Səudiyyə Ərəbistanı parlamentinin nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində olub

 

Yanvarın 21-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Direktorlar Şurasının üzvü şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə QMİ sədri ölkələrimiz arasında münasibətlərin inkişafından danışıb. Bildirib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur.

Şeyxülislam Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqq işini müdafiə etdiyinə, işğalçı Ermənistanla diplomatik münasibətlər qurmadığına görə Səudiyyə Ərəbistanına təşəkkür edib. O, həmçinin həcc ziyarəti zamanı azərbaycanlılara göstərilən köməyə görə bu ölkənin rəhbərliyinə minnətdarlığını bildirib.

Qardaş Azərbaycana səfərdən məmnunluğunu bildirən Fayez bin Abdulla Əl-Şəhri deyib ki, səfərin məqsədi Azərbaycanla bütün istiqamətlərdə əlaqələrin daha da genişlənməsinə töhfə verməkdir. O, ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb.

Dostluq komitəsinin digər üzvləri Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa, həmçinin İslam Əməkdaşlıq Təşkilatında töhfələrini qeyd ediblər. Onlar Azərbaycanın sürətli inkişafından məmnunluqlarını bildirib, Bakının bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıblar. Qonaqlar Azərbaycandakı mövcud tolerantlığı və multikulturalizmi yüksək qiymətləndiriblər.

Görüşdə iştirak edən Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəttah Heydərov ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb. O, sülhün, əmin-amanlığın bütün bəşəriyyət üçün önəmini qeyd edib, Azərbaycanda multikultural dəyərlərin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

 

Azərbaycan.- 2019.- 22 yanvar.- S.3.