxr edəcəyimiz, qürur duyacağımız qəhrəmanlarımız olub...

Son 29 il isə zaman real qəhrəmanlar qoydu ortaya. Bu qəhrəmanlardan biri Fərizə oldu, Fərizə Allahverdiyeva...

Xalq eşqinə sadiq bu Azərbaycan qızını ölməyə qoymadı, qan yaddaşına yazdı, adını əbədiyaşar etdi...

Yeni doğulan körpələrini Fərizə adlandırdı gənc analar...

Bir Fərizə haqq dünyasına qovuşdu, ruhundan saçılan qığılcımlar isə minlərlə körpənin qəlbinə şölə saçdı...

 

"Azərbaycan”ın Fərizəsi...

 

"Azərbaycanqəzetinin əməkdaşı Fərizə Əhmədova da, həmin Fərizələrdən biridir adı ilə bağlı qürurverici həyat hekayəsindən danışır...

Deyir ki, o sevginin əfsanəyə çevrilməsindən iki il sonra, 1992-ci ildə Azərbaycanın dilbər guşələrindən biri, Zəngilanda dünyaya göz açıb: "Adımı bibim qızı qoyub. O vaxt çox gənc idi bu sevgi dastanından təsirlənərək, məni Fərizə adlandırmaq istəmişdi. Hələ uşaqlıqdan yadımdadır ki, adımı eşidən hər kəs maraqla qarşılayır, dərhal deyirdilər ki, , həmin Fərizə...”

 

"İstəmirdim adı Fərizə olsun...”

 

Düzdür, anası əvvəlcə körpəsinin Fərizə adlandırılmasını, qızına bu nakam eşq qurbanının adının verilməsini istəmir, amma...

Anası Rəfiqə xanım: "1990-cı ilin yanvar acısının ürəyimizə vurduğu dağ hələ getməmişdi ki, ermənilər torpaqlarımızı işğal etməyə başladı. Üzümüz heç gülmür, qəm-kədər, hüzn, hər tərəfdən gələn şəhid xəbərləri bağrımızı parçalayırdı. Fərizənin dünyaya gəlməsi bu keşməkeşin, qan-qadanın yaşandığı bir dövrə düşmüşdü. İstəmirdim ki, onun adı Fərizə qoyulsun, qorxurdum ki, birdən adı ilə yanaşı, taleyi qızımın bəxtinə yazılar...”

Bibisi qızı Yeganə: "18 yaşım var idi. O zamanki gənclərin hər biri İlham Fərizə sevgisinin təsirində idi. Biz gənclər öz sevgimizdə İlham kimi cəsur, Fərizə kimi fədakar olmaq istəyirdik. İstəyirdik biz onlar kimi olaq, sevgimiz dillərdə dastana çevrilə... Fərizə İlhamın bu saf sevgisindən çox mütəəssir olaraq yeni doğulan dayım qızına Fərizə adını qoymaq istədim...”

Anası Rəfiqə xanım: " yaxşı ki, o zaman razılaşdım... Fərizəm elə adını daşıdığı o Fərizə kimi, saf, sevgi dolu, qürurlu, ailəcanlı, vəfalı bir övlad oldu mənə... Ən böyük arzumdur ki, Fərizə xoşbəxt olsun, onu duvaqla, vağzalı sədaları altında gəlin yola salım...”

 

"Öz İlhamımı tapıb, onu itirməkdən qorxuram...”

 

Uşaq vaxtlarından Fərizənin bu dünyadan nakam getməsi ilə barışmır, hər zaman düşünürdü ki, kaş möcüzə baş verəydi Fərizə əl saxlayaydı, qıymayaydı özünə: "Amma zamanla başa düşdüm ki, Fərizə bu həyatdan sadəcə, cismani olaraq köçüb, o gedibsə , yerində vətəninə, xalqına, milli-mənəvi dəyərlərinə sadiq gənclər yetişib”.

Fərizə deyir ki, məktəbdə yeganə Fərizə adlı qız o olub: "Fərizə deyən kimi hamı tanıyırdı. İndi "Azərbaycanqəzetinin redaksiyasında da, tək Fərizə mənəm kimə desən, tanıyacaq...”

Fərizə sözünün mənası "mübariz, dözümlüdeməkdir. Fərizə Əhmədova da, iradəli, qarşısına qoyduğu məqsədlərə çatmaq uğrunda heç bir çətinlikdən qaçmayan, ən əsası da humanist bir xanımdır... O, qardaşı olmadığından ailəsinə oğul dəstəyi, dostluqda vəfalı, istiqanlı bir xanımdır...

Heç bir çətinlik onu çəkindirə bilməz, bu həyatda isə onun bircə narahatlığı var: "Öz İlhamımı tapıb, onu itirməkdən qorxuram...”

 

Yaşamağa dəyər şeylər üçün ölməyə dəyər...

 

Deyirlər, bu həyatda yaşamağa dəyər şeylər üçün, ölməyə dəyər... Bunlardan biri vətəndir, biri sevgi. Elə Fərizəylə İlham da bu iki müqəddəs amal uğrunda canlarından keçdilər...

Bu gün Şəhidlər xiyabanının ön səfində qoşa məzar uyuyur, İlham Fərizənin məzarı...

Bu gün Fərizəylə İlhamın bəy-gəlin paltarlı gülümsəyən fotolarının vurulmuş olduğu başdaşı, onları ziyarətə gələn, məzarına qərənfillər düzən bütün gənclərin and yeri, eşq səcdəgahıdır...

elə bu uğurda ölməyə dəyər, yaşamağa da...

 

Canını cananə verməkdir kəmalı aşiqin,

Verməyən can etiraf etmək gərək nöqsaninə...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 20 yanvar.- S.3.