Övlad vətən sipəridir

 

Sovet ordusunun 1990-cı il yanvarın 20-si Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə kimi qalacaqdır. Həmin vaxt dinc əhaliyə görünməmiş vəhşiliklə divan tutulması nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi. Onların arasında gəncəli Valeri Boqdanov da var idi.

Valeri Boqdanov 1958-ci ildə Gəncədə anadan olmuşdu. 18 nömrəli dəmiryol orta məktəbini, 1985-ci ildə Rostovda Dəmir Yol Nəqliyyatı Mühəndisliyi İnstitutunu bitirmişdi. Bir müddət dəmir yol nəqliyyatında müxtəlif işlərdə çalışan Valeri çox çəkmir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə işə dəvət olunur. O, burada da qısa vaxtda böyük nüfuz qazanır, nümunəvi xidmətə görə ona baş leytenant rütbəsi verilir.

1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Bakıda operativ tapşırıqla əməliyyata çıxan Valeri Boqdanov sovet ordusunun törətdiyi qanlı hadisələrin şahidi olur. Bütün gecə yaralılara kömək edir. Yanvarın 20-də səhər tezdən Bakının Tbilisi prospektindəki "kimya şəhərciyi” adlanan ərazidən keçəndə maşın atəşə tutulur. Valeri ağır yaralanır. İş yoldaşları onu xəstəxanaya çatdırırlar. Bir neçə saatlıq cərrahiyyə əməliyyatı aparılır. Lakin xilası mümkün olmur, doğulub, boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırılır.

Valeri Boqdanovun sücaəti dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Ölümündən sonra "Qırmızı ulduzordeni ilə təltif olunur, ona "Azərbaycan Respublikasının azadlığı uğrunda fəal mübariz” fəxri adı verilir. Təhsil aldığı məktəbdə ona xatirə guşəsi düzəldilib. Hər il 20 Yanvar faciəsinin ildönümü ərəfəsində şəhər ziyalıları, müharibə veteranları, Valerinin yoldaşları yaşadığı evə gələrək anası Valentina Boqdanovaya baş çəkir, məzarını ziyarət edərək üstünə gül dəstələri qoyaraq ona ehtiramlarını bildirirlər.

Anası Valentina Boqdanova deyir ki, Valeri Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçdi. Bu itki bir ana kimi onu sarsıtsa da, oğlunun müqəddəs amal uğrunda şəhid olmasından təskinlik tapır. Övlad vətən sipəridir. Bu gün Azərbaycan xalqı digər vətən övladları kimi Valeri ilə də fəxr edir.

Valentina Boqdanova oğlunun ölümündən sonra ona göstərilən dövlət qayğısından da danışdı. Dedi ki, şəhər ictimaiyyətinin nümayəndələri onu heç vaxt tək qoymurlar. Şəhər rəhbərliyi tez-tez ona baş çəkir, ehtiyaclarını ödəyirlər.

Bütün bunlara görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq edən Valentina Boqdanova deyir ki, Azərbaycanın müstəqilliyinin bərpası şəhidlərimizin qanı bahasına əldə edilmişdir. Şəhid anaları o vaxt tam rahatlıq tapacaqlar ki, işğal olunmuş torpaqlarımız da düşməndən azad olunsun.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.- 20 yanvar.- S.5.