Xalqın mərd oğulları
1980-ci illərin sonlarında Sovet İttifaqının çökməsi ərəfəsində Dağlıq Qarabağı Ermənistana birləşdirmək - Azərbaycan torpaqları hesabına qondarma Dağlıq Qarabağ Respublikası adı ilə ikinci erməni dövləti yaratmaq istəyən erməni separatçılara qarşı xalq hamılıqla ayağa qalxdı.
Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda əvvəl gizli, sonra açıq müharibə başladı. Azərbaycan xalqı dədə-baba torpaqlarını geri qaytarmaq, imperiya buxovundan birdəfəlik qurtulmaq, tarixi azadlıq və müstəqilliyinə qovuşmaq üçün mübarizəyə qalxdı. Bu zaman əhalini terror, kriminal hadisələr və şantajla qorxutmağa, iqtisadi və psixoloji gərginliklər yaratmağa çalışan sovet hökuməti son dayaq və ümidlərini 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakının üzərinə hücuma keçməklə, dinc sakinləri gülləbaran etməklə, tankların və tırtıllı hərbi maşınların təkərləri altında əzməklə itirdi...
Rəsmi məlumata görə, vəhşiləşmiş sovet hərbçiləri tərəfindən həmin müdhiş gecə Bakı şəhərində və respublikamızın rayonlarında 147 nəfər amansızlıqla qətlə yetirildi. 321 nəfər itkin düşdü, 744 nəfərdən çox adam yaralandı, 841 nəfər həbs olundu, yüzlərlə insan ömürlük şikəst edildi. Qanlı faciə qırmızı imperiyanın - SSRİ Daxili İşlər və Müdafiə nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə müdafiə naziri Yazovun komandanlığı altında həyata keçirildi. Hadisənin ertəsi günü ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləmiş, qətliamın başvermə səbəblərini açıqlamış, təşkilatçıların, günahkarların adlarını, ilk növbədə, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun adını dünyaya bəyan etmişdir.
Bu cür xəyanəti, ədalətsizliyi tarix heç vaxt unutmur, daim yaddaşında saxlayır. Ötən əsrin əvvəllərindən başlayaraq imperiyanın müstəmləkəçilik siyasətinə qarşı azərbaycanlıların apardıqları mübarizələrdə göstərdiyi şücaət hər bir kəsdə böyük qürur hissi yaradır. Təsadüfi deyil ki, böyük hüzn və kədər hissi ilə yad etdiyimiz həmin tarixi günlərin, faciəli döyüşlərin öndə gedənləri, məsələn, Bakıda Hüseynqulu xan, gəncəli Cavad xan, Vedibasarda Abasqulu bəy Şadlinski, Qarabağ hakimi Mehdiqulu xan, Qarabağlı general-qubernator Xosrov bəy və digərləri əfsanəvi xalq qəhrəmanı səviyyəsində xatırlanırlar.
Qürur duyduğumuz şəhidlərimizdən biri də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əbədiyyətə qovuşmuş şair qəlbli şəhidimiz Cavad Yunis oğlu İsmayılovdur (ədəbi təxəllüsü Cavad Qəmli). Cavad əslən xızılıdır, Bakıda anadan olub. Atası Yunis kişi böyük şairimiz 1937-ci ilin repressiya qurbanlarından olan Mikayıl Müşfiqlə əmiuşağıdır. Cavadın atası Yunis Dağlı təxəllüsü ilə şeirlər yazıb. Şeirləri indi də Xızıda və Bakıətrafı kəndlərdə dillər əzbəridir. 1937-ci ilin tuthatutunda NKVD-çilərdən yayınaraq Astarada hesabdar işləyirdi. Onu oradan necə götürdülərsə, öldüsü, qaldısı barədə ailəsi, yaxınları uzun müddət məlumatsız qaldılar. Yalnız 11 ildən sonra, 1949-cu ildə şaxtalı Sibir meşələrindən sürgündən qayıdanda bildilər ki, şair sağ imiş.
Yunis Dağlı atasından əmisi oğlu Müşfiqin milli şairimiz Əhməd Cavadla dostluğundan, görüşlərindən, Əhməd Cavadın Xızı kəndinə - əmisigilə gəlişindən maraqla söhbətlər açardı. Yunis Dağlı hətta övladlarından birinin - yazımızın qəhrəmanının adını Əhməd Cavadın şərəfinə Cavad qoymuşdur. Oğluna ad seçəndə Yunis Dağlı deyib ki, şairliyini Allah bilər, amma oğlumun adını Müşfiqlə Cavad əfəndinin dostluğu şərəfinə Cavad qoyuram, qoy böyüyəndə Əhməd Cavad kimi xalqını və vətənini sevən, insanlıqda ləyaqətli, dostluqda Cavad əfəndi kimi sədaqətli olsun!
Haqqında söhbət açdığımız 20 Yanvar şəhidi Cavad gəncliyində bədii ədəbiyyata, şeirə, sənətə də böyük maraq göstərib, şeirlər yazıb. Evində, arxivində xeyli əlyazması, qəzet və jurnallarda çap olunmuş şeirləri var. Buna baxmayaraq, Cavad İsmayılov istehsalata meyil göstərib. Uzun müddət Bakı Şüşə Zavodunda işləyib. Həyat yoldaşı Həcər xanımın xatirələrindən:
- Yanvarın 19-da Cavad evdə idi, yaman narahat görünürdü. Bir-iki gün öncə yazdığı şeirlərindən mənə oxudu. Axşam gecə növbəsinə işə getməli idi. O vaxt böyük qızım Əzizənin 5, Firuzənin isə 3 yaşı vardı. Bütün günü qızlar ataları ilə əyləndilər, arada dükan-bazara dəyib evə qayıtdılar. Axşamçağı bir az dincəlib işə getdi. Zavodda fəhlələr erməni işğalçılarına havadarlıq edən sovet hökumətinə etiraz əlaməti olaraq tətil etmişdilər. Əslində, zavodda iş tamam dayanmışdı. Cavad iş yerinə dəyib metro ilə evə qayıdırdı. Təxminən gecə saat 12-nin yarısı olardı. İndiki "20 Yanvar” metro stansiyasından (o vaxt "XI Qızıl Ordu” adlanırdı) çıxıb evə gələrkən "Qızıl ordu”nun əsgərləri camaatı gülləbaran edirdilər. Əhali qaçanda yaşlı bir qadın ayaqlar altına yıxılır. Cavad çətinliklə də olsa qadını bir-birilərini itələyən insanların ayaqları altından qaldırmaq üçün aşağı əyilir. Qadını qaldırar-qaldırmaz güllə Cavadın kürəyindən dəyir. Bunu görən qonşu uşağı əvvəlcə evlərinə, sonra bizə qaçıb xəbər gətirir. Onda Firuzə yatmışdı. Qayınanam məni və böyük qızımı evdən çölə çıxmağa qoymadı. Özü qonşularla birlikdə səhərəcən xəstəxanalarda Cavadı axtardı.
Biləcəri tərəfdən şəhərə girən tankların, hərbi maşınların, aramsız güllə səsindən, adamların hay-harayından, təcili yardım maşınlarının uğultusundan vahimə içində idik. Bilmirdik nə edək... Səhər açılandan sonra öyrəndik ki, Cavad Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasındadır. Qayınanamla tez ora yollandıq. Onu xəstəxananın üçüncü mərtəbəsindəki yaralıların arasında tapdıq, çətinliklə danışırdı... İnana bilmirdi ki, ona atəşi vaxtilə iki il xidmətində durduğu sovet ordusunun əsgərləri açıblar. Həkimlər iki gün çalışsalar da, Cavadı ölümün pəncəsindən qurtara bilmədilər. O, yanvarın 22-də keçindi...…
20 Yanvar faciəsindən bu gün
29 il
ötür.
Rus qəsbkarlarının
xalqımızın müstəqil
dövlətçilik tarixinə
vurduğu yaralar, ermənilərin yerini isti etmək üçün yeritdiyi işğalçılıq və
vandalizm siyasəti heç zaman və heç vaxt yaddan çıxmayacaq. Tarixən təkrarlanan
bu faciələr bizlərə dönə-dönə
dərs oldu. Azərbaycan xalqı sarsılmadı, gördüyümüz xəyanətlər
bizləri daha ciddi şəkildə düşünməyə sövq
etməklə, birliyimizi
və həmrəyliyimizi
möhkəmlətdi.
1937-ci ildən 59
il keçəndən
sonra ismayılzadələr
ocağının daha
bir varisi -Müşfiqin, adını
və əqidəsini
mərdliklə yaşatdığı
istiqlal şairi Əhməd Cavadın yolu ilə əbədiyyətə
qovuşdu. Yazıçı
Rafiq Səməndər
şəhidlər haqqında
kitabında şair qəlbli bu gənc barədə yazır: "Bəli, Cavad, sən də öz dövrünün bir Müşfiqisən. Sən də
bir Müşfiq ömrü yaşamısan.
Sən də bir Müşfiq
əcəliylə ölmüsən”.
Cavad Qəmlinin bir misrası var: "Mən də öz dövrümün bir Müşfiqiyəm”.
Düzdür, biz bu yolda Cavad
xandan başlamış
Cavad qəmlilərə
kimi yüzlərlə,
minlərlə şəhid
vermişik. Buna baxmayaraq,
fəxr etməyə və qürur duymağa dəyər ki, şəhidlərin qanını yerdə qoymayan, Azərbaycanın ərazi bütövlüyünü
və milli müstəqilliyini göz
bəbəyi kimi qorumağa hazır olan qəhrəman oğul və qızlarımız böyüyür.
Rəhman SALMANLI
Azərbaycan.- 2019.- 20 yanvar.-
S.5.