29 ilin
acısı
1990-cı ilin
20 yanvarı. Bu gün
hər bir azərbaycanlının yaddaşında
əbədiyyətə qədər
gedən unudulmayan gündür. Xoş günlərdə,
kədərli çağlarda
da ilk xatırlanan qanlı Yanvar şəhidləri olur.
Üstündən 29 il keçməsinə
baxmayaraq, yenə də həmin anlar olduğu kimi xatırlanır. Çünki həmin gündən
hamıya bir vətəndaş payı
düşür.
Respublika miqyasında
bir hadisə baş verdikdə, öncə adam
burada, ilk növbədə,
hansı ərazidən
olan insanların iştirakı ilə maraqlanır. Qanlı Yanvar gecəsi
rayonlara xəbər veriləndə ki, onlarla insan şəhid
olub, hərə öz çevrəsini araşdırmağa başladı.
O zamanlar heç kəs bilmirdi ki, onlar şəhid
verməmişdilər, şəhidliyi
qazanmışdılar.
20 Yanvar şəhidlərinin dördü
qubalıdır. Onların hamısı demək
olar ki, eyni dövrün adamları idilər.
Dünyada yeni arzuların
beşiyi idi onların qəlbi.
Əsgəri xidməti Əfqanıstanda
keçirmişdi Elçin
Suyəddin oğlu Qeybullayev. 1968-ci il
təvəllüdlü Elçin
orta məktəbdən
sonra Xaçmaz Texniki Peşə Məktəbini bitirmişdi.
Ürəyi daima Quba ilə çırpınan
Elçin Bakıdakı
20 nömrəli ixtisaslaşdırılmış
tikinti idarəsində
işləyirdi. Kadrlar
idarəsi ona ev növbəsinə
duracağını soruşanda
yox demişdi. "Kim istəyir qoy növbəyə də dursun. Mən bir-iki ilə çıxıb gedəcəyəm
Qubaya. Mən cənnət-məkanda yaşamaq istəyirəm”.
O, 20 Yanvar gecəsi təmirlə məşğul olduqları
2 nömrəli tibb məktəbindən qayıdırmış.
İki nəfər olublar. Yolda əllərində silah olan əsgərlərlə
rastlaşıblar. Əsgərlər onlara tərəf atəş açırlar.
Güllələrdən biri onu haqlayır. Onu səki kənarında,
başını müqəddəs
saydığı torpağa
qoyub gözlərini yummuş halda tapırlar.
Əfqanıstanın od-alovunun içindən qurtulan Elçin özününkülərinin (əsgərlərin) gülləsindən
qurtula bilmədi. Özünün istədiyi kimi cənnət Qubada istəyinə qovuşdu.
Raqib Məmməd oğlu Hüseynovu Qubada hamı tanıyırdı. Səkkiz övlad
böyütmüşdü. Mehriban, qəlbi təmiz, hamı ilə ünsiyyət qura bilən idi.
Həmin gün Bakıya yenicə gəlmişdi. Taksi maşınında
getdiyi yerdə güllə yağışına
tuş gəldi, dünyasını dəyişdi.
Mirzə Rzabala oğlu Qəniyevin soy-kökü
Yerfidəndi. Ailələri Bakıda Yasamal
rayonunda yaşayırdı.
1958-ci ildə anadan olmuşdu. Su idarəsində çilingər işləyirdi.
Evləri Salyan kazarmasının yanında idi. Gec evlənmişdi.
Həyat
yoldaşı Qubanın
Çiçi kəndindən
idi. İlk və yeganə
övladı Şövqiyyə
4 ay idi ki, dünyaya gəlmişdi.
Həmin
gecə işdən evə qayıdırdı.
Gülüşündən doymadığı Şövqiyyəsini əzizləməyə
tələsirdi. Atəş səsini
eşidib bir taksiyə əyləşib.
Evlərinə yaxınlaşanda maşını vurublar.
İçəridə olanların hamısını
çıxarıb döyüb,
sonra güllələyiblər.
Mirzə ölmək istəmirdi. Yaraları
ölümcül olsa
da, düz bir ay Əzrailə can vermədi. Yaşamaq istəyirdi. İş yeri ilə evlərinin
arası 5 dəqiqəlik
yol idi. Fəqət bu qısa yol
Mirzəni evə deyil, müqəddəs şəhidlik zirvəsinə
apardı.
Müzəffər Qəzənfər oğlu
Həsənov da
1939-cu ildə Yerfi kəndində doğulmuşdu. 4 uşaq atası idi. Bir müddət əvvəl
Bakıya köçmüşdü.
Sürücü işləyirdi.
Ölümündə qəribəlikləri varmış. Müzəffər iki dəfə ölüb, iki dəfə dəfn edilib. Qanlı Yanvar gecəsi
oğlu Zahidi evdə tapmayıb sorağına Salyan kazarmasının qarşısına
çıxıb (əslində
Zahid qonşuda olub).
Bir qədər sonra evə qayıdan Zahid atasının onu axtarmağa getdiyini eşidən kimi bayıra çıxıb. Bütün gecəni atasını
axtaran Zahid səhərə yaxın kolların dibindən atasının pencəyini
tapır. Pencəyin qoltuq
cibində atasının
pasportunu görən Zahid ətrafı axtarır. Kişinin meyiti tapılmır
ki, tapılmır.
Pencək tapılan yerdən
bir qədər aralıda bir meyit görürlər.
Görürlər ki, həmin
meyitin qol-qıçı
əzilib, tanınmaz hala salınıb. Təsəlli üçün onu yığıb aparırlar məscidə.
Sonra onu atası bilən Zahid meyiti aparıb Şəhidlər xiyabanında
dəfn edir. Üstünə atasının ad-familyası yazılıb vurulur. Yanvarın 22-də oğul atasına
üç mərasimi
də keçirir.
Ancaq səhəri gün Müzəffərin sağ olduğu xəbəri yayılır. Hamı xəstəxanaya axışır. Görürlər ki, Müzəffər doğrudan da sağdır. Üz-gözündə həyat əlamətləri az olan Müzəffər bircə bunları deyə bilib:
- Məni tankla sıxdılar divara, üç-dörd əsgər əllərindəki "dubinka” ilə başıma vurmağa başladı. Sonra bir zabit məni onların əlindən güclə alıb xəstəxanaya göndərdi. Zabitin saçları qara idi. Danışığından ukraynalıya oxşayırdı.
Bundan sonra Müzəffər kişi bir həftə yaşadı. Yanvarın 29-da onu Şəhidlər xiyabanında dəfn etdilər. Əvvəlki dəfn olunan qəbrin üstündəki lövhə öz sahibini tapdı.
Müzəffərin adıyla dəfn olunanın kimliyi 29 il keçsə də bəlli deyil. Müzəffər Həsənov o qədər halal adam idi ki, öləndə də özündən qabaq başqa birisi üçün ehsan da verildi. Naməlum məzar kiminsə, qoy onun halalı olsun.
Qubanın fəxri olan bu dörd insan daima hörmətlə yad edilir. Təkcə onlar deyil, bütün şəhidlərimiz doğmadır. Bu gün onlar bizim üçün birdir; bölgələrə, nəsillərə, şəcərələrə bölünmür. Şəhidlərimiz müqəddəs torpağın - Azərbaycanın övladlarıdır.
Akif ƏLİYEV
Azərbaycan.- 2019.- 20 yanvar.-
S.4.