Qanla yazılan
tarix
Vətənimizin tarixində
elə mühüm hadisə yoxdur ki, Lənkəran
torpağında doğulub boya-başa çatan mərd, cəsur
oğulların orada iştirakı olmasın. Bu
torpağın vətənpərvər oğulları
1990-cı ilin 20 Yanvar hadisələrində də əsl
hünər nümunəsi göstərmişlər.
Onlar Bakıya soxulmuş
qırmızı imperiyanın qoşunu qarşısından
qaçmamış, sinələrini yurda sipər etmişlər. Həmin
günlərin hadisələri hər birimizin yaddaşında
həm kədərli, həm də fəxr ediləsi notlar kimi
bu gün də səslənir və heç vaxt
unudulmayacaqdır.
1990-cı ilin yanvar günlərində
arxalandığımız, xilaskar sandığımız
sovet ordusu paytaxtımızı gülləbaran etmiş,
günahsız uşaqları, qocaları, cavanları vəhşicəsinə
qətlə yetirmişdi. Ağır tanklar
şəhərin müxtəlif yerlərində
yaralanmış insanları, mülki maşınları
tırtılları altına salaraq əzmişdi. Silahlı ordunun əsgərləri evlərin
eyvanından bu vəhşiliyi seyr edən şəhər
sakinlərinə atəş açmaqdan belə çəkinməmişdilər.
20 Yanvar hadisəsi zamanı Lənkərandan
5 nəfər gənc - Mircamal Əbülfətov, Telman
Bağırov, Asif Əsədullayev, Əflatun Kazımov və
Azad Mirzəyev də qəhrəmancasına həlak oldu.
Lakin qırmızı ordunun
dəstələri Bakıda etdikləri vəhşilikdən
usanmadılar.
Onlar yanvar ayının 25-də Neftçalada
bir nəfəri qətlə yetirdikdən sonra Lənkərana
gəldilər. Azadlıq hərəkatı
üzvlərinin bir hissəsinin rayon ərazisindəki Haftoni
meşəsində daldalandıqları barədə məlumatları
olan silahlılar tanklar, vertolyotlar vasitəsilə oraya
hücum çəkdilər. Onlar Lənkəran
rayonunun sakinləri Vaqif Məmmədov, Salman Baxşıyev,
Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən
Bədəlovu güllələdilər. Sonrakı mərhələdə
imperiya qoşunlarının silahlıları 16 nəfər lənkəranlı
gənci Rusiyanın Ulyanovsk şəhərinə, 30 nəfəri
isə Bakı yaxınlığındakı Şüvəlan
qəsəbəsinə apararaq 30 gün həbsxanada
saxladılar. Bir nəfər həmyerlimizi -
Tariyel Abdullayevi isə vertolyotda məftillə boğaraq vəhşicəsinə
qətlə yetirdilər. Digər
azadlıq mücahidləri də çoxlu təzyiq və
işgəncələrə məruz qalmışdılar.
Bəli, bunlar ən yeni
tariximizin qanlı və eyni zamanda şanlı səhifəsidir. Azadlıq
yolunda qanından və canından keçən şəhidlərin
xatirəsi xalqımızın yaddaşında daim
yaşayır. Onların adlarının əbədiləşdirilməsi,
ailələrinin sosial həyat səviyyəsinin
yaxşılaşdırılması üçün həyata
keçirilən tədbirlər buna əyani misaldır.
Bu günlər ölkəmizin hər yerində olduğu kimi,
Lənkəranda da 20 Yanvar şəhidlərinin adını
daşıyan küçələr, parklar, xiyabanlar, məktəblər,
müalicə ocaqları, uşaq bağçaları var.
Şəhərin mərkəzində 20 Yanvar şəhidlərinin
xatirə kompleksi yaradılmışdır.
Xalqımız bu hadisəni
qəlbində yaşadır, onun mahiyyətini yeni nəslə
çatdırmağa çalışır. Bu məqsədlə
Lənkəranda da silsilə anım tədbirləri
keçirilməkdədir. Lənkəran
Şəhər İcra Hakimiyyətinin tədbirlər
planına müvafiq olaraq rayonun ümumtəhsil müəssisələrində,
Lənkəran Dövlət Universitetində, humanitar və
tibb kolleclərində faciəyə həsr edilmiş
xüsusi dərs keçirilir, 20 Yanvar hadisələri
zamanı şəhid olanların ailələrinə humanitar
yardımlar edilir.
Bu gün isə şəhərdəki
Şəhidlər xiyabanında ümumxalq ziyarəti təşkil
edilib, şəhidlərin məzarları üzərinə
gül dəstələri düzülərək xatirələri
ehtiramla yad olunur.
Ağaddin BABAYEV,
Lənkəran
Azərbaycan.-
2019.- 20 yanvar.- S.4.