Şəhid tələbə

 

Belə bir məsəl var: "Sonunu fikirləşən qəhrəman olmur”. Onlar da başlarına nə gələcəyini düşünmədən o müdhiş yanvar gecəsində əliyalın küçələrə çıxaraq, sinələrini o vaxta qədər özümüzünkü bildiyimiz qırmızı ordunun təpədən-dırnağa kimi silahlanmış amansız əsgərlərinin, tanklarının qarşısına çıxdılar. O gecə müstəqilliyimizə, azadlığımıza tuşlanan güllələr şəhidlərimizin köksündə yurd saldı. Həmin şəhidlərdən biri Salyanda böyüyüb boya-başa çatmış, qəlbi arzularla dolu, Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi Elçin İmanov idi.

Ürəyində həkim olmaq arzusu vardı. Ona görə hər gün məktəbdən gəlib azacıq istirahət etdikdən sonra kitabları qarşısına tökərdi. Bütün fənləri lazımınca öyrənməkdən ötrü özü üçün gün rejimi də tərtib etmişdi. Biologiya, kimya, fizika, Azərbaycan dili fənlərinin sadədən tutmuş mürəkkəbə qədər hər bir sirrinə yiyələnməyə səy göstərirdi. Vaxt tapanda məhəllə yoldaşları ilə futbol da oynayırdı. Bir gün atası Hacı Beydulla dərslərini hazırlayan Elçinin otağına gəlib ondan: "Gələcəkdə hansı sənətin sahibi olmaq istəyirsən?” - deyə soruşur. 9-cu sinif şagirdi olan Elçin əmisi Sahib kimi diş həkimi olmaq arzusunda olduğunu bildirir. Ata gülümsəyərək oğlunun üzündən öpür və qardaşı ilə görüşlərinin birində Elçinlə olan söhbəti danışır. Sahib həkim bu xəbərdən məmnun qalır.

Elçin orta təhsilini başa vurub 1985-ci ilin yayında sənədlərini N. Nərimanov adına Tibb İnstitutunun Stomatologiya fakültəsinə verir. İmtahanlardan müvəffəq qiymətlər alaraq tələbə adını qazanır. O vaxt gənc oğlanları ali məktəblərdən də hərbi xidmətə çağırırdılar. Elçin də 2-ci kursu başa vurduqdan sonra hərbi xidmətə gedir. Əvvəlcə Rusiyanın Volqoqrad vilayətində, sonra bir vaxtlar əmisi S.İmanovun Almaniyada xidmətdə olduğu hərbi hissədə əsgər borcunu yerinə yetirir. Əsgərlik illəri onu təhsildən müəyyən vaxt geri atsa da, xeyri də dəyir. Bərkə-boşa düşür, ağı qaradan, yaxşını yamandan ayırd etmək vərdişlərinə yiyələnir. Başqa millətlərdən olan əsgər yoldaşlarının yanında öz valideynlərinin, doğulub boya-başa çatdığı Azərbaycanın adını ucaltmağa çalışır. Buna görə dəfələrlə komandanlığın təşəkkürnaməsini alır.

Elçin əsgərlik borcunu şərəf və ləyaqətlə yerinə yetirib vətənə qayıdır. Yenidən qayğılı tələbəlik illəri başlanır. Xalq Təsərrüfatı İnstitutunda oxuyan qardaşı Fuadla keçmiş Papanin küçəsində kirayənişin olurdular. Elçin vaxt tapan kimi tələbə yataqxanasına - tələbə yoldaşlarının yanına gedir, imtahanlara dostları ilə hazırlaşmağa üstünlük verir, maraqlı diskussiyalarda iştirak edirdi. Çox vaxt qardaşı Fuad da ona qoşulurdu. Bu o vaxtlar idi ki, Bakı qaynar qazanı xatırladırdı. Xalq Azadlıq meydanına toplaşır, mitinqlər keçirirdi. Həmin hadisələr vaxtı mitinq iştirakçılarının böyük bir qismini tələbələr təşkil edirdi. Tibb İnstitutunda təhsil alanlar da ictimai-siyasi hərəkatda fəal iştirak edirdilər.

Şəhid Elçin İmanovun qardaşı Hacı Fuad İmanov deyir ki, qış sessiyası idi. Elçin yanvarın 19-da növbəti imtahandan "əla” qiymət almışdı. Ona görə də kefi yaxşı idi. Lakin baş verən hadisələr, bütün tələbələr kimi, onu da narahat edirdi. Söz-söhbət gəzirdi ki, rus qoşunları şəhərə girəcək. Axşamüstü tələbə gənclər televizorun qarşısında oturub hadisələrin gedişini izləyirdilər. Birdən-birə televizor söndü. Qardaşlar həmin gecə də tələbə dostlarının arasında idilər. Yataqxananın həyətində bir neçə avtobus hazır dayanmışdı. Tələbələrin yalın əllə zirehli tanklarının qarşısına çıxarılması üçün müəyyən hazırlıq işləri görülmüşdü. Həyətə düşən tələbələrə avtobuslara oturmaq komandası verildi. Keçmiş Çapayevlə L.Şmidt küçələrinin kəsişməsində avtobusdan düşən tələbələr silahlı ordu tərəfindən atəşə tutuldular. Gecənin bağrını dəlib keçən güllələrdən biriElçin İmanova tuş gəldi. Qardaşı Fuad, tələbə dostları Səlim, Cavid, Əlipaşa Elçini təcili yardım maşını ilə 4 saylı xəstəxanaya çatdırsalar da, həkimlər onu xilas edə bilmədilər. Elçin 20 Yanvar gecəsi aldığı güllə yarasından keçindi. Gecə vaxtı çətinliklə də olsa, onu Salyana gətirdilər.

Səhəri gün Salyan camaatı yığışaraq şəhid Elçin İmanovu son mənzilə yola saldı. Ailə üzvlərinin, rayon rəhbərliyinin yaxından iştirakı ilə hüzn mərasimi keçirildi. Qəbirüstü abidəsinin tikintisini əmisi - stomatoloq S.İmanov həyata keçirdi. Lakin az bir müddətdən sonra Sahib həkim Gəncədən gələrkən avtomobil qəzasına uğrayaraq həlak oldu. O, Elçin üçün inşa etdirdiyi günbəzin altında dəfn edildi.

Ulu Tanrı tərəfindən hər kəsə bir ömür payı verilir. Kiminə az, kiminə çox. Fərq ondadır ki, verilən ömür payını necə yaşamısan, özündən sonra hansı izi qoyub getmisən. Şəhidlərimizin çoxu gənc yaşlarında həyatdan köç ediblər. Onların ürəklərində bəslədikləri neçə-neçə şirin arzuları sona çatmayıb, yarı yolda qalıb. Əksəri heç ailə həyatı da qurmayıb. Elçin İmanov üçünel adəti ilə elçi gediləcək, qırmızı xonçalar bəzənəcək, toy olacaqdı. Bütün gənclər kimi, onun da gözaltısı, seçib-sevdiyi qız vardı. Yeni il münasibətilə onu təbrik edib bir dəstə gül də bağışlamışdı. O vaxtdan sevinc, xoşbəxtlik, vüsal rəmzi olan güllər respublikamızda görüşə, təbrikə aparılan, bəlkə də, sonuncu qərənfillər idi. Qanlı Yanvar faciəsindən sonra onların da ünvanı dəyişdi.

Ali təhsilini başa vurduqdan sonra ailə həyatı qurmaq, ev-eşik sahibi olmaq, ata-ana borcunu qaytarmaq, işləyib həkim kimi cəmiyyətə xeyir vermək Elçinin ən ülvi arzuları idi. Ürəyində bəslədiyi şirin duyğular namərd gülləsinə tuş gəldi, arzuları yarı yolda qaldı. Ömrünün 22-ci qışında şəhidlik zirvəsinə ucaldı, əbədiyyətə qovuşdu. Lakin illər, qərinələr, əsrlər keçəcək, adları Azərbaycanın müstəqillik tarixi salnaməsinə qızıl hərflərlə yazılan şəhidlərin xatirəsi gələcək nəsillər tərəfindən də həmişə böyük minnətdarlıq hissi ilə yad ediləcək. Çünki onlar ölümləri ilə ölməzlik qazananlardandır. Bu yazını sona yetirəndə şəhidlərə həsr etdiyim şeirlərimdən biri ürəyimdən dilimə süzüldü.

 

Şəhidlər qayıdar yenə bu yurda

 

Dağılar duman da, dağılar çən ,

Həm Allah sevinər, həm də ki bəndə.

Dava qurtaranda, üzlər güləndə

Şəhidlər qayıdar yenə bu yurda.

 

Torpaq rahatlanıb nəfəs alanda

Durular əhval da, durular qan da.

Arzu cücərəndə ürəkdə, canda

Şəhidlər qayıdar yenə bu yurda.

 

Bir oğul evlənsə, bir gəlin köçsə,

Aşıq sinəsində sazıyla ötsə,

İgidlər, ərənlər girəndə bəhsə

Şəhidlər qayıdar yenə bu yurda.

 

Bir dəli gülüşün uğuntusunda,

Körpə bir uşağın qığıltısında,

Elin toy günündə, elin yasında

Şəhidlər qayıdar yenə bu yurda.

 

Yananda hər evdə toy-bayram şamı

Sevinər el-oba, sevinər hamı...

Həftədə bir dəfə - cümə axşamı

Şəhidlər qayıdar yenə bu yurda.

 

Yayılsın bu sədam şəhərə, kəndə,

Dedim sözlərimi ürək dinəndə.

Bütün Azərbaycan bütövləşəndə

Şəhidlər qayıdar yenə bu yurda.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2019.- 20 yanvar.- S.5.