Xatirələrdə iz qoydu
Xalqımız 20 Yanvar gününü heç vaxt unutmayacaq. Həmin gün ölkəmizə qarşı edilən təcavüz nəticəsində həlak olanları ümummilli lider Heydər Əliyev xalq qəhrəmanları, millətimizin mərd övladları adlandırmışdır. Onlardan biri də Müşfiq Ağali oğlu İsayevdir. O, 1968-ci ildə Ağdaş rayonunda ziyalı ailəsində dünyaya göz açmışdı.
1983-cü ildə orta məktəbin 9-cu sinfini bitirib təhsilini Rusiyanın Vladimir şəhərindəki Yeyinti Sənayesi Texnikumunda davam etdirmişdi. Texnikumu bitirəndən sonra sovet ordusunda xidmət etmişdi. Həm texnikumda oxuduğu, həm də orduda xidmət etdiyi illərdə idmana böyük maraq göstərmiş, güləşin sərbəst növü ilə məşğul olub, müxtəlif yarışlardan dəfələrlə qalib kimi ayrılmışdı.
Müşfiq İsayev 1989-cu ildə Azərbaycana qayıdıb işləmək üçün Bakıda qalır. Həmin dövrdə Bakıda vəziyyət getdikcə çətinləşirdi. Azadlıq meydanında mitinqlər keçirilir, xalq haqq-ədalət tələb edirdi. Sovet hökuməti xalqın tələbini yerinə yetirmək əvəzinə o vaxtadək güvəndiyimiz ordunu Bakıya yeritdi. Ordu paytaxtı gülləbaran etdi, ağına-bozuna baxmadan qocaları, cavanları və uşaqları qətlə yetirdi.
1990-cı ilin 19 yanvar gecəsi atılan güllələrin biri də Müşfiqin həyatına son qoydu. Ailənin sonbeşiyi Müşfiq 22 yaşında - doğulduğu gün Ağdaş şəhərində Şəhidlər xiyabanında dəfn olundu. Qədirbilən ağdaşlılar heç vax dəyərli eloğlularını unutmurlar. Onlar hər il 20 Yanvar tarixində şəhid Müşfiq İsayevin məzarını ziyarət edir, ehtiramlarını bildirirlər.
1991-ci ildə təhsil aldığı məktəb Müşfiq İsayevin adını daşıyır. Qardaşı Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Avropa və dünya çempionu Xəzər İsayev 10 ildən çoxdur ki, hər tədris ilində əla oxuyan, məktəbin və rayonun ictimai işlərində fərqlənən, idman uğurları olan 40 nəfər şagirdinə " Müşfiq” adına təqaüd verir.
Beləcə, Müşfiq də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün Azərbaycan şəhidləri kimi qəlblərdə yaşayır.
Əli SƏLİMOV
Azərbaycan.- 2019.- 20 yanvar.- S.5.